Azərbaycanda Turizm ekspertləri klubu yaradılıb
25 Sentyabr 2025
Turizm ekosisteminin gücləndirilməsi məqsədilə Azərbaycan Turizm Ekspertləri Klubu (ATEC) təsis edilib. Klub DAİR – Otellər və Restoranlar Assosiasiyası nəzdində fəaliyyət göstərəcək.
Yeni qurum ölkənin turizm sahəsində çalışan bütün mütəxəssisləri – otellər, turizm agentlikləri, restoranlar, nəqliyyat xidmətləri, turizm təhsili sahəsi və sair istiqamətləri vahid platformada birləşdirəcək. Klubun əsas məqsədləri aşağıdakılardır:
- iştirakçılar arasında peşəkar təcrübə mübadiləsini təmin etmək,
- turizmin inkişafına dair birgə təşəbbüsləri gücləndirmək,
- sahə daxilində koordinasiyanı artırmaq.
Klubun yaradılması təşəbbüsü Avola Travel şirkətinin direktoru İbrahim Qafarova məxsusdur. Kluba üzv olmaq üçün əsas şərtlər – turizm sahəsində peşəkar nailiyyətlərə malik olmaq və ən azı 10 illik iş təcrübəsinə sahib olmaqdır.