Logo
news content
User
Kateqoriyalar

İcmal

Yaxın Şərq və Avrasiyaya sülh gələcəkmi?

Müəllif: Ceykob Kamaras

Cənubi Afrikadan olan immiqrant Eli Key HƏMAS təşkilatının terror hücumu nəticəsində qətlə yetirildikdən sonra İsrail xalqı fələstinlilərlə münaqişəni ürək acısı ilə yenidən xatırlamağa başlayıb. Sanki bu münaqişə əbədi davam edəcək...

Yerusəlimdən 1300 mildən çox məsafədə olan Cənubi Qafqazda isə noyabrın ortalarında Ermənistanla Azərbaycan arasında qanlı döyüşlər baş verib. Bu, tərəflər arasında 2020-ci ildəki 6 həftəlik müharibədən sonra baş vermiş ən böyük toqquşmadır.

Ötənilki müharibə Ermənistanın kapitulyasiyası və beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağdan çıxması ilə nəticələnib. Xatırladaq ki, bu region təxminən 30 il ərzində Ermənistanın işğalı altında olub. İki dövlətin sərhədində baş vermiş son hərbi əməliyyatlar isə regionun dayanıqlı sülhdən nə qədər uzaq olduğunu göstərir.

İlk baxışdan bu münaqişələrin həlli mümkünsüz görünsə də, Yaxın Şərqdə, ümumiyyətlə, Avrasiyada ciddi sülh əlamətləri yaranıb. İsraillə Fələstin arasında sülh prosesinin dalana dirəndiyi dövrdə, yəhudi dövləti 4 ərəb ölkəsi ilə münasibətlərin normallaşmasına dair müqavilələr imzalayıb. Söhbət BƏƏ, Bəhreyn, Sudan və Mərakeşdən gedir. Bu sazişlər imzalandıqdan bir il sonra artıq bəhrəsini verir. Məsələn, bu yaxınlarda İsraillə Mərakeş arasında yeni hərbi saziş imzalanıb. Hətta İsraillə Türkiyə arasında gərginliyin səngidiyini göstərən əlamətlər belə, var. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqla bu yaxınlarda baş tutmuş telefon danışığında deyib ki, “həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı anlaşma olacağı təqdirdə, fikir ayrılıqları minimuma enəcək”.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Nəticədə Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Avropa İttifaqının Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində görüşəcəklər. Bundan əlavə, Şarl Mişel “Twitter” hesabında yazıb ki, “iki dövlətin müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xətti yaradılıb”.

İlk baxışdan bu regionlarda sülh perspektivlərinin bir-birinə bağlı olduğu görünür. Azərbaycan həm Türkiyə, həm də İsraillə sıx münasibətləri olan nadir ölkələrdəndir. Bakı bu ilin əvvəlində Türkiyə və İsrailin iştirakı ilə üçtərəfli sammitin təşkilinə hazır olduğunu bəyan edib. O vaxt Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirmişdi ki, “Türkiyə Azərbaycanla qardaş ölkədir, İsrail isə strateji tərəfdaşımızdır. Biz dostlarımızın bir-biri ilə dostluq münasibətlərində olmasını istəyirik. Əgər tərəflər bizim təşəbbüsümüzlə bağlı razılığa gələrsə, Azərbaycan bunu hər zaman alqışlayacaq”.

Bundan başqa, BƏƏ-nin de-fakto rəhbəri, ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed ötən həftə Türkiyəyə səfər edib. Bu, təxminən son 10 ildə iki ölkə rəhbərlərinin ilk görüşüdür.

Bütün bunlarla yanaşı, bir vacib məqam da var: münaqişə tərəflərinin diaspor təşkilatları sülh perspektivlərinə zərbə vuracaq addımlardan çəkinməlidir. Məsələn, Amerika Erməniləri Milli Komitəsinin (ANCA) ictimaiyyətlə əlaqələr bölməsinin direktoru Aleks Qalitskiy noyabrın 20-də “Twitter” hesabında yazıb ki, “ermənilər sülh istəmir, biz azadlıq istəyirik”. Bundan əlavə, ANCA ATƏT-in Minsk qrupunun Ermənistanla Azərbaycan arasında münaqişə ilə bağlı irəli sürdüyü “Madrid prinsipləri”ni dəfələrlə rədd edib. Bu, fələstinlilərin İsraillə bağlı sərgilədiyi barışmaz mövqeyə oxşayır. Həqiqətən, söhbət İsrail-Fələstin münaqişəsindən gedən zaman müvafiq diaspor təşkilatları sanki “döyüş bölgəsi”nə çevrlir. Bu ilin mayında yəhudi dövləti ilə HƏMAS arasındakı müharibə ABŞ-da, bütün dünyada antisemit hərəkətlərə səbəb olmuşdu. O, sosial şəbəkələrdə də böyük səs-küy yaratmışdı. Bu zaman özəl şirkətlər belə, kənarda qalmamışdı. Məsələn, ABŞ-ın “Ben & Jerry’s” şirkəti yəhudilərin nəzarətində olan bölgələrdə istehsal olunan məhsulları baykot etmişdi. Belə şirkətlər “sosial məsuliyyət” bəhanəsi ilə münaqişəni daha da alovlandırır.

Bir sözlə, əgər həm Yaxın Şərqdə, həm də Avrasiyada müsbət dinamika qorunub saxlanılarsa, 2022-ci il sülhün qeyri-mümkün sayıldığı münaqişə zonalarında sülh üçün əlamətdar il ola bilər. Lakin bu ümidlər təkcə münaqişələrdə iştirak edən tərəflərdən deyil, həm də bütün dünyada sülhü müdafiə edən dövlətlərdən asılıdır.

Tərcümə: WorldMedia.Az

Mənbə: THE JERUSALEM POST