Logo
news content
User
Kateqoriyalar

İcmal

İşğalçı savaş vəsf olunur – “Nyu-York Tayms”

Tərcümə: Novator

Rusiya hakimiyyəti adamları orduya cəlb etmək üçün hansı metodlara əl atır? ABŞ-ın “Nyu-York Tayms” qəzeti bu suala rəsmi təbliğatı izləməklə cavab axtarıb.

Qəzet yazır ki, 2022-ci ilin fevralından Ukraynada total müharibə aparan Rusiya ölən və yaralanan on minlərlə hərbçinin yerini doldurmaq üçün cidd-cəhdlə təbliğat kampaniyası aparır: “Kreml xüsusilə telekanallarda, sosial mediada işğalçı müharibəyə haqq qazandırmağa, rusiyalıları Qərbin böyük təhlükə olduğuna inandırmağa çalışır. İstər kişiləri müharibəyə cəlb etmək, istərsə də döyüşdə yaxınlarını itirən ailələri sakitləşdirmək məqsədilə hakimiyyət Rusiyanın sərvətlərindən gen-bol yararlanır. Müqavilə ilə hərbi xidmət keçən döyüşçülərin aylıq minimum maaşı 2000 ABŞ dollarına bərabərdir. Bu, ölkədəki orta aylıq gəlirdən üç dəfə çoxdur. Müharibədə həlak olan əsgərlərin ailələrinə verilən 50 min dollarlıq təzminatla isə Rusiyanın bir sıra bölgələrində normal mənzil almaq olar.

Dövlət televiziyasında təkrarlanan bir elanın timsalında da adamları orduya cəlb etmək işində maddi marağın nə qədər mühüm yer tutduğunu görmək mümkündür. Rok musiqisinin müşayiət etdiyi reklamda müharibə iştirakçılarının torpaq vergisindən azad olması, kommunal xidmətlərə görə kompensasiya alması, sanatoriyalara, kurortlara güzəştli şərtlərlə göndəriş hüququ əldə etməsi kimi imtiyazlardan bəhs edilir. Reklamda hərbi xidmət müqaviləsi bağlayanlara tam ədalətli yanaşma vəd olunur”.

Daha sonra qəzet bildirir ki, kişiləri kişi olmağa, yəni orduya qoşulub Ukrayna ilə döyüşməyə çağıran elanlar Rusiyada göz-qulağı yağır edib: “Belə elanlar adi hala çevrilib, onlara Rusiyanın hər yerində rast gəlmək mümkündür. Hökumətin supermarket mühafizəçisindən tutmuş taksi sürücüsünə, idman zalında məşq edən gəncə qədər bütün kişilərə bir mesajı var: kişi deyilsən?! Bu sayaq elanlarda kişilərə vətəni qorumaq missiyalarının olduğu xatırladılır. Telekanalların xəbər buraxılışlarında əsgər peşəsinin ən cəsur, ən mərd peşə olduğunu aşılayan süjetlər yayımlanır.

Rusiyanın “Birinci kanal”ında efirə gedən bir reportajda hücum dəstəsinin komandiri kimi təqdim edilən zabit belə deyir: “Burada özünüzü əsl kişi kimi hiss edə, layiqli gəlir qazana, bütün uşaqlıq arzularınızı həyata keçirə bilərsiniz”.

Hərbi xidmətin kişilərin borcu olduğu haqda fikirlər bəzən orduya yeni qatılanların, yaxud onların ailə üzvlərinin dilindən səslənir.

“Birinci kanal”ın reportajıdır: üç əmioğlu hərbi təlimə getmək üçün avtobusa minir. Reportajı təqdim edən jurnalist həyat yoldaşlarının, bacılarının, analarının onların bu qərarını dəstəklədiyini vurğulayır. Əmioğlulardan biri deyir ki, həmkarları, sinif yoldaşları, qardaşları artıq ordudadır, işləri də yaxşı gedir. “Onların orada olduğu bir vaxtda biz burada qala bilmərik” – digər əmioğlu əlavə edir”.

“Nyu-York Tayms” qeyd edir ki, televiziyalar müharibənin əsl reallıqlarına üzdən toxunur, süjetlərdə döyüşçülər demək olar yalnız yüksək ovqatda təsvir edilir: “O insanların süjet efirə gedən anda sağ olub-olmadığı isə açıqlanmır.

Bir süjetdə çavuşun aramsız atəş altında hərbi bölmə ilə əlaqəni bərpa etdiyi vurğulanır, onun ünvanına tərif yağdırılır, digər hərbçinin isə Ukraynanın pulemyot ekipajını şəxsən məhv etdiyi bəyan olunur”.

“Nyu-York Tayms” yazır ki, hökumət təbliğat-təşviqat materiallarında hərbçilərin qayğısına qaldığını var qüvvəsi ilə aşılamağa çalışsa da, istər-istəməz hərbçi ailələrinin iztirabları haqda məlumatlar da mediaya sızır: “İrkutskda orduya qəbul üçün yaradılmış yeni mobil mərkəz barəsində məlumatın verildiyi buraxılışda əsgər ailələrinə dəstək məqsədilə yeni bir mərkəzinin açıldığından da bəhs olunur. Süjetdə bir əsgərin həyat yoldaşı danışır. Qadın ötən ilin sentyabrda müharibəyə könüllü getmiş ərinə indiyədək cəmi bir dəfə iki həftəlik məzuniyyət verilməsindən gileylənir. Daha sonra isə o, vəziyyətin günü-gündən pisləşməsindən narahatlığını ifadə edir”.