Logo
news content
User
Kateqoriyalar

Xəbər

Araşdırma

Vardanyan müharibəyə çağırır 

“Artsaxın dövlət naziri” Ruben Vardanyan bir gün əvvəl Ağdərə (Martakert) rayonunun sakinləri ilə keçirdiyi görüşdə “respublikada” yaranmış vəziyyətlə bağlı iki ssenari açıqlayıb. Bu barədə Ermənistan KİV-i yazır.

Onun sözlərinə görə, Azərbaycan davamlı olaraq çaxnaşma yaratmağa və "Artsax xalqına" təzyiq göstərməyə çalışır ki, insanlar buradan getsinlər. “Onlar xüsusi “kolbasa taktikasına” əl atırlar, hər dəfə bizim ölkəmizdən bir az da qoparırlar. Azərbaycanın əsas hədəflərindən biri də bu zavodun işini dayandırmaqdır, çünki bu zavod insanları gəlir və məşğulluqla təmin edir”, - deyə Vardanyan “Base Metals” şirkətinin (ermənilərin Kaşenski adlandırdıqları Dəmirli mis-molibden mədənini idarə edən şirkət – red.) rəhbərliyi ilə görüşündə bildirib.

O qeyd edib ki, bu vəziyyətdə iki ssenari var.

“Birincisi mübarizədir. Etiraf etmək lazımdır ki, əslində noyabrın 9-dan sonra sülh yoxdur, müharibə davam edir. Ciddi informasiya müharibəsi gedir - onlar (azərbaycanlılar) bütün dünyanı ekoloji problemin olduğuna inandırmaq istəyirlər, amma reallıqda blokada, humanitar böhran var. Bu müharibədə qalib gəlmək üçün biz birləşməli və müttəfiqlərimizə güclü olduğumuzu hiss etdirmək üçün əlimizdən gələni etməliyik. Siz “mən zəifəm, mən balacayam, mənə kömək edin” deyəndə yox, yalnız özünüz hər şeyi etdiyiniz zaman köməyə ümid edə bilərsiniz”, - Vardanyan vurğulayıb.

“Dövlət naziri”nin iddia edib ki, Azərbaycanın arzuladığı ikinci ssenari ermənilərin oradan getməsidir, bu da qəbuledilməzdir.

"Biz heç vaxt buna imkan verməməliyik. Müharibə davam edir və bu vəziyyətdə biz mütəşəkkil şəkildə müqavimət göstərməyi bacarmalıyıq. Ağıllı həll yolu tapmaq və döyüşə hazır olmaq lazımdır. Mən bura sizinlə birlikdə döyüşmək və qalib gəlmək, həyatımızı və gələcəyimizi müstəqil, təhlükəsiz “Artsaxda” qurmaq üçün gəlmişəm”, - Vardanyan bildirib.

O vurğulayıb ki, “Artsax” ilk dəfə tam blokada vəziyyətinə düşüb, lakin bu, “Artsax” xalqının iradəsini və ruhunu qıra bilməyib.

Mitinq iştirakçıları buna cavab olaraq əmin ediblər ki, onlar öz torpaqlarında möhkəm dayanıblar, öz doğma yurdlarını, vətənlərini qorumaq üçün hər şeyə hazırdırlar.

Maraqlıdır, Bakının Vardanyanın bu açıqlamalarına qarşı hansı arqumentləri var? Azərbaycanın qarşıdakı illərdə sülhməramlıların müvəqqəti yerləşdiyi ərazi ilə bağlı real hədəfləri nədən ibarətdir?

Press Klubun suallarını beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah cavablandırıb:



- Ruben Vardanyanın açıqlamasından aydın olur ki, o, “Artsax”ın xeyrinə beynəlxalq ictimai rəy formalaşdırmaq üçün təbliğatla məşğuldur. Əbəs yerə “kolbasa dilimləmə taktikası” ifadəsini işlətmir. Stalinin Şərqi Avropa və Balkanları ələ keçirməsi taktikasının adı belə idi. Bu, onunla izah olunur ki, onlar kolbasanı bütöv şəkildə yemirlər. Onu tikə-tikə doğrayıb yeyirlər. Vardanyanın məqsədi guya rəsmi Bakının da Stalin kimi Qarabağ ermənilərini parçalayıb öz tərəfinə çəkmək iddiasını əsaslandırmaq və bununla da beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı yönəltməkdir. Ermənilər onu da iddia edirlər ki, SSRİ yarandıqdan sonra Stalinin göstərişi ilə Dağlıq Qarabağ Azərbaycana verilib. Təbii ki, bu yalandır. Bununla belə, Vardanyan bu iki yalanı birləşdirərək, təbliğat siyasətini effektiv şəkildə aparmağa çalışır. Onun Azərbaycan hakimiyyətinin blokada siyasəti yeritməklə erməniləri Qarabağı tərk etməyə məcbur etmək istəməsi barədə bəyanatı həqiqətdən uzaqdır. Vardanyanın bu iddiasını təkzib etmək üçün bir fakt kifayətdir. 44 günlük müharibənin sonunda imzalanan bəyannaməyə əsasən, Azərbaycan tərəfi Qarabağ erməniləri ilə Ermənistan arasında əlaqəni təmin etməli idi və bu məqsədlə hətta Laçın şəhərindən yan keçən yolu da vaxtından əvvəl çəkdi.

Bakının bu bəyanatlara rəsmi münasibəti necədir? Xankəndi və onun ətrafında yaranan problemin səbəbləri Vardanyanın iddia etdiyi kimi Qarabağda yaşayan ermənilərlə bağlı deyil. Problemin əsas mənbəyi Ermənistan hakimiyyətinin Meqri vasitəsilə Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək dəhlizdən imtina etməsidir. Rəsmi Bakı Ermənistana göstərmək istəyir ki, Naxçıvanla Bakının maneəsiz yol əlaqəsi olmasa, Xankəndi ilə İrəvan arasında yol əlaqəsi məhdudlaşdırıla bilər. Laçın yolundakı aksiya, ekoloji problemin qabardılması - bütün bunlar Ermənistanın Bakı-Naxçıvan dəhlizinə veto qoymasından irəli gəlir. 

İkinci səbəb isə Rusiya tərəfinin 10 noyabr 2020-ci il tarixli bəyanatında qeyd olunan “Rusiya sülhməramlı qüvvələri erməni hərbi birləşmələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir” öhdəliyinə biganəliyi ilə bağlıdır. Moskva ilə Bakı arasında Qarabağ kontekstində münasibətləri gərginləşdirən də məhz bu problem idi. Rəsmi Bakının Rusiya sülhməramlı qüvvələri qarşısında tələbi bu öhdəliyin yerinə yetirilməsinə nail olmaqdır. Bundan başqa, Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarının bütün hüquqlarına malikdirlər.

Lakin rəsmi Bakının daxili siyasəti idarə etmək üsulları əslində Vardanyanın dediyi “kolbasa üsulu”na əsaslanır: o, öz ətrafında hökumətyönlü QHT-lər yaradır. O, öz ətrafında satellit siyasi partiyaları birləşdirir. O, ya real müxalifət qüvvələrini həbs edir, ya da alternativ qüvvələri parçalayır, şirnikləndirici təkliflərlə onları öz tərəfinə çəkir. Bir sözlə, İlham Əliyev hakimiyyətinin daxili siyasətdə yanlış yanaşması xarici siyasətdə, xüsusən də Qarabağ məsələsinə özünə qarşı arqumentə çevrilir. Bu tip idarəçilik dəyişmədən münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyinə haqq qazandırmaq asan olmayacaq.

Ruben Vardanyanın beynəlxalq ictimai rəy üçün hesablanmış təbliğatının Azərbaycana qarşı real münasibətə çevrilməməsi üçün indiki hakimiyyət ilk növbədə bu idarəetmə üsullarından imtina etməlidir. Təəssüf ki, hələlik vəziyyət ürəkaçan deyil. Dünən bir qrup ABŞ konqresmeni Laçın dəhlizində baş verən hadisələrlə bağlı prezident Baydenə müraciət göndəriblər - onlar administrasiyadan Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi istəyirlər. Və onların xahişində yeganə arqument İlham Əliyevin avtoritar lider kimi insan haqlarını kobud şəkildə pozmasıdır.

Rauf Orucov