Logo
news content
User
Kateqoriyalar

İcmal

İsrail Azərbaycana dəstəyi niyə davam etdirməlidir?

Müəllif: Reyçl Abraham

İsrailin Yaxın Şərq ölkələri ilə münasibətləri inkişafdadır. Bu gün o, BƏƏ, Bəhreyn, Mərakeş və Sudan kimi ölkələrlə sülhü bərqərar edib. Nəticədə İsraillə Türkiyənin yaxınlaşması üçün də böyük potensial yaranıb. Yəhudi dövlətinin Azərbaycanla dostluq əlaqələri isə Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması baxımından mühüm əhəmiyyət kəsb edə bilər.

Belə bir vəziyyətdə İsrailin xarici işlər naziri Yair Lapid ermənistanlı həmkarı Ararat Mirzoyan ilə noyabrın 24-də baş tutmuş telefon danışığı təəssüf doğurur. Bu söhbət zamanı Yair Lapid “Azərbaycanın Ermənistana qarşı təcavüzünün nəticələri” haqda məlumatlandırılıb.

Əlbəttə ki, Azərbaycan hökuməti dost ölkə olan İsrailinin xarici siyasətindəki bu yeni istiqaməti narahatlıqla izləyir. Halbuki, bu ilin əvvəlində Azərbaycanın Türkiyə və İsrailin iştirakı ilə üçtərəfli sammitin təşkilinə hazır olduğu üzə çıxmışdı. O vaxt Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirmişdi ki, “Türkiyə Azərbaycanla qardaş ölkədir, İsrail isə strateji tərəfdaşımızdır. Biz dostlarımızın bir-biri ilə dostluq münasibətlərində olmasını istəyirik. Əgər tərəflər bizim təşəbbüsümüzlə bağlı razılığa gələrsə, Azərbaycan bunu hər zaman alqışlayacaq”.

Azərbaycan antisemitizmin yerli mədəniyyətin bir parçası olmadığı azsaylı ölkələrdəndir. O, gecə saatlarında sinaqoqların qapılarının bağlanmasına ehtiyac duyulmadığı azsaylı ölkələrdən biridir. Üstəlik, Azərbaycan İsrail bayrağının dalğalandırıldığı, yəhudi dövlətinə müsbət münasibət bəslənən azsaylı müsəlman ölkələrindəndir.

Yeri gəlmişkən, İsrailin Azərbaycandakı səfiri Corc Dik bu günlərdə keçirdiyi mətbuat konfransında iki dövlət arasında əlaqələrin əhəmiyyətini vurğulayıb: “İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki dövlət arasında diplomatik əlaqələr 30 illik tarixə malikdir. İsraillə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır”.

Xristian ərəb olan israilli səfir əlavə edib ki, yəhudilər Azərbaycanda uzun illərdir yaşayırlar: “Xalqlarımızın tarixi əlaqələri çox dərindir”.

Azərbaycanlıların İsrail sevgisi ilə yanaşı, pandemiyaya rəğmən, yəhudi dövləti ilə Azərbaycan arasında sıx iqtisadi əlaqələr də mövcuddur. İsrailin neft idxalının böyük hissəsi məhz Azərbaycanın payına düşür. Azərbaycan mətbuatının məlumatına əsasən, COVID-19 pandemiyasına baxmayaraq, 2021-ci ilin ilk 5 ayında iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 287,8 milyon dollara çatıb.

Lakin bəzi qüvvələr bu əlaqələrə paxıllıqla yanaşır, yəhudi dövləti ilə Azərbaycan arasında münasibətləri məhv etmək istəyirlər.

Redaksiyası Massaçusetsdə yerləşən “Armenian Weekly” nəşrində ötən həftə dərc edilmiş məqalədə İsraillə Azərbaycan arasında strateji əməkdaşlıq tənqid olunurdu. Məqalədə İsrailin Azərbaycana silah tədarükü pislənilir, hətta qeyd edilirdi ki, Ermənistan HƏMAS və ya “Hizbullah”a silah satsaydı, bu, İsrailin Azərbaycana hərbi avadanlıqlar tədarük etməsinə bənzəyərdi...

İsrailin guya “hərbi cinayətlərdə iştirak etməsi” ilə bağlı da saxta iddialar səsləndirilir. Bununla həm Azərbaycan, həm də İsraili nüfuzdan salınmağa çalışırlar. Halbuki, heç kim Azərbaycanı “Hizbullah” və HƏMAS ilə müqayisə edə bilməz. Azərbaycan dünyəvi, müasir dövlətdir. O, dini plüralizmi, tolerantlığı təşviq edir və bununla qürur duyur. Adları çəkilən terror təşkilatları mülki əhalinin yaşadığı ərazilərə sistemli şəkildə hücumlar edir, öz mülki insanlarını “canlı qalxan”a çevirir, qadınları, dini azlıqları və homoseksualları təqib edirsə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu hər imkanda dilə gətirir. Xatırladaq ki, ötən il baş vermiş 44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistanın işğalına son qoyub. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan ərazilərinin beşdə biri ermənilərin işğalı altında olub. Yerevan bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini pozurdu...

Maraqlıdır ki, Ermənistanla Azərbaycan arasında münaqişənin davam edən dövrdə belə, Bakıda erməni kilsəsi fəaliyyət göstərirdi. İndisə Azərbaycan Qarabağ regionunda hətta ermənilərə məxsus dini abidələri belə, bərpa edir.

Bu gün HƏMAS və “Hizbullah” İsraillə sülh müqaviləsi imzalamaq, yəhudi dövlətini hər hansı sərhədlər çərçivəsində tanımaq istəmir. Onlar nəzarət etdikləri ərazilərdəki yəhudi irsinə də hörmətlə yanaşmır.

Beləliklə, xarici işlər naziri Yair Lapidin ermənipərəst mövqeyinə baxmayaraq, İsrail hökuməti Azərbaycanla səmərəli, uğurlu əlaqələrə zərbə vurmamalıdır. Bu münasibətlər İsrailin xarici işlər nazirinin “şıltaqlığ”ında daha mühüm əhəmiyyətə malikdir. Onun iki dövlət arasındakı əlaqələrə zərbə vurması İsrailin mötədil müsəlman ölkələri ilə gələcək münasibətlərinə də mənfi təsir göstərə bilər.

Tərcümə: Worldmedia.az

Mənbə: Thej.ca