Logo
news content
User
Kateqoriyalar

İcmal

Sülh bəyanatının “yozum müharibəsi” başladı

Müəlliflər: Kirill Krivoşeyev, Ayk Xalatyan

İndi məlum olur ki, münaqişə tərəfləri Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr tarixli bəyanatını müxtəlif cür yozur. Bakıda əmindirlər ki, erməni qoşunları bütün Dağlıq Qarabağ ərazisini tərk etməlidir. Yerevanda isə hesab edirlər ki, bu tələb yalnız ətraf rayonlara aiddir.

Beləliklə, Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı sülhməramlı missiyanın xəritəsini yeniləyərək əvvəlki vəziyyətinə qaytarıb. Əgər dekabrın 13-nə aid xəritədə Xtsaberd və Xin Tağer kəndləri, həmçinin oraya aparan yol sülhməramlıların məsuliyyət zonasına daxil edilmişdisə, dekabrın 14-də xəritəyə düzəliş edilərək, həmin ərazilərin Azərbaycanın nəzarəti altında olduğu göstərilib. Üstəlik “Şərti işarələr” bölməsinə sülhməramlı missiyanın zonasını əhatə edən zolaq da əlavə edilib. O, “Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonası” kimi göstərilib. Bu yenilik o deməkdir ki, sülhməramlıların həmin cizgidən kənara təsir etmək ixtiyarı yoxdur.

Xatırladaq ki, dekabrın 11-12-də Hadrut yaxınlığındakı iki kənddə Azərbaycan qoşunları ilə buradakı mövqelərini tərk etmək istəməyən erməni dəstələri arasında silahlı qarşıdurma baş verib. Bakı öz hərəkətlərini “məcburi antiterror əməliyyatı” adlandırır. Döyüşləri yalnız Rusiya sülhməramlılarının müdaxiləsindən sonra dayandırmaq mümkün olub. Sonra isə Azərbaycana aid “Teleqram” kanallarında erməni əsgərlərinin Azərbaycan hərbçilərinin nəzarəti altında silahları yerə atdığını əks etdirən video yayılıb. Videoda yerin qarla örtüldüyü görünür və bu, o deməkdir ki, çəkiliş 10 noyabr razılaşmasından sonra, həm də güman ki, məhz Xtsaberd və Xin Tağer kəndlərində aparılıb...

Vəziyyətin gərginləşməsi Rusiya sülhməramlılarının ünvanına ilk ciddi tənqidlərə yol açıb. Üstəlik, bu tənqidləri hər iki tərəfdən səslənir. Məsələn, yaşananlardan narazılığını gizlətməyən Nikol Paşinyan bildirib ki, əslində, gərginliyin yaşandığı bölgədə sülhməramlıların postu çoxdan qurulmalı idi: “Nə üçün hücum zamanı sülhməramlılar orada olmayıb? Bu, ayrıca söhbətin və təhlilin mövzusudur”.

Sülhməramlı kontingentin adıçəkilən iki kəndin ərazisinə daxil olması isə Bakıdan tənqid atəşinə tutulub – bu dəfə parlament səviyyəsində. “Rusiya sülhməramlılarının Sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi heç cür başa düşülən deyil. Sülhməramlının fəaliyyəti beynəlxalq hüquqda öz əksini tapıb və o, heç bir halda üzərinə qoyulmuş vəzifə və öhdəliklərdən kənar hərəkət edə bilməz. Rusiya sülhməramlarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur. Ümumiyyətlə, onların belə xəritə hazırlamaq səlahiyyəti də yoxdur”, - deyə Azərbaycan parlamentinin vitse-spikeri Adil Əliyev özünün “Facebook” səhifəsində yazıb.

Azərbaycanlı politoloq, “Valday” beynəlxalq diskussiya klubunun eksperti Fərhad Məmmədov da “Kommersant”a açıqlamasında sülhməramlıların son hərəkətlərinin Azərbaycanda narazılıq yaratdığını söyləyib. “Azərbaycan ictimaiyyəti diqqəti 10 noyabr tarixli razılaşmanın dördüncü bəndinə yönəldir. Orada deyilir ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti bölgəyə erməni silahlı qüvvələrinin oradan çıxarılması ilə paralel yerləşdirilir”. Lakin biz görürük ki, sülhməramlı missiya ərazilərə tam yerləşib, hətta hospital və qurumlararası humanitar mərkəz açılıb, ancaq bölgədə silahlı insanlar (ermənilər – “Kommersant”) hələ də qalmaqdadır. Fikrimizcə, onlar təkcə azərbaycanlılara deyil, ilk növbədə Rusiya sülhməramlılarının özünə təhlükədir”, - deyə F.Məmmədov bildirib.

Yerevan və Stepanakertdə (Xankəndi - WM) isə razılaşmanın mətnini başqa cür yozurlar. Erməni rəsmiləri mövzunu açıq şərh etməkdən çəkinsələr də, anonim söhbət zamanı bildirirlər ki, bəyanatın dördüncü bəndi yalnız dekabrın 1-dək Azərbaycana verilmiş Kəlbəcər, Ağdam və Laçın rayonlarına aiddir. Sovet vaxtı Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmuş ərazilərə gəldikdə, erməni həmsöhbətlərimiz hesab edirlər ki, razılaşmanın birinci bəndi bu rayonlara şamil olunmamalıdır. Həmin bənddə deyilir ki, noyabrın 10-u gecə yarısından atəşin tam dayandırılması ilə “Azərbaycan və Ermənistan tutduqları mövqelərdə qalır”. Demək, Hadrut yaxınlığındakı mövqelər də erməni qoşunları və könüllü dəstələrinin nəzarətində qalmalıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva isə “Kommersant”a açıqlamasında belə yanaşmanın doğru olmadığını bildirib. O, hesab edir ki, erməni qoşunları Qarabağın bütün ərazisini tərk etməlidir: “Bəyanatın orijinalı rus dilindədir. Ermənilərin sizə dedikləri sadəcə, onların şərhidir. Biz mətnin özünə istinad edirik”.

Bu arada Rusiyalı sülhməramlıların Xtsaberd və Xin Tağer kəndlərini tərk edərək əvvəlki məsuliyyət hüdudlarına qayıtmaq qərarı Yerevanda mənfi qarşılana bilər. Politoloq Vigen Akopyanın fikrincə, Ermənistan hakimiyyətinin bu qərara münasibəti onun nə dərəcədə gözlənilməz olduğundan asılıdır. “Əgər qərar onlar üçün sürpriz olubsa bu, başqa məsələ. Yox, əgər bu, gizli sövdələşmənin nəticəsidirsə, məsələn, əsirlərin qaytarılması ilə bir paketdə bu da nəzərdə tutulubsa, o zaman sülhməramlıların son qərarı Ermənistanın onlara münasibətinə təsir etməyəcək”, - deyə politoloq qeyd edib.

Bununla yanaşı, Akopyan əlavə edib ki, “hazırda Ermənistan hakimiyyəti Rusiya sülhməramlılarına münasibətini dəyişə biləcək halda deyil”.

(Məqaləni worldmedia.az saytı tərcümə edib. Yazının orijinalı: Kommersant )