Logo
news content
User
Kateqoriyalar

İcmal

Azərbaycanın gizli incisi – The Washington Post ucqar kəndimizdən yazır 

Müəllif: J.R.Patterson

Dekabrın əvvəli idi. Qubada qar yağmasa da, regionun rəhbərliyi mənə gecikdiyimi söylədi: “İndi Xınalığa gedə bilməzsən. Yol bağlıdır. Xınalıq kəndinin sakinləri rayon mərkəzinə son dəfə sentyabrın axırlarında gəlir, qış üçün nə lazımdırsa alırlar”. Amma mən bu kəndə getməyə qərarlıydım...

Taksi dayanacağında ən güclü avtomobili seçdim. Rusiya istehsalı olan, qalib görkəmli “Lada”! Belə səfərlər üçün ən uyğun maşın “Lada”dır.

Deyəsən, sürücü Eldarı mənim Xınalığa səfər təklifim 30-40 dollar arasında gedişhaqqı ilə bağlı danışıqlar aparmağımla müqayisədə, daha az təəccübləndirdi. Eldar deyir ki, onun Xınalığa 1 saata çatdığı hallar olub. 1995-ci ildə isə o, kənd məktəbinin tikintisinə qaynaqçı kimi yardım edibmiş. O vaxt asfaltlanmamış yol 25 il imiş o cür istismar edilirmiş. Qışda yol bağlanırmış. Bu üzdən həmin dövrdə kəndə yalnız Sovet İttifaqı istehsalı olan “GAZ-66” kimi yük maşınları ilə getmək olurmuş.

Azərbaycanın şimalında bəzi ərazilər sanki dünyadan təcrid olub. Çox sayda mağaraların olduğu hündür və qorxunc Qafqaz dağlarında “qnom tayfalar”ı və köçərilər gizlənə bilərdi. Bura istila edilməmiş ərazilərdir. İndi isə burada ayrı-ayrı, özünəməxsus xüsusiyyətə malik mədəniyyətlər mövcuddur.

Ərazisi təxminən Qərbi Virciniya ştatı boyda olan Azərbaycanda onlarla dildə danışan insanlar yaşayır. Onların əksəriyyəti bir-birindən və ölkənin digər hissələrindən əsrlərlə təcrid olunmuş kəndlərin payına düşür. Təkcə Xınalıqda deyil, həm də Buduq, Qrız, Cek, Tsaxur, Nic və digər yerlərdə yaşayan insanlar öz dillərində danışırlar...

Xınalığa yol 2007-ci ildə, Azərbaycan Prezidenti İlham Əliyevin buraya gözlənilən səfəri ilə əlaqədar çəkilib. Bu, kəndin nüfuzunu daha da artırıb. Bundan başqa, Xınalığın yaxınlığında yerləşən Şahdağ dağ-xizək kurortu bu gün dünyanın müxtəlif ölkələrindən xizəkçiləri özünə cəlb edir.

Bu kəndin UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil ediləcəyi gözlənilir. Odur ki, Azərbaycanın turizm sektoru Xınalığı ölkənin çoxsaylı gizli incilərindən biri kimi təbliğ edir.

Amma Xınalığın bəzi sakinləri kəndin tədricən modernləşdirilməsinin onun tarixi mahiyyətinə təhdid yaradacağından narahatdır. Onların fikrincə, bu mənada keçilməz yolların olması, təcrid olunmuş vəziyyətdə yaşamaq daha yaxşıdır...

Gözəl, aydın gün idi. Torpaq buz bağlasa da, günəşin çıxacağını gözləyirdik. Xınalıqdan qərbdə başı qarlı Şahdağ görünür. Mavi səmanın fonunda ucalan Şahdağı sanki “iynə” ilə çəkiblər. Sübh tezdən idi. Yol boyu balaca dükanlarda çay və kabab hazırlamaq məqsədilə ocaqlar qalanmışdı. Gün böyük ümidlər vəd edirdi. Sürücü Eldar bir anda soyuqqanlılığını itirir. O, qabağa əyilir, sağ-sola baxaraq əlini yuxarı qaldırır. Amma hər addımda maraqlı yerləri mənə göstərməyə çalışır.

Quba dəniz səviyyəsindən 2 min fut, Xınalıq isə 7 min 700 fut hündürlükdə yerləşir. Yol uzun və dolanbacdır. Hərəkətə başlayan kimi “Lada” ürəkbulandırıcı benzin iyi ilə dolur. Pəncərəni açmağa çalışdım. Amma alınmır. Hava çox soyuqdur – mənfi 32 dərəcə! İstilik sistemini işə salmaq istəyirəm. Bu da alınmır. Qalib görkəmli “Lada”da seçim çox deyil...

Qar başlayır. Bu, Eldarı bir qədər gərginləşdirir. O, maşını tez-tez saxlayaraq yol kənarındakı insanlardan maşının Xınalığa çata bilib-bilməyəcəyini soruşur. Hiss olunur ki, gərgindir. İnsanların bəzilərinin “yox”, bəzilərinin “hə” cavabı, digərlərininsə çiynini çəkməsi Eldara kömək etmir.

Dağın ətəyi ilə gedən yol asfaltlanıb. Amma birtərəfli, kələ-kötür yolu buz bağlayıb. Yol Qudyalçayın kənarından bir neçə yüz fut hündürlükdə yerləşir. Qudyalçayın üzəri “civə zolaqları”na bənzəyir. Sanki “civə zolaqları” buzlaşmış çayda paramparça olub. Biz irəliləyirik. Eldar sükandan bərk yapışıb...

Hündür təpəliklərdən keçirik. Sürücü zirvəyə çatan anda əyləci basır. Maşın buzlu gölməçəyə düşüb. Bu an “Lada”nın arxası bir qədər sürüşür və mən dərhal əlimi qapının dəstəyinə atıram: tullanmağa hazıram!

Sürücü heyrətlənib. Görünür, qabaq təkərlərin idarə olunmasında problem var. Eldarın sükanı bərk-bərk fırlatması vəziyyəti dəyişmir. Xoşbəxtlikdən, maşın yolun kənarındakı qarın üzərində dayanır. Yolu təmizləyənlər qarı kənara toplayıb.

Kəndə gedən yolda son aşırımı da keçib, Xınalığa çatırıq. Burada maşından gələn tüstünü yanmış saman iyi əvəzləyir...

Xınalıq əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur. Burada peyin də dəyərli resurslardandır. Onu kərpiclərə presləyir və ucuz yanacağa çevirirlər.

Bazar günü tezdən Xınalıq sakitdir. Kənd təpənin üzərində yerləşir. Evlər yanaşı düzülüb. Ətəkliklərin altından şalvar geymiş qadınlar buz bağlamış cığırla yuxarı-aşağı hərəkətdədir. Əllərində vedrələr.

Günəş çıxır. Uşaqlar palçıq və çınqıl qarışıqlı qartopular düzəldir. Ətrafdan su səsi gəlirdi: əriyən qar evlərin damlarından axıb tökülür. Dağ suyunu axura çatdıran borulardan gələn səslər də öz yerində...

Xınalıqda muzey bağlıdır. Açar sahibini çağırırlar. Muzey Xınalıq mədəniyyətinə dərin hörmətinin təcəssümüdür. Burada gildən hazırlanmış tozlu qablar, xalçaçılıqla bağlı eksponatlar, paslanmış qılınclar və qoyun dəriləri var. Muzeyin divarında isə Xınalıqdan olan şair Rəhim Alxasın Azərbaycan dilində yazdığı şeir həkk olunub:

Bahar çağı Xınalığım,

Girən zaman dondan-dona,

Dəyişmərəm bir kəndimi,

Yüz Parisə, min Londona.

Muzeyin çıxışında əlində boulinq topu boyda kələm və bir torba alma olan, qırışmış pencək geymiş kişi ilə rastlaşırıq. Rəhman artıq bir neçə gündür ki, bu kənddə qalır. O, qoyun sürüsünü dağlara aparmağa hazırlaşır. Rəhman ingilis dilində danışa bilir. Məni böyük ruh yüksəkliyi ilə qarşılayır: böyük, isti əlləri ilə əlimi sıxır. “Bu bölgədə 3500 nəfər yaşayır” deyir. O, ətraf dağlarda yaşayan insanları da nəzərə alır: “2100 nəfər Xınalıq dilində danışır. Pis deyil, pis deyil”.

Rəhman və sürücü Eldar

Məktəbin yanından keçirik. Məktəb bu gün də fəaliyyət göstərir. Burada 400-dək uşaq oxuyur. Sürücü Eldar uzun illər əvvəl məhz bu məktəbin inşasında qaynaqçı kimi çalışıb.

Rəhman bizi evinə dəvət edir. Onun ikimərtəbəli evi kəndin cənubunda yerləşir. Həyətdə xeyli odun var. Təxminən 300 dollara Qubadan gətiriblər.

Ev yiyəsi gümüşü samovara bir neçə çubuq atır. Samovarın qaynamasını gözləyirik. Rəhman telefonumu “vayfay”a qoşmağa çalışır. Onun evinə “vayfay” bu yaxınlarda çəkilib. Rəhman evini kirayə verir. Kənddə artıq bir neçə ildir ki, telefon var, telekanallar göstərir. Doğrudur, Xınalıqdan uzaqda yaşayan insanlar mənə bunun əksini söyləyirdi.

“Dünya artıq buraya da gəlir”, - deyə Rəhman bildirir. O, hesab edir ki, dünyanın bir hissəsi olmaq pis deyil: “Əslində, “xəritədə görünməmək” arzusunu adətən reallaşdırmaq mümkün olur. Siz keçmişə qayıtmaq əvəzində, yox olacaqsınız”.

Kənddə anadan olan, böyüyən kənd sakinlərinin əksəriyyəti – xınalıqlılar dəyişiklikdən qorxmurlar. Sadəcə, ölkənin bu ucqar yerinə çatmaq üçün uzun zaman lazımdır. Rəhman deyir ki, kənd sakinləri inkişafa can atır. Onlar bunu uzun zamandır gözləyirlər.

Burada böyük restoranlar yoxdur. Kənd sakinləri çeşidlərin bol olmadığı bir neçə dükanla kifayətlənir. Amma yolların düzəlməsi kənd həyatının dəyişməsinə, sakinlərin qışlaqlarda daha az vaxt keçirməsinə imkan verir. Kənddə “vayfay”ın quraşdırılması isə insanların qohumları ilə əlaqə yaratmasını asanlaşdırıb.

“İnsanlar köçür”, - deyə Rəhman bildirir. O, Bakıda yerləşən universitetdə təhsil alan oğlunu nümunə göstərir. Mən ondan “kənddə nə üçün uzun müddət qaldığını” soruşuram. “Bura mənim vətənimdir və bu, mənə bəs edir”, - deyə Rəhman cavab verir. Bununla yanaşı, o, növbəti nəslədək şəraitin yaxşılaşmasını istəyir.

Rəhman bizi dağ kəklikotusundan dəmlədiyi çaya qonaq edir. Çarpayıya bitişik masada çay içirik. Yerfındığı və heyva mürəbbəsi ilə.

Əksər kəndlərdə olduğu kimi, burada da gördüyün hər şeyin hansısa müqəddəs mənası var. Məsələn, dağlarda qədim məbədlər yerləşir. Bir zamanlar regionda çox sayda atəşpərəst - zərdüştilər yaşayıb. Onların müqəddəs abidələri bu məbədlərdədir. Yeri gəlmişkən, əfsanəyə görə, xınalıqlılar Nuh peyğəmbərin nəslindəndir. Amma mən böyük daşqın, gəmi və ya bir cüt heyvandan bəhs edən zaman Rəhman heç nə başa düşmədi. “Heyvanlar?”, - deyə o, məndən soruşdu: “Dağlarda çox sayda ayı və canavarlar yaşayır. Bizdə isə keçilər, itlər və inəklər var...”. Siyahı davam edir.

Mən başı qarlı dağlara baxıram. Külək dağın zirvəsindəki dumanı qovur. Sakitcə dua edirəm: “Tanrım nolar, mənə bu yerləri bir daha görməyi qismət et”.

Tərcümə: Worldmedia.az

Mənbə: The Washington Post