Unudulmuş çempion, inadkar “toxucular”, futbolumuzun 55 yaşlı uğuru
20 Sentyabr 2022
55 il öncə, 1967-ci ilin payızında Gəncə futbolu özünün zirvə nöqtəsini yaşadı. Şəhəri təmsil edən “Dinamo” komandası SSRİ çempionatının Yüksək liqasında oynamaq hüququ qazandı.
***
O zaman adı Kirovabad olan Gəncədə futbol klubu 1959-cu ildə yarandı. Yeri gəlmişkən, şəhərin özü kimi, klubun da adı tez-tez dəyişdirilib. İlk adı “Tekstilşik” (Toxucu) idi. Sovet İttifaqında həvəskar idman mifi vardı, rəsmi ideologiya nədənsə idmanla peşəkar məşğuliyyəti rədd edirdi. Amma bu da imitasiya idi. Əslində peşəkar olan atletlər guya haradasa işləyən, boş vaxtında idmanla məşğul olan həvəskarlar sayılırdılar. Gəncə futbolçuları da guya toxuculuq kombinatının işçiləri idilər, ağır iş günündən sonra yığışıb futbol oynayırdılar.
Komanda yarandığı il SSRİ çempionatının birinci liqasında oynadı. Həmin dövrdə daha aşağı liqa yox idi, yüksək liqada oynamayan bütün klublar birinci liqada oynayırdılar. Komandaların çoxluğuna görə liqa 7 zonaya bölünmüşdü. “Tekstilşik” Bakının “Neftyanik” klubu ilə birlikdə 3-cü zonada çıxış etdi.
1959-cu il mövsümü Azərbaycan klubları üçün uğurlu olmadı. Üçüncü zonada bakılılar 12-ci, gəncəlilər isə sonuncu, 14-cü yeri tutdular. Amma qapı gözlənilməz yerdən açıldı. Sovet futbol federasiyası o vaxta qədər 12 komandanın çıxış etdiyi Yüksək liqanı genişləndirməyi qərara aldı və Azərbaycan, Belorusiya, Ermənistan, Estoniya, Qazaxıstan, Latviya, Litva, Rusiya, Özbəkistan və Ukraynaya hərəyə bir komanda Yüksək liqaya göndərmək hüququ verildi. Beləcə, “Neftyanik” yüksək liqaya getdi, “Tekstilşik” isə birinci liqada çıxışlarını davam etdirdi.
Komanda növbəti ildə daha yaxşı nəticəyə nail oldu, öz zonasında 16 komanda arasında 10-cu yeri tutdu. Bir il sonra 6-cı yerə qalxdı. 1962-ci ildə artıq “Dinamo” adı ilə çıxış edən klub 3-cü yeri tutdu. Amma əsas səs-küyü həmin il SSRİ kubokunda yaratdı.
Gəncəlilər yarışa indi “təsnifat mərhələsi” deyə biləcəyimiz mərhələdən başladılar. Burada Fərqanənin “Neftyanik” (1:0), Frunzenin (indi Bişkek) “Alqa” (2:0) və Rustavinin “Spartak” (2:0) komandalarını kənarlaşdıraraq, kubokun 1/16 finalına vəsiqə qazandı. Burada isə rəqib Bakı “neftçiləri” idi. Gəncədə keçirilən oyunda Telman Salahovun vurduğu yeganə qol “Dinamo”nu 1/8 finala çıxardı.
Bu mərhələdə isə rəqib bir il əvvəl ilk dəfə ölkə çempionu adını qazanan Kiyev dinamoçuları idi. Oyun iyulun 10-da Gəncədə baş tutdu. Yerli komandada çıxış edən Vladimir Mikuçadzenin 64-cü və 74-cü dəqiqədə vurduğu qollara kiyevlilər 85-ci dəqiqədə Valentin Troyanovskinin qolu ilə cavab verdilər. 2:1 hesabı ilə qələbə qazanan gəncəlilər ölkə çempionunu yarışdan uzaqlaşdırdılar. Amma növbəti mərhələdə Orexovo-Zuyevoda yerli “Znamya truda” komandasına uduzaraq, özləri də mübarizəni dayandırdılar.
***
1962-ci ildə sovet futbolunda daha bir dəyişiklik edildi. İkinci liqa bərpa olundu. Birinci liqada cəmi 18 komanda saxlanıldı, qalanları isə İkinci liqada çıxış etməli idilər. “Dinamo” da həm çempionatda, həm kubokda yetərincə uğurlu çıxışına baxmayaraq, İkinci liqaya göndərildi.
Komanda çıxış etdiyi zonada dalbadal üç il üçüncü yeri tutdu. Bu, ilk iki ildə bir imtiyaz yaratmırdı. 1965-ci ildə isə Birinci liqaya çıxmaq uğrunda mübarizə aparmaq hüququ verdi. Bunun üçün isə daha iki mərhələdən keçmək lazım idi. “Dinamo” Gəncədə keçirilən və dörd komandanın iştirak etdiyi ilk qrup mərhələsində ikinci yeri tutaraq, yekun mərhələyə vəsiqə qazandı. Burada yenə dörd komanda iştirak edirdi: “Dinamo” (Kirovabad), “Dinamo” (Bakı), “Neftyanik” (Fərqanə) və “Pamir” (Düşənbə).
İlk turda iki “Dinamo” heç-heçə oynadı. Sonrakı turlarda hər ikisi rəqiblərini məğlub edərək, 5 xalq topladılar. Bakılıların vurulan və buraxılan toplar fərqi daha yaxşı idi, amma o vaxt buna fikir vermirdilər. Əlavə oyun təyin edildi. Burada da əsas və əlavə vaxtda hesab açılmadı, penaltilər seriyası isə hələ tətbiq olunmurdu. İş püşkə qaldı və gəncəlilərin bəxti gətirdi. Komanda Birinci liqaya qayıtdı.
Həmin dövrdə Birinci liqanın formatı yenə dəyişmişdi. Üç zonaya bölünən liqada 53 komanda çıxış edirdi. Birinci zonada çıxış edən gəncəlilər debütant üçün yüksək nəticə göstərərək, 4-cü yeri tutdular. Onlar 39 xalla birinci yeri tutan “Jalgiris” (Vilnüs) komandasından 4 xal geri qaldılar. Növbəti ildə isə komanda tarixinin ən böyük uğuruna imza atdı.
***
Qaydalara görə Birinci liqada çıxış edən komandalardan (indi onların sayı artıq 59 idi) yalnız biri Yüksək liqaya çıxmaq hüququ qazana bilərdi. Həmin komandanı müəyyənləşdirmək üçün üç zonanın hər birində birinci yeri tutan komandalar arasında mini-turnir keçiriləcək və onların ən güclüsü Yüksək liqaya çıxacaqdı.
“Dinamo” turnirə dörd ev oyunu ilə başladı. Həmin oyunlarda 3 qələbə qazanan və 1 məğlubiyyətə uğrayan gəncəlilər 6 xalla cədvəldə ikinci yerdə qərarlaşdılar. Lider isə 100 faizlik nəticə göstərən “Kuban” (Krasnodar) komandası idi. Ümumiyyətlə, həmin mövsümün çox hissəsində Kuban liderlik etdi.
Növbəti beş oyunu səfərdə keçirən “Dinamo”nun göstəriciləri 1 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət oldu. Gəncəyə qayıdan dinamoçular 10-cu turda “Kuban”la qarşılaşdılar və 1:0 hesabı ilə gələrək ilk dəfə turnir cədvəlinə başçılıq etdilər. Amma elə növbəti turda “Dinamo” (Stavropol) ilə heç-heçə edərək üçüncü yerə düşdülər.
12-ci turda “Terek”ə qalib gələn (2:0) gəncəlilər bundan sonra beş qələbəsiz oyun seriyası keçirərək 2 dəfə heç-heçə edir, 3 dəfə məğlub olurlar və turnir cədvəlində yeddinci yerə düşürlər. 18 və 19-cu turlarda iki qələbə qazanan komanda birinci dövrəni 22 xalla altıncı yerdə başa vurur.
Əvəzində ikinci dövrəyə yaxşı başlanılır. Komanda ilk beş oyunda 4 qələbə qazanır və yalnız liderlər qrupunda olan “Dauqava” (Riqa) ilə səfərdə heç-heçə oynayır. Öncədən deyim ki, gəncəlilərin bu oyunda məğlub olmamaları turnirin sonunda həlledici amilə çevriləcək.
Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirən “Dinamo” 28-ci turdan sonra yenə turnir cədvəlinə başçılıq edir. Amma növbəti turda Krasnodarda “Kuban”a 0:2 hesabı ilə məğlub olur və komandalar cədvəldəki yerlərini dəyişirlər. Növbəti dörd turda “Dinamo” qeyri-sabit çıxış edir, 1 qələbə qazanır, 2 heç-heçə edir, 1 dəfə məğlub olur. Nəticədə liderlə xal fərqi artır.
33-cü turdan sonra, yəni turnirin başa çatmasına beş tur qalarkən “Kuban” 46 xalla birinci yeri tuturdu. Gəncəlilər, onların leninqradlı həmklubları və “Dauqava” 42 xalla 2-4-cü yerləri bölüşürdülər. Artıq xal itirmək olmazdı.
34-cü turda “Dauqava” Leninqrad “Dinamo”sunu 2:1 hesabı ilə məğlub etdi, “Kuban” Tkibulidə “Meşaxte”yə uduzdu – 0:1. Gəncəlilər isə evdə “Spartak” (Orconikidze) üzərində qələbə qazandılar – 4:0.
35-ci turda “Dinamo” (Leninqrad) Tbilisidə “Lokomotiv”ə 0:1 hesabı ilə məğlub oldu. “Kuban” Krasnodarda “Jalgiris”lə oyunda xal itirdi - 0:0. “Dauqava” İvanovoda “Tekstilşik” (2:1), gəncəlilər isə evdə “Traktor” (Volqoqrad) üzərində (2:0) qələbə qazandılar.
36-cı turda “Dinamo” (Leninqrad) dalbadal üçüncü oyunda məğlub olaraq birinci yer uğrunda mübarizəni dayandırdı. Bu dəfə onları “Spartak” (Orconikidze) məğlub etdi – 2:1. “Kuban” evdə Qomel “Spartak”ını (1:0), “Dauqava” Kazanda “Rubin”i (2:1), gəncəlilər isə evdə “Rostselmaş”ı (1:0) məğlub etdilər.
Sonuncudan əvvəlki - 37-ci turda “Dauqava” Kuban”ı qəbul etdi və 2:1 hesabı ilə qələbə qazandı. “Dinamo” (Kirovabad) isə Batumidə yerli “Dinamo”nu məğlub etdi - 2:0. Beləliklə, gəncəlilər və riqalılar hərəyə 50 xal toplayaraq, “Kuban”dan önə keçdilər. Amma şəxsi görüşlərin nəticələri “Dinamo”nun xeyrinə idi (1:0 və 0:0).
Son turda “Kuban” Kalininqradda “Baltika”ya uduzdu – 0:1. “Dauqava” “Dinamo (Stavropol) üzərində qələbə qazandı - 2:1. Amma bu yetərli olmadı. Gəncə “Dinamo”su Tkibulidə “Meşaxte”ni 3:1 hesabı ilə məğlub edərək, birinci zonanın qalibi oldu.
***
Liqanın ikinci zonasında SKA (Kiyev), üçüncü zonasında isə “Şaxtyor” (Karaqanda) qalib gəlmişdi. Reqlamentə görə bu üç komanda Yüksək liqaya yeganə vəsiqəni öz aralarındakı mini-turnir vasitəsilə müəyyənləşdirməli ildilər.
“Dinamo” ilk oyunu Karaqandada keçirdi və 0:1 hesabı ilə məğlub oldu. İkinci oyunda Gəncədə SKA ilə heç-heçə qeydə alındı – 0:0. Üçüncü turda Gəncədə “Şaxtyor” məğlub edildi - 1:0. Sonuncu turda isə Kiyevdə “hərbçilər”lə qarşılaşdılar. Oyun gəncəlilərin qələbəsi ilə (3:2) yekunlaşdı. Hərçənd, bu oyunun danışılmış olması iddiaları mövcuddur. Hətta belə olsa da, həmin matç həlledici olmadı.
“Dinamo” və “Şaxtyor” hər ikisi 5 xal topladı, şəxsi görüşlərin nəticələri də eyni idi. Belə olduqda, bitərəf meydanda, Daşkənddə əlavə oyun keçirildi. Noyabrın 21-də baş tutan və 35 min tamaşaçının izlədiyi oyunda həlledici qol 70-ci dəqiqədə vuruldu. Gəncəlilərin müdafiəçisi Aleksandr Kazmin sağ cinahla irəliləyərək rəqibin cərimə meydançasına hava ötürməsi etdi, burada isə Ramis Muritov baş zərbəsi ilə topu qapıdan keçirdi. Qalan vaxt ərzində hesab dəyişmədi.
Gəncəyə dönən futbolçuları dəmiryolu vağzalında böyük izdiham qarşıladı. Onlar üstüaçıq UAZ avtomobillərində şəhəri dövrə vuraraq şəhər teatrının binasına gəldilər. Burada onlara müxtəlif hədiyyələr verildi, şənlərinə çıxışlar edildi. Əlbəttə, sevinən təkcə gəncəlilər deyildi. Bütün respublika “Neftçi”nin iki il əvvəl SSRİ çempionatında bürünc medal qazanmasından sonra Azərbaycan futbolunun növbəti uğuruna sevinirdi.
***
Təəssüf ki, “Dinamo” Yüksək liqada möhkəmlənə bilmədi. Komanda 10-cu turdan sonra sonuncu yerdə qərarlaşdı və mövsümün sonuna qədər buranı tərk etməyi bacarmadı. 38 oyunda 5 qələbə qazanan, 9 dəfə heç-heçə edən və 24 dəfə məğlub olan “Dinamo” 19 xalla sonuncu yeri tutaraq Birinci liqaya qayıtdı. Bir il sonra isə İkinci liqaya düşdü və SSRİ dağılana qədər burada oynadı.
***
“Dinamo” Kirovabad Birinci liqanın qızıl medalını qazanan yeganə Azərbaycan klubu oldu. İki dəfə Birinci liqadan Yüksək liqaya qalxan “Neftçi” bunu bir dəfə liqanın genişlənməsi hesabına, bir dəfə də ikinci yeri tutaraq etmişdi.
1967-ci ildə “Dinamo”nun heyətində çıxış edən futbolçular aşağıdakılar idi:
№ | Ad, soyad | oyun | qol |
1 | Zahid Hüseynov | 24 | -14 |
2 | Çingiz İsmayılov | 6 | -4 |
3 | Zakir Süleymanov | 14 | -10 |
4 | Nurəddin Əliyev | 28 | 7 |
5 | Vazgen Hayrapetyan | 8 | 1 |
6 | Rafiq Batrayev | 38 | 1 |
7 | Aleksandr Kazmin | 38 | 4 |
8 | Müzəffər Qasımov (k) | 39 | 6 |
9 | Lev Lyubarski | 41 | 0 |
10 | Yusif Məhərrəmov | 43 | 4 |
11 | Ramis Muritov | 42 | 11 |
12 | Hafiz Namazov | 31 | 0 |
13 | Nizami Salahov | 37 | 10 |
14 | Anatoli Spikin | 15 | 1 |
15 | Valeri Stupin | 31 | 2 |
16 | Boris Falkovski | 43 | 0 |
17 | Vyaçeslav Filatov | 36 | 7 |