İran müharibəsinin gerçək qalibi
Ərdoğan müxalifətə qarşı basqıları artırır – “The Telegraph”
01 İyun 2026
İran və ABŞ-İsrail arasında alovlanan müharibə və qlobal nizamın parçalanması fonunda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə daxilindəki demokratik məkanı tamamilə daraltmaq və müxalifəti neytrallaşdırmaq üçün yaranmış geosiyasi şəraitdən maksimum istifadə edir.
Böyük Britaniyanın nüfuzlu “The Telegraph” qəzetinin baş xarici müxbiri Sofiya Yanın İstanbuldan təqdim etdiyi geniş analizdə bildirilir ki, dünyanın diqqəti Yaxın Şərqdəki müharibəyə yönəldiyi bir vaxtda, rəsmi Ankara qlobal reaksiyalarla qarşılaşmadan daxili müxalifəti sıradan çıxarmaq xəttini sürətləndirib.
Pressklub.az xarici mətbuatın bu mühüm analizini təqdim edir.
Hadisələrin kulminasiya nöqtəsi Türkiyənin əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradakı qərargahında yaşanıb. Çevik qüvvət polisinin maneələri dağıdaraq partiyanın mərkəzi ofisinə daxil olması, şüşə qapıların arxasında barrikada quran tərəfdarları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməsi ölkədəki siyasi temperaturu pik həddə çatdırıb.

Məlumata görə, polisin hədəfində üç gün əvvəl məhkəmə qərarı ilə vəzifəsindən kənarlaşdırılan və bu qərara etiraz olaraq qərargah binasına sığınan CHP sədri Özgür Özəl olub. O, zorla binadan çıxarıldıqdan sonra tərəfdarlarına müraciət edib. Ekspertlər bu hadisəni ölkədə vətəndaş və siyasi azadlıqların son qalıqlarının da boğulması kimi qiymətləndirirlər.
Geosiyasi şoklar Ərdoğanın əlini gücləndirir
Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun Türkiyə proqramının təsisçi direktoru Gönül Tol vəziyyəti belə şərh edir: “Bu, Ərdoğanın ölkə daxilində istədiyini etməsi üçün mükəmməl bir beynəlxalq mühitdir. Bütün bu geosiyasi şoklar Ərdoğanı daxildəki demokratik məkandan geriyə nə qalıbsa, onunla istədiyi kimi davranmağa cəsarətləndirir".
Analizdə qeyd olunur ki, Ərdoğan qlobal nizamın parçalanmasından – əvvəlcə Rusiyanın Ukraynaya təcavüzündən, indi isə Donald Trampın rəhbərliyi altında ABŞ-a inamın azalması nəticəsində yaranan təhlükəsizlik və diplomatik vakuumdan məharətlə yararlanır. Gönül Tolun fikrincə, bu vəziyyət Avropa ölkələrini, NATO müttəfiqlərini və regional qonşuları Ərdoğanla işləməyə məcbur edir.
İmamoğlunun məhkəməsi və Qərbin sükutu
Ərdoğan hakimiyyəti daxili çağırışlardan sonra hakimiyyəti konsolidasiya etmək təcrübəsinə malikdir. 2013-cü il Gəzi etirazları və 2016-cı il hərbi çevriliş cəhdi buna misal göstərilir. Daha yaxın tarixdə – 2025-ci ilin martında Ərdoğanın əsas siyasi rəqibi, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra da kütləvi aksiyalar baş vermişdi.
İran müharibəsinin doqquzuncu günündə İmamoğlunun məhkəməsi başlayıb. 4000 səhifəlik ittihamnamədə ona qarşı korrupsiya və cinayətkar dəstəyə rəhbərlik etmək kimi ittihamlar irəli sürülüb ki, bu da ümumilikdə 2000 ildən çox həbs cəzası deməkdir. İmamoğlu ittihamları qətiyyətlə rədd edir. Maraqlıdır ki, bu proseslərə Qərbdən, xüsusən də CHP-nin qardaş partiyası hesab olunan Böyük Britaniyanın Leyboristlər Partiyasından heç bir ciddi tənqid gəlməyib.
İqtisadi böhran və müxalifəti məhv etmək strategiyası
Ərdoğanın Mustafa Kamal Atatürkün kultu ilə rəqabət aparacaq dərəcədə şəxsi populyarlığı olsa da, iqtisadi çətinliklər onun sosial bazasını aşındırır. 2023-cü il seçkilərindən bəri inflyasiya orta hesabla 50% civarında saxlanılıb və Ərdoğan həmin seçkilərdə ikinci turda az fərqlə qalib gəlib.
Hökumətin indiki hədəfi 2028-ci ildə (və ya daha tez keçirilə biləcək) prezident seçkilərindən əvvəl müxalifəti tamamilə sıradan çıxarmaqdır. Hüquq-mühafizə orqanları hətta 10-15 il əvvəl törədilmiş iddia olunan cinayətlərə görə geriyə qüvvə ilə həbslər həyata keçirir.
"Amena Strategies" konsaltinq şirkətinin əməkdaşı Yusuf Can hökumətin bu taktikası barədə deyir: “Ərdoğan hökuməti başa düşür ki, artıq 10-15 il əvvəlki xalq dəstəyinə malik deyil. Məhz buna görə də CHP-ni faktiki olaraq məhv etmək üçün bu cür repressiv və avtoritar üsullara əl atırlar. Ərdoğan seçkiləri əvvəlki kimi iqtisadi və ya demokratik siyasətlərlə qazana bilsəydi, belə kəskin tədbirlərə əl atmazdı".
Hərbi ixracat və qlobal oyunçu iddiası
Daxildəki legitimlik problemlərinə rəğmən, Türkiyə Yaxın Şərqdə dəyişən təhlükəsizlik arxitekturasından böyük dividendlər götürür. Region ölkələri İran raketlərinin hədəfinə çevrildikdən sonra Vaşinqtondan uzaqlaşaraq Ankaraya yaxınlaşırlar.

İraq: Cari ilin may ayında İraq öz səmasını qorumaq üçün Türkiyədən 20 hava hücumundan müdafiə sistemi almaq barədə müqavilə imzalayıb. Bu, ənənəvi olaraq ABŞ-a güvənən Bağdad üçün kəskin dönüşdür.
İndoneziya: ABŞ-ın diqqəti Yaxın Şərqə yönəltməsindən və Çinin təhlükəsizlik təhdidindən narahat olan İndoneziya, bu ay Türkiyənin "Bayraktar Kızılelma" pilotsuz döyüş təyyarələrinin (MİUS) ilk xarici alıcısı olub. Müqaviləyə əsasən, 60-a qədər PUA-nın çatdırılması 2028-ci ildən başlayacaq.
Portuqaliya: Türkiyə ilk dəfə olaraq bir NATO və Avropa İttifaqı üzvünə – Portuqaliyaya iki hərbi dəstək gəmisi ixrac etmək üçün müqavilə bağlayıb.
NATO-da ABŞ-dan sonra ikinci ən böyük orduya sahib olan Türkiyə, hazırda dünyanın 11-ci ən böyük silah ixracatçısıdır. Gönül Tol qeyd edir ki, döyüş meydanlarında sınaqdan çıxmış bu silahlar Ərdoğana tərəfdaşlarına "mənə güvənə bilərsiniz" mesajını verməyə imkan yaradır. Bu hərbi tərəfdaşlıqlar həm Ərdoğanın daxili nüfuzunu qaldırır, həm də Türkiyə iqtisadiyyatına ciddi maliyyə axını təmin edir.
“Tamaşaçı yox, oyun quran Türkiyə”
Ərdoğanın digər böyük hədəfi Türkiyəni qlobal enerji ticarəti qovşağına, kritik mineralların çıxarıldığı, yeni boru kəmərlərinin çəkildiyi və dəniz limanlarının birləşdirildiyi qlobal konnektora (birləşdiriciyə) çevirməkdir. Özgür Özelin kənarlaşdırılmasından sonra prezident bu hədəfi açıq ifadə edib: “Türkiyənin məqsədi tamaşaçı kimi qalmaq deyil, bu rəqabətdə oyun qaydalarını dəyişən (game changer) olmaqdır”.
Ekspertlər bildirirlər ki, bu böyük ambisiyaya nail olmaq üçün Ərdoğan onun siyasətinə qarşı çıxa biləcək hər kəsi, o cümlədən siyasi müxalifəti neytrallaşdırmağa çalışır. Digər tərəfdən, Körfəz ölkələrindən köçmək istəyən xarici ekspertlər və zənginlər üçün Türkiyədə 20 illik vergi tətilləri təklif olunur. NATO çətiri altında olması Türkiyəni investorlar üçün hələ də təhlükəsiz liman edir.
İyul sammitinə doğru: NATO-nun prinsipləri dəyişirmi?
Yanvar ayında Türkiyə, İranın qonşusu olaraq müharibə təhlükəsinə ən çox məruz qalan ölkə idi; hətta İran raketləri Aralıq dənizi sahilindəki müştərək ABŞ-Türkiyə bazasını (İncirlik) hədəf alarkən ölkə hava məkanından keçirdi. Lakin iyulun əvvəlində keçiriləcək genişmiqyaslı NATO sammitində Ərdoğan artıq masada əvvəlkindən daha güclü və rıçaqlara malik bir lider kimi əyləşəcək.
Gönül Tol vurğulayır ki, NATO artıq "demokratik dünyanın müdafiə təşkilatı" missiyasından uzaqlaşır: “Qərb ölkələri və NATO müttəfiqləri Türkiyə kimi ölkələrdə demokratik aşınmaya və avtoritarizmin güclənməsinə getdikcə daha az diqqət yetirəcəklər. Onlar daha çox texniki məsələlərə – Türkiyənin PUA istehsal edib-etməməsinə, güclü sənaye bazasının olub-olmamasına fokuslanacaqlar".
Lakin ekspertlər Qərbin bu yanaşmasının strateji səhv olduğunu düşünürlər. Tol xəbərdarlıq edir ki, avtokratlarla işləyərkən onların fikrində yalnız bir şey olur – rejimin sağ qalması: “Rejim təhlükədədirsə, onlar beynəlxalq müqavilələrə bağlı qalmırlar və sizə sadiq olmurlar. Bu isə onları qeyri-sabit müttəfiq edir”.
Turqut