Logo
news content
User
Kateqoriyalar

Müsahibə

Yazıçı Anar: “Bilirdik ki, onu güllələyiblər...” - MÜSAHİBƏ
“Toplasan, 20 cild əsərlərim var, yapışıblar Təhminədən...”

Pilləkənləri qalxanda ürəyimin döyüntüsünü qulaqlarımda hiss edirdim. Həyəcanın verdiyi məsuliyyət hissi ilə görüşə düz bir saat əvvəl getmişdim. Səməd Vurğunun yağlı boya ilə çəkilən böyük portretinin qarşısında dayanıb içəri keçəcəyim vaxtı gözləyirdim...

Hələ tələbəlik illərində, günümüz auditoriyada keçəndə, onun əsərlərini təhlil etməyə can atmışdım. Sonradan dissertasiya mövzuları arasında onun əsərlərini görməyəndə məyus olmuşdum. O vaxtdan bir neçə il keçib. İndi onunla görüşəcəyəm, üstəlik, müsahibə də alacağam...

İçəri dəvət etdilər. Salamlaşdıq. Qısa girişdən sonra suallara keçdim. Pressklub.az-ın müsahibi Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anardır. 

- Anar müəllim, nəinki ədəbiyyatda, eləcə də Azərbaycan dilçiliyində öz izini qoymuş, sözünü demiş yazıçımızsınız. Elə ilk sualıma da ədəbiyyatımızda səs-küy yaradan əsərinizlə başlamaq istəyirəm. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını yazanda hələ 40 yaşınız olmamışdı. Gənc Anarın yaratdığı Zaur obrazına, onun davranışlarına indiki münasibətiniz maraqlıdır. Zaura öyüd-nəsihət verən atasını indi haqlı saydığınız olurmu?

- Qəliz sual oldu. Bu əsər o dövrdə yazılıb və o dövr üçün aktualdır. İndi bəlkə də atası ayrı sözlər deyərdi, ayrı öyüd-nəsihətlər verərdi. Hər dövrün öz əxlaq kodeksi var. Bir dəyişməz əxlaq var, bir də dəyişən əxlaq. Dəyişən əxlaq, təəssüf ki, zamana tabe olur. Əbədi həqiqətlərə yox, zamana... 

- “Adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki…” Əsərin sonunda deyirsiniz bunu. Mənası nədir bu fikrin? Təhminəni altıncı mərtəbəyə qaldırmaqla, oxucuya onun cəmiyyətdə daha üstün olduğunu demək istəmisiniz?

- Yox, daha üstün olduğunu demək istəməmişəm. Bu təşbehin mənası odur ki, hər şeyi dəqiq, riyazi alətlərlə ölçmək olmaz. Elə şeylər var ki, məntiqdən də üstündür. Beşmərtəbəli evin altıncı mərtəbəsi məntiqdən, daha doğrusu, adi məntiqdən üstün bir anlayışdır. Yəni həyatda adi məntiqdən üstün şeylər də baş verir. Fikir budur. 

- “Dədə Qorqud" filminin ssenari müəllifisiniz. 1975-ci ildə, kommunist ideologiyasının hakim olduğu dövrdə belə bir ssenari yazmaq çətinlik yaradıbmı? Ssenarini yazarkən heç milli kimliyimiz barədə düşünmüsünüzmü?

- Əsər əvvəldən axıra qədər milli kimliyimizə həsr olunub. Belə bir ssenarini yazanda milli kimliyimiz haqqında düşünməmək necə ola bilər? Təbii ki, bu, milli kimliyimizin, oğuzların bizim əsil-əcdadlarımız olduğunun təsdiqi idi. Ona görə də “Dədə Qorqud”a müraciət elədim. Çünki bizim tariximizi azdırır, gah o yana, gah da bu yana yozurdular. Amma bizim əsl əcdadlarımız oğuzlardı və ədəbiyyatımızın da ən möhtəşəm abidəsi oğuzların yaratdığı “Kitabi-Dədə Qorqud”dur. Mən də onu film vasitəsi ilə bir daha təsdiq eləməyə çalışdım. O ki qaldı çətinliyə, əlbəttə, oldu. Bəzi "Dədə Qorqud mütəxəssisləri" bunun əleyhinə idilər. İstəmirdilər film çəkilsin. Çünki hesab edirdilər ki, bu mövzuda yalnız onlar yaza bilərlər, ayrı heç kəs yazmamalıdır. Birinci çətinlik bu oldu. İkinci çətinlik isə Moskvada yarandı. Dastanı oxumayan adamlar dastan haqqında fikirlər söyləyəndə, onlara dedim ki, "əvvəl gedin dastanı oxuyun, sonra gəlin mənə iradlarınızı bildirin". Hər halda, biz buna nail olduq. Filmi çəkdik. Film də o vaxt Azərbaycanın ən populyar filmi oldu. Daha sonra Türkiyədə nümayiş olundu, qəzetlərdə film barəsində müxtəlif, müsbət yazılar çıxdı. Film indi də ekranlardan düşmür, müntəzəm göstərilir.

- Ananız Nigar Rəfibəyli sovet dövründə repressiya olunmuş bir nəslin nümayəndəsi idi. O vaxt bu amili necə qəbul edirdiniz, hakim ideologiya, içərisində olduğunuz sistemin tələbləri ilə bu faktı bir araya sığışdıra bilirdinizmi?

- Ana babam Xudadat bəy Rəfibəyli ilk ali təhsil almış cərrahlardan biri idi. Rusiyada təhsil almışdı. Bakıya gələndən sonra uzun zaman Gəncədə həkim kimi işləyib. Cümhuriyyət hökuməti qurulanda Azərbaycanın ilk səhiyyə naziri olub. Sonra Bakıya gəlib. Onun atası Ələkbər bəy də böyük maarifçi olub. O vəfat etdikdən sonra babam yenidən Gəncəyə qayıdıb və onu qubernator təyin ediblər. Bolşeviklər gələndə isə hakimiyyəti təhvil verib. Amma buna baxmayaraq, onu Bakıya gətiriblər. Bakıda erməni müstəntiq ona ölüm hökmü kəsib və Xəzər adalarının birində güllələyiblər. Biz əlbəttə bunu bilirdik. Amma anam çalışırdı ki bizi belə fikirlərdən uzaq tutsun, sovet hökumətinə düşmən kimi yetişdirməsin. Çünki istəmirdi bizim həyatımızda bu məsələlər olsun və belə mövzular barədə heç vaxt ətraflı danışmırdı. Amma içində çəkirdi. Özünün də həbs olunma təhlükəsi vardı. Çünki indi açılan arxiv sənədlərindən məlum olur ki, o vaxt erməni Xoren Qriqoryan Bağırova məktub yazaraq, Nigar Rəfibəyli və anasının sürgün edilməsini istəyib, çünki onlar "anti-sovetdilər". Bağırov kefinin yaxşı vaxtında cavab yazıb ki, dəyməyin onlara. Anamgil sürgün olunsaydı, ailəmiz dağılacaqdı. Uşaqların hərəsini bir yerə göndərəcəkdilər. Atam da deyirdi ki, onu sürgün etsələr, mən də Nigarın arxasınca gedəcəkdim. Ailəmiz o vaxt böyük bir sınaqdan, bəladan qurtulub. Amma biz uşaq idik, onu hiss etmirdik. Sonradan başa düşdüm. Sənədlər açıldıqca başa düşürəm ki, anam, atam nələr çəkib. Bu ailə hansı çətinliklərlə üzləşib.

- Anar müəllim, Qarabağ 4 ildir işğaldan azad edilib. Cəmiyyətdə, ədəbi ictimaiyyətdə belə bir müzakirə gedir ki, bununla bağlı əsərlər, romanlar niyə yazılmır. Belə bir istəyiniz varmı? Oxucularınızı sevindirəcəksinizmi?

- Oxumadan fikir söyləmək dünyada ən mənasız işdir. Əvvəl oxusunlar, görsünlər nələr yazılıb. Ondan sonra desinlər ki, bunlar yazılıb, amma bundan sonra başqa şeylər yazılsa, daha da yaxşı olar. Oxumurlar, oxumaya-oxumaya da deyirlər ki, heç nə yazılmayıb. Elə Yazıçılar Birliyi qələbədən sonra dörd ədəd böyük, qalın kitab buraxıb. O kitablarla tanışdırlar? Getsinlər tanış olsunlar. Mənim yazdıqlarım ilə tanış olsunlar, başqa yazıçılarımızın yazdıqları ilə tanış olsunlar, sonra fikirlərini desinlər. Yapışıblar 50 il bundan əvvəl yazdığım “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kitabından. Sanki başqa heç nə yazmamışam. Mənim kitablarımı yığsan, 20 cild eləyər. Bu 20 cild kitabdan bircə dənəsini oxuyub, bu barədə fikir söyləmək də başqa bir cahillikdir.


- Bir vaxtlar Yazıçılar Birliyinə müxalif mövqedə dayanan Həmid Herisçi bu günlərdə təşkilatınıza üzv oldu. Ancaq bu fakt gənc yazıçılar arasında narazılıq, hətta məyusluqla qarşılandı. Aradakı məsafəni qısaltmaq, ünsiyyəti artırmaq üçün gənc, hətta birliyə müxalif olan yazıçılarla müntəzəm görüşmək istəmirsiniz?

- Qızım, mən düşünürəm ki, gənc yazıçılar çoxdur. Ola bilsin, 5 gənc yazıçı bunu qəbul etmir, amma 105-i qəbul edir. Niyə gənc yazıçılar deyəndə ancaq AYB-ə müxalif olanları gənc sayırsınız? Digərləri qocadırlar bəyəm? Digərləri də çox cavandırlar, hətta o AYB-yə müxalif olanlardan da cavandırlar. Onlar bu hadisəni çox normal qəbul etdilər. 5 nəfər hansısa səbəbdən bunu qəbul etmirsə, bunu bütün gəncliyin adına yazmaq olmaz. "Bütün gənclik Yazıçılar Birliyinin əleyhinədir" kimi fikirlər yalandır. Ədəbi gəncliyin 90 faizi Yazıçılar Birliyinin yanındadır, Yazıçılar Birliyini müdafiə edir, Birlik də onları dəstəkləyir.

- Ümumiyyətlə, Azərbaycan gəncliyindən razısınızmı?

- Bilirsiniz, bu ona oxşadı ki, həkimlərdən razısınızmı? Həkimlər müxtəlif olur. Birinə gedirsən, səni müalicə edir, ondan razı qalırsan, digəri edə bilmir, ondan razı qalmırsan. Müxtəlif gənclər var. Gənclər eyni bir sinif, eyni zümrə deyil, hamısı bir deyil. Müxtəlif insanlar var onların içərisində. Çox təmkinli, ağıllı, tərbiyəli, böyük-kiçik bilən, istedadlı gənclər var. Bu keyfiyyətlərdən uzaq və məhrum olan gənclər də var. Mən bu sözləri kobud şəkildə işlətmək istəmirəm. Ona görə də gənclərin hamısına küll halda qiymət vermək olmaz. Gənclərin içərisində layiqli olanlar da var, olmayanlar da.

- Anar müəllim, yazmaqla yanaşı, hələ də mütaliə edirsinizmi?

- Mütaliə indi daha az edirəm, çünki vaxt qalmır. Nə oxumuşamsa, gəncliyimdə, ömrümün birinci yarısında oxumuşam. İndi də oxuyuram təbii ki, amma indi daha az oxuyuram. Televiziya verilişlərinə, qəzetlərə baxmalı oluram, həm də AYB-də işlərim çoxdur. Özüm nələrsə yazıram. Ona görə də təəssüf ki, sırf mütaliəyə az vaxtım qalır.

- Bəs kimlərin əsərlərini sevirsiniz? Ümumiyyətlə, ədəbiyyatımızda ən sevdiyiniz əsər hansıdır?

- Dəfələrlə demişəm, mən Azərbaycan ədəbiyyatını çox sevirəm. Amma ən çox sevdiyim əsərlər “Kitabi-Dədə Qorqud”, Fizulinin “Divan”ı və “Leyli Məcnun”, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin və Sabirin əsərləridir. Bir də təbii ki, müasirlərin əsərləri. Onları da çox yaxşı qiymətləndirirəm. Amma ad çəkmirəm. Çünki birinin adın çəkib, digərinin adın çəkməyəndə inciyirlər.

- Detektiv əsərlər oxuyursunuzmu? Bəzi oxucular detektiv əsərləri ciddi ədəbiyyat nümunəsi hesab etmirlər. Siz nə düşünürsünüz?

- Mən onlara haqq qazandırmıram. Çünki detektiv janrı da ədəbiyyatın bir növüdür, onun ədəbiyyatda öz yeri var. Bu yer aşağı bir yer deyil. Əksinə, detektiv yazmaq üçün çox istedadlı olmaq lazımdır. Məsələn, musiqi ilə müqayisə etsək, simfoniya var, opera var, balet var və mahnılar var. Mahnılar simfoniyalardan daha populyardıılar. Amma bu o demək deyil ki, mahnı simfoniyalardan üstündür. Detektiv də belədir. Detektiv ədəbiyyatın bir janrıdır. Daha tez populyar olan, maraq oyadan və təəssüf ki, daha tez unudulan bir janrdır.

- Sonluğunu dəyişmək istədiyiniz bir əsəriniz varmı?

- Sonluğunu dəyişdirmək istədiyim yox. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndən sonra “Təhminənin son sirri” adlı hekayə yazmışam. “Macal” povesti, sonra “Balaca Fuadın son xahişi” hekayəmi, “Dantenin yubileyi” povestini, sonra “Kəbirlinskinin son etirafı”nı yazmışam. Yəni, əvvəl yazılmış əsərlərə hekayə janrında başqa bir sonluq yazmışam. Təəssüf ki, onlar oxunmur. 

- İstəyirəm bir az rəsmiyyətdən çıxaq. Darıxanda yadınıza kim düşür?

- Allah...

- “Ağ liman” povestinizdə belə bir fikir var: “Allah da, ofisiantlar da o səbəbdən qəmlidirlər: İnsanlara yaxşı bələddirlər. Onların bütün zəif cəhətlərin görürlər. Buna görə də qəmlidirlər”. Sizcə, Allah həqiqətən qəmlidir?

- İnsanları Allah yaradıb. Allah görəndə ki, onlar nə əməllərdən çıxırlar, yəqin o da qəmlənir. Heyfsilənə bilər ki, mən belə məxluqları necə yaratmışam. 

Son dediyi cümləyə özü də gülür. Elə mən də gülürəm. İndi bu sualın tam məqamıdır:

- Sizə görə xoşbəxtliyin ünvanı haradır?

- Bu ünvanı heç kim bilmir. Bilirəm deyən varsa, yalan deyir. 

- Yazıçı Anara görə əsl sevgi nədir?

- Əsl sevgi anlamaq və anlanmaqdır. Səni anlayan varsa, sən də kimisə anlayırsansa, bu, elə əsl sevgidir.

- “Sən fotoqrafsan, gərək biləsən ki, məhəbbət də foto kimi qaranlıqda aşkar olur”. Bu sitat da “Ağ liman” povestinizdəndir... Həqiqətənmi məhəbbət qaranlıq günlərdə aşkar olur?

- Yəni sevgi aktı çox vaxt qaranlıqda baş verir. Buna işarədir. Amma indi texnologiya dəyişib. İndi telefonla çəkirlər fotoları. Mənim vaxtımda fotoaparatla çəkirdilər, lenti qaranlıqda, laboratoriyada yuyub, fotoları çıxarırdılar. Yəni, bu, əslində zamanla bağlıdır.

- Zaman demişkən. 86 yaşınız var, bu vaxtadək cavabını tapa bilmədiyiniz sual olub?

- Həyatın mənası...

***

Müsahibə bitdi… Təşəkkür edib, ayrıldım. Ondan mənə möhtəşəm bir xatirə, 2 ədəd imzalı kitab, bir də birlikdə çəkdirdiyimiz xatirə fotosu qaldı.

Mədinə Useynova