Logo
news content
User
Kateqoriyalar

İcmal

Avropa İttifaqı Azərbaycandan qaz nəqlinin artırılmasını istəyir

Avropa İttifaqı gələn həftə Avropaya Trans-Adriatik (TAP) kəməri ilə qaz nəqlinin artırılmasına dair Azərbaycanla danışıqlar aparacağını bildirib.

Bu barədə məlumatı Avropa İttifaqındakı mənbələrə istinadən Financial Times qəzeti verib.

Qəzet yazır ki, Aİ-nin energetika üzrə komissarı Kadri Simson Bakıya səfər edəcək və azərbaycanlı həmkarı Pərviz Şahbazovla, habelə ekologiya və təbii ehtiyatlar naziri Muxtar Babayevlə danışıqlar aparacaq.

Adının çəkilməsini istəməyən Avropa rəsmisi deyib:

"Biz planlaşdırırıq ki, danışıqlar Azərbaycanın Avropanın qaz təchizatının diversifikasiyasındakı roluna həsr olunacaq. Bura Trans-Adriatik boru kəməri ilə qaz təchizatı həcmlərinin artırılması da daxildir. Hazırda TAP kəmərinin gücü ildə 10 milyard kubmetrdir. Azərbaycan Aİ-nin stabil və etibarlı təchizatçısıdır”.

Moskvanı qıcıqlandırmamaq

FT yazır ki, keçmiş sovet respublikası olan Azərbaycanın Moskva ilə sıx bağları var. Bu da qeyd olunur ki, hazırda Rusiyanın sülhməramlı qüvvələri mübahisəli Dağlıq Qarabağ münaqişə zonasında yerləşdirilib.

Eurasia Group analitik mərkəzindən Emre Peker deyir ki, Moskvanın Bakı üzərində təsir imkanları var:

“Azərbaycana həmişə Rusiyadan qaz asılılığının azaldılmasının və Aİ-nin enerji diversifikasiyasının yollarından biri kimi baxılıb. Odur ki, indi Azərbaycanın qapısının döyülməsi təəccüblü deyil. Siyasi baxımdan düşünürəm ki, Bakı belə bir ideyaya açıqdır, lakin onlar bunun ətrafındakı dinamikaya göz qoymalıdırlar ki, Moskvanı qıcıqlandırmasınlar”.

Financial Times diqqəti belə bir məqama çəkir ki, Azərbaycandan Avropaya nəql olunan qazın həcmlərinin artırılmasına dair söhbətlər Avropa İttifaqı ilə Rusiya arasında Ukraynaya görə münasibətlərin gərginləşdiyi vaxta təsadüf edir.

Rusiya qazı dayandırsa...

Bundan əvvəl bir sıra Qərb mediaları yazırdılar ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya mümkün müdaxiləsi təqdirində Moskvaya qarşı sərt sanksiyalar irəli sürə bilər.

Bunlardan biri də Almaniya və Aİ-nin Rusiyanın Şimal Axını 2 kəmərindən imtina etməsi ola bilər.

Brüsseldə düşünürlər ki, bu halda ehtimalən Rusiya Avropaya qaz nəqlini azalda bilər. Hazırda Rusiya Avropanın istehlak etdiyi qazın 40 faizini verir.

Beynəlxalq Enerji Agentliyinin başçısı Fatih Birol deyir ki, Rusiya artıq Avropaya qaz nəqlinin həcmlərini 2021-ci ilin son üç ayı ilə müqayisədə 25 faiz azaldıb.

O inanır ki, Rusiya Avropaya göndərməli olduğu qazın üçdə birini saxlayır.

Bruegel analitik mərkəzindən bildiriblər ki, hazırkı hava temperaturlarına baxanda Avropa bu qış maye qaz idxalını artırmaqla kəskin qaz çatışmazlığını aradan qaldıra bilər.

Lakin bunun üçün Rusiyanın qazı tamamilə kəsməməsi lazımdır.

FT yazır ki, məhz bu səbəbdən Aİ öz ərazisində enerji böhranının yaranmaması üçün alternativ təchizatçılarla, məsələn o cümlədən Qətərlə danışıqlar aparır.

Rusiya Ukraynaya hücum edəcəyinə dair iddiaları qətiyyətlə rədd edir.

Xatırlatma

Trans-Adriatik qaz kəməri (TAP) Cənub Qaz Dəhlizi adlandırılan enerji marşrutunun sonuncu seqmentidir.

Bu dəhlizə habelə Cənubi Qafqaz və Trans-Anadolu qaz kəmərləri daxildir.

4.5 milyard avro dəyəri olan 878 kilometrlik TAP kəmərinin tikintisi 2016-cı ilin mayında başlanıb.

Kəmərin ilkin gücü ilə 10 milyard kubmetrdir, lakin həcm iki dəfə artıla bilər.

Bu kəmərin səhmdarları Britaniyanın BP (20 faiz), Azərbaycanın SOCAR (20 faiz), İtaliyanın Snam (20 faiz), Belçikanın Fluxys (19 faiz), İspaniyanın Enagas (16 faiz) və İsveçrənin Axpo (5 faiz) şirkətləridir.

Cənub Qaz Dəhlizinin əsas təchizat mənbəyi Xəzərdəki Şahdəniz yatağıdır. Burada təxminlərə görə 1.2 trilyon kubmetr qaz ehtiyatı var.

Tərcümə: Azadlıq Radiosu

Mənbə: Financial Times