Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Rusiya İran üçün etibarlı vasitəçi ola bilərmi?

Mənbə: Azadlıq Radiosu

Rusiya İran-ABŞ danışıqlarında vasitəçilik təklif edir. Bu həftə verilən xəbərlərə görə, Rusiya Birləşmiş Ştatlar və İran arasında vasitəçilik təklif edib və Kreml hər iki ölkənin məsələləri dialoq yolu ilə həll etməli olduğunu israrla vurğulayıb.

Məlumatlara əsasən, ABŞ prezidenti Donald Tramp Moskvadan təkcə İranın nüvə proqramı ilə bağlı deyil, həm də onun regional fəaliyyətləri barədə kommunikasiya qurmaq üçün kömək istəyib.

Bununla belə, İran mediası bu təklifə şübhə ilə yanaşır. Onlar hesab edirlər ki, Moskvanın əsas məqsədi yalnız öz maraqlarını təmin etməkdir.

ABŞ "İranı yenidən iflas etdirmək" istəyir

ABŞ-nin maliyyə nazir Skott Bessent bu həftə bildirib ki, Tramp administrasiyasının sanksiyaları İranın neft sənayesini tamamilə çökdürmək və onsuz da zəifləyən iqtisadiyyatını iflasa uğratmaq məqsədi daşıyır.

O əlavə edib ki, "İranı yenidən iflasa uğratmaq" ABŞ hökumətinin İran ilə bağlı sanksiya siyasətinin başlanğıcı olacaq.

Tehran, hələlik, Bessentin bu açıqlamalarına münasibət bildirməyib.

Müttəfiq, yoxsa qurban?

Səudiyyə Ərəbistanının İran və ABŞ arasında vasitəçilik etmək istədiyi barədə xəbərlər yayılandan cəmi bir neçə həftə sonra Rusiya da prosesə qoşula biləcəyini açıqlayıb.

Səudiyyənin mümkün vasitəçiliyi İran mediası və ekspertləri tərəfindən müsbət qarşılansa da, Rusiyanın təklifinə şübhə ilə yanaşılıb.

Tehran və Moskva bir-birini müttəfiq adlandırsa da, tənqidçilər hesab edirlər ki, Rusiya hər şeydən öncə öz maraqlarını düşünür və lazım gəldikdə İranı qurban verməkdən çəkinməz.

İranın ali dini rəhbəri Əli Xamenei Tramp administrasiyası ilə birbaşa danışıqlara qarşı çıxıb. O, Trampın 2015-ci il nüvə sazişindən birtərəfli şəkildə çıxdığını xatırladaraq ABŞ hökumətinə etibar etmədiyini bildirib.

Bu tarixi sazişi imzalayan beş dünya gücündən biri də Rusiya idi. Lakin İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif əvvəllər Moskvanın sazişi qəsdən zəiflətməyə çalışdığını iddia etmişdi.

Son illərdə İran və Rusiya arasında əlaqələr inkişaf etsə də, Tehranın Moskva ilə bağlı dərin etimadsızlığı hələ də qalır.

Bu narahatlıq xüsusilə keçən ay ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanında görüşərək əlaqələri normallaşdırma və Ukrayna müharibəsini bitirməyi müzakirə etməsindən sonra güclənib. İrandakı narahatlığın səbəbi odur ki, Rusiya yaxşı bir razılaşma naminə İranı qurban verəcək və Tramp administrasiyası ilə barışıq yoluna gedəcək.

"Rusiya dürüst vasitəçi ola bilməz"

Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidreza Əzizi AzadlıqRadiosunun "Fərda" xidmətinə bildirib ki, Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başladıqdan sonra İranın nüvə sazişini imzalayanlardan biri kimi öz nüfuzunu itirib.

O, Moskvanın vasitəçilik təklifi ilə "yerini bərpa etmək" və hətta İranın qərar qəbul etməsinə təsir göstərmək niyyətində olduğunu iddia edib.

Omandakı keçmiş səfir Nemətullah İzadi isə deyib ki, "Rusiya qərəzsiz və dürüst vasitəçi ola bilməz". O, Səudiyyə Ərəbistanının daha yaxşı vasitəçi olacağı fikrini müdafiə edib, çünki Tehran və Vaşinqton arasındakı münasibətlər İranın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə az təsir göstərəcək. Onun sözlərinə görə, eyni şeyi Tehranın Moskva ilə münasibətlərinə aid etmək olmaz.

İranda nüfuzlu media qurumları arasında ümumi fikir odur ki, Rusiya yalnız öz maraqlarını düşünür.

İslahatçıyönümlü "Sazandeqi" qəzeti yazıb ki, "Moskva keçmişdə dəfələrlə sübut edib ki, o, öz maraqlarını hər şeydən üstün tutur".

Qəzet həmçinin vurğulayıb ki, ABŞ və Rusiya arasında hər hansı bir razılaşma əldə olunarsa, bu, ilk növbədə İranın zərərinə olacaq.

Hətta baş redaktoru birbaşa Xamenei tərəfindən təyin edilən "Keyhan" qəzeti belə israr edib ki, "Tehran vasitəçiyə ehtiyac duymur".

Bəzi analitiklər, həmçinin Beynəlxalq Böhran Qrupundan Əli Vaez və "Eurasia Group"un analitiki Qriqori Bryu hesab edirlər ki, 2015-ci il nüvə sazişini imzalayan Avropa ölkələri – Britaniya, Fransa və Almaniya Rusiyanın vasitəçiliyinə ehtiyatla yanaşacaq və prosesdən kənarda qala biləcəklərindən narahat olacaqlar.

"Tamamilə mümkündür ki, qarşıdakı aylarda BMT-nin İrana qarşı sanksiyalarının yenidən tətbiqinə qarşı ABŞ-nin Rusiyaya qoşulacağı bir ssenariylə üzləşək", - "Nüvə Təhdidi Təşəbbüsü" təşkilatının Nüvə Materiallarının Təhlükəsizliyi Proqramı üzrə sədr müavini Erik Brur bildirib.

Yazını AzadlıqRadiosunun İran məsələləri üzrə ixtisaslaşmış əməkdaşı Kian Şərifi hazırlayıb.