Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

“ABŞ 2029-cu ilə qədər Ukraynaya hərbi dəstək verəcək”
Sergey Lavrov: “Bu, artıq Baydenin mirası deyil, Tramp administrasiyasının birbaşa qərarıdır”

Rusiya Xarici işlər naziri Sergey Lavrov “İzvestiya” qəzetinə geniş və sensasion müsahibə verib. Rusiya diplomatiyasının rəhbəri qlobal dünya nizamında baş verən tektonik dəyişikliklərdən danışarkən, ABŞ-ın yeni administrasiyasının xarici siyasət kursunu, Ukrayna müharibəsindəki rolunu, Yaxın Şərq böhranını və Rusiya-Amerika münasibətlərinin hazırkı acınacaqlı vəziyyətini kəskin şəkildə tənqid edib.

Rusiyalı nazir müsahibəsində ilk növbədə dünyada cərəyan edən geosiyasi sarsıntılara toxunub. Ən təhlükəli fazanın geridə qalıb-qalmaması ilə bağlı suala cavab verən S. Lavrov, bu cür proqnozların astroloqlar və politoloqlar üçün olduğunu, praktiki diplomatiya və real xarici siyasətlə məşğul olan insanların isə hər gün cari vəzifələrin həllinə konsentrasiya olmasının vacibliyini dilə gətirib. O, gələcəyin məhz bu gün atılan kiçik kərpiclərdən qurulacağını bildirib. Nazirin sözlərinə görə, bu gələcək qaçılmaz olaraq çoxqütblü və çoxmərkəzli (polisentrik) xarakter daşıyacaq. Lavrov bu yeni nizamın Rusiya Federasiyası, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri və Çin Xalq Respublikası arasında, həmçinin BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi geniş strukturlarda formalaşan qəliblər (lekal) üzrə inkişaf edəcəyini vurğulayıb.

Heqsetin "İncil" təfsirinə reaksiya: "Başqa arqumentləri qalmayıb"

Vaşinqtonun özünü hələ də hər yerdə müharibə və ya sülh qərarı verə bilən hegemon kimi aparmasını tənqid edən Rusiya XİN rəhbəri, ABŞ-ın Müharibə naziri Pit Heqsetin İrana zərbə vurulmasına İncillə, dini təfsirlərlə bəraət qazandırmaq cəhdlərinə sərt reaksiya verib. Lavrov Birləşmiş Ştatlarda özünü xristian elan edən, lakin xristian prinsiplərini sionizm və iudaizmlə sıx şəkildə qarışdıraraq spesifik formada təfsir edən bir hərəkatın mövcudluğunu diqqətə çatdırıb. O, indiki administrasiya xadimlərinin "İncil ABŞ-ın fəaliyyətinə bəraət qazandırır" tipli bəyanatlarını ciddi qəbul etmədiyini bildirib. Nazir bunun olduqca şübbəli bir təfsir olduğunu və siyasətçilərin belə şeylər danışmasının qeyri-ciddi xarakter daşıdığını vurğulayıb. Onun fikrincə, bu cür dini manipulyasiyalar yalnız bir şeyi ifadə edir – Vaşinqtonun öz hərəkətlərini izah etmək üçün artıq başqa heç bir rasional və beynəlxalq hüquqi arqumenti qalmayıb və bu addımlar ABŞ-ın özü də daxil olmaqla, heç yerdə dəstək qazanmır.

"İranı sivilizasiya kimi yox etmək qeyri-mümkündür"

Sergey Lavrov ABŞ Prezidenti Donald Trampın müəyyən bir mərhələdə "biz İranı bir sivilizasiya kimi yox edəcəyik" bəyanatını xatırladaraq, bunun kifayət qədər iddialı və kəskin olduğunu, lakin bu hədəfin qeyri-mümkünlüyünə heç kimdə şübhə qalmadığını bildirib. Hazırda amerikalıların İrandan nüvə silahına sahib olmaq ideyasından imtina etməyi və Hörmüz boğazını açmağı tələb etdiklərini deyən nazir vurğulayıb ki, fevralın 28-də heç bir səbəb olmadan başlanmış ABŞ-İsrail təcavüzünə qədər Hörmüz boğazı hamı üçün tamamilə pulsuz və sərbəst şəkildə fəaliyyət göstərirdi, heç kim heç bir problemlə üzləşmirdi.

Lavrov əlavə edib ki, bu təcavüz başlamazdan əvvəl İranda ali lider ayətullah Xameneinin nüvə silahına sahib olmağı qadağan edən fətvası qüvvədə idi (hansı ki, o, sonradan siyasi qətl yolu ilə məhv edilib) və MAQATE müntəzəm olaraq İranın dinc nüvə proqramının hərbi məqsədlərə yönəldilməsinə dair heç bir əlamətin olmadığını təsdiqləyirdi. İndi İrandan tələb olunan hər şeyin bu təcavüzdən əvvəl onsuz da mövcud olduğunu deyən Rusiya XİN rəhbəri, ABŞ-ın öz hərəkətlərindən ciddi diskomfort hiss etdiyini və bu vəziyyətdən necə çıxacağını bilmədiyini bəyan edib. Bununla belə, o, Pakistanın vasitəçiliyi ilə Vaşinqton və Tehran arasında davam edən dialoqu, həmçinin Səudiyyə Ərəbistanı və Misirin kömək göstərmək səylərini hər vəchlə dəstəklədiklərini qeyd edib. Lavrov ərəb monarxiyaları ilə İran arasında dialoqun təşviq edilməsini vacib hesab etdiklərini, Fars körfəzində təhlükəsizlik konsepsiyasını yeniləyərək Körfəz ölkələrinə və Tehrana göndərdiklərini bildirib və gələcəkdə hər hansı hərbi metodun tətbiqinin tamamilə istisna edilməsinin vacibliyini vurğulayıb.

"Pentaqon Ukrayna yardımını 2029-cu ilə qədər rəsmiləşdirib"

ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə keçirilən epizodik görüşlərin hazırda Vaşinqtonla olan yeganə dialoq kanalı olduğunu təsdiqləyən Lavrov, hər bir ölkənin öz baş danışıqçısını müstəqil müəyyən etmək hüququna malik olduğunu deyib. Onun sözlərinə görə, burada əsas şərt danışılan məsələlərin icra olunmasıdır. Nazir xatırladıb ki, Alyaskada (Ankoric) Ukrayna ilə bağlı Amerikanın təkliflərinin nəzərdən keçirilməsi üzrə sammitin keçirilməsindən tam bir il ötür və Rusiya rəhbərliyi həmin vaxt bu təklifləri qəbul etmişdi. Lakin o vaxtdan bəri ABŞ tərəfindən heç bir irəliləyiş və Ukraynanı bu təklifləri qəbul etməyə razı salmaq istəyi müşahidə olunmayıb.

Əksinə, Baydenin sanksiyalarının uzadıldığını və bunun üzərinə Donald Tramp administrasiyasının da "Lukoyl", "Rosneft" və bir çox başqa şirkətləri hədəf alan yeni sanksiyalar əlavə etdiyini bildirib. Pentaqonun avropalıların Ukrayna üçün silah almasını və hərbi sənaye üzrə birgə proqramları dəstəklədiyini deyən Lavrov, diqqətçəkən bir faktı açıqlayıb: Pentaqonun büdcəsinə Ukraynaya hərbi yardımın təmin edilməsi üçün 2029-cu ilə qədər olan dövrü əhatə edən xüsusi maddə daxil edilib. Rusiya XİN rəhbəri bu məqamı xüsusi qeyd edərək vurğulayıb: “Yəni bu artıq Baydenin mirası deyil, bu, indiki Tramp administrasiyasının birbaşa qərarıdır”.

Amerikalı danışıqçıların "əvvəlcə Ukraynanı nizamlamalıyıq, sonra canımızı qurtarıb birgə layihələr edəcəyik" dediklərini bildirən Lavrov, Rusiyanın mövqeyinin dəyişməz olduğunu və ötən il Ankoricdə Amerikanın vasitəçilik təklifini qəbul etməklə məsələni öz tərəfindən həll etdiyini diqqətə çatdırıb. O, ABŞ Dövlət katibi Marko Rubionun Konqresdəki “ABŞ vasitəçi ola bilməz, çünki o, Ukraynanı silahla dəstəkləyir” bəyanatına istinad edərək, bununla da dairənin qapandığını və hər şeyin ortada olduğunu iddia edib.

Avropanın mövqeyi və Macarıstanın "veto" qərarı

Ukraynanın NATO-ya üzvlüyü ətrafındakı ziddiyyətlərə toxunan Sergey Lavrov, Trampın Ukraynanın blokda olmayacağını deməsinə rəğmən, NATO-nun baş katibi Ruttenin Kiyevdə bunun əksini bəyan etdiyini xatırladıb. Onun sözlərinə görə, Avropa bu məsələdə "musiqini" məhz özünün sifariş edəcəyini sübut etmək istəyir və rus dilini, qanuni Ukrayna kilsəsini qadağan edən, konstitusiyanı pozan Kiyevdəki rejimə hərbi əməliyyatlardan sonra da təhlükəsizlik təminatı vəd edir.

Macarıstanın yeni Baş naziri cənab Madyarın ukraynalılarla macar azlığının hüquqlarının bərpası barədə razılığa gəldiyi və Kiyevlə Aİ arasında danışıqların başlanmasına qoyduğu vetonu götürə biləcəyi barədə xəbərlərə münasibət bildirən Lavrov, bunun yalnız bir şeyi ifadə etdiyini deyib: hətta bu problemləri yaxşı anlayan Macarıstan belə bu şlaqbaumu qaldırır. O, Avropa Komissiyasının beynəlxalq konvensiyaların və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasına məhəl qoymadan yaxın həftələrdə Ukrayna ilə danışıqlara başlamaq istədiyini və bu prosesin rusofobik alt mətninin heç gizlədilmədiyini vurğulayıb.

Səfirsiz diplomatik münasibətlər və sanksiya təklifləri

ABŞ-ın Rusiyada səfirinin olmamasının Vaşinqtonun öz qərarı olduğunu deyən Lavrov, hər bir ölkənin öz diplomatik nümayəndəliyinin səviyyəsini müstəqil müəyyən etmək hüququnun olduğunu, lakin münasibətlərin tam normallaşması üçün diplomatik missiyanın başında səfirin olmasının vacibliyini qeyd edib. Münasibətlərin yaxşılaşması üçün amerikalılara çox şey təklif etdiklərini bildirən nazir, hələ 2025-ci il ilin fevralında Ər-Riyadda Marko Rubio ilə görüşündə ilk addım olaraq hər iki ölkənin parlamentarilərinə qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsini təklif etdiyini açıqlayıb. Lakin bir neçə dəfə xatırlatmasına baxmayaraq, qarşı tərəfdən heç bir reaksiyanın olmadığını, Obamanın dövründən bəri qanunsuz müsadirə edilən Rusiya diplomatik mülklərinin qaytarılması çağırışlarına da məhəl qoyulmadığını diqqətə çatdırıb. O, ABŞ tərəfinin durmadan "əvvəlcə Ukraynanı həll edək" dediyini və prosesin qapalı bir dairə ətrafında fırlandığını vurğulayıb. S. Lavrov amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşnerin münasibətlərin normallaşmasındakı səmimi maraqlarını yüksək qiymətləndirsə də, bu marağın hələ ki real bir nəticəyə çevrilmədiyini əlavə edib.

Donald Trampın “dəli nəzəriyyəsi” və noyabr seçkiləri öncəsi hərbi təhlükə

Donald Trampın xarici siyasətdə Riçard Nikson və Ronald Reyqanın vaxtilə istifadə etdiyi “dəli nəzəriyyəsi”ndən (əvvəlcə hərbi zərbə vurmaq, elitanı məhv etmək, quru əməliyyatı ilə təhdid etmək, daha sonra isə diplomatik şərtləri diktə etmək) yararlanması barədə təəssüratlara cavab verən Lavrov, Vaşinqtonun xarici siyasət arenasında atdığı addımların heç bir beynəlxalq hüquqi çərçivəyə sığmadığını bəyan edib. O, Donald Trampın beynəlxalq hüquq normaları ilə maraqlanmadığını, öz əxlaqı və instinktləri ilə hərəkət etdiyini şəxsən bəyan etdiyini xatırladıb.

Nazir ABŞ-ın müxtəlif regionlardakı aqressiv siyasətini ssenarilər üzrə belə qruplaşdırıb:

Venesuela ssenarisi: Prezident Nikolas Maduronun narkokartelə rəhbərlik etməsi bəhanəsi ilə rəsmən oğurlanması (qaçırılması) baş verdi. Bunun arxasında Venesuelanın neftinə sahib çıxmaq dayanırdı və indi amerikalılar bu ölkənin neft sənayesini öz iştirakları ilə idarə etdiklərini bəyan edirlər.

İran ssenarisi: İran terrorizmin sponsoru elan edildi və bir sivilizasiya kimi məhv edilməsinə çalışıldı, lakin bu plandan bir şey çıxmadı.

Kuba ssenarisi: Hazırda Kubanın ətrafında qara buludlar qatılaşır və amerikalılar bu ölkə barəsində çox aktiv hərbi-siyasi planlar qururlar.

Rusiya Xarici İşlər naziri müsahibəsinin sonunda çox ciddi bir xəbərdarlıq edib. O bildirib ki, bu ilin noyabr ayında ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər ərəfəsində respublikaçı administrasiyanın daxili auditoriyaya öz "uğurlarını" sübut etmək cəhdləri fonunda, Vaşinqton tərəfindən növbəti olduqca təhlükəli hərbi hərəkətlərin və aqressiv addımların şahidi ola bilərik.

Lavrov Rusiyanın dialoqa hər zaman hazır olduğunu, ABŞ-ın Ukrayna böhranının kökündə dayanan ilkin səbəbləri - yəni NATO təhdidini və yerdə yaranmış real ərazi reallıqlarını etiraf edən yeganə Qərb dövləti olduğunu vurğulayıb. Lakin o, ABŞ-ın bu yanaşmanı rəsmiləşdirmək və Avropanı buna mane olmamağa razı salmaq istiqamətində qətiyyətli xətt nümayiş etdirmədiyini, Avropanın isə bu prosesdə lideri idarə etmək və yönləndirmək istədiyini bildirərək hazırkı vəziyyəti "it quyruğunu bulayır, yoxsa quyruq iti" məsəlinə bənzədib.

Turqut