Arxiyepiskop Mikael Acapaxyan həbs edilib
28 İyun 2025
Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan İrəvan Birinci İnstansiya Məhkəməsinin qərarı ilə həbs edilib.
Ermənistan mətbuatı xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib.
Məlumata görə, Acapaxyan iki aylıq müddətə həbs edilib, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
İlkin məlumata görə, arxiyepiskop Nubaraşen cəzaçəkmə müəssisəsinə aparılacaq.
Ermənistan Baş Prokurorluğunun bəyanatında deyilir ki, Ermənistanın Apostol kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyana qarşı işin açılmasının əsaslarından biri onun hakimiyyətin devrilməsinə çağırışları olub.
"M.Acapaxyan iyunun 21-də mediaya verdiyi müsahibədə 2024-cü ilin fevralında etdiyi əvvəlki bəyanatlarını təsdiqləyib. O bəyanatında bildirib ki, yüksək rütbəli hərbçilərin, eləcə də güc strukturlarının köməyi ilə çevriliş həyata keçirmək və hakimiyyəti dəyişmək lazımdır", - qurumdan vurğulanıb.
Prokurorluq, həmçinin qeyd edib ki, M.Acapaxyan çağırışlarını qəsdən və dəfələrlə səsləndirib.