“İsgəndər”lə “Reyxstaqa od vurmaq” istəyən kim idi?
11 Aprel 2021
Müəllif: Aleksandr Artamonov (Pravda.ru)
Şuşa yaxınlığında Rusiyanın ixracı qadağan edilmiş “İsgəndər-M” raketlərinin qalıqları tapılıb. Çox güman ki, raket Ermənistan ərazisindən atılıb, lakin xoşbəxtlikdən partlamayıb. Partlasaydı, onun siyasi fəsadı daha ağır olardı. Çünki bu, Qarabağ münaqişəsini tammiqyaslı regional müharibəyə çevrilə bilərdi.
İstənilən halda, ANAMA bu dağıdıcı məhsulun bort nömrəsinin yoxlayıb və onun “9M723” olduğu üzə çıxıb. Bu isə o deməkdir ki, söhbət tam beynəlxalq araşdırma mövzusuna çevriləcək qədər ciddidir. Məsələ ondadır ki, rəsmi olaraq Yerevan 2016-cı ildə Moskvadan bu raketin “İsgəndər-E” adlanan ixrac versiyasını alıb.
Arayış
“İəgəndər-M” raketi (NATO təsnifatına görə “SS-X-26-Stone” adlanır) Rusiya istehsalı olan 500 kilometr məsafəli yerüstü operativ-taktiki raketidir. Bu raket həm nüvə başlığı, həm də adi başlıq daşıya bilər. Silahlanmaya 2004-cü ildə daxil edilib. Onun xarici analoqu Amerika istehsalı olan “ATACMS” raketidir ki, o da uzaq məsafəni vurmaq və faydalı yükdaşımaq imkanları baxımından Rusiya kompleksindən geri qalır. “İsgəndər” raketi “Maşinostroyenie” Konstruktor Bürosu tərəfindən işlənib-hazırlanıb. Onun ixrac versiyasının uça biləcəyi məsafə təxminən 2 dəfə azdır (280 km). “İsgəndər-M” hədəfi 2 metr dəqiqliklə vurmaq imkanına malik olduğu halda, ixrac versiyasının dəqiqliyi 20 metrdir. Bundan başqa, “İsgəndər-M” qurğusu iki, xaric üçün hazırlanan modifikasiyası isə bir raketlə “doldurulur”.
Moskva və Yerevanda hərbçilər nəyi bilir, nəyi bilmirdi?
Qeyd etmək lazımdır ki, Rusiya Ermənistana “İsgəndər-M” raketi tədarük etməyib və etmək fikri də olmayıb. Bu səbəbdən də “İsgəndər”dən istifadə iddiaları əvvəl o qədər cəfəng görünürdü ki, hətta Azərbaycan prezidenti İlham Əliyev də Bakıda fevralın 26-da keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın bu barədə bəyanatına ədəbli şəkildə istehza etmişdi. Paşinyan faktiki olaraq, Rusiyanı onlara nasaz, daha doğrusu 90% döyüşə hazır olmayan raket satmaqda günahlandırmışdı. O zaman Ermənistan Baş qərargahının keçmiş rəisi də “İsgəndər” raket kompleksinin döyüşə yararlılığı barədə bəyanatla çıxış etmişdi. General-polkovnik Movses Akopyan Rusiya raketlərinin sazlığı ilə bağlı şübhələrə yumşaq desək, təəccüblənmişdi. O demişdi ki, Ermənistan hərbçiləri heç vaxt bu raketlərin istismarı ilə bağlı problem yaşamayıb. Yeri gəlmişkən, “Vzqlyad” nəşrinin yazdığına görə, Ermənistanın baş hərbi inspektoru olan M.Akopyan Qarabağ savaşı zamanı “İsgəndər”lərdən istifadə olunduğunu təsdiqləmişdi. Lakin təbii ki, o zaman raket kompleksinin hansı modifikasiaya aid olduğu müzakirə mövzusu deyildi.
Bu arada, Ermənistanda olar “İsgəndər-E” raketlərinə rəsmi nəzarəti həyata keçirən Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, 44-günlük Qarabağ müharibəsi zamanı bu raketlərdən istifadə olunmayıb. Lakin gözlənilmədən dağlarda aşkarlanmış bu qorxulu tapıntı Yerevanın qeyri-rəsmi və Moskvanın rəsmi açıqlamaları arasındakı ziddiyyətə aydınlıq gətirib.
Gəlin aydınlaşdıraq! Movses Akopyanla onun rusiyalı həmkarlarının bəyanatının müqayisəsi göstərir ki, “İsgəndər-E” raketindən heç bir rəsmi atəş həyata keçirilməyib və keçirilə də bilməzdi. Buna baxmayaraq, Azərbaycan minaaxtaranları, nə qədər paradoksal səslənsə də, Paşinyanın dediyinə uyğun şəkildə partlamış raket aşkar ediblər. Elə isə raket oraya necə gedib çıxıb?
“Ölüm satanlar”ın gizli şəbəkəsi, yoxsa daha artığı?
Azərbaycan və Rusiya mətbuatına sızmış məlumata görə, Paşinyanın bəyanatından sonra başlanmış Rusiya-Azərbaycan araşdırması zamanı müəyyən edilib ki, ixracı qadağan edilmiş “İsgəndər-M” operativ-taktiki raket kompleksləri (OTRK) Rusiyanın hərbi anbarlarından oğurlanaraq (!) gizli şəkildə Ermənistana ötürülüb.
Ehtimal olunur ki, Rusiya ərazisində Yerevanın güclü hərbi lobbisinin maraqlarına xidmət edən gizli cinayətkar şəbəkə yaradılıb. Təəssüf ki, Paşinyanın Rusiya raketləri haqda dediyi düşünülməmiş sözlər baş nazirin bu qanunsuz əməllərdən xəbərdar olduğunu göstərir.
Artıq üzdə olan məlumata görə, bu şəbəkə Xabarovskdan tutmuş, Krasnodara kimi Rusiyanın bir neçə bölgəsini əhatə edib ki, bu da müxtəlif hakimiyyət orqanlarına öz adamlarını yeritmədən mümkün deyil. Şuşaya açılmış atəş də məhz bu cinayətin nəticəsi olub. Özü də raket siyasi, daha doğrusu uzaqgedən geosiyasi məqsədlərlə atılıb ki, bu barədə də danışacağıq.
10% söhbəti haradan çıxıb?
İndi isə bir sıra maraqlı məqamlara nəzər salmağın vaxtıdır. Birincisi, raket niyə partlamayıb? Bu, Paşinyanın narazılığına səbəb olub. İkincisi, Ermənistanın baş naziri bunu nə üçün açıqlamaq qərarına gəlib? Axı böyük siyasi oyunda təsadüflər olmur. Fikrimcə, baş verənlərdən aşağıdakı qənaətlərə gəlmək mümkündür.
Raketlərin qanunsuz ötürülməsi tələm-tələsik baş verdiyi üçün savadsız şəkildə həyata keçirilir. Axı qurğunu əldə etməklə iş bitmir – ondan istifadə etməyi də bacarmaq lazımdır. Kompleks təkcə atəş modulundan deyil, həm də yetərincə mürəkkəb cihazlar dəstindən ibarətdir ki, onun da dəqiq sazlanması və sərrast atəş açması üçün dərin biliklər tələb olunur.
Arayış
“İsgəndər” OTRK KAMAZ bazasnda yığılmış özüyeriyən atəş qurğusu, səyyar məlumat toplama məntəqəsi və enerji yükləmə maşınından ibarətdir.
Başabəla oğrular Rusiya raketçilərinin kompleksin düzgün istismarı qaydalarını onlarla bölüşəcəyinə yəqin ki, ümid edə bilməzdilər. Görünür, onlara elə gəlib ki, bu texnika “atdın və unutdun” prinsipi ilə işləyir. Nəticədə onlar “İsgəndər-E” raketlərinin istismar qaydalarından istifadə edib və bu üzdən də hədəfi dəqiq nişan ala bilməyiblər. Axı “İsgəndər-E” onların qanunsuz əldə etdikləri qurğundan fərqli modifikasiyadır.
Başqa bir vacib məqam da var. Rusiya silahları kifayət qədər intellektual məhsuldur. Buna görə də OTRK lazımi kodlar olmadan döyüş atışı həyata keçirməyə imkan verməyə də bilərdi. Yəni ki, faktiki olaraq təlim atışı həyata keçirilib və nəticədə partlayış da baş verməyib. Paşinyanın Rusiya raketlərinin partlamaması barədə dedikləri və raketlərin Ermənistana qanunsuz verilməsi barədə ehtimallar da elə bununla əsaslandırıla bilər.
Təxribatı kim sifariş verib?
Bu yerdə növbə gəlib çatır əsas suallara: elə isə təxribatın məqsədi nə idi və “musiqini kim sifariş vermişdi”? Doğrudanmı ermənilərə raketin ixrac variantını yox, məhz Rusiya modifikasiyasını istifadə etmək vacib idi? Tutaq ki, Allah eləməmiş, raket partlayaydı… Bu, müharibənin ümumi gedişinə nə dərəcədə təsir edə bilərdi?
Müharibənin son günlərində atıldığı ehtimal edilən raket artıq Azərbaycan Ordusunun Qarabağdakı həlledici nöqtəyə – Xankəndinin başının üzərində yerləşən Şuşaya girişini dayandıra bilməzdi. Üstəlik, Azərbaycanın çox güclü yaylım atəş sistemləri, pilotsuz uçuş aparatları və müəyyən raket silahlarına sahib olduğunu nəzərə alsaq, ona “İsgəndər” atmaqla yalnız münaqişənin miqyasını genişləndirmək olardı. Əgər raket partlasaydı bütün günahlar təbii ki, Rusiyanın üzərinə qoyulacaq, nəticədə Yerevan ilk gündən güddüyü məqsədə çatacaq – Moskvanı münaqişəyə cəlb edə biləcəkdi. Rusiya isə Bakının etibarını itirməmək üçün hər vasitə ilə bu ssenaridən yayınır, bölgədə faktiki yeganə sülhməramlı qismində çıxış etməyə çalışırdı.
Ən nəhayət, yarım ton partlayıcı maddənin partlayışı Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında kütləvi qırğına səbəb olacaqdı ki, bu da öz növbəsində, böyük beynəlxalq qalmaqal və araşdırmalarla nəticələnəcəkdi. Belə olan halda maraqlı qüvvələr hay-küy salmaq imkanın əldən verməyəcək, Rusiyanın ixracı qadağan olunmuş texnikasından istifadə faktı üzə çıxacaqdı. Nəticədə Moskva ilə Bakı arasında münasibətlərin pisləşməsi ilə yanaşı, Rusiya həm də “kollektiv Qərb”in növbəti sanksiyaları ilə üzləşəcəkdi. Üstəlik, bu halda Türkiyənin neativ reaksiyası da qaçılmaz olacaqdı. Görünür elə Ermənistanın bəzi hökumət üzvlərinin və hətta onun rəhbərinin arxasında gizlənən Qərb “kukla oynadanlar”ının strateji məqsədi də məhz bu imiş.
Lakin bu dəfə təsadüf nəticəsindəmi, yoxsa icraçıların səriştəsizliyi ucbatındanmı tarixi analogiya dili ilə desək, “Reyxstaqa od vurmaq” alınmayıb. Hərçənd, bütün bunlar artıq aparılan istintaqın səlahiyyətindədir. Beynəlxalq qalmaqala imkan verməmək indi onun işidir.
(Rus dilindən tərcümə - WorldMedia.Az. Orijinal: Кто пытался "поджечь Рейхстаг" "Искандерами"?)