Logo
news content
User
Kateqoriyalar

İcmal

Qara Yanvar-34: "SSRİ-nin Bakıda öldüyü gün"

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsi və bunun ardınca baş verən hadisələri tanınmış amerikalı politoloq Paul Goble bir kəlməylə belə təsvir edib: "Sovet İttifaqının öldüyü yer və gün".

Paul Goble qeyd edir ki, Moskvadakı rəhbərlik o dövrdə Sovet İttifaqının tərkib hissəsi olan Azərbaycana hərbi qoşun yeritməklə yerli əhalinin Sovet imperiyası mərkəzinə göstərdiyi loyallığının üstündən xətt çəkmiş oldu.

AXC

Politoloq "Qara Yanvar"a 1991-ci il Vilnyus və Riqa, həmin ilin Moskvadakı avqust hadisələriylə müqayisədə daha az diqqət yetirildiyini, lakin SSRİ-nin məhz Bakıda 1990-cı ilin yanvarında can verdiyini vurğulayır.

Amerikalı ekspertin diqqət yetirdiyi proses özünü müxtəlif müstəvilərdə göstərib, o cümlədən iqtisadiyyatda da.

Vahid Əhmədov

,Vahid Əhmədov

40 günlük ümummilli tətil

30 il əvvəl baş verən hadisələrin ən yadda qalan epizodlarından biri də əhali arasında böyük itkilərə gətirib çıxarmış ordu əməliyyatından sonra Azərbaycanda matəm və ümummili tətilin elan edilməsi oldu.

Bakıda həlak olanlar üçün 40 gün yas tutuldu, Sovet neft emalı sənayesinin liderlərindən biri olan Azərbaycan isə 40 gün ərzində tətil etdi.

"Mən o hadisələrin şahidi olmuşam, o vaxt mən "Bakıneftmaş" istehsalat birliyinin Baş direktoru idim, tabeçiliymdə 3 zavod, 8 minə yaxın işçi var idi", - millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyir.

Keçmiş təsərrüfat rəhbəri Azərbaycanda 1990-cı il yanvarın 20-dən başlamış 40 günlük tətili o vaxt SSRİ tarixində görünməmiş hadisə sayır: "Çünki digər respublikalara, mərkəzə göndərdiyimiz avadanlıq və neft emalı məhsullarının təchizinin kəsilməsi SSRİ-də neft sektorunun fəaliyyətinə də müvafiq təsir göstərirdi. Yəni, bu çox ciddi məsələ idi".

"Zavodların tətil etməsi, tətilə qoşulması biz, zavod rəhbərləri tərəfindən dəstəklənirdi. Bizim o vaxt müxalifət liderləriylə əlaqələrimiz var idi, həmişə görüşürdük. Ümumi qərarla qəbul olundu ki, matəm elan olunsun, zavod və fabriklər öz işini dayandırsın, - Vahid Əhmədov xatırlayır.- Bu, SSRİ tarixində görünməmiş böyük hadisələrdən biri idi və bizə dəstək verən insanlar həddən artıq çox idi".

Vahid Əhmədov xatırlayır ki, həmin o gərgin günlərdə tətilin qərargahı leytenant Şmidt adına zavodun mədəniyyət evində qurulmuşdu: "Biz ora gəlib-gedirdik. Müxtəlif insanlarla görüşlər keçirirdik".

Sovet rəhbərliyi Bakıya ordunun Azərbaycan Xalq Cəbhəsinin strukturlarını dağıtmaq məqsədiylə yeridildiyini bildirmişdi.

Keçmiş Baş nazir, hazırda isə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn o dövrdə AXC liderlərindən biri və İdarə Heyətinin üzvü idi.

"Şübhəsiz ki, Bakıda baş verən hadisələr həm siyasi, həm iqtisadi böhranı dərinləşdirdi. Bununla yanaşı, Bakı hadisələrinin siyasi və psixoloji təsiri iqtisadi təsirindən heç də az olmadı," - Pənah Hüseyn hesab edir.

"Ümumiyyətlə, Qarabağ probleminin alovlandığı 88-ci ildən başlayaraq, Azərbaycanda neft maşınqyarıma sənayəsinin göstəriciləri azalırdı və 1990-cı ilin yanvarına kimi təxminən 30 faizlik azalma əmələ gəlmişdi, böhran başlamışdı, istehsal aşağ düşürdü. Bu, eləcə də SSRİ-nin Azərbaycanla bağlı başqa sahələrinə də aid idi. 1990-cı ilin yanvarında böhran daha da dərinləşdi".

Keçmiş Baş nazirin sözlərinə görə, ümummilli tətilin təsiri neft sektorunda və nəqliyyat sahəsində özünü daha qabarıq şəkildə göstərdi.

Uzun müddət davam edən tətili ümummxalq dəstəyi olmadan təşkil etmək mümkün olmazdı.

40 gün ərzində böyük fəhlə kütləsini, onların ailələrini ərzaqla və heç olmasa minimal maliyyə ilə təmin etmək lazım gəlib, Pənah Hüseyn xatırlayır.

Pənah Hüseyn

Pənah Hüseyn

"Bakıda tətil edən müəssisələri və işçiləri o dövrdə Xalq Cəbhəsinin digər rayonlardan və Bakıdakı imkanlı şəxslərdən toplanmış vəsait və resurslar hesabına ərzaqla və müəyyən maliyyə yardımı ilə təmin etmək mümkün oldu".

O deyir ki, tətildə iştirak etməyən işçilər Sumqayıt və Bakı tətilçilərinə əllərindən gələn köməyi "bir milli borc kimi" həyata keçiriblər.

O dövrdə AXC liderlərindən biri olan Pənah Hüseynin sözlərinə görə, Bakı hadisələri SSRİ-nin mövcudluğunun artıq əvvəlki şəkildə davam etməsinin mümkünsüzlüyünü ortaya çıxardı.

"Moskvanın SSRİ-ni silahlı güc vasitəsiylə qoruyub saxlamaq, milli müstəqillik uğrunda mübarizəyə qalxmış xalqları və o vaxtın müttəfiq respublikalarını güc vasitəsiylə çəkindirmək siyasəti Bakıda iflasa uğradı," - Pənah Hüseyn vurğulayıb.

Tanınmış rusiyalı politoloq, tarixçi və jurnalist Maksim Şevçenko hesab edir ki, 1990-cı il Bakı hadisələrindən sonra Sovet İttifaqının dağılması prosesi dönməz hal alıb.

"SSRİ tərkibində Azərbaycan sıradan bir respublika deyildi. Respublikanın nəhəng xalq təsərrüfatı kompleksi var idi, Azərbaycanın neft sektorunun məhsulu İttifaq miqyasında mühüm əhəmiyyətə malik idi", - rusiyalı ekspert deyir.

Onun qənaətincə, Bakı hadisələri 1989-cu il Tbilisi hadisələrinin məntiqi davamı oldu.

Maksim Şevçenko

Maksim Şevçenko

"Bakıdan əvvəl Almata, Tbilisi hadisələri baş vermişdi, sonradan isə Fərqanə hadisələri oldu. Bütün bu hadisələr Moskvanın təhrikiylə baş verdi. Mərkəz bu yolla respublikalara qarşı imperiya siyasəti yürüdürdü, onları müstəmləkə formatına çevirməyə çalışırdı. O dövrdə vahid sovet xalqının tərkibində olan çoxmillətli Azərbaycan xalqının bu cür hərəkətlərə tətil və etirazlarla cavab verməsi tamamilə məntiqlidir, - Şevçenko deyir. - Ancaq bunlar nəticədə, Sovet İttifaqının dağılmasına və məhvinə gətirib çıxardı".

Rusiyalı ekspert hesab edir ki, o illərdə Sovet rəhbərliyinin siyasəti nəticəsində SSRİ hüdudlarında baş verən qanlı hadisələr Sovet xalqının birliyini parçalamaqla yanaşı, Sovetlərin vahid iqtisadi məkanının dağılmasında da mühüm rol oynadı.

20 yanvar hadisələrindən bir il sonra, SSRİ-nin baş katibi Mixail Qorbaçov istefa verdi, SSRİ-nin qırmızı bayrağı Kremlin üzərindən endirildi və beləcə, 1991-ci ilin dekabrında SSRİ bir dövlət kimi siyasi xəritədən silindi. (BBC)