"Tənha canavarlar" və süni intellekt: 11 Sentyabrın dəyişdirdiyi terror dünyası
09 Sentyabr 2026
Mənbə: Azadlıq Radiosu
2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə çırpılan təyyarələr minlərlə insanın həyatına son qoydu. O zaman Fərhad N. bir neçə aylıq idi.
25 il sonra isə o, Münhendə "Mini Cooper" avtomobilini insanların üstünə sürərək iki nəfəri öldürdüyünə, onlarla insanı yaraladığına görə ömürlük həbsə məhkum edildi.
AzadlıqRadiosunun müxbiri Rey Förlonq yazır ki, 25 yaşlı əfqanın hekayəsi dünyanın 11 Sentyabr terrorundan bəri həm terror təhdidi, həm də antiterror əməliyyatları baxımından necə dəyişdiyini göstərir.
11 Sentyabr terrorunu səudiyyəli milyonçu Üsamə bin Ladenin rəhbərlik etdiyi "əl-Qaidə" planlaşdırmışdı. Qruplaşma Kabildəki "Taliban" hakimiyyətinə sığınmışdı. Hücumlardan sonra "Taliban" hakimiyyətdən devrildi.
"Gələcək budur"
ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq qüvvələr "Taliban"ın hakimiyyətə qayıtmasına mane olmaq üçün 20 il müharibə apardı. Fərhad N. belə bir ölkədə böyüyüb. O, yüz minlərlə əfqan kimi, daha yaxşı həyat naminə Avropaya üz tutub. Orada isə doğma ölkəsindəki imamların internetdə yaydığı təbliğatın təsiri ilə radikallaşıb. Onun hər hansı konkret qruplaşma ilə bağlılığı olmayıb, öz təşəbbüsü ilə hərəkət etdiyi ehtimal olunur.
"Keçmişdə bu cür insanlara "müstəqil terrorçu", yaxud "tənha canavar" deyərdik. Təəssüf ki, gələcək məhz budur", – terrorla mübarizə sahəsində çoxillik təcrübəsi olan keçmiş ABŞ diplomatlarından biri AzadlıqRadiosuna bildirib.
Adının açıqlanmasını istəməyən keçmiş diplomatın fikrincə, artıq heç kimin hansısa qruplaşmanın üzvü olmasına ehtiyac yoxdur. Onlar bir, yaxud bir neçə qruplaşmadan ilhamlana bilərlər.
AzadlıqRadiosu ekspertlərlə birlikdə son 25 ildə ortaya çıxan dronlar, süni intellekt və sosial şəbəkələrin yaratdığı yeni, daha təhlükəli mühiti təhlil edib.
"İnternetdə fəallığın xeyli artdığını görürük. Bloqerlərdən, influenserlərdən istifadə də artır. Ənənəvi aktorlarla yanaşı, müstəqil hərəkət edən və təsir altına düşən şəxslər də var", – ABŞ-nin istefada olan generalı Cozef Votel bildirib. O, terror təşkilatlarının sağ qalmaq üçün mühitə maksimum dərəcədə uyğunlaşdıqlarını vurğulayır.
"Köhnədən qalan terrorçular"
11 Sentyabrdan sonra "əl-Qaidə" Somalidə "əş-Şəbab", Qərbi Afrikanın Sahel bölgəsində isə "Camaət Nüsrət əl-İslam vəl-Müslimin" kimi müxtəlif regional qollar yaratdı. ABŞ qüvvələri "əl-Qaidə"nin rəhbərliyinə ağır zərbələr endirdikdən sonra da bu qruplaşmalar təşkilatın adını yaşatmaqda davam edib.
ABŞ-nin mayda açıqlanan yeni Terrorla Mübarizə Strategiyasında "əl-Qaidə" və onun Ərəbistan yarımadasındakı ən aqressiv qolu olan AQAP "köhnə nəsil islamçı terrorçular" siyahısına başçılıq edir.
Həmin strategiyada İran "terrorizmin dünyada bir nömrəli dövlət himayədarı" adlandırılır. Vaşinqtonun terror təşkilatı saydığı "Hizbullah" və HƏMAS-a, eləcə də digər proksi qüvvələrə Tehranın maliyyə və hərbi dəstəyi geniş şəkildə sənədləşdirilib.
İranın "əl-Qaidə" ilə əlaqələrinə gəlincə, BMT-nin bir sıra hesabatlarında qruplaşmanın faktiki rəhbəri Seyf əl-Adelin hazırda Tehranda yaşadığı bildirilir.
Ekspertlərə görə, şiələrin rəhbərlik etdiyi İranla sünni silahlı qruplaşması arasındakı münasibətin əsasında praqmatik maraqlar dayanır. İstefada olan amerikalı general C.Votel deyir ki, Tehran "əl-Qaidə"ni özü üçün faydalı hesab edir, çünki bu qruplaşmanın fəaliyyəti ABŞ-yə olduqca baha başa gəlir.
Seyf əl-Adelə sığınacaq verilməsi də Tehrana onun üzərində təsir vasitəsi qazandıra bilər.
Son illərin araşdırmaları "əl-Qaidə"nin müxtəlif qollarının maliyyələşmə və təlim məsələlərini necə əlaqələndirdiyini göstərib. Məsələn, BMT-nin monitorinqinə görə, ötən il JNIM-ə ödənilən 50 milyon dollarlıq fidyə "əl-Qaidə"nin İslam Məğribindəki qolu, Yəməndəki AQAP və Cənubi Asiyadakı mərkəzi rəhbərliyi arasında bölüşdürülüb.
Terrorçuluq üzrə ekspert Sara Harmuşun sözlərinə görə, ABŞ Əfqanıstandan çıxandan sonra "əl-Qaidə"nin Yəməndəki qolunun təbliğatı kəskin artıb: "Onlar son bir neçə ildə mənim dərc etdiyim materiallardan daha çox material yayıblar".
""Əl-Qaidə"nin Yəməndəki qanadı cəmi bir neçə ay əvvəl "tənha canavar" hücumlarına çağıran bəyanatlar və videolar yaymışdı. Onlar Qərbdə yaşayan tərəfdarlarını ABŞ və Avropa ərazilərində terror aktları törətməyə çağırırdılar", – Harmuş söyləyir.
Kor-koranə hərəkət?
R.Förlonq sürətlə dəyişən bu mühitdə terrorla mübarizə imkanlarının zəiflədiyini yazır.
"Biz kor-koranə hərəkət edirik. Son ilyarım ərzində həm əməkdaşlarımızı, həm də maliyyə vəsaitlərimizi itirmişik", – keçmiş diplomat bildirib.
Sentyabrın 2-də Corc Vaşinqton Universitetinin onlayn seminarında terrorla mübarizə üzrə digər aparıcı ekspertlər də oxşar narahatlıqlar səsləndiriblər.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Tom Sanderson terrorizmə ayrılan diqqətin, büdcənin və işçi sayının azaldığını bildirib.
Xarici Əlaqələr Şurasından Brüs Hoffman ötən il Dövlət Departamentinin terrorla mübarizə bürosunun yenidən təşkil olunduğunu, əməkdaşlarının işdən kütləvi getdiyini deyib.
Ağ ev və Dövlət Departamenti məqalədə qaldırılan məsələlərlə bağlı şərh verməyib. 2018-ci ildəki təhlildən sonra terrorla mübarizəyə maliyyə azalmağa başlayıb, 2025-ci ildən bu proses daha da sürətlənib.
Vaşinqtonda yerləşən CAN təhlil mərkəzinin baş elmi tədqiqatçısı Conatan Şroden son illər siyasətdəki dəyişikliyə diqqət çəkir. O, məqsədin artıq bu qruplaşmaları tamamilə məğlub etmək olmadığını vurğulayır: "İndi məqsəd onların yaratdığı təhlükəni səmərəli idarə etmək, Birləşmiş Ştatlardan uzaq tutmaqdır. Fikrimcə, bu siyasət son beş-yeddi ildə əsasən təsirli olub".