Logo
news content
User
Kateqoriyalar

İcmal

Yandırılmış körpü bərpa edilir, demək tam yandırılmayıb!
Türkiyə ilə Misir arasında 2013-cü ildən bu yana nələr olub?

Prezident Recep Tayyip Erdoğan Qətərin paytaxtı Dohada keçirilən Dünya Çempionatının açılışında Misir Prezidenti Abdulfattah Es-Sisiylə salamlaşıb və onun əlini sıxıb.

Bu, iki ölkə arasındakı münasibətlərin yaxşılaşması prosesində önəmli addım kimi qiymətləndirilib.

Qətərdən qayıdanda - təyyarədə jurnalistlərə açıqlama verən Erdoğan deyib ki, "Türk millətiylə Misir xalqının keçmişdəki birliyi bizim üçün çox önəmlidir. Niyə yenidən başlamasın? Biz buna işarə etdik".

Bəs, 2013-cü ildə Ankarayla Qahirə arasında münasibətlər korlandıqdan sonra nələr olub?

2013-cü ilin yayında nə baş vermişdi?

2010-cu ilin son aylarında Tunisdə başlayan, sonra müxtəlif Şimali Afrika və Yaxın Şərq ölkələrinə yayılaraq "Ərəb baharı" adı alan etiraz dalğası Misirə də təsir etdi.

Günlərlə davam edən küçə etirazlarının ardınca - 2011-ci ilin fevral ayında Misirin ovaxtkı lideri Hüsnü Mübarəkin 29 illik hakimiyyətinə son qoyuldu.

2012-ci ilin iyununda keçirilən seçkilərdə "Müsəlman qardaşlar" təşkilatıyla eyni mövqedə olan Azadlıq və Ədalət Partiyası qalib gəldi.

Yeni Prezident Məhəmməd Mursi oldu.

Recep Tayyip Erdoğan Türkiyə Misir əlaqələri Məhəmməd Mürsi Qahirə Misir etirzlar Misirdə etirazlar

2013-cü ilin yayında Mursi əleyhinə keçirilən etiraz aksiyalarından biri. Qahirə

Bu hakimiyyət dəyişikliyi nəticəsində Türkiyənin Ədalət və İnkişaf Partiyasının Misirlə onsuz da yaxın olan münasibətləri yeni bir vüsət qazandı.

2013-cü ildə Misirdə "Təmərrüd" (Üsyan) adı altında birləşən qruplar Mursiyə qarşı kütləvi etirazlar təşkil etdilər.

2013-cü il iyulun 3-də ozamankı Baş Qərargah rəisi Sisinin başçılıq etdiyi Misir ordusu hakimiyyəti ələ keçirdi.

Münasibətlərin pisləşməsi və "Rabia" işarəsi

Ardınca Misir rəhbərliyi Türkiyə səfirini "persona non qrata" elan etdi.

Buna qarşılıq olaraq Türkiyə də Misir səfirini ölkədən çıxardı.

Beləliklə, Ankarayla Qahirə arasında münasibətlər müvəqqəti işlər vəkilləriylə təmsilçilik səviyyəsinə endi.

2014-cü ildə keçirilən, seçici fəallığının az olduğu prezident seçkilərində Sisi 97 faiz səslə qalib gəldi və tədricən hakimiyyətini möhkəmləndirdi.

Misirdə "Müsəlman qardaşlar" hərəkatının üzvlərinə qarşı təzyiqlər getdikcə artarkən təşkilatın bəzi rəhbərləri və üzvləri Türkiyədə məskunlaşdılar.

Recep Tayyip Erdoğan Türkiyə Misir əlaqələri Məhəmməd Mürsi Qahirə Misir etirzlar Misirdə etirazlar

Ordunun müdaxiləsinə etiraz edən Mursi tərəfdarları günlərlə aksiyalar keçirdilər

2013-cü ilin yayından etibarən Türkiyə hökuməti həm Misirin yeni rəhbərliyini, həm də baş verənləri çevriliş kimi qiymətləndirməyən Qərb ölkələrini sərt şəkildə tənqid etməyə başladı.

2005-2009-cu illərdə Türkiyənin Misirdəki səfiri olmuş Şəfəq Göktürk BBC-yə həmin dövrü belə şərh edib:

"2013-cü ilin iyun ayının sonunda Misirdə dövlət çevrilişi oldu. Türkiyədə isə həmin vaxt Gezi hadisəsi baş vermişdi. Hökumətin daimilik anlayışının təhdid anlayışına çevrilməsi bundan qaynaqlanır. Onun layihəsi həm daxildə, həm də xaricdə şübhə altına alınmışdı".

Göktürk hökumətin həmin dövrdə baş verənlərə görə "çox sərt, təhlükəsizlik yönümlü" bir anlayışa keçməsini, xarici siyasətin daha çox ideoloji xətt üzrə yürüdülməsini doğru hesab edir:

"İqtisadi, siyasi, təhlükəsizlik və mədəni əlaqələr baxımından ölkə üçün xüsusi əhəmiyyət kəsb edən Cənub coğrafiyası Türkiyənin müəyyən məsuliyyətləri və liderliyi öz üzərinə götürə biləcəyi bölgə kimi də qəbul olunmağa başladı".

Recep Tayyip Erdoğan Türkiyə Misir əlaqələri Məhəmməd Mürsi Qahirə Misir etirzlar Misirdə etirazlar

2013-cü ildən sonra Erdoğan "Rabia" işarəsindən istifadə etməyə başladı.

Ötən illərdə Recep Tayyip Erdoğan Sisi haqqında "qatil", "çevrilişçi", "zalım" kimi ifadələr işlədib.

Türkiyə Prezidenti Misirdə ordunun müdaxiləsinə etiraz edənlərin simvolu olan, dörd barmaqla göstərilən "Rabia" işarəsini də mənimsəyib, 2013-cü ilin yayından etibarən ondan tez-tez istifadə edib.

Bir müddət sonra Erdoğan bu işarəni "bir dövlət, bir bayraq, bir vətən, bir millət" formuluna çevirib.

"Məni Sisiylə barışdırmaq istəyən çox adam var, amma qətiyyən qəbul etmirəm, etməyəcəm də. Niyə? Məhz bunlara görə. Niyə? Seçicilərin 52 faizinin səs verdiyi Mursini və onun dostlarını həbsə məhkum edən bir antidemokratla üz-üzə gəlmərəm, onunla bir masa arxasında oturmaram", - Türkiyə Dəyanət Vəqfinin 2019-cu ildə keçirilmiş bir tədbirində Erdoğan belə demişdi.

Erdoğan həmin tədbirdə "Aİ ölkələrində ölüm cəzası qadağan olunduğu halda, siz Sisinin dəvətini necə qəbul edirsiniz?" deyərək Avropa İttifaqını da tənqid etmişdi.

İstanbul Böyükşəhər Bələdiyyəsinə 23 iyun 2019-cu ildə keçirilmiş təkrar seçkilərdən əvvəlki çıxışlarından birində isə Türkiyə Prezidenti bu sözləri demişdi: "Bazar günü Sisimi deyəcəyik, Binəli Yıldırımmı deyəcəyik?"

İqtisadi əlaqələr davam edib

2013-cü ildə siyasi münasibətlərin pisləşməsi iqtisadi münasibətlərə çox da böyük zərər vurmadı.

Diplomatik böhran, Türkiyə və Misir arasında 2005-ci ildə imzalanmış Azad Ticarət Müqaviləsi sayəsində əhəmiyyətli dərəcədə dərinləşən, Mursinin prezidentliyi dövründə isə daha da inkişaf etmiş iqtisadi əlaqələrə müəyyən qədər təsir etsə də, onları tam durdurmadı.

Hətta 2018-ci ildə ikitərəfli ticarət dövriyyəsinin həcmi 5 milyard dolları keçərək rekord səviyyəyə çatdı.

Hazırda Misir Ankaranın Afrikadakı ən böyük ticarət tərəfdaşıdır.

Şərqi Aralıq dənizi gündəminin təsiri və yumşalma siqnalları

2000-ci illərin əvvəllərində Aralıq dənizinin şərqində kəşf edilən yeni enerji yataqları geosiyasi mövqe baxımından bu regionun əhəmiyyətini xeyli artırdı.

2013-cü ildən sonrakı dövrdə Şərqi Aralıq dənizindəki səlahiyyət sahələri məsələsi və Liviyadakı vətəndaş müharibəsində baş verənlər Misir-Türkiyə münasibətlərinin gələcəyini daha vacib etdi.

2019-cu ilin noyabrında Türkiyə dənizdəki yurisdiksiya barədə Liviyayla müqavilə imzaladı və bu barədə BMT-yə məlumat verdi.

2020-ci ilin avqust ayında isə bununa bağlı Yunanıstan və Misir arasında razılaşma əldə olundu. Bu müqavilədə Misir Türkiyənin bəzi bölgələrlə bağlı arqumentlərini anlayışla qarşıladı.

Xarici işlər naziri Mövlud Çavuşoğlu qitə şelfində Türkiyənin müəyyənləşdirdiyi cənub sərhədini Misirin qəbul etməsindən Ankaranın məmnun olduğunu bildirdi.

Recep Tayyip Erdoğan Türkiyə Misir əlaqələri Məhəmməd Mürsi Qahirə Misir etirzlar Misirdə etirazlar

Sisi və Yunanıstanın Baş naziri Mitsotakis

2020-ci ildə qarşılıqlı yumşalma siqnalları veriləndə iki ölkənin kəşfiyyat qurumları arasında əlaqə olduğu açıqlandı.

Ankara və Qahirə qarşılıqlı jestlər edərək beynəlxalq təşkilatlarda bir-birini bloklamağa son qoymağa başladılar.

Ən konkret addımlardan biri bu oldu ki, 2020-ci ildə Türkiyə Misirin NATO iclaslarında iştirakına qarşı vetosunu geri götürdü.

"2013-cü ildən sonra Türkiyənin xarici siyasəti bir sıra problemlərlə üzləşdi, 2020-ci ildə isə Aralıq dənizində ona qarşı böyük bir koalisiya yarandı, həmin il Suriyada türk əsgərlərinin həlak olduğu İdlib hücumu baş verdi; həm Misirlə yaxınlaşmağa, həm də xarici siyasət anlayışının ümumən dəyişməsinə ehtiyac hiss olundu", - Göktürk belə deyir.

2021-ci ildə kəşfiyyat xarakterli danışıqlar və yaxınlaşma

Hər iki ölkənin XİN rəsmiləri 2021-ci ilin may ayında Qahirədə, sentyabr ayındasa Ankarada kəşfiyyat xarakterli görüşlər keçirdilər.

Bu görüşlərdə ikitərəfli və regional məsələlər, həmçinin Şərqi Aralıq dənizində təhlükəsizlik və sülh məsələləri müzakirə edildi.

Misir və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı da oldu.

Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Səudiyyə Ərəbistanıyla əlaqələrinin normallaşması baxımından da 2021 əhəmiyyətli il oldu.

Bundan başqa, Səudiyyə Ərəbistanı və Qətər "Müsəlman qardaşlar"ın sığındığı ölkələrə "terrora dəstək" səbəbilə 2017-ci ildən tətbiq etdikləri embarqonu tədricən ləğv etdilər.

2021-ci ildə həm də Liviya böhranıyla bağlı əhəmiyyətli irəliləyiş baş verdi.

Liviyadakı vətəndaş müharibəsində Misir və Birləşmiş Ərəb Əmirlikləri general Xəlifə Haftarın Tobrukdakı qüvvələrini, Türkiyə və Qətərsə Tripolidəki qüvvələri dəstəkləyirdi.

Ancaq zamanla Liviyada qüvvələr nisbəti dəyişməyə başladı, Körfəz Əməkdaşlıq Şurasının 2021-ci ildə keçirilmiş zirvə toplantısında daxili gərginlik nisbətən azaldı.

2022-ci ilin iyun ayında Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nebati İslam İnkişaf Bankının illik iclasında iştirak etmək üçün Qahirəyə getdi.

Bu, son 9 ildə Türkiyədən Misirə nazir səviyyəsində ilk səfər idi.

Recep Tayyip Erdoğan Türkiyə Misir əlaqələri Məhəmməd Mürsi Qahirə Misir etirzlar Misirdə etirazlar

Misir və Türkiyənin xarici işlər nazirlərinin müavinləri kəşfiyyat xarakterli danışıqlar zamanı

"Müsəlman qardaşlar" mövzusunun gündəmdən çıxması təəssüratı

Rəsmi açıqlamalardan görünür ki, Türkiyə və Misir arasındakı yaxınlaşma prosesində Türkiyənin hökumət nümayəndələrinin Misir rəhbərliyi haqqında açıqlamaları, Liviyadakı siyasi tərəflərə münasibət və "Müsəlman qardaşlar" təşkilatının Türkiyədəki fəaliyyəti ciddi müzakirə mövzuları olub.

Ancaq Misirin son açıqlamalarında "Müsəlman qardaşlar" mövzusunun azaldığı görünür.

Körfəz sərmayəli qruplar başda olmaqla, ərəb mətbuatında həm "Müsəlman qardaşlar"ın bəzi TV kanallarının son illərdə Türkiyədə yayımını dayandırması, həm də ötən ay onlarla insanın saxlanması haqqında xəbərlər dərc olunur.

Türkiyədəki "Müsəlman qardaşlar" təşkilatının sözçüsü Əli Hamed "BBC Türkcə"yə bir neçə gün əvvəl verdiyi açıqlamada bu iddiaların heç birinin doğru olmadığını deyib.

Recep Tayyip Erdoğan Türkiyə Misir əlaqələri Məhəmməd Mürsi Qahirə Misir etirzlar Misirdə etirazlar

Misirdə baş verənlərlə bağlı Türkiyədə nümayiş

Bununla belə, Hamed iki ölkə arasında yaxınlaşma prosesini dəstəklədiklərini bildirib.

Keçmiş diplomat Şəfəq Göktürk Misirin xarici işlər naziri Semih Şükrünün oktyabr ayındakı açıqlamasında sözügedən təşkilat haqqında danışmamasına diqqət çəkir və bunu belə şərh edir:

"Məncə, Misir Türkiyədəki mövcud hökumət anlayışı çərçivəsində bu mövzuda çox irəliləyə bilməyəcəyini anlayır".

Görüşlərin dalana dirənməsi görüntüsü

Xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyaya oktyabr ayındakı səfəri zamanı iki ölkə arasında karbohidrogen sahəsində anlaşma memorandumu imzalandığını açıqlamışdı:

"Bu anlaşma kəşfiyyat və qazma işlərində Türkiyə və Liviya şirkətlərinin əməkdaşlıq etməsini nəzərdə tutur. Həm Türkiyə, həm də Liviya belə bir müqavilə imzaladıqlarını BMT-yə bildiriblər. Biz BMT-də kontinental şelfimizin sərhədlərini də qeydə aldırmışıq. İndi Liviyanın etməli olduğu şey öz kontinental şelfini və dəniz yurisdiksiyası ərazilərini müəyyənləşdirmək və bunu BMT-də qeydiyyatdan keçirməkdir".

Misir xarici işlər naziri isə Tripoli administrasiyasında belə müqavilə imzalamaq səlahiyyətinin olmadığını bildirib və Liviya siyasətinə görə Türkiyəylə təmasları dayandırdıqlarını bəyan edib.

Türkiyənin xarici işlər naziri Çavuşoğlu buna cavab olaraq deyib ki, "Liviyayla əvvəlki təhlükəsizlik razılaşmasının bu günə uyğunlaşdırılması Misirin əleyhinə deyil".

O, Türkiyənin başqa ölkələrlə də münasibətlərini yaxşılaşdırdığını, amma Misirlə danışıqlarda bu prosesin daha ləng getdiyini bildirib.

Qətərdə əl sıxışması və bundan sonrakı mərhələ

Ancaq qısa müddət sonra Qətərdə Erdoğanla Sisi bir-birinə əl verib görüşüblər.

Türkiyə Prezidenti Qətərdən qayıdanda - təyyarədə jurnalistin bununla bağlı sualına belə cavab verib:

"Belə bir mərhələnin başlaması üçün burada bir addım atıldı, danışıqlarımız oldu. Əvvəlcə nazirlərimizin görüşləriylə başlayan bu mərhələni daha sonra, inşallah, yüksək səviyyəli danışıqlarla yaxşı bir nöqtəyə gətirmək istəyirik. Çünki mən buna belə baxıram - Türkiyə-Misir münasibətləri liderlərin görüşü deyil, türk millətinin və Misir xalqının keçmiş birliyi bizim üçün çox önəmlidir. Niyə yenidən olmasın, niyə yenidən başlamasın? Biz buna işarə etdik. İnşallah, fövqalədə bir şey baş verməsə, bu addımı atarıq. Təbii ki, onlardan tək istəyimiz Aralıq dənizində bizə qarşı mövqe tutanlar üçün burada sülhü bərpa edək və inşallah, onunla bərabər yolumuza davam edək".

Recep Tayyip Erdoğan Türkiyə Misir əlaqələri Məhəmməd Mürsi Qahirə Misir etirzlar Misirdə etirazlar

Ərdoğan Misirlə yaxınlaşma prosesinin yüksək səviyyəli danışıqlar vasitəsilə yaxşı nöqtəyə daşımaq istədiklərini bildirib

Keçən həftə G20-nin İndoneziyada keçirilən zirvə toplantısında isə o, Misir və Suriyayla əlaqələrə dair suala belə cavab vermişdi:

"Siyasətdə əbədi inciklik, küslük olmaz. Vaxtı gələndə oturub dəyərləndirə və buna uyğun yenilənmə edə bilərsən. Hazırda Türkiyə olaraq bu məsələlərdə problemimiz olan ölkələrlə münasibətlərə yenidən baxa bilərik. Xüsusən də iyun seçkilərindən sonra sıfırdan başlaya bilərik".

Misir Erdoğanla Sisinin görüşünü "ikitərəfli əlaqələrin yeni başlanğıcı" kimi şərh edib.

Açıqlamalardan görünən odur ki, Ankara-Qahirə münasibətlərindəki normallaşma qarşıdakı dövrdə də davam edə və diplomatik münasibətlər yenidən səfirlər səviyyəsinə yüksələ bilər.

Ancaq Türkiyədə müxalifət son illərdəki ritorikasını dəyişdiyinə görə Erdoğanı tənqid edib.

İYİ Partiya Prezident Erdoğanın keçmişdə Sisiylə bağlı dediklərini bir yerə toplayıb, bu video Akşenerin qrup toplantısında da paylaşılıb.