Logo
news content
User
Kateqoriyalar

İcmal

“Hindistan məhdud büdcə ilə hərbiyə ağıllı pul xərcləməyi Azərbaycandan öyrənə bilər”

Məqalədə Modi hökuməti dövründə Hindistanda müdafiə sahəsinin müasirləşdirilməsinin geniş vüsət aldığı bildirilir. “Amma bir məsələni anlamaq lazımdır, - deyə müəllif Sneheş Aleks Filip yazır. - Çox xərcləmək həll yolu deyil. Əsas odur ki, vəsait düzgün xərclənsin. Odur ki, Hindistan hərbi xərcləri ağıllı idarə etmək üçün bu yaxınlarda bir-biri ilə müharibə aparmış Ermənistanla Azərbaycana nəzər yetirə bilər”. Maraqlı məqaləni ixtisarla diqqətinizə çatdırırıq.

Hərbi xərclərin ağılla idarə olunması dərsi

İsveçin Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına əsasən, Azərbaycan 2009-2018-ci illər arasında müdafiə sahəsinə təxminən 24 milyard dollar xərcləyib. Eyni dövrdə Ermənistanın müdafiə xərcləri 4 milyard dollardan bir qədər çox olub. Amma bu müddət ərzində Ermənistan hərbi xərclərə dövlət büdcəsinin daha çox hissəsini – məsələn, 2018-ci ildə 21%-ni ayrılıb. Halbuki, Ermənistan əhalisinin dörddə biri yoxsuldur.

Neft gəlirlərinə arxalanan Azərbaycan isə həmin vaxt dövlət büdcəsinin yalnız 11%-ni hərbi xərclərə ayırmışdı.

Azərbaycanın daha bir ağıllı addımı təkcə silah arsenalını artırmaqla kifayətlənməməsidir. Ötən dövrdə o, həm də hərbi avadanlıqlar idxal etdiyi ölkələrin siyahısını genişləndirib. Ermənistan isə silah idxalında əsas diqqətini Azərbaycana da hərbi avadanlıqlar tədarük edən Rusiyaya yönəldib. Azərbaycanın silah aldığı ölkələr arasında Rusiya ilə yanaşı, Türkiyə ilə İsrail də var.

Müharibə və Sülh Araşdırmaları İnstitutunun məlumatlarına əsasən, “İsrail 2015-2019-cu illərdə silah idxalına görə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub. Bu dövrdə İsrailin Azərbaycanın silah idxalındakı payı 60%, Rusiyanın 31%, Türkiyənin isə 3,2% təşkil edib. Yerdə qalan 5,8% Ukrayna, Belarus, Pakistan və Çinin payına düşüb”.

Bu o deməkdir ki, Bakı hərbi avadanlıqlar idxal etdiyi ölkələrin siyahısını şaxələndirməyə nail olub. Bəli, Bakı son müharibənin gedişini məhz Türkiyənin “Bayraktar TB2” və İsrailin “Heron-TP” dronları kimi silahlar hesabına öz xeyrinə dəyişə bilib.

Müharibə və Sülh Araşdırmaları İnstitutunun hesabatında o da qeyd edilir ki, “Azərbaycan hökuməti hərbi sahədə idxal üçün tərəfdaş seçərkən siyasi müttəfiqlərə üstünlük verir. Beləliklə, Azərbaycan üçün 2010-2015-ci illərdə Rusiya, 2015-2019-cu illərdə İsrail, 2020-ci ildə isə Türkiyə əsas tərəfdaş olub”.

Maraqlıdır ki, Ermənistan müəyyən dövrdə Azərbaycan üzərində hərbi üstünlüyə malik olub. Ermənistan müdafiə nazirinin birinci müavini olmuş David Tonoyan hələ 2010-cu ildə bildirmişdi ki, ölkəsi “Azərbaycanın hərbi xərclərinin artmasına cavab olaraq, daha az xərclər hesabına daha effektli ordu yaratmaq niyyətindədir”. Aydın idi ki, Azərbaycan münaqişəyə səbəb olmuş  Dağlıq Qarabağ bölgəsini geri almaq məqsədi ilə Ermənistanla danışıqlar prosesində təsir vasitələrini gücləndirmək, yaxud müharibəyə qayıtmaq üçün güclü ordu yaratmaq istəyir.

Bir sözlə, əsas məsələ çox xərcləmək yox, büdcənin imkanları çərçivəsində vəsaiti ağıllı xərcləməkdir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az. Orijinal: India can learn from Azerbaijan how to spend smart on military when budget is thin)