Logo
news content
User
Kateqoriyalar

Reportaj

Bir gecə, bir dəniz, bir də mən... -  REPORTAJ/FOTOLAR
Həyatları ilə qumar oynayanların sayı artır, dənizlər məzarlara çevrilir...

Yay mövsümündə insanların üz tutduqları əsas istirahət məkanlarından biri də çimərliklərdir. Ancaq təəssüf ki, çimərliklər bəzən istirahət, əyləncə, bəzən isə son məkanı yeri olur. 

Rəsmi məlumata görə, çimərlik mövsümünün başladığı 15 iyun tarixindən suda boğulma ilə bağlı 13 ölüm faktı qeydə alınıb. TƏBİB-dən mətbuata bildirilib ki, bu ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumilikdə 30 müraciət olub. Bildirilib ki, suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub: “Onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub, 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb”.

Təəssüf ki, bu, tam statistika deyil. Çaylarda, göllərdə, nəzarətsiz ərazilərdə suda boğulma halları da var və onların sayı da kifayət qədərdir. İnsanlar bütün xəbərdarlıqlara, qadağalara baxmayaraq, icazə verilməyən yerlərdə, pis hava şəraitində özlərini təhlükəyə atmağa davam edirlər. Və bir çox hallarda xilasedicilərin olmadığı bu ərazilərdə onların həyatını xilas etmək mümkün olmur. Və belə halların sayı da gündən-günə artır...

Görəsən, çimərliklərdə boğulmaların artması nə ilə bağlıdır? İnsanlar dənizdə çimərkən onlara nəzarət etmək çətindirmi? Hansı çimərliklərdə Təcili Tibbi Yardım olur? Xilasedicilər boğulan insanı xilas edərkən hansı çətinliklərlə üzləşir?  Ümumiyyətlə, maraqlıdır, xilasedicinin bir günü necə keçir?

 Pressklub.az-ın əməkdaşı bu suallara cavab tapmaq üçün Novxanıdakı “İDEA”(Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq - red.) ictimai birliyinin (İB) nəzarətində olan çimərliyə yollanıb. Böyük ərazisi olan bu çimərlik elə girişindən təmizliyi, genişliyi ilə adamın ürəyini açır. Müxtəlif çardaqlar, uzanmaq üçün taxtlar, ayaqyolu, hamam, zibil konteynerləri, voleybol oynamaq üçün tor və s. var. Bir sözlə, istirahət üçün lazımi şərait qurulub. Günorta saatlarında çox qızmar günəş şüası olduğu üçün dincələnlərin sayı az idi. Elə az olduqları üçün seyrəkliyin onlara ləzzət etdiyi hiss olunurdu. Bəlkə də ona görə günün ən qızmar saatlarında çimərliyə üz tutub, qızmar günəşin şüaları altında, dənizin dalğaları arasında dincəlirdilər. 

İstirahət edənlərdən birinə təəssüratlarını öyrənmək üçün yaxınlaşıb bəzi suallar verdik. Ailəsi ilə birlikdə dincəlməyə gələn xanım bildirdi ki, çimərlikdə istirahət üçün həmişə buraya gəlirlər: “Təmizliyi, genişliyi, şəraiti bir yana, ən çox da təhlükəsizliyi üçün buranı seçirik. Əvvəllər nəzarətsiz çimərliklərə gedirdik. O vaxtı buranı tanımırdıq. Həm şəraitsizliyə görə əziyyət çəkirdik, həm də təhlükəsizliyə nəzarət edən yox idi. Bir dəfə başımıza iş gəldi - qardaşımın qızı boğulurdu. Yaxşı ki, yaxınlıqdakı cavan oğlan kömək elədi, balamızı xilas etdi. O vaxtdan canımıza qorxu düşüb. Bir müddət çimərliyə heç getmədik. Necə deyərlər, ilan vuran ala çatıdan qorxar. Sonra qonşumuz dedi ki, belə bir yer var. Biz də ürək edib, gəldik. Gördük ki, həqiqətən tərifəlayiqdir. Ona görə də keçən ildən bəri həmişə bura gəlirik. Həm pulumuz cibimizdə qalır, həm də təhlükəsiz, rahat istirahət edirik. Özümüz bu vaxtı gəlirik ki, tünlük olmasın. Adam az olanda daha rahat oluruq”.   

Daha sonra çimərlikdə səhərdən axşama qədər keşik çəkən xilasedicilərin olduğu yerə yaxınlaşdıq. Xilasedicilərdən biri diqqətlə dənizdə çimənlərə baxır, insanlara nəzarət edirdi. Qəribədir, bu qədər insana eyni anda necə nəzarət etmək olar? Hər şeyi aydın görmək üçün yaxşı görmə qabiliyyəti də lazımdır. Günəşin şüaları isə gözü iynə kimi dəlib keçirdi. İstinin adamı qovurması da bir yandan əziyyət verir. Belə şəraitdə durmadan əraziyə nəzarət etmək bir başqa çətinlikdir. Yaxşı ki, olduğu qüllə kölgəlidir, gün düz üstünə şığımır. Çətin şərtlər altında məsuliyyətlə işini icra edən xilasedicinin diqqətini yayındırmamaq üçün aidiyyəti iş üzrə vəzifəli şəxsin olduğu yerə - Novxanı xilasetmə məntəqəsinə yollandıq.

Fövqəladə Hallar Nazirliyinin (FHN) kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin böyük inspektoru, baş leytenant Fərid İlhamoğlu əməkdaşımızı qarşılayıb, məsələdən agah olandan sonra sualları cavablandırmağa başladı: “Çimərliklərdə boğulanların əksəriyyəti nəzarətsiz ərazilərdə, yəni çimmək üçün nəzərdə tutulmayan təhlükəli ərazilərdə çimən şəxslərdir. Onlar  küləkli havada, dalğanın yüksək, sualtı relyefin təhlükəli olduğu yerlərdə və qayalıqların olduğu yerlərdə çimərək həyatlarını təhlükəyə atırlar”. 

Müsahibimiz sözlərinə davam edərək deyir ki, insanlara nəzarət etmək həm çətindir, həm də asan. Çətin olmasının səbəbi bəzi vətəndaşların spirtli içki qəbul edərək çimərliklərə üz tutmasıdır: “Bununla yanaşı, bəzi vətəndaşlar suda üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanlara məhəl qoymurlar. Xilasedicilərimizin göstəriş və tələblərinə riayət etmir, həmin nişanları ötüb keçirlər. Ancaq xoşbəxtlikdən, bizim xidmətin nəzarət etdiyi ərazilərdə ölüm halı qeydə alınmayıb. Bu il mövsüm açıq elan olunandan bəri 85 nəfər boğulma təhlükəsi ilə üzləşən vətəndaşımız bizim xilasedicilər tərəfindən xilas edilib”. 

FHN hansı çimərliklərə nəzarət edir?

Həmsöhbətimiz FHN-in bir çox çimərliklərə nəzarət etdiyini dedi: “Bakı şəhəri və rayonları üzrə fəaliyyət göstərdiyimiz çimərliklər çoxdur. Bizim sularda 37 xilasetmə məntəqəmiz mövcuddur. Həmin məntəqələr boyu oraya düşən özəl çimərlik operatorları var ki, onlar da bizim nəzarət zolağımıza düşdüyü üçün biz onların da ərazilərinə düşən çimərlik sahələrində fəalliyyət göstəririk”. 

Qeyd edək ki, çimərlikdə olarkən orada Təcili Tibbi Yardımı (TTY) avtomobilini görüb, TTY-nin başqa hansı çimərliklərdə olduğunu soruşduq.

“İDEA İB-in ictimai çimərliklərin bir hissəsində TTY briqadaları mövcuddur. İB-in nəzarətində olan 6 çimərlik var ki, TTY həmin ərazilərdə fəaliyyət göstərir”, deyə müsahibimiz bildirdi. 

Böyük inspektor ətrafa nəzər salıb əllərini xilasediciyə, sonra da dənizdə çimənlərə tuşlayır: “Bizim xidmət yay mövsümündə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və xilasedicilərimiz səhər saat 9-dan axşam saat 8-ə qədər çalışırlar. Gün ərzində xilasedicilərimiz qızmar günəş altında xidmət göstərirlər. Onlara təhkim olunmuş ərazi üzrə hərəkət edib, nəzarət edirlər. Saat 8-dən sonra hava qaralır və görüntü məhdudiyyəti yarandığına görə səsgücləndiricilər vasitəsilə çimərlik ərazilərində istirahət edən vətəndaşlara çatdırılır ki, hava qaralandan sonra çimərliyə daxil olmaq təhlükəlidirNişanları xeyli ötüb keçən vətəndaşları xilasetmə qayıqları və skuterlər ilə yaxınlaşıb geri qaytarırlar. Bəzən də onları həmin qayıqlarla geri qaytarırlar”

Bizi bir sual da maraqlandırır: İnsanlar çimərliklərdə olarkən nəyə diqqət etməlidir? FHN təhlükəylə üzləşməmək üçün onlara nəyi tövsiyə edir?

Müsahibimiz başını bulayıb, məyus şəkildə bəzi insanların məsuliyyətsizliyindən gileylənir: “FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, insanlar yenə də özlərini təhlükəyə atırlar. FHN tövsiyə edir ki, çimərlik kimi nəzərdə tutulmayan ərazilərə üz tutmasınlar, çimərlik ərazilərində azyaşlı uşaqlar nəzarətsiz qalmamalıdır. Amma insanlar belə çimərliklərə üz tuturlar. Xüsusən də qeyri-iş günlərində çimərliklərdə insanlar çox olduğu üçün azyaşlı uşaqlar itə bilir. Ona görə də valideynlərimizə tövsiyə edirik ki, heç vaxt azyaşlı uşaqları çimərlik ərazilərində nəzarətsiz buraxmasınlar. Amma bu çağırışlara əməl edənlərin sayı azdır…”

İnsanlar bəzən həyatlarını riskə atmağı xoşlayırlar. Bunun nə dərəcədə təhlükəli olduğunu, hansı fəlakətlərlə nəticələnəcəyini həmin an düşünmürlər. Çağırışlara və tövsiyələrə baxmayaraq, axşam saatlarında çimərlikdə suya girənlərin sayı heç də az olmur. Biz də vəziyyətin canlı şahidi olmaq üçün saat 22:00 radələrində çimərliyə üz tutduq. Qaranlığa və təhlükəyə məhəl qoymadan dənizdə çimənlər vardı. Bir neçə ailə ilə yanaşı, orta yaşlı kişilər və gənc oğlanlar yığışıb istirahət edirdi. Qarşılaşdığımız bir mənzərə isə heç ürəkaçan deyildi. Kişilərdən bir neçəsi spirtli içki qəbul edərək sərxoş halda çimmək üçün suya girdilər. Həyatları ilə qumar oynayırdılar… 

Günay Elşən