Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-də iki qazaxıstanlı milyard dollarlıq dələduzluqda ittiham olunur

Çikaqodakı federal prokurorlar iki Qazaxıstan vətəndaşına ittiham irəli sürüblər. Onlar "Medicare" proqramı, tibbi sığorta ilə bağlı mürəkkəb dələduzluq sxemlərinin təşkilində suçlanırlar. Dövlət proqramlarına, özəl sığorta şirkətlərinə 1 milyard dollardan artıq zərər dəydiyi bildirilir. Xəbəri cwbchicago.com internet nəşri yayıb.

Anuar Abdraxmanov Kentukki ştatında "Priority One Medical Equipment" adlı şirkətə nəzarəti ələ keçirməkdə ittiham olunur. İttihamnaməyə görə, o, 2024-cü ilin mart-avqust aylarında "Medicare" proqramı çərçivəsində təxminən 666 milyon dollarlıq saxta ərizə təqdim edib, qlükoza səviyyəsinin fasiləsiz monitorinqi üçün cihazlar, kateterlər istənilib.

Abdraxmanov 2023-cü ilin mayında ABŞ-yə yay mövsümü üçün iş vizası ilə daxil olub. Vizanın müddəti 2023-cü ilin sentyabrında bitsə də, o, ölkədə qalıb. Şirkəti əvvəlki sahibi satandan sonra Abdraxmanov 2024-cü ilin aprelində "Priority One" şirkətinin üzvünə və menecerinə çevrilib.

2024-cü ilin may-avqust aylarında "Medicare" proqramı "Priority One" şirkəti ilə bağlı təxminən 250 şikayət alıb. Şikayətçilərin çoxu bildiriblər ki, şirkət onlara heç vaxt heç bir mal və ya xidmət təqdim etməyib. İllinoys ştatında "Medicare" proqramının altı üzvü deyib ki, onlara qlükozanın fasiləsiz monitorinqi cihazları və kateterlərlə verildiyi deyilsə də, "Priority One"dan hər hansı diabet ləvazimatı istəməyiblər, almayıblar, heç diabet xəstəsi olmayıblar.

1 milyon dollarlıq çeki itirib, tapanda 2 min dollar bonus alıb

Təhqiqatçılar şirkətin Kentukkidəki ofisinin bağlı, boş olduğunu görüblər. Ofisə işə götürülən əməkdaşların yeganə işi poçtu toplamaq, onu şəxsən heç vaxt görüşmədikləri rəhbərə Telegram üzərindən göndərməkdən ibarət olub. Bir əməkdaşın istintaqa dediyinə görə, bir dəfə 1 milyon dollarlıq çeki itirib, sonra onu tapanda 2 min dollarlıq bonus alıb.

"Medicare" 2024-cü ilin iyulunda "Priority One" şirkətinə ödənişləri dayandırıb, "Medigap" sığorta şirkətləri isə ərizələr üzrə 450 min dollar ödəyib. Abdraxmanovun Honkonqdakı hesaba 182 min dollar köçürdüyü, digər xarici hesablara isə azı 200 min dollar köçürməyə çalışdığı bildirilir.

Tair Smaqul adlı qazaxıstanlı isə Çikaqoda yaşayıb. O, "Medicare" proqramı çərçivəsində irimiqyaslı dələduzluqla əldə olunmuş pulların yuyulmasında iştirakda ittiham edilir. "Medical Home Care Inc." şirkəti vasitəsilə 953 milyon dollar məbləğində 470 minə yaxın ərizə göndərilib. İstintaqın dindirdiyi şəxslər isə bu şirkətdən kateter almadıqlarını deyiblər.

2024-cü ilin yanvar-fevral aylarında "Medigap" sığorta şirkətləri "Medical Home Care"in göndərdiyi ərizələr üzrə azı 854 min dollarlıq ödəniş edib.

ABŞ Ədliyyə Departamentinin bugünlərdə yaydığı xəbərə görə, Nyu-Yorkda yaşayan azərbaycanlı bank əməkdaşı səhiyyə sahəsində dələduzluqla 8 milyon dollardan artıq vəsaitin yuyulmasında iştirakını etiraf edib. Sxemin transmilli mütəşəkkil cinayətkar dəstənin xeyrinə ABŞ bankı vasitəsilə gerçəkləşdirildiyi bildirilir.