Ağdərə sakini minaya düşüb, vəziyyəti ağırdır
03 Dekabr 2025
Ağdərə rayonunun Şıxarx kəndi ərazisində 3 dekabr tarixində mina hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıblar.
Məlumata görə, 1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda qeyd edilib.
Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.
TƏBİB-dən bildirilib ki, Partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağırdır.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.