Erməni yalanı
03 Yanvar 2022
Müəllif: Riaz Ahmed Malik
Azərbaycan, Pakistan və Türkiyə strateji tərəfdaşlardır. Onlar arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır.
Bakı, İslamabad və Ankara rəsmi diplomatik əlaqələr quran zaman onların keçmişə baxmaq imkanı olmayıb. Bu dövlətlərin hökumətləri, bir-birini əvəz edən siyasi liderləri hər zaman əlaqələrin gələcək inkişafına, dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə can atıb.
Onlar müxtəlif regional və beynəlxalq məsələlərdə ümumi maraqları bölüşür. Azərbaycan, Türkiyə və Pakistan ən çətin zamanlarda bir-birini dəstəkləyib və dəstəkləyir. Məsələn, Ankara ilə Bakı hər zaman İslamabadın Kəşmir məsələsi ilə bağlı haqlı mövqeyini müdafiə edib və edir. Pakistana gəlincə, o, Ermənistanın günahsız Azərbaycan xalqına qarşı təcavüzkar siyasəti ilə bağlı hər zaman açıq və konkret mövqe tutub.
Azərbaycan, Pakistan və Türkiyə liderlərinin, həmçinin yüksək rütbəli rəsmilərinin qarşılıqlı səfərləri ölkələr arasında sosial-iqtisadi inteqrasiyanın möhkəmlənməsində, regional əməkdaşlığın genişlənməsində və hazırkı dönəmdə az əhəmiyyət kəsb etməyən enerji sahəsində əməkdaşlıqda vacib rol oynayıb. Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilmiş son iclasında iştirakı əslində, üç qardaş dövlət arasında sıx əlaqələrin açıq-aydın təzahürü idi.
Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi Ermənistanın prezident İlham Əliyevin rəhbərliyi altındakı Azərbaycana biabırçı məğlubiyyəti ilə bitib. Nəticədə indi Ermənistan rəhbərliyi yeni müttəfiq və tərəfdaşlar, daha rahat diplomatik mühit tapmağa çalışır.
Ermənistan prezidenti Armen Sarkisyan “Arab News” nəşrinə bu yaxınlardakı müsahibəsində ölkəsinin Azərbaycanın günahsız xalqına qarşı biabırçı əməllərini gizlətməyə çalışıb. Bununla yanaşı, o, Azərbaycan, Türkiyə və Pakistan arasındakı üçtərəfli strateji əlaqələrdən narahatlığını açıq şəkildə dilə gətirib. Bunun fonunda prezident ölkəsinin Pakistanla diplomatik münasibətlər qurmaq istəyini də ifadə edib. Əlbəttə, siyasi ekspertlər anlayır ki, Ermənistan rəhbərliyi belə düşünülmüş hərəkətlərlə sadəcə olaraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bu mənada indi açıqlayacağım bir məqam dəyərli oxucularımız üçün maraqlı olacaq. Diqqət yetirin, Ermənistan prezidenti bir yandan Pakistanla diplomatik əlaqələrin qurulması haqda danışır, digər tərəfdən isə bu ölkənin baş naziri Nikol Paşinyan Hindistanın Kəşmirlə bağlı mövqeyinə açıq dəstək verir. Bundan əlavə, bu il avqustun 15-də Yerevanda Hindistanın müstəqilliyinin 75-ci ildönümü ilə bağlı keçirilmiş tədbirdə o vaxt Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Armen Qriqoryan mübahisəli ərazilər olan Kəşmir və Cammu məsələsi ilə bağlı ölkəsinin Yeni Dehliyə olan dəstəyini təsdiqləmişdi. O, Yeni Dehlinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ermənipərəst bəyanatına görə Hindistana təşəkkür də etmişdi.
Xatırladaq ki, Pakistan Ermənistanın müstəqilliyini tanımayan yeganə dövlətdir. İslamabad hələ də Yerevanla diplomatik münasibətlər qurmağı planlaşdırmır. Səbəb onun Ermənistanı təcavüzkar ölkə hesab etməsidir. Bəli, Ermənistan onilliklər ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Azərbaycan bu işğala 44 günlük Vətən müharibəsi nəticəsində son qoyub.
Belə vəziyyətdə Pakistan Hindistanın Cammu və Kəşmiri işğal etməsini dəstəkləyən, milyonlarla günahsız azərbaycanlının iztirablarına görə məsuliyyət daşıyan ölkə ilə diplomatik münasibətləri necə qura bilər?
Bu, həmin Ermənistandır ki, bir zamanlar Azərbaycanın işğal altındakı ərazilərində 1200 tarixi, memarlıq abidələrini dağıdıb, 100 min qiymətli əşyanı qeyri-qanuni olaraq ölkəsinə daşıyıb, 152 dini abidəni, 62 məscidi məhv edib, 460 min kitabı yandırıb, kitabxanaları yerlə-yeksan edib, müqəddəs Quranı və islam dininə aid olan 927 ədəd nadir əlyazmanı təhqir edib. Bir sözlə, məscidləri dağıdan Ermənistan heç bir müsəlman dövlətinin dostu ola bilməz.
Doğrudur, Azərbaycan Ordusu son müharibədə qələbə qazanın, düşmən Ermənistanı döyüş meydanında biabırçı məğlubiyyətə uğradaraq Azərbaycan torpaqlarından qovub, dövlət bayrağını azad edilmiş ərazilərdə ucaldıb, tarixi ədaləti və milli ləyaqəti bərpa edib. Lakin Pakistan Ermənistanın Azərbaycana qarşı düşmənçiliyinə görə hələ də bu ölkəni tanımır. Pakistan Azərbaycan xalqı və hökuməti ilə həmrəy olduğunu hər zaman nümayiş etdirib. O, Ermənistanın işğalçılığını, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımı dəfələrlə qınayıb. Bu məqamda bir məsələni vurğulamaq mühüm əhəmiyyət kəsb edir: Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddialar qaldırmağa hazırlaşır. Söhbət əsasən Ermənistanın bir zamanlar işğal altında olmuş ərazilərin ekologiyasına və ətraf mühitinə vurduğu ziyandan gedir. Bəli, Bakı təcavüzkar ölkənin məsuliyyətə cəlb olunması üçün beynəlxalq məhkəmələrə müraciət edəcək.
Tərcümə: Worldmedia.az
Mənbə: National Herald Tribune (Pakistan)