Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aleksandr Nevzorov: “Daxilimdə azərbaycanlının mənə öyrətdiyi cəsarət yaşayır” - MÜSAHİBƏ

Rusiyada Silahlı Qüvvələrin fəaliyyətləri haqqında saxta məlumatların yayılmasına görə cinayət məsuliyyəti haqqında qanun qəbul edildikdən sonra intellektual elitanın nümayəndələri - jurnalistlər, mədəniyyət işçiləri, informasiya texnologiyaları mütəxəssisləri və s. daha çox tərk etməyə başlayıblar. Xatırladaq ki, yeni sənəd Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı “yalan məlumat”a görə üç ildən on beş ilədək həbs cəzasını nəzərdə tutur.

Rusiya Cinayət Məcəlləsinə əlavə edilən 207.3-cü maddə “Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi haqqında qəsdən yalan məlumatın açıq şəkildə yayılması” bir çox kütləvi informasiya vasitəsinin Rusiya Federasiyasında fəaliyyətini dayandırmasına səbəb oldu.

Tanınmış sovet və Rusiya jurnalisti, teleaparıcı, publisist, Rusiya Federasiyası Dövlət Dumasının bir neçə çağırış keçmiş deputatı Aleksandr Nevzorov müsahibəsində Rusiyanın Ukraynaya hücumu və bundan sonra baş verən hadisələri şərh edib.

- Gəlin, Rusiya Federasiyasında qəbul edilmiş saxta informasiya haqqında qanundan başlayaq. İndi Rusiyada cinayət təqibindən qorxmadan nə danışmaq və yazmaq olar?

- Çətin sualdır. Amma dərhal deyim ki, feyklər haqqında qanun gecikdi. Məsələ burasındadır ki, onlar (Dövlət Duması və Rusiya Federasiyasının rəhbərliyi - red.) istənilən həqiqəti qadağan edən bu qanunu düşünüb ərsəyə gətirənə qədər müharibənin əsl siması ortaya çıxdı və dərc olundu. İndi dövlət təbliğatına uyğun gəlməyən hər şey feyk elan edilir.

- Rusiyada etirazlar olub və olmaqda davam edir, insanlar Ukrayna ilə müharibəyə qarşı çıxırlar. Amma etiraza çıxanlar o qədər də çox deyil.

- Əhali dəhşətli qorxu içindədir. Unutmayın ki, müharibə əleyhinə fəaliyyətə görə yeni repressiyalardan əvvəl bir çox başqaları baş verdi, insanlar həbs olundu, günlərlə saxlanıldı, işdən qovuldu və cərimələndi. Bu, son iki il ərzində davam etdi. Ona görə də Rusiyada etiraz hərəkatı, fikir azadlığı, küçədə açıq şəkildə fikrini ifadə etmək hüququ praktiki olaraq aradan qaldırılıb. Unutmayın ki, əhalinin təxminən 70 faizi hələ də Ukraynada hansısa xüsusi əməliyyatın aparıldığına inanır, nasistlər haqqında nağıllara, rəsmi təbliğatın bu cəfəngiyyatına inanır və sadəcə olaraq əsl vəziyyəti öyrənmək istəmir.

- Rusiyada bir çox müstəqil kütləvi informasiya vasitəsi bağlandı və ya bağladıldı...

- Bir çoxu deyil, hamısı. Sadəcə “Novaya qazeta” qaldı, hansı ki, onun da dərsini veriblər, bundan sonra isə xeyli yumşaldı, neytrallaşdı, hərbi mövzulardan qaçmağa, ölkədaxili iqtisadi vəziyyətə baxmağa başladı. Onlar manevr etdilər, lakin təbii ki, daha həqiqi məlumat ehtiyacını ödəyə bilmirlər. Onlar səslərini kəsdilər. Bütün digər kütləvi informasiya vasitələri isə sadəcə qovuldu və yer üzündən silindi. Artıq təbliğatdan başqa heç nə mövcud deyil.

- Bəlkə, başqa platformalar, “Youtube” var? Hər həftə “Exo Moskva”da “Nevzorovskie Sredı” verilişində çıxış edirdiniz. Bu ənənə artıq keçmişdə qalıb?

- Xeyr, keçmişdə qalmayıb. Qorxudulmayan təkcə mən qalmışam. “Youtube” kanalımda baş verənlər haqqında olduqca açıq şəkildə danışdım. Mən “Youtube” kanalımda belə kiçik proqramlara davam edəcəm. Təəssüf ki, daha Helvetsiyadan (Aleksandr Nevzorov Sankt-Peterburqdakı “Helvetsiya” otelindəki studiyadan “Exo Moskva”nın efirinə çıxıb - red.) yox. Mən heç kimi çətin vəziyyətdə qoymaq istəmirəm. Ənənəvi yerlər artıq tarixə qovuşdu.

- Sizin bu yaxınlarda etdiyiniz çıxışlardan birini gördüm. Siz “Yaşasın Ukrayna” ifadəsini səsləndirdiniz. Belə başa düşürəm ki, artıq elə bu sözə görə cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz?

- Nəzəri olaraq, bəli. Ancaq yaxşı hüquqi hazırlığınız varsa, bu ifadənin çağırış və ya şüar olmadığını sübut edə və vəziyyətdən çıxa bilərsiniz. Ancaq mən bunu qorxuma üstün gələrək, riskə gedərək etmişəm. Kimsə qalıb mübarizə aparmalıdır. Mənim daxilimdə lüzumsuz bir cəsarət yatır. Bəlkə də bu həmişə yaxşı deyil. O, bəzən sahibinə böyük problemlər yaradır (gülür - red.). Amma cəsarəti qismən də azərbaycanlı mənə öyrətdi.

- Mən bu hekayəni bilirəm, siz bunu bir neçə il əvvəl danışmısınız, amma bəlkə də hamının xəbəri yoxdur...

- Həyatımda gördüyüm ən cəsur insan Vəzir adlı azərbaycanlıdır. Reportyor işim, müharibələr, ilk peşəm olan kaskadyorluq məni hazırlamışdı, amma gördüklərim məni sarsıtdı və heyrətə gətirdi. Bu, Qarabağ müharibəsi (birinci - red.) zamanı baş verib. Vəzir sadə bir adam idi. Sərsəng su anbarı uğrunda döyüş gedirdi. Məncə, Goranboydan olan batalyondan demək olar ki, üçdə biri sağ qaldı. İnsanların necə qaçdığını, avtobuslarda xilas olmağa, təxliyə olunmağa çalışdığını gördüm. Yalnız bir nəfər sakitcə UAZ avtomobilini işə salır və hamının qaçdığı, yaralıların uzandığı tərəfə gedir. Mən onun yanına qaçdım və soruşdum: hara gedirsən? Nə üçün? O isə deyir: orada yaralılar var. Dedim, yaxşı, gəlin birlikdə gedək. Yaralıları necə götürürdü, bu oğlanları atəş altından əyilmədən necə qaldırırdı... Bu qeyri-adi idi. O, ağlasığmaz dərəcədə cəsarətli bir insan idi.

- Anladığım qədərilə çoxlarının artıq etdiyi kimi siz Rusiyanı tərk etmək fikrində deyilsiniz?

- Ola bilsin, qısa müddətə, bir neçə günlük gedəcəyəm. Ailəmi aparacam və döyüşməyə qayıdacağam. Belə başa düşürəm ki, məndən başqa bunu edəcək heç kim yoxdur.

- Bəs müharibənin nəticələri, onları necə görürsünüz? Böhran necə həll olunacaq?

- Böhran iclaslar, danışıqlarla həll olunmur. Böhran bəzən tamamilə fantastik şəkildə öz həllini tapır. Hər şey isə insanların məntiqi ilə deyil, hərbi məntiqlə gedir. Ukrayna ordusunun güclü olduğunu görürük, ukraynalıların ruh yüksəkliyi həddən artıq böyükdür. Qarşı tərəfin düşdüyü acınacaqlı vəziyyətlə müqayisə etmək olmaz. Düşünürəm ki, bu müharibə hələ tamamilə heyrətamiz sürprizlər gətirəcək. (Media.az)