Logo
news content
User
Kateqoriyalar

İcmal

Despot mollalar qorxu içində
Onlar dəyişmək istəməsələr, dəyişməyə məcbur edilə bilərlər

Mənbə:Washington Post

Tərcümə: Novator

ABŞ-ın “Vaşinqton Post” qəzetində “İranda etirazçıları edam edirlər. Rejim xalqı itirir” başlıqlı redaksiya məqaləsi dərc olunub. Məqalənin ingiliscədən tərcüməsini təqdim edirik.

İranda üç aydır davam edən etiraz aksiyalarının daha bir iştirakçısı – Məcidrza Rəhnavard edam olundu. Ölkənin teokratik rəhbərliyi onu dekabrın 12-si inşaat kranında qurulmuş dar ağacından asdı. Aylardır küçələrdən yığışmayan on minlərlə insanı vahiməyə salmağa hesablanmış bu edam əslində rejimin etirazçıların əlində əsir-yesir qaldığını, zor göstərməkdən savayı bir yol tanımadığını sübuta yetirir.

Artıq etiraz aksiyalarının iki iştirakçısı edam olunub, daha doqquz iştirakçıya ölüm hökmü çıxarılıb. Onlarca digər aksiyaçıya edam cəzasını nəzərdə tutan ittihamlar verilib. Ümumilikdə rejim aksiyalar baş qaldırandan bəri 18 min adamı həbsə atıb, vətəndaşların internetə çıxışını məhdudlaşdırıb.

Eyni zamanda İran hakimiyyəti həmişəki qaydada ABŞ və İsrail kimi xarici gücləri aranı qarışdırmaqda günahlandırır.

Rejim ölkənin hər yerində mülki şəxslərə atəş açmaq üçün xüsusi dəstələr yerləşdirib. Bu dəstələr təhlükəsizlik xidməti əməkdaşlarından təşkil olunub.

Osloda mənzillənmiş İran İnsan Haqları Qrupu etirazları yatırmaq cəhdlərinin indiyədək ən azı 458 nəfərin ölümü ilə nəticələndiyini, onlardan 63-nün uşaq və yeniyetmə, 29-nun isə qadın olduğunu xəbər verir.

Molla rejimi etirazları boğmaq üçün nəyə desən gedir, üsyanın mahiyyətini isə anlamaq istəmir. İranda dövlətlə cəmiyyət, idarə edənlərlə idarə olunanlar arasında uçurum gündən-günə dərinləşir, bu isə bir avtoritar rejimin sonunu gətirə biləcək dərəcədə ciddi məsələdir.

Etirazçılar azad, açıq, dünyəvi, çağdaş ölkə istəyir, qapalı, boğucu islam quruluşundan qurtulmağa can atırlar. Karnegi Fondunun eksperti Kərim Sacədpurun dediyi kimi, bu hərəkat iki güclü və barışmaz qüvvə – dəyişikliklərə təşnə olan, daha çox gənclərdən ibarət nəsillə hakimiyyətdən bərk-bərk yapışmış, təcrid edilmiş və yaşlanmış teokratiya arasında tarixi savaşa çevrilib.

Etirazlar əvvəl-əvvəl hicab qaydalarını pozma ittihamı ilə tutulmuş, üç gün sonra dünyasını dəyişmiş 22 yaşılı gənc qadın Məhsa Əmininin ölümünə görə başlanmışdı. Bir neçə həftə sonra isə bu, daha dərin narazılıqların dilə gətirildiyi, qadınların güclü dəstək verdiyi, həm sosial xarakter daşıyan, həm də yeni nəslin ülvi duyğularından doğan bir üsyana çevrildi. Aksiyaçılar “Rədd olsun diktatura!” şüarı səsləndirməyə, zülmkar dini rəhbərlikdən azadlıq tələb etməyə başladılar.

Təəssüf ki, molla rejimi bu çağırışları qulaqardına vurdu, etirazçılara daha sərt repressiyalarla cavab vermək yolunu tutdu.

23 yaşlı Məcidrza Rəhnavard noyabrın 17-si Məşhəddə hərbiləşdirilmiş birləşmənin iki üzvünə bıçaqla ölümcül zərbə vurmaqda təqsirli bilindi. Rəhnavardın həmin birləşmənin etirazçılarla rəftarına qəzəbləndiyi iddia olunur. Çox güman, dindirmə zamanı etirafedici ifadələr almaq üçün ona işgəncə veriblər.

İranda etirazçılara qurulmuş məhkəmə prosesləri zəruri hüquqi prosedurlardan kənar, bağlı qapılar arxasında keçirilir. Məcidrza Rəhnavarddan bir neçə gün qabaq, dekabrın 8-i daha bir gənc aksiyaçı – 23 yaşlı Möhsün Şəkəri edam olunmuşdu. O, təhlükəsizlik xidməti əməkdaşını yaralamaqda və küçədə yolu bağlamaqda təqsirli bilinmişdi.

Məcidrza Rəhnavard edam ediləndən dərhal sonra İranın rəsmi mediası onun fotolarını yaydı. Fotoşəkillərdə Məcidrza Rəhnavard başında qara torba, əl-ayağı bağlı, krandan asılı vəziyyətdə görünür.

İran liderlərinin bu dəhşətli mənzərə ilə etirazçılara nə demək istədiyi aydındır.

Amma bütün İran cəmiyyətinin bildiyi başqa həqiqət var: despot mollalar qorxu içindədir. Onlar dəyişmək istəməsələr, dəyişməyə məcbur edilə bilərlər.