AZAL Rusiyanın 7 şəhərinə uçuşları dayandırır
27 Dekabr 2024
Azərbaycandan Rusiyanın daha 3 şəhərinə - Saratov, Nijni Novqoroq və Vladiqafqaza sabahdan uçuşlar dayandırılır.
Bu barədə “Azərbaycan Hava Yolları” aviaşirkətindən bildirilib.
***
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Rusiyanın 7 hava limanlarına reysləri dekabrın 28-dən dayandırır.
AZAL-dan bildirilib ki, bu qərar “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən verilib:
Sabahdan Bakıdan Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Qroznı və Mahaçqalanın hava limanlarına reyslər dayandırılır.
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.
"Təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib. Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.
Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək", - məlumatda deyilir.