Logo
news content
User
Kateqoriyalar

İcmal

Dünyaya gələndə atasının 85 yaşı olan molla…
Yaxud, üzünü divara çevirib dərs deyən müəllimin sirri

...Masallının din xadimləri arasında “türfə əlamətləri” (az tapılan, nəcib – red.) olanlardan biri daim hazırcavablığı, qəfil, hədəfə dəyən atmacaları və din sahəsində dərin bilgiləri ilə seçilən Hacı Əlihəsən Hüseynovdur. 

“Hacı Əlihəsən” deyəndə onun rəhmətlik atası, 101 yaşında dünyasını dəyişmiş, bölgənin tanınmış din xadimlərindən sayılan, bir neçə dəfə həbs olunmuş Şeyx Bəşir Axund da yada düşür. Biz onun haqqında bəhs edəcəyik. Hələlik isə, Hacı Əlihəsənin həyat yoluna nəzər salaq.

Hacı Əlihəsən Hüseynov Molla Bəşir oğlu

Hacı Əlihəsən: “1939-ci il mart ayının 7-də Ərkivanda anadan olmuşam. Doğum günüm yaddan çıxmasın deyə, həmin tarixi o vaxtkı evimizin dirəyinə bıçaqla həkk ediblər”.

Maraqlıdır ki, o dövrün qaydalarına baxmayaraq, Əlihəsənin doğum şəhadətnaməsinə atasının adı sadəcə Bəşir yox, hörmət əlaməti olaraq Molla Bəşir oğlu kimi yazılıb.

İlk təhsil illərində orta məktəbin əlaçı şagirdlərindən olub. Hətta onu yay tətili günlərində əlaçı şagird kimi mükafatlandırıb, indiki Sankt-Peterburq (o zaman Leninqrad) şəhərinə istirahətə göndərmək istəyiblər. Lakin qatı dindar olan atasının kəskin etirazından sonra 14 yaşlı Əlihəsən Masallının Tüklə kəndində açılmış “Alov”  pioner düşərgəsinə getməli olub.

7-ci sinifdən sonra  o, Gəncə şəhərinə gedir və oradakı texnikumda “Dərzilik” peşəsinə yiyələnməyə başlayır. Paralel olaraq, orta təhsilini davam etdirmək üçün fəhlə-gənclər məktəbində də axşamlar təhsil alır.

Divara dərs keçən müəllim

Hacı Əlihəsən: “Gəncə çox qaynar şəhər idi. Mənimlə birgə təhsil alanların da çoxu axşamlar əyləncə yerlərinə, rəqsə-filana qaçardılar. İçkidən, siqaretdən uzaq olan mən isə yataqxananın bir küncündə oturub dərsimi oxuyardım. Arada durub qonşuluqdakı dərs otağının yanından ötəndə gördüm ki, fədai olan müəllimimiz divara dərs keçir. Məni görən kimi, çağırdı ki, bura gəl, sabahkı dərsi sənə başa salım. Soruşdum ki, ay müəllim, bəs divarla niyə danışırdın? Dedi ki, uşaqlar hamısı dərsdən qaçıb, ona görə dərsi divara keçdim ki, keçdiyim dərsə görə aldığım pul halal olsun”.

İki il yarım Gəncədə təhsil alandan sonra Əlihəsən atasının təkidi ilə yenə rayona qayıdır və orta təhsilini Masallı şəhər məktəbində başa vurur.

Hacı Əlihəsən: “Attestat alandan sonra atam soruşdu ki, nə olmaq istəyirsən? Dedim, ali təhsil diplomu qazanmaq, sonra da alimliyə yüksəlmək, lap imkan olsa, akademik olmaq istəyirəm. Bunu eşidən atam ikiəlli başına vurub, dedi ki, kül mənim başıma, oğlum akademik olacaq. Bəs mənim sənətimi kim davam etdirəcək? Ailənin sonuncu oğul övladı idim. Atamın ciddi təkidini görüb, ali təhsil məsələsindən vaz keçib, mollalıq sənətini öyrəndim. Onsuz da atam bu sənətin çox sirlərini mənə öyrətmişdi. Onu da deyim ki, Gəncədəki fəhlə-kəndli məktəbinin əlaçı şagirdlərindən olduğum üçün, direktor mənə təkidlə deyirdi ki, 10-cu sinfi də burada oxu, sənə qızıl medal verək, sonra da istədiyin ali məktəbə imtahansız gir. (Həmin vaxtlar qızıl medallı məzunlar üçün belə bir imtiyaz var idi.)

Dərzi Əlihəsən 

O, 1958-ci ildə dərzilik məktəbin bitirir və Gəncə peşə məktəbində öyrəndiyi sənətlə dolanmağa başlayır. Əvvəl məhəllənin aşağısında bir dərzi dükanı açır. Sonra Masallıdakı tütün zavodunda işə düzəlir. Gah kisə, gah da maşınlar üçün “çexol” tikir. Qısası, dərziliyə aid nə var idisə, gənc Əlihəsənin əlindən gəlirdi. 70 manat əmək haqqı idi, bundan əlavə 13-cü maaş, zəhərli sahədə işlədiyi üçün “süd pulu” və sair də verirdilər. Amma əsas çörəyi mollalıqdan çıxırdı. Məclis aparır, yasin oxuyur, kəbin kəsir, dua yazırdı.

Atasının birinci arvadından 2 övladı dünyaya gəlib. Sonra həmin qadın vəfat edib. 

Hacı Əlihəsən: “O vəfat etdikdən sonra atam Ərkivanın Bağlaküçə məhəlləsindən başqa qadınla evlənib. Bu izdivacdan dünyaya 4 qız, 4 oğlan gəlib. Oğlanların biri vəfat edib. Sonuncu övladı mən olmuşam. Bir qardaşım Əbdül Qəni idi, müharibə şəraitində vəfat edib. Əbdül Baqi adlı digər qardaşım isə müharibəyə gedib, Almaniyada qalıb, qayıtmayıb. Atam Şeyx Bəşir əvvəllər yerli mollalardan, sonra Lənkəranda Mirzə Məmmədhüseyndən və atasından dərs alıb, eləcə də  Ərdəbil şəhərində, uzun müddət Zəncanda, daha sonra Nəcəfül-Əşrəfdə təhsilini davam etdirib, 55 yaşında vətənə qayıdıb. Ağam – ona belə müraciət edirdim – təkcə mənə yox, çoxlarına nümunə idi. Olduqca təmizkar idi. 101 yaşında, bircə gün xəstə yatmadan, bir anda dünyasını dəyişdi. Tez-tez şaxtalı havalarda buzu sındırıb dərələrdə¸ istillər düşəndə soyuq suda çimərdi. Pəhrizkar idi. Hətta yuyulmuş paltarlarını da təzədən suya çəkər, qab-qacağın təmizliyinə çox fikir verərdi. Balıq yeməkdən doymazdı; İstər şor, istər duzsuz balıqları yeməyi çox xoşlayardı. Yatanda 1 stəkan su içib sonra yatardı. Onu da deyim ki, sovet hökuməti atam Şeyx Bəşiri 2 dəfə, hər dəfə 5 illiyə həbsə atdırıb, lakin ilyarım həbs həyatı yaşayandan sonra azad edib.

“Mənə mollalığı öyrədənlər kimlər olub?”

Hacı Əlihəsən: “Atamın dostu, Biləsuvarda “50 ev məhəlləsi” deyilən yerdə yaşayan, əslən lerikli Molla Əlihüseyndən dini təhsil aldım. O vaxtlar həm dini təhsil alır, həm də hüzr məclislərinə gedirdim. Molla Qələmdən də 2 dəfə, hər bir 4 ay olmaqla dərs almışam. Bütün bunlarla yanaşı, təxminən 8 il, qızılavarlı Molla Cəbrayılın həyatının sonuna qədər onun yanına gedirdim. Çox zirək və savadlı adam idi. Arada kolxoz sədri də oldu. Əsas  dini bilikləri ondan öyrəndim. Molla Cəbrayılın yanında mənimlə təhsil alan şagirdlər sonralar çox nüfuzlu məscidlərin axundları oldular. Şeyx Qüdrətin oğlu Hacı Əhməd Buzovna, molla Barat Ağdam, Mir Asif Göyçay, mən isə Masallı şəhər məscidinin axundu oldum. Bir vaxtlar buralarda ölü götürməyə molla yox idi. Ağamla 15-20 il Astaradan Biləsuvaradək kəbinləri biz kəsmişik. Ən hörmətli, nüfuzla insanların dəfninə də mollalıq etməyə məni dəvət edirdilər. Özüm də xeyli davamçı yetişdirmişəm…”

Hacı Əlihəsənin “KQB” işçisinə cavabı

Ağır vaxtlar idi. Hər il məhərrəmlik, orucluq ayları ərəfəsində məni milisə, KQB-yə çağırırdılar, hədə-qorxu gəlirdilər. Bir dəfə KQB işçilərindən biri dedi ki, bilirsən, mən kiməm, sənin başına nə oyun açaram? Dedim, onu bilmirəm, amma bunu bilirəm ki, zindanda da olsam, sürgündə də olsam, yenə də duayla, yasinlə, kəbin-filanla çörək və hörmət qazanacağam, orada da müəllimlik edəcəyəm. Amma sənin paqonun getsə... Sonra dostlaşdıq. Dedi ki, ayda 1-2 dəfə gəl, söhbətləşək. Dedim, bura çox gəlsəm, hörmətim olmaz. Deyərlər ki, bunlara “işləyir”.

Kolxoz sədri ilə söz güləşi

Hacı Əlihəsən: “Muğan kəndlərində bir tanınmış kolxoz sədri mənə atmaca atdı ki, niyə sən imkanlı adamların hüzr məclisini idarə etməyə daha çox gedirsən? Dedim ki, heç səni də kasıbın tabutunun altına girən görməmişəm. Kim vəzifədədir, onun tabutuna çiyin verirsən. Mən də sizin tabutuna çiyin verdiyiniz adamların hüzrünə gedirəm.

Belə söhbətlər o qədərdir ki! Danışsam, bir kitab bağlamaq olar. Ağamla özümün bir söz atışmasını deyib, bu söhbəti bağlayaq. Bir dəfə qonşu oğlanla həyətdə mıx basdırırdıq. Ağam dedi ki, görüm, hansınız daha möhkəm basdıracaq? Dedim ki, əlbəttə qonşu oğlan. Dedi niyə? Dedim ki, onu atası 20 yaşında olanda dünyaya gətirib, sən isə 85 yaşında olanda mən dünyaya gəlmişəm. Əlbəttə, o məndən güclü olar.

Son əvəzi

83 yaşlı Hacı Əlihəsənlə 2 dəfə bir neçə saatlıq söhbətdə çox mətləblərdən danışdıq: dünyanın yaranışından, Adəm Həvvadan, onlardan sonra dünyaya gəlmiş Nazilədən, Mənzilədən, Huridən, Mələkdən tutmuş, telefonla Yasin oxumağa, bu günümüzdə məscidə, mollaya münasibətədək məqamlara toxunduq. Nə bilim, cindən, şeytandan, duadan, cadu-pitikdən, dini rəvayətlərdən də söhbətimiz oldu. Hətta, “xatalı mövzuda” “müzakirəmiz” oldu. Lakin qarşılıqlı razılığa əsasən bəzi mətləbləri xırdalamamağı qərara aldıq.

Sonda Hacı Əlihəsən söhbətə belə yekun vurdu: Bütün olanlar və olacaqlar Qurani-Kərimdə və Peyğəmbər kəlamlarında öz əksin tapıb. Qeyd olunub ki, dünənki gün bu günkündən, bu günki gün sabahkından yaxşıdır. Zülm artacaq. Məscidlər çoxlaşa da, ibadət edənlər azalacaq, ya da olmayacaq, Qurani-Kərimi adi kitab biləcəklər. Onu oxumayıb taxçaya qoyacaqlar. Mollanın sözündən bezib ona qulaq asmayacaqlar. Hələ 1400 il əvvəl də dinin kökü yanmışdı. Lakin 72 şühadə öz şəhidlikləri onları göyərtdi”. Hacının söhbətlərini hörmətlə dinləsək də, sonda xatırlatdıq ki, gələcəyə elə də inamsız deyilik. İnanırıq ki, sabahlarımız daha gözəl olacaq. 

Zahir Əmənov, Cenub.az saytı