Logo
news content
User
Kateqoriyalar

İcmal

Ermənistan niyə Cənubi Qafqazda sülh istəmir?

11.08.2021  Yeni Şafak, Türkiyə

Müəllif: Dr. Elnur İsmayıl

Son günlər Cənubi Qafqazda diplomatik fəallıq yenidən diqqət çəkməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Moskva səfərləri, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Cənubi Qafqaz ölkələrinə turnesi, Fransanın dövlət başçısı Emmanuel Makronun Cənubi Qafqaza gözlənilən səfəri bu bölgədə İkinci Qarabağ müharibəsindən sonra diplomatik fəallığın artığını göstərən nümunələrdən yalnız bir neçəsidir…

Azərbaycan torpaqlarını təxminən 30 il işğalda saxlamış Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olmaqla, sosial-siyasi, iqtisadi və hərbi sahədə böhranla üzləşib. Nəticədə Ermənistanın Qərbdəki dəstəkçiləri yeni yollar axtarmağa başlayıblar.

Bu gün bölgədə Azərbaycanla Ermənistan arasında 2020-ci noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanmış bəyannamə tətbiq olunmaqdadır. Ermənistanda müharibədən sonra keçirilmiş seçki Paşinyanı hakimiyyətdə saxlasa da, son günlər Azərbaycanla Ermənistanın sərhədində atışmaların baş verməsi Paşinyanın Cənubi Qafqazda niyə sülh istəmədiyi sualını yaradır.

Ermənistandakı iqtisadi-siyasi böhranın postmüharibə dövrünə mənfi təsirləri, ölkədə hərbi-siyasi vəziyyətə nəzarətin hələ də tamamilə Paşinyanın əlində olmadığı ehtimalı (baş nazirin rəqibləri onu ictimaiyyətə zəif göstərmək üçün sərhəddə yaşanan təxribatları Ermənistanın yeni ərazi itkiləri kimi qələmə verir), Nikol Paşinyanın ölkəsinin Rusiyadan asılılığına qarşı mübarizəsi, Moskvanın barış, vasitəçilik missiyasını öz üzərinə götürməsi fonunda onun bu rolunun zəiflədilməsi, nəticədə ATƏT-in Minsk qrupunu yenidən prosesə cəlb etmək cəhdləri ağla gələn ilk təxminlərdir…

Ermənistanda siyasi böhran niyə başa çatmır?

Ermənistan ictimaiyyəti Nikol Paşinyanı İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəbkarı saysa da, 2021-ci ilin fevralında hərbi çevriliş cəhdi ilə üzləşdiyini iddia edərək növbədənkənar seçkiyə gedən baş nazir gözlənilməz dərəcədə çox səs qazanaraq, yendən hökumət başçısı seçilib. Bu nəticə Azərbaycanda Paşinyanın da imzaladığı 10 noyabr bəyannaməsi əsasında bölgədə sülhün bərqərar olunacağına ümidləri daha da artırıb. Lakin təəssüf ki, bu gün yaşananlar, sərhəddə atəşkəsin pozulması iki ölkə arasında sülh haqda düşünməyin tez olduğunu göstərir.

Xarici İşlər və Müdafiə nazirlikləri kimi strateji əhəmiyyətli qurumlarda Paşinyana qarşı olan şəxslərin kütləvi istefası, baş nazirin əsasən özü kimi Qərbpərəst kadrları vəzifəyə gətirməsi Ermənistanda müharibəsonrası sosial-siyasi böhranın bitmədiyini göstərir. Artıq bu böhranın Rusiya-Qərb rəqabətinin bir hissəsinə çevrildiyini anlamaq heç də çətin deyil.

Cənubi Qafqazda maraqları olan bütün regional və beynəlxalq güclər sülh və sabitlik istədiklərini bildirsələr də, Ermənistan və onun müdafiəçilərinin Azərbaycanla münasibətləri, sərhəddə baş verən təxribatları görməzdən gəlmələri bölgənin hələlik sülhdən uzaq olduğunu göstərir.

Bölgədə Türkiyə ilə Azərbaycanın güclənməsini əngəlləməyin əsas yollarından biri bu qüvvələrin Ermənistandan öz maraqları naminə istifadə etməsidir. Onlar istəklərinə çatmaq üçün təxribatlar yaratmaqla, Azərabaycanı özünü qorumaq üçün hərbi vasitələrə əl atmağa məcbir etmək istəyirlər: bu halda Bakıya yeni beynəlxalq təzyiqlər başlayacaq

Paşinyanın son günlərdə atdığı addımlar onun üzərinə 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində götürdüyü məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Yaxşı, o, son müharibədə hərbi gücünün 60%-ni itirmiş Ermənistan ordusunun ən müasir texnologiyalara malik Azərbaycan Silahlı Qüvvələri ilə yeni savaşa hazır olmadığını anlamasına rəğmən, niyə münaqişəni uzatmağa çalışsın?

30 il ərzində Ermənistanın Qarabağ torpaqlarını işğal etməsinə göz yummuş, Azərbaycana kompromisə getməsi üçün təzyiqlər göstərmiş, lakin istəyinə nail olmamış beynəlxalq təşkilatlar və Qərb dünyasının yenidən Ermənistanın yanında yer alması, Əliyevin “Dağlıq Qarabağa heç bir status verilməyəcək” bəyanatına rəğmən, “status” məsələsinin yenidən gündəmə gətirməsi Paşinyanı bu münaqişəni davam etdirməyə cəsarətləndirir. Qərpərəst kimi tanınan Paşinyan gözlənilən sülh müqaviləsini imzalamaqdansa, Minsk qrupu həmsədrlərinin (Fransa və ABŞ) status-kvonu Yerevanın xeyrinə dəyişmək cəhdlərinə arxalanmaqdadır. Xatırladaq ki, Fransa ilə ABŞ İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan əleyhinə bəyanatlar verməklə kifayətlənib, problemin həlli üçün hər hansı fəallıq göstərməyiblər. Bu gün isə onlar proseslərdən kənar qaldıqlarını görür, Cənubi Qafqazda sülhün Rusiya ilə Türkiyənin nəzarətində təmin edilməsindən narahatlıq duyurlar. Hər halda, onlar bunu istər sözdə, istərsə də əməldə göstərirlər.

Lakin Paşinyan unutmamalıdır ki, o, Azərbaycanla sülh razılaşması imzalamamaqla, 10 noyabr bəyannaməsinə uyğun olaraq, Zəngəzur dəhlizi də daxil olmaqla, kommunikasiyaları açmamaqla, minalı ərazilərin xəritələrini Bakıya təqdim etməməklə Ermənistanı daha ciddi iqtisadi-siyasi xaosa sürükləyir. Ermənistan artıq Minsk qrupunun hər hansı effektinin qalmadığını, “Dağlıq Qarabağın statusu” adlı problemin olmadığını qəbul etməli, beynəlxalq hüquqa əsaslanaraq, Azərbaycanla sərhədlərini müəyyənləşdirməlidir. Bu gün Azərbaycan postmüharibə dövrünün nə qədər ağrılı keçdiyini anlayır, Ermənistan ictimaiyyətinin böhrandan çıxması üçün təxtibatları soyuqqanlılıqla qarşılayır. Amma səbrin də bir həddi var. Azərbaycan prezidenti İlham Əliyevin də dediyi kimi, bir gün Azərbaycan əlindən yüz illər əvvəl alınmış torpaqlarına mütləq qayıdacaq.

(Türk dilindən tərcümə - WorldMedia.Az)