Logo
news content
User
Kateqoriyalar

İcmal

İmam Hüseynə görə kinoulduzu həbs edirlər

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) ötən ay İranda özünü yandıraraq intihar etmiş qadın futbol fanatının işinin araşdırılması üçün Tehrana nümayəndə heyəti göndərib. İran hökuməti isə qurbanı dəstəkləyən kino ulduzunun həbsinə order verib.

İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı «Fars» xəbər agentliyi bildirib ki, hakim tanınmış kino və teatr aktrisası Saba Kamali-nin həbsinə hökm çıxarıb.

Agentliyin xəbərinə görə, prokuror Saba Kamali-nin Instagram səhifəsində dərc etdiyi postu şiələrin üçüncü imamı Hüseyn ibn Əliyə təhqir kimi dəyərləndirib.

Postu silib, amma...

Kamali Instagram postunda ritorik olaraq qadın futbol fanatı Sahar Khodayari-nin imam və ətrafından da ağır münasibət gördüyünü yazıb. Şiələr hər il VII əsrdə İraqın Kərbəla ərazisində öldürülmüş imam Hüseyn və tərəfdarlarının yasını saxlayır.

Ancaq üstündən bir neçə saat keçmiş xanım Kamali postu silib. Instagram-da yazdıqlarının, sadəcə, üçüncü imamla şəxsi və məhrəm dialoqdan ibarət olduğunu, amma bir neçə «qərəzli və cahil» şəxsin bunu yanlış anlayaraq ona səfeh damğalar yapışdırdığını, bu səbəbdən də postu sildiyini bildirib.

29-yaşlı Khodayari martda Tehranda kişilər arasında keçirilən futbol matçını izləməyə çalışdığı zaman həbs edilib. İranda yazılmamış qanuna görə, qadınlar meydanlarda kişilərin idman yarışlarını izləyə bilməzlər.

İran bütün dünyada bu qaydanı tətbiq edən yeganə ölkədir. Bu yazılmamış qanunlar 1980-ci ildən bəri dini mühafizəkarlar və sərt xətt tərəfdarları tərəfindən dəstəklənir.

Khodayari sonradan azad edilib. Ancaq daha sonra, sentyabrın 1-i mobil telefonunu götürmək üçün prokurorluğa gedəndə ona işinin hələ bağlanmadığını, hələ də həbs oluna biləcəyini deyiblər. Bu məqamda o, üzərinə benzin tökərək yandırıb. Xəstəxana rəsmiləri onun bədəninin 90 faizinin yandığını deyiblər.

Khodayari-yə azarkeşlik etdiyi paytaxt «İstiqlal» komandasının rənglərinə görə «Mavi qız» adı verilib.

Bir çox siyasi fiqurlar və məşhurlar onun ölümünə çoxsaylı dəstək jestləri ilə reaksiya veriblər.

Azadlıq Radiosu