Logo
news content
User
Kateqoriyalar

İcmal

Bal şəhərində işğal acısı
Şəhər tam təslim olmayıb, hələ də ukraynalı partizanlar döyüşür

Tərcümə: Novator

ABŞ-ın CNN kanalı işğal altına olan Ukrayna şəhəri Melitopoldan reportaj yayıb.

Reportajda deyilir: “Ukraynanın cənubunda yerləşən Melitopol bir vaxt şirniyyatı ilə tanınıb. Melitopol yunan dilində “bal şəhəri” deməkdir. Şəhərin gerbində də bölgənin al qırmızı meyvələrlə məşhurluğundan xəbər verən albalı təsvir olunub.

Ancaq indi melitopolluların həyatı heç şirin keçmir. 2022-ci il fevralın 24-də Kreml Ukraynaya genişmiqyaslı hərbi təcavüzə başlayandan bir neçə gün sonra – martın 1-də rus ordusu Melitopola soxulub.

Şəhər tam təslim olmayıb, hələ də ukraynalı partizanlar döyüşür. İşğal dövründə şəhərin Ukraynaya sadiq rəhbərləri ruspərəstlərlə əvəz olunub. Melitopolun ruspərəst administrasiyası indiyədək bir neçə dəfə partizanların hücumuna məruz qalıb.

Şəhər Ukraynanın Zaporojye vilayətinə daxildir. Rusiya böyük hissəsini işğal altına aldığı vilayəti 2022-ci ilin sentyabrında qanunsuz ilhaq edib”.

Reportajda bildirilir ki, Ukraynaya bağlı melitopolluların heç də hamısı şəhəri tərk etməyib. Yurd-yuvasını itirməmək, doğma şəhərindən ayrı düşməmək üçün işğalda yaşamağa davam edən melitopollular var. CNN kanalı onlardan birini danışdırıb.

30 yaşlı xanım CNN-ə deyib: “Biz Melitopolda əsl terrorla üz-üzəyik. Bu terror küçələrdə hiss olunmadan, üstüörtülü gedir. Rusiya pasportundan imtina edib “qeyri-leqal” hesab olunan mənim kimilərin durumu çox acınacaqlıdır. Kənardan baxan bunu görmür. Məsələn, indi durub bazara getsən, elə biləcəksən hər şey qaydasındadır, sanki şəhərdə qalıb yaşayanlar üçün heç bir problem yoxdur.

İşğalçılar Melitopolda hamını Rusiya pasportu almağa məcbur edirlər. Rusiya vətəndaşlığı almış insanlara təsir göstərmək daha asandır.

Rus pasportundan imtina həyatımızı çox çətinləşdirir. Məsələn, pasportumuz olmadığına görə bizi xəstəxanalarda qəbul etmirlər. Ailəliklə fermer təsərrüfatı ilə məşğuluq. Ancaq üstümüzdə Rusiya sənədləri olmadığından torpaq sahələrimizi itiririk. Qorxuram məcbur qalıb axırda Rusiya pasportu almağa razılaşaq. Hələ ki, prosesi uzada bilirik”.

Müsahib qeyd edib ki, qaydalar sadələşdirildiyindən Rusiya pasportunu tez bir zamanda almaq olur. Onun sözlərinə görə, 2023-cü ilin mart ayınadək sosial müavinət hüquqlu hər bir sakin müavinətini ala bilirmiş, indi isə müavinət yalnız Rusiya pasportu olanlara verilir.

Şəhər əhalisinin böyük hissəsinin Rusiya pasportu aldığını deyən xanım bunu etməyənlərin axtarış tədbirlərinə məruz qaldığını da vurğulayıb: “Melitopolda Rusiyanın adamları, əlaltıları vaxtaşırı atəşə tutulur, onlara qarşı partizan hücumları təşkil edilir. Belə hadisələrdən dərhal sonra şəhərdə axtarışlar aparılır və ilk növbədə rus pasportu olmayanlar yoxlanır. Rus əsgərin fərarilik etdiyi kənddə nənəmin evini axtarıblar. Ruslar onun kənd sakinlərinin evində gizləndiyini düşünüblər.

İndi Melitopol əhalisini bir neçə qismə bölmək olar. Bəzisi rus hakimiyyətindən razıdır. Elələri də var şəhəri kimin idarə etməsi onun vecinə deyil, kim çox pul versə, onu dəstəkləməyə hazırdır. Şəhərdə qalanlar əsasən Rusiyanı dəstəkləyənlərdir. Onların fikrincə, ruslar həmişəlik gəliblər. Ancaq təbii ki, Melitopolda yaşamağa davam edə-edə ümidini Ukraynanın qələbəsinə bağlamış vətənpərvər sakinlər də var”.

Müsahib bildirib ki, vətənpərvərlərin əksəri, xüsusən ruslara qarşı mitinqlərdə fəal iştirak edənlər həyatlarının birbaşa təhlükə altına düşdüyünü görüb Melitopolu tərk etməli olub.

Xanımın sözlərinə görə, Rusiya pasportundan imtina edənlərə qeyri-leqallar üçün nəzərdə tutulmuş sənəd veriləcək: “Söhbət vətəndaşlığı olmayan şəxslərə verilən, müvəqqəti yaşayış hüququnu tanıyan vəsiqədən gedir. Bu həm də bizim Rusiya pasportundan imtina etdiyimizin əyani sübutu olacaq. Deyəsən, o kağız parçasını almalı olacağıq, əks halda gərək Melitopolu tərk edək. Pasportdan imtina etsək də, vəsiqəni qəbul etmək məcburiyyətindəyik.

2023-cü ilin aprel ayına qədər işğal olunmuş zonada sənədsiz sərbəst hərəkət etmək mümkün idi. İndi isə ya pasport, ya da müvəqqəti yaşayış hüququnu təsdiqləyən vəsiqə tələb olunur. Rusiya pasportu almayanların şəhərdən çıxarılacağı haqda xəbərdarlıqlar da edilir”.

Melitopollu xanım şəhərdə ərzaqdan çox dava-dərman problemi olduğunu deyib: “Rusiya istehsalı olan ərzaq məhsulları və başqa zəruri mallar, tutalım, sabun, şampun, diş pastası çox keyfiyyətsizdir, ancaq birtəhər də olsa bunlarla keçinmək olur. Dərman isə problemdir. Rusiyada keyfiyyətli dərman yoxdur, ona görə qalmışıq zay dərmanların əlində. Təklif olunan da yalnız Rusiya dərmanıdır: alırsan al, almırsan özün bil”.

Müsahib sonda deyib: “Hamı özünü elə aparır ki, sanki adi qaydada dinc ömrünü yaşayır. Köçməkdən söz açan yoxdur. İnsanlar partlayışlara, vaxtaşırı şəhərin əsas küçələrində Rusiyayönlü məmurların yandırılmış avtomobillərini görməyə də bir növ vərdiş ediblər. Rusiyanın hərbçilərinin və əlaltılarının hansısa melitopollunu evindən qovub çıxarmasına da. Melitopol bir ildən çoxdur işğal altındadır. İnsanlar çox şeyə alışıblar”.