Logo
news content
User
Kateqoriyalar

Müsahibə

Yolka, söylə, sən kiminsən?

İlin son günləri və hər tərəfi bəzəyən yolka ağacları... Təzə ili hansı əhvalla qarşılamağımızdan asılı olmayaraq, dekabr ayı gələndə hər tərəfi bəzəyən rəngarəng işıqlar və yolka ağacları insanın qəlbini isindirir. Baxmayaraq ki, müstəqillik illərində bu bayrama, ənənəyə və məhz yolka bəzəmək adətinə fərqli baxışlar ortaya çıxıb. 

Bəziləri hesab edir ki, bu bayram ənənəsi həm dini, həm də milli mentalitet baxımdan bizə xas deyil. Hətta yolka bəzəməyin və yeni ili Qriqorian təqvimi ilə keçirməyin bir xristian adəti olaraq bizə sirayət etdiyini də bildirirlər.

Bəs, yeni ilin simvolu olan yolka bəzəmək ənənəsinin haradan gəldiyi ilə bağlı bir fikriniz varmı? 

Bu haqda danışmazdan əvvəl şəhər sakinləri ilə sorğu keçirdik və onlara yeni il bayramı və yolkaların bəzədilməsi ilə bağlı suallar ünvanladıq.

“Yeni ilin xristian bayramı sayılmasının əleyhinəyəm. Mənə görə, yeni il bütün dünyada eyni vaxtda, eyni dəqiqədə yeni təqvimə qədəm qoymaqdır. Necə Novruz bayramı yeni nəfəs gətirir və bu bayrama hazırlıq görürüksə, yüksək coşqu ilə qarşılayırıqsa, uşaqları bayram hədiyyəsi ilə sevindiririksə, yeni ildə də belə etməliyik. Yolka bəzənməsi, bayram şənliklərinin keçirilməsi çox normaldır. Namaz qılıram, oruc tuturam, ancaq bu bayramı qeyd edirəm. Yeni il insanlara ümid verirsə, dünyanın hər yerində uşaqlar Şaxta babaya məktub yazıb nə isə umurlarsa, hər birimiz bu rola girib, onları sevindirməyi bacarmalıyıq”.

Bu sözləri Bakı sakini Sürəyya Bağırova Pressklub.az saytının əməkdaşı ilə söhbətində deyib. O, bildirib ki, dekabrın 31-in din və xristianlıqla əlaqəsi yoxdur. Bu, sadəcə, yeni bir ilə qədəm qoymağın sevincidir.

“Qriqorian təqvimi, adından göründüyü kimi xristianların təqvimidir. Mən tam şəkildə bu bayramın əleyhinə deyiləm, amma qəbul etməliyik ki, dünyada başqa təqvim hesablamaları da var. Mən qəbul edirəm ki, 31-i ilin təhvil verilməsi ən rasional yanaşmadır. Dünyanın böyük əksəriyyəti bu təqvimlə uzlaşır. Mənim əleyhinə olduğum şey slavyan və xristian simvolu olan yolkanın bəzədilməsidir. Bizim xalqın tarixində belə bir simvolun olduğunu bilmirəm. Bu, daha çox xristianlara aiddir. Çünki küknar ağacı şimal coğrafiyasından bizə gəlib. Xristianlarda onu ilin təhvil olunması ilə bağlı üstünə qar yağmış yolka simvolu kimi götürüblər. Mənə görə, bu, Rusiyanın Azərbaycanı müstəmləkəsi altına aldığı 19-cu əsrdən sonra bizə gəlib çıxan bir ənənədir. Aqressiv əleyhdarı deyiləm, amma bunu milli tariximizə aid olan başqa simvolikalarla əvəz edə bilərik”.

Bu sözləri isə yeni il simvollarını xristianlıqla əlaqələndirən Bakı sakini Ömər Seyidov bizimlə söhbəti zamanı deyib. O bildirib ki, Azərbaycan mifologiyası ilə bağlı çox kitab oxumasına baxmayaraq, orada Şaxta baba və Qar qız kimi obrazlara rast gəlməyib.

Apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, sən demə, yolka bəzəməyin tarixçəsi xristianlığa yox, elə gedib türk tarixinə və mifologiyasına söykənir. Hə, yəqin siz də təəccübləndiniz. Elə mənim özüm də bu araşdırmanı edərkən bu hissləri keçirmişdim.

Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatların ümumiləşdirilməsi nəticəsində belə qənaətə gəlmək olur ki, ən qədim dövrlərdən bu günə kimi türk toplumları arasında mövcud olan inanclardan biri də məhz ağac kultu və ağacın müqəddəsliyidi. Elə bu an yadıma Kitab-i Dədə Qorqud dastanında da yer alan və ağac kultu ilə bağlı olan bəzi fraqmentlər düşdü. Hələ islamdan əvvəl yurdumuzda yaşayan bir çox türk tayfalarının inancında, ağac el-obanı, vətəni, kimsəsiz körpələri, hətta ölüləri qoruyan və onların istəklərini həyata keçirən bir simvol kimi dəyərləndirilir. Ümumiyyətlə, “Həyat ağacı” kultu, bütün dünya mədəniyyətlərində olduğu kimi, türk mədəniyyətində də olan inanclardan biridir. Bu inanca görə “Həyat Ağacı” kainatın onurğa sütunu sayılır. Türk tayfası olan hunların bəzi boyları fıstıq ağacından törədiklərinə inanırdılar. Həyat ağacı anlayışına şumerlərin inanclarında da rast gəlmək mümkündür.

Hər kəsin yeni il ərəfəsində bəzədiyi şam ağacı, qışda belə yarpaqlarını tökmədiyi və həmişə   yaşıl qaldığı üçün türklər bu ağacı ömür ağacı adlandırıblar. Bəs necə oldu ki, türklərdə bu ağac bəzəmək ənənəsi ortaya çıxdı? Türk mifologiyasına görə, gecə və gündüz daim qarşıdurma içərsində olur. Dekabrın ən uzun gecəsi - 21 dekabrdan sonra gün uzanır və Günəş daha çox görünməyə başlayır. Bu müharibədə də gündüzün gecəni məğlub etdiyi düşünülür. Belə olduğu halda da dekabrın 22-də bu hadisəni yeni ilin ilk günü kimi qəbul edib, “Yenidən doğulma bayramı” adı altında qeyd ediblər. Türklər bu bayramda Türküstandan başqa heç bir yerdə bitməyən ağ şam ağacını evə gətirərdilər və inanardılar ki, həmin il ağ şam ağacının altında oturanlara Tanrı gözəl bir yaşam verəcək. Onlar ağacın altında Tanrıya hədiyyələr qoyar və Tanrıdan istədiklərini simvolizə etmək üçün şam ağacının budaqlarına parça və ya lentlər asardılar. Burdan da məlum oldu ki, bu yolka bəzəməyin ilkin rüşeymləri xristianlıqdan çox-çox əvvəllərə gedib çıxır.

Ağacları müqəddəs sayan və onları ornamentlərlə bəzəyən təkcə türk cəmiyyətləri deyildi. Ağacların ruhani mərasimlərə mühüm simvol kimi daxil edilməsi adəti qədim dövrlərə, hətta bütlərə və təbiətə sitayiş edildiyi Misir və Çin sivilizasiyalarına gedib çıxır. Qədim misirlilər qışda evlərinə yaşıl xurma budaqlarını gətirir və onu həyatın ölüm üzərində qələbəsinin simvolu kimi qəbul edirdilər. Qədim skandinaviyalıların əcdadları küknar ağacına xüsusi əhəmiyyət verirdilər. Hətta Şimali Avropa ölkələrində də ağaclar xristianlıqdan çox-çox əvvəllər müqəddəs sayılırdı.

Faktlara nəzər saldıqda isə xristianlıqda milad ağacı İsa Məsihin doğulması və dirilməsinin simvoludur. Milad bayramında yolkalar ilk dəfə Almaniyada 1521-ci ildə (başqa bir mənbəyə görə 1605-ci ildə) qurulub. Almanlar ilk dəfə Reyn çayının sahilində cənnət ağacını təmsil edən küknar ağacını şam işığı, meyvələr və müxtəlif ornamentlərlə bəzəmişdilər. Hətta ağaca ilk dəfə yanan şamları Martin Lüterin əlavə etdiyinə inanılır.

Orta əsrlərdə Adəm və Həvvanı təsvir edən səhnədə əsas dekor Eden bağını təmsil edən və üzərində şam olan ağac idi. Almanlar da öz evlərində belə bir cənnət ağacı əkərdilər və onun üzərinə çörək parçaları asardılar. Daha sonra isə Fransa inqilabından sonra bu ənənə Amerikaya gedib çıxdı. 1800-cü illərin əvvəlləri bu ənənə Skandinaviya ölkələrinə yayıldıqdan sonra 1840-cı ildə İngiltərə və Fransa da yayılmağa başladı.

Ağacın müqəddəsliyi, ağaca verilən məna və ağacı bəzəmək həm qədim qədim türk cəmiyyətlərində, həm də digər sivilizasiyalarda ortaq ənənə olub. İnanca görə, şam ağacı həyatın və yaşamın simvoludur. Bununla yanaşı, şam ağacını bəzəyən ornamentlərin hər birinin də öz mənası var. Yolkadakı işıqların və şamların ölümsüzlüyü təmsil etdiyinə və pis ruhları qovduğuna inanılır. Həmçinin şam ağacından müxtəlif quru meyvə qabıqları, kiçik oyuncaqlar, maral fiqurları və ulduza bənzər əşyalar da asılır. Bu meyvə qabıqları və meyvələr isə həyatın bizə təqdim etdiyi sonsuz və müxtəlif hədiyyələri simvollaşdırır. Almalar Adəmlə Həvvanın günaha toxunmadığı dövrü təmsil edir. Digər meyvələr isə doğuluşdan və məhsuldarlıqdan xəbər verir. Ağac budaqlarının kənarında asılan zənglər bu günün sevincini, xoşbəxtliyini ifadə edir. Ağ və qırmızı zolaqlı konfetlər ədaləti, çələng isə əsl sevgini təmsil edir.

Belə... Bu yazıdan sonra yolkanı xristianlıqla əlaqələndirsəniz də, əlaqələndirməsəniz də, hətta, yolka qursanız da, qurmasanız da, hər birinizin yeni ili mübarək! Başqalarının inanclarını sorğulamadan daim maariflənəcəyiniz, sevgi dolu il olsun!

Hazırladı: Mədinə Useynova