Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ və Ermənistan nüvə əməkdaşlığı sazişi imzalayıb

ABŞ vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İrəvana gedib.

Bu barədə nümayəndə heyətinin tərkibinə daxil olan ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq sosial şəbəkələrdə məlumat verib.

O, Ermənistanın paytaxtındakı hava limanından foto paylaşıb: "Növbəti dayanacaq: İrəvan, Ermənistan".

Daha sonra İrəvanda Vens və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar keçirilib.

Cey Di Vens Ermənistan Baş nazirinin iqamətgahına gəlib, onu Nikol Paşinyan qarşılayıb. Danışıqlar təkbətək formatda, qapalı şəkildə baş tutub.

Görüşdən sonra Cey Di Vens və Nikol Paşinyan nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqların başa çatması haqqında birgə bəyanat imzalayıblar.

Sənəd Vensin Ermənistana səfəri çərçivəsində tərəflər arasında aparılan danışıqların yekunlarına əsasən imzalanıb. Vensin sözlərinə görə, bu saziş hər iki ölkəyə fayda gətirəcək.

"Əməkdaşlıq potensialı ixrac çərçivəsində 5 milyard dollar, yanacaq və texniki xidmət sahəsində isə 4 milyard dollar həcmində qiymətləndirilir. Ermənistana kiçik modul reaktorlar tədarük ediləcək. Razılaşmalar həm ABŞ-nin, həm də Ermənistanın enerji təhlükəsizliyini, eləcə də çox sayda iş yerinin açılmasını təmin edəcək", - o qeyd edib.