Logo
news content
User
Kateqoriyalar

İcmal

The Washington Times: Minsk qrupu və çoxtərəfli vasitəçiliyin iflası

Müəllif: Adam Ereli

The Washington Times (ABŞ), 29/09/2021: 2021-ci il çoxtərəflilik anlayışının tərəfdarları üçün çox pis dövrdür. NATO-nun Əfqanıstandakı missiyası nəzarət edilə bilinməyən xaosa çevrilib. Yəməndəki münaqişənin həlli ilə bağlı BMT çərçivəsində səylərin bərpa edilməsinə baxmayaraq, bu ölkədə dünyada ən ciddi humanitar böhranı yaşanır. ABŞ-ın Qərbi Saharada Mərakeşin suverenliyini tanıması BMT çərçivəsində on illər ərzində aparılan danışıqların iflası ilə nəticələnib. Bu da son deyil. COVID-19 pandemiyası nəticəsində beynəlxalq əməkdaşlıq artıq cılız millətçiliklə əvəz olunub.

Doğrudur, çoxtərəflilik indiki məqamda tamamilə sıradan çıxmaya bilər. Lakin uğursuzluqların siyahısı göstərir ki, çoxtərəfliliyi dəstəkləyən beynəlxalq forumlar hədəflərinə nail ola bilmir. Bir neçə nümunə çoxtərəfli əməkdaşlığın funksional olmadığını yaxşı xarakterizə edir. Bu mənada ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçiliyindən daha yaxşı nümunə göstərmək çətindir.

ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında ərazi münaqişəsini həll etmək məqsədilə hələ 1992-ci ildə yaradılıb. Amma hazırda Minsk qrupu köhnəlmiş çoxtərəfli vasitəçilik mexanizmlərinin ən bariz nümunəsidir.

Ermənistan 1994-cü ildə imzalmış atəşkəs müqaviləsinə qədər Azərbaycan ərazisinin beşdə birini işğal etmişdi. Xatırladaq ki, 1990-cı illərin əvvəllərində iki ölkə arasında müharibə erməni icmasının yaşadığı kiçik Dağlıq Qarabağ regionu üzündən başlamışdı. Minsk qrupunun təxminən 27 illik səmərəsiz fəaliyyətindən sonra Azərbaycan ötən ilin sentyabrında başlamış 44 günlük müharibə nəticəsində birtərəfli qaydada status-kvonu dəyişib. Bu, münaqişənin mahiyyətinin də kökündən dəyişməsinə səbəb olub.

Azərbaycan Dağlıq Qarabağın 40%-i daxil olmaqla, bir zamanlar Ermənistanın işğalı altında olmuş ərazilərinin böyük hissəsini özünə qaytarıb. Ən önəmlisi, son müharibə sanki Minsk qrupunun “qəlbinə xəncər saplayıb”. Parisin Yerevanın xeyrinə qərəzli yanaşması, Vaşinqtonun bu problemdən uzaq durması ATƏT-in Minsk qrupunun üçüncü həmsədrinin tərəflərlə birtərəfli qaydada atəşkəs müqaviləsi imzalamasına imkan yaradıb. Əlbəttə, söhbət Rusiyadan gedir. Nəticədə Moskva regionun ən nüfuzlu oyunçusu kimi, misli görünməmiş status qazanıb.

Ceymstaun Fondunun saytında bu yaxınlarda dərc edilmiş təhlildə Minsk qrupu ilə bağlı çox maraqlı “nekroloq”a rast gəlinir: “Çoxtərəfli diplomatiya münaqişələrin həllində bir vasitə kimi istifadə edilir. Lakin Rusiyanın rol aldığı postsovet məkanında bu, uğursuzluğa düçar olub. Bununla da dünyada çoxtərəfli diplomatiyanın iflasa uğramadığı yer qalmayıb. Qərb dövlətləri sanki bu diplomatiyadan Gürcüstan, Moldova, Ukrayna, Suriya, indi isə Ermənistan-Azərbaycan münaqişəsində məğlubiyyətə düçar olmaq üçün istifadə ediblər”.

ATƏT-in Minsk qrupunun uğursuzluqları xeyli problemlərə səbəb olub. Bu, münaqişənin həlli ilə bağlı digər beynəlxalq səylərə də maneəyə çevrilib. Onlar “soyuq müharibə”dən sonra meydana gəlmiş güclərə məhəl qoymur. Söhbət Rusiya, Çin və digərləri (Türkiyə, İran Səudiyyə Ərəbistanı və BƏƏ) kimi yeni inadkar regional güclərdən gedir. Bu dövlətlər ciddi siyasi iradə nümayiş etdirir. Üstəlik, yeni regional güclərin sürətli şəkildə inkişaf edən Silahlı qüvvələr də var. Odur ki, onlar öz maraqlarını aqressiv şəkildə də ifadə edə bilirlər.

Bu gün suveren dövlətlərin daxili işlərinə müdaxilələr yeni mərhələdədir. Beynəlxalq düzənin ənənəvi müdafiəçiləri isə saysız-hesabsız öhdəliklər və münaqişlər üzündən çox yorulub. Nəticədə danışıqlar yolu ilə güzəştlərə nail olunması perspektivləri xeyli məhdudlaşıb.

Beynəlxalq diplomatiya ilə bağlı aparıcı forumlarda konsensusa ehtiyac var. Onun olmaması isə effektivliyə təhdid yaranır. ATƏT, Aİ, NATO, hətta BMT Təhlükəsizlik Şurasının üzvləri çox müxtəlifdir. Odur ki, bu qurumların qərarvermə mexanizmləri çox ləngdir. Bu, onlara vaxtında qərar qəbul etmək imkanı vermir.

Geosiyasi reallıqlara və struktural nöqsanlara baxmayaraq, ABŞ liderləri və onların müttəfiqləri “ölü atı qamçılamaq” israrını davam etdirir. Məsələn, Ermənistan-Azərbaycan sərhədində ötən ilin iyulunda baş vermiş hərbi toqquşmadan sonra ABŞ Dövlət Departamenti tərəflərə ATƏT-in Minsk qrupu çərçivəsində substantiv danışıqlara qayıtmaq çağırışı etmişdi. Dövlət katibi Entoni Blinken də erməni həmkarına ünvanladığı məktubda bu fikirləri yenidən təkrarlayıb. O, Yerevanı yenə də Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqların pərpasına səsləyir. Böyük Britaniya da bəyan edib ki, “Minsk qrupu əsas format olarar qalır. Məsələ məhz Minsk qrupu vasitəsilə nizama salınmalıdır”.

Acı reallıq isə fərqlidi: Qarabağ və digər qaynar nöqtələrdəki münaqişələrin həlli işində köhnəlmiş, effektiv olmayan mexanizmlərə “qul” olmaq Qərbin uğursuzluğuna səbəb olur. Nəticədə artıq ona ehtiyac duyulmur. Bu zaman Qərbin opportunist rəqibləri yaranmış vəziyyətdən öz maraqları üçün istifadə edir, bununla da ABŞ-a etimad daha da azalır.

Bəs alternativ nədir? Yaxşı yeni nümunə Qərb dəyərləri və maraqlarına uyğun effektli, çoxtərəfli vasitəçiliyi uğurla dirçəldə bilər. Yoxsa amerikalı siyasətçilərin yaşananlara effektli reaksiya vermək üçün iradəsi və təxəyyülü çatmır? Bu suallar müzakirəyə açıqdır. Bir məsələni əminliklə söyləmək olar ki, ABŞ-ın vaxtında lazımi addımlar ata bilməməsi rəqiblərimizi ruhlandıracaq, müttəfiqlərimizi isə sarsıdacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az. Mənbə: The Washington Times)