Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda çoxuşaqlı ailələrə verilən “südpulu”nun məbləği nə qədərdir? - RƏSMİ CAVAB

Azərbaycanda son illər əkiz və üçəm, dördəm doğulan uşaqların sayı artıb.

Bu ilin yanvar ayında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10197 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, körpələrdən 290-ı əkiz, 9-u isə üçəm doğulanlardır.

Dünən də Bakıda beşəm körpələrin dünyaya gəlməsi ilə bağlı məlumat yayılıb. Sosial şəbəkədə paylaşılan məlumata görə, dünyaya gələn körpələrin 4-ü oğlan, 1-i qızdır.

Qeyd edək ki, ölkəmizdə 2006-cı ilə qədər "uşaq pulu" adlanan aylıq sosial müavinət verilirdi. Son illər dəfələrlə bu müavinətin yenidən bərpası müzakirə olunsa da, adıçəkilən müavinətin verilməsi təmin olunmayıb.

Bəs üçəm, dördəm, beşəm doğulan uşaqlara hansı güzəştlər tətbiq olunur?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, onlar birdəfəlik müavinət ala bilirlər.

Yəni Azərbaycanda uşağın anadan olmasına görə el arasında “südpulu” adlanan birdəfəlik müavinət ayrılıqda hər uşağa aid edilir.

Hazırda bu məbləğ hər uşaq üçün 300 manat müəyyənləşdirilib. Bu ilin yanvar ayına qədər həmin məbləğ 200 manat idi.

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşağı) bir yaşına çatdıqda müavinət təyin edilir.  “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Fərmanına əsasən, hər uşağa görə müavinət 2022-ci ilin yanvarın 1-dən 70 manat məbləğində müəyyənləşdirilib.

Bundan başqa, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, müharibə əlillərinin və  şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları, beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlar  aylıq sosial müavinətlə təmin edilirlər. (Cebhe.info)