Logo
news content
User
Kateqoriyalar

Müsahibə

Navasardyan: “Hakimiyyət dəyişsə belə Azərbaycanla münasibətlərdə dönüş olmayacaq”
“Seçkiqabağı bonus” uğrunda mübarizə: Paşinyan barabanda ifa edərək gənclərin rəğbətini qazanmağa çalışır, “Güclü Ermənistan” isə aktiv seks mövzusu ilə diqqət çəkməyə çalışır

(Yerevan Press Klubunun fəxri prezidenti, siyasi analitik Boris Navasardyan ilə müsahibə)

- Azərbaycanda növbəti seçkilərə hələ 3 il var, yəni mövzu formal olaraq aktual sayılmır. Lakin bu gün ölkə mediasında geniş şəkildə müzakirə olunur. Bu, insanların iki aydan sonra qonşu Ermənistanda keçiriləcək seçkilərə görünməmiş marağı ilə bağlıdır. Səsvermənin mümkün nəticələri, daha çox isə xarici qüvvələrin bu nəticələrə təsir cəhdləri müzakirə olunur. Siz bu vəziyyəti necə qiymətləndirirsiniz? Xarici aktorların daxili siyasi mübarizəyə təsiri nə dərəcədə və hansı formada özünü göstərir?

– Ermənistan vətəndaşlarının seçki davranışına xarici təsir cəhdlərindən danışarkən, adətən iki əsas məqam nəzərdə tutulur. Birincisi, Rusiyanın siyasi və media strukturlarının mövcud hakimiyyəti, Nikol Paşinyanı və onun komandasını nüfuzdan salmaq istiqamətində aktiv səyləridir. Xüsusilə, onların sülhə nail olmaq, Ermənistan–Azərbaycan münasibətlərini normallaşdırmaq və ölkənin inkişafını Moskvanın dominant iştirakı olmadan qurmaq gündəliyi tənqid olunur. Bununla belə, mən düşünmürəm ki, bu siyasətin məqsədi Ermənistan rəhbərliyini dəyişməkdir. Məqsəd idarəolunan, zəif hakimiyyət formalaşması üçün seçkilərin özünü legitimlikdən salmaqdır.

İkincisi, biz Avropa İttifaqı və ABŞ rəsmiləri tərəfindən Ermənistanın baş nazirinə misli görünməmiş dərəcədə açıq dəstəyin şahidi oluruq. Hər iki halda cəmiyyətdəki əhval-ruhiyyəyə təsir əhəmiyyətli dərəcədədir. Təəssüf ki, seçkiqabağı proseslərin inkişafı Rusiyapərəst qüvvələrə hakim çoxluğu qeyri-bərabər rəqabət şəraiti yaratmaqda ittiham etmək üçün əsas verir. Ədalətli siyasi mübarizə prinsiplərinin müxalifət tərəfindən də pozulması isə seçki prosesinə etimadı artırmır, əksinə, yuxarıda qeyd etdiyim kimi Moskvanın məqsədinə xidmət edir.

Qərb paytaxtlarından gələn siqnallar isə, ölkənin daxili işlərinə müdaxilə ilə bağlı cəmiyyətdəki narazılıqlara baxmayaraq, seçiciyə onların üstünlük verdiyi tərəfdaş barədə daha konstruktiv mesaj ötürür. Bu isə şübhəsiz ki, hazırkı hakimiyyətin mövqelərini gücləndirir.

- Yəqin ki, Avropa İttifaqının İrəvana “çevik reaksiya qrupu” göndərmək qərarını və Rusiyanın erməni seçicilərin ən həssas təbəqəsinə yönəlmiş humanitar aksiyalarını da məhz bu kontekstdə qiymətləndirmək lazımdır… 

– Qrup, xarici hibrid təhdidlərlə mübarizədə dəstək vermək üçün Ermənistan hökumətinin dəvəti ilə göndərilib. Artıq bu faktın özü Avropa İttifaqının Nikol Paşinyana dəstəyi kimi qiymətləndirilməlidir. Digər məsələ isə bu missiyanın nə dərəcədə effektiv olacağıdır. Onun hökumət strukturları ilə əməkdaşlığı yalnız və ya əsasən mövcud hakimiyyəti hədəf alan dezinformasiyanın ifşasına yönələrsə, nəticə əks effekt verə bilər.

Nəzərə almaq lazımdır ki, erməni cəmiyyəti ciddi şəkildə qütbləşib. Baş nazirə və onun “Vətəndaş müqaviləsi” partiyasına qeyd-şərtsiz dəstək verən kəsim xarici mütəxəssislərin köməyi olmadan da öz liderinə qarşı istənilən neqativ məlumatı rədd edir. Radikal müxalif mövqedə olan vətəndaşlar arasında tam əks vəziyyət müşahidə olunur: onlar yalnız öz düşərgələrindən gələn məlumatlara inanmağa meyillidirlər.

Bu səbəbdən, Aİ-nin çevik reaksiya qrupunun informasiya məkanında birtərəfli mövqedə təqdim olunması Paşinyanı qorumaqdan çox, ölkənin daxili işlərinə xarici müdaxilə ilə bağlı narazılıqları daha da artıran əlavə amilə çevrilə bilər.

Rusiyanın humanitar aksiyalarına gəldikdə, onları ciddi təsirli faktor kimi qiymətləndirməyə dəyməz – bu, seçicilərin diqqətini qazanmaq üçün yerli siyasətçilərin sərf etdiyi resurslarla müqayisədə dənizdə damla kimidir.

- Paşinyan hakimiyyətinin seçkiqabağı strategiyası ilə müxalifətin platforması arasındakı diametral fərqin cəmiyyəti yalnız daxili siyasi məsələlərdə deyil, həm də geosiyasi seçim baxımından iki hissəyə böldüyünü deyə bilərikmi? 

– Əvvəlki cavabda qeyd etdiyim seçici qütbləşməsi daha çox Rusiyapərəst və ya Qərbpərəst xətti üzrə deyil, başqa bir bölünmə xətti üzrə formalaşır. Bu parçalanmanın əsasında əsas siyasi fiqurlara münasibət dayanır – bəzilərinə etimad, digərlərini isə ölkənin üzləşdiyi bütün problemlərdə günahlandırmaq.

Məhz bu fiqurlara formalaşmış münasibət onların elan etdiyi geosiyasi prioritetlərə yanaşmanı da müəyyən edir. Bu o demək deyil ki, Ermənistanda ardıcıl şəkildə Avropa və ya Rusiya kursunu dəstəkləyənlər yoxdur. Lakin şəxsi simpatiya və antipatiyalardan asılı olmayaraq öz mövqeyini qoruyanlar açıq şəkildə azlıq təşkil edir.

Seçicilərin siyasi davranışını müəyyən edən digər mühüm amil isə Azərbaycanın, qismən də Türkiyənin gələcəkdə Ermənistanla münasibətlərinə baxışdır. Bəziləri bu məsələdə Paşinyanın yanaşmasını daha perspektivli hesab edir, digərləri isə onun rəqiblərinin mövqeyini üstün tutur. Amma burada da həlledici faktor yenə konkret şəxslərə olan etimad səviyyəsidir.

- Son sorğulara görə, seçicilərin təxminən 40 faizi hələ də qərar verməyib, kimə səs verəcəyini müəyyənləşdirməyib. Deməli, onlar hələ çox şeyi dəyişə bilər? Sizcə, bu qrupun qərarı hansı amillərin təsiri altında formalaşacaq? 

– Qərarsız seçicilərin əhəmiyyətli hissəsini gənclər təşkil edir. Yeni nəsil seçicilərə maraqlı nəsə təklif edə bilən siyasi qüvvə əlavə üstünlük qazanacaq. Məhz buna görə Nikol Paşinyan zərb alətlərində ifa etməklə onların rəğbətini qazanmağa çalışdı, “Güclü Ermənistan” partiyası isə (milyarder Samvel Karapetyanın ailəsi) aktiv seks mövzusu ilə çıxış etdi. Lakin hər iki halda gənclər ən azı laqeyd qaldı, Karapetyanlara münasibətdə isə qadınlara “seksual məmnunluq təmin etmək” kimi seksist vəd səbəbindən narazılıq da yarandı. Beləliklə, bu seçici resursu hələlik istifadə olunmamış qalır.

Hakim partiya sosial yönümlü təşəbbüslərlə səsləri cəlb etməyə çalışır: pensiyaların artırılması və yaşlı vətəndaşlar üçün pulsuz dövlət sığortası kimi addımlarla. Bu müəyyən rol oynaya bilər, lakin seçicilərin əsas hissəsi Paşinyan komandasından daha ciddi nəticələr gözləyir – sülh və təhlükəsizlik təminatları, Avropa İttifaqı ilə vizasız rejim istiqamətində irəliləyiş, nəqliyyat kommunikasiyalarına, yüksək texnologiyalar sahəsinə və nüvə energetikasına faktiki investisiyalar. Bu isə öz növbəsində əmək bazarındakı vəziyyəti yaxşılaşdıra bilər.

Şübhəsiz ki, seçicilərin, xüsusilə müxalifətə səs verməyə hazır olmayan, lakin Paşinyanı dəstəkləməkdə tərəddüd edən hissəsinin fəallığına Azərbaycanla münasibətlərin normallaşması və Türkiyə ilə sərhədin açılması ilə bağlı müsbət xəbərlər də təsir edəcək.

Əksinə, qeyd olunan istiqamətlər üzrə uğursuzluqlar və ya ən azı proseslərin ləngiməsi müşahidə olunarsa, müxalifət öz elektorat bazasını genişləndirmək üçün əlavə imkanlar əldə edə bilər.

- Bu seçkilərdə “Gümrü-2 ssenarisi” adlandırılan koalisiya modelinin reallaşma ehtimalını necə qiymətləndirirsiniz? Bu model ötən il Gümrüdə keçirilən bələdiyyə seçkilərində tətbiq olunmuşdu və Ermənistan siyasi həyatında əvvəlki elitaların qayıdışı, hakim partiyanın mövqelərinin zəifləməsi istiqamətində meylləri üzə çıxarmışdı. Bir çox analitiklər hesab edir ki, bu, parlament seçkiləri öncəsi müxalifət üçün bir növ “baş məşq” idi və onların qələbə şanslarının tam da illüziya olmadığını göstərdi. 

– Gümrü ssenarisi ilə birbaşa paralel aparmaq düzgün olmaz. Birincisi, ona görə ki, bələdiyyə və ümummilli seçkilərdə seçicilərin motivasiyası və bağlılıqları ciddi şəkildə fərqlənir. Ölkənin ikinci şəhərində və bir sıra digər icmalarda həlledici rol oynamış lokal amillər ümumölkə miqyasında öz təsirini itirir.

İkincisi, Gümrüdə “Vətəndaş müqaviləsi”nə qarşı birləşməyə hazır olan siyasi qüvvələr seçki baryerini keçə bildilər və Ağsaqqallar Şurasında səylərini birləşdirdilər. Halbuki mövcud ümummilli vəziyyət göstərir ki, müxalif səslər, hətta 20–25%-ə qədər səs müxtəlif partiya və bloklar arasında parçalanacaq və onların bir hissəsi parlamentə düşə bilməyən qüvvələr arasında itib gedəcək.

Bu isə o deməkdir ki, həmin səslər proporsional şəkildə uğurlu rəqiblər arasında bölüşdürüldükdə, onların əhəmiyyətli hissəsi (bəlkə də böyük qismi) məhz “Vətəndaş müqaviləsi”nin payına düşəcək.

- Bu seçkilər və onların nəticələri həqiqətən Ermənistanın geosiyasi kursunu dəyişə bilərmi? Yoxsa siz hesab edirsiniz ki, müxtəlif siyasi bəyanatlar və vədlərə baxmayaraq, hakimiyyətə kim gəlməsindən asılı olmayaraq balans siyasəti davam edəcək, yəni kursun qorunmasını təmin edən müəyyən “sütun” mövcuddur? Bu sual son nəticədə Ermənistan–Azərbaycan münasibətləri ilə də birbaşa bağlıdır. Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, sülh həqiqətən də risk altına düşə bilərmi? 

– Güc balansı siyasətinə meylin prinsipial şəkildə dəyişəcəyini düşünmürəm. Lakin regionda xarici aktorların mövcudluq balansı dəyişə bilər – ətrafımızda kifayət qədər dinamik proseslər gedir. Məncə, xarici siyasət kursu məhz qlobal və regional dəyişikliklərə uyğun şəkildə tənzimlənəcək.

Ermənistan–Azərbaycan münasibətlərinə gəldikdə, Ermənistan daxilində sülh gündəliyindən imtina etməyi nəzərdə tutan ictimai-siyasi tendensiyalar görmürəm. Seçkiqabağı ritorika bir şeydir, lakin seçilmiş hökumətin – kim olmasından asılı olmayaraq – praqmatizmi və reallıqları nəzərə alması tam başqa məsələdir.

Martın sonuna olan vəziyyətə görə kifayət qədər az ehtimal olunan hakimiyyət dəyişikliyi belə kəskin dönüş demək olmayacaq. Sadəcə, tərəflərin bir-birinə uyğunlaşması üçün müəyyən vaxt tələb oluna bilər. Axı Nikol Paşinyanla İlham Əliyev arasında münasibətlər də dərhal formalaşmamışdı.

Digər tərəfdən, indiki tektonik dəyişikliklər dövründə prosesin uzanması özü ilə ciddi risklər daşıyır. Buna görə də tərəflər seçkilərə qədər olan müddətdən ötən ilin ortalarında əldə olunmuş nəticələrin möhkəmləndirilməsi üçün istifadə etməlidirlər.

Pressklub.az