Logo
news content
User
Kateqoriyalar

Xəbər

8 milyard olacağıq...

BMT-nin yeni proqnozuna görə, dünyada əhali sayı noyabrın 15-də 8 milyardı keçəcək. Gələn il Hindistanın əhali sayına görə Çini keçəcəyi gözlənir.

İyulun 11-də yayılmış hesabatda qeyd olunur ki, 1950-ci ildən bəri dünyada əhali artımı ən aşağı həddə düşüb, 2020-ci ildə cəmi 1 faiz artıb.

BMT-nin Baş katibi Antonio Quterres bildirib ki, ümumilikdə əhali artımındakı indiki mərhələ “planetimizin qayğısına qalmaq üçün birgə məsuliyyət daşıdığımızı yada salır”.

2030-cu ildə dünyada əhali sayının 8.5 milyarda, 2050-ci ildə 9.7 milyarda çatacağı gözlənir. 2080-ci illərdə artım 10.4 milyard pik həddinə yüksələcək, 2100-cü iləcən həmin həddə qalacağı gözlənir.

2023-cü ildə Hindistan əhali sayına görə Çini üstələyəcək, hesabatda vurğulanır. Hazırda bu ölkənin əhalisi 1.412 milyard, Çininki isə 1.426 milyarddır.

2050-ci ildə Hindistanda 1.668 milyard, Çində isə 1.317 milyard əhalinin olacağı proqnozlaşdırılır.

Gələn onilliklərdə dünyada əhali artımı əsasən səkkiz ölkədə cəmləşəcək – Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniyada.