Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Ölüm yarğanı: Babi Yar dəhşəti və cinayətə bərabər biganəlik...
“Xəndək 2-3 cərgə meyitlə dolduqdan sonra onların üzərinə torpaq tökürdülər”

85 il əvvəl Kiyevin şimal-qərbində yerləşən Babi Yarda kütləvi güllələnmələr başladı. 1941-ci il sentyabrın 29-dan oktyabrın 11-dək SS dəstələri və onların yerli əlaltıları şəhərin, demək olar ki, bütün yəhudi əhalisini — 50 mindən çox kişi, qadın və uşağı orada qətlə yetirdilər. Babi Yar qırğını Holokostun - yəhudilərin ucdantutma məhv edilməsinin başlanğıcı sayılır. 

Babi Yar və Auşvits Holokostun ən dəhşətli və ən məşhur simvollarıdır.

Babi Yar faciəsi düşmənlərdən daha çox biganə insanlardan qorxmaq lazım gəldiyini deyən məşhur aforizmi xatırlamağa vadar edir.

“Gəlməyə borcludurlar”

Uzunluğu 2,5 kilometr olan, bəzi yerlərdə dərinliyi 50 metrə çatan yarğan 1401-ci ildən bu adla tanınırdı. Həmin il bir meyxana sahibəsi yarğanın ətrafındakı torpağı dominikan monastırına satmışdı.

1941-ci il sentyabrın 19-da vermaxtın hissələri Kiyevə daxil oldu. Babi Yarda ilk güllələnmə sentyabrın 27-də baş verdi. Yaxınlıqdakı psixiatrik klinikanın 752 xəstəsi öldürüldü. Məlum olduğu kimi, nasistlər ruhi xəstələri “insan tullantısı” hesab edirdilər.

Elə həmin gün işğal hakimiyyəti şəhər boyu təxminən iki min elan yaydı:

“29 sentyabr saat 8-ə qədər şəhərin yəhudi əhalisi sənədləri və qiymətli əşyaları ilə birlikdə göstərilən toplanış məntəqəsinə gəlməyə borcludur. Əmrə tabe olmayanlar güllələnəcək”.

SS dəstələri Kiyevin doqquz tanınmış ravvinini həbs edib belə bir bəyanatla çıxış etməyə məcbur etdilər: “Sanitar təmizlənmədən sonra yəhudilər və onların uşaqları təhlükəsiz yerlərə aparılacaqlar”. Toplanış yeri kimi Babi Yar müəyyən edilmişdi.

Küçənin sonunda bir darvaza qurmuşdular. İnsanları 30-40 nəfərlik qruplarla içəri buraxır, onların əşyalarını və paltarlarını əllərindən alırdılar. Sonra yerli polislər qurbanları dəyənəklərlə yarğanın kənarındakı torpaq bənddə açılmış keçidlərə tərəf qovurdular. Qarşı tərəfdə pulemyotçular oturmuşdu. Güllələnənlərin cəsədləri yamacdan aşağı yuvarlanaraq yarğanın dibinə düşürdü. Xəndək 2-3 cərgə meyitlə dolduqdan sonra onların üzərinə torpaq tökürdülər.

İlk iki gündə 33 771 nəfər öldürüldü. 1, 2, 8 və 11 oktyabrda əmrə əməl edib gəlməyənlər — təxminən 17 min nəfər — güllələndi.

Babi Yarda kütləvi qırğınlar Kiyevin 1943-cü ilin noyabrında işğaldan azad edilməsinə qədər davam etdi. Girovlar, gizli müqavimət iştirakçıları və partizanlar, yaxınlıqdakı Sırets həbs düşərgəsinin məhbusları, qaraçılar və karaimlər güllələnirdilər.

1942-ci il yanvarın 10-da Dnepr dəstəsindən olan Pinsk hərbi donanmasının əsir götürülmüş təxminən yüz matrosu öldürüldü. 1943-cü il fevralın 18-də isə məşhur “ölüm matçında” iştirak etmiş Kiyev “Dinamo” futbol klubunun oyunçuları Nikolay Truseviç, İvan Kuzmenko və Aleksey Klimenko qətlə yetirildi (amma güllələnmə matçla əlaqədar deyildi - Pressklub).

Babi Yar beş qaraçı taborunun məhv edildiyi yerə çevrildi. Orada Ukraynanın müstəqilliyini müdafiə edən Ukrayna Millətçiləri Təşkilatının (OUN) 621 üzvü də güllələndi. Onların arasında şairə Yelena Teliqa və onun “Ukrainskoye slovo” qəzetindəki həmkarları da vardı.

Babi Yarda cəsədləri qazıb çıxarmağa və yandırmağa məcbur edilən Sırets düşərgəsinin 329 məhbusu 1943-cü il sentyabrın 29-na keçən gecə üsyan qaldırdı. Onlardan 18 nəfəri qaçıb xilas ola bildi.

Nəhəng kütləvi məzarlıqda basdırılan qurbanların dəqiq sayını müəyyən etmək mümkün olmayıb. Ən etibarlı rəqəm 70 min hesab olunur, lakin bəzi mənbələr 100-120 min nəfərdən danışır.

Kütləvi qətllərin əsas təşəbbüskarı, C “Einsatzqruppe” 4a “Sonderkommando” dəstəsinin komandiri Paul Blobel müharibədən sonra ABŞ hərbi məhkəməsi tərəfindən mühakimə edildi və 1951-ci il iyunun 7-də Nürnberqdə asıldı. Kiyevin hərbi komendantı, general-mayor Kurt Eberhard və şəhərin mülki qubernatoru (baş komissarı) Helmut Kvitçrau məsuliyyətə cəlb edilmədilər və ömürlərini Qərbi Almaniyada təbii ölümlə başa vurdular. Yerli polisin rəisi Andrey Orlik isə 1942-ci il iyulun 25-də Kiyevdə naməlum şəxs tərəfindən güllələndi.

Qərb və Şərq

Nasizmin vəhşi mahiyyəti coğrafi uzunluqdan asılı deyildi. Lakin Avropada və işğal olunmuş sovet ərazilərində həyata keçirilən Holokost arasında gözə çarpan iki fərq vardı.

Birincisi — sağ qalanların faizi.

1938-ci ilin noyabrında baş vermiş “Büllur gecə”yə qədər nasistlər heç olmasa müəyyən dərəcədə dünya ictimaiyyətinin fikri ilə hesablaşırdılar. Yəhudiləri hüquqlardan məhrum edir, talayır və qorxudurdular, lakin nadir istisnalarla onları öldürmürdülər. Təxminən 600 min alman yəhudisindən üçdə ikisi ölkədən gedə bildi.

Fransadakı 350 min yəhudidən 83 mini öldürüldü. Polşa yəhudilərinin təxminən 40 faizi, həmçinin çex, niderland və belçika yəhudilərinin təxminən dörddə biri Holokostdan sağ çıxdı.

Danimarkanın işğalından sonra işğalçılar yerli yəhudilərə paltarlarına sarı ulduz tikməyi əmr etdikdə, kral və kraliça da eyni şeyi etdilər və bu şəkildə Kopenhagen sahilində gəzintiyə çıxdılar. Bir neçə gün sonra Danimarkanın bütün yəhudiləri — təxminən 8 min nəfər — hakimiyyət orqanlarının və əhalinin tam dəstəyi ilə dəniz yolu ilə İsveçə keçirildi.

Rumıniyadan başqa, peyk ölkələrinin hökumətləri öz vətəndaşlarının öldürülməsinə yol verməyəcəklərini qəti şəkildə bildirdilər. Nasistlər İtaliya və Macarıstanda “yəhudi məsələsinin həlli”nə yalnız 1943-1944-cü illərdə, bu ölkələri işğal etdikdən sonra başlaya bildilər.

Sovet ərazisində nasistlərin əlinə keçən üç milyon yəhudidən 2,825 milyonu — təxminən 94 faizi — öldürüldü.

Sağ qalan azsaylı insanların əksəriyyəti Rumıniyanın işğal zonasında idi. İlk vaxtlar Antoneskunun adamları da Hitler tərəfdarlarından heç də az qəddarlıq etmirdilər. Lakin Stalinqraddan sonra qətlləri dayandırdılar və hətta gettolardakı məhbuslara beynəlxalq humanitar yardımın çatdırılmasına icazə verdilər.

İkinci fərq ondan ibarət idi ki, Avropada, hətta Almaniyanın özündə belə, yəhudilərin fiziki məhvinin özü məşum “reyxin sirlərindən” biri idi.

Məhvə məhkum edilmiş insanlara əvvəlcə paltarlarına sarı ulduz tikmək əmr olunurdu, sonra onları gettolarda cəmləşdirir, yalnız bundan sonra, çox vaxt bir neçə il keçdikdən sonra ölümə göndərirdilər. Ölüm düşərgələri insanların gözündən uzaqda tikilirdi, qurbanları bütün Avropanı keçən qatarlarla ora aparır, müharibə şəraitində dəmir yolu nəqliyyatını bu məqsədlə yükləyirdilər. Yerli polis gettoları qoruyur və konvoy funksiyalarını yerinə yetirirdi, lakin ən azı qitənin qərb hissəsində qətllərdə birbaşa iştirak etmirdi.

Bununla yanaşı, əhaliyə yəhudilərin sadəcə şəhərlərdən köçürüldüyü barədə yalan danışırdılar. Əlbəttə, aldanmaq istəməyənlər burada nəsə düz getmədiyini anlaya bilərdilər. Lakin müharibədən sonra müttəfiqlərin qəzəbli suallarına Holokost haqqında heç nə bilmədiklərini söyləyən sıravi almanlar, bəlkə də, o qədər də qeyri-səmimi deyildilər.

Reyxin süqutundan sonra Bavariyanın amerikalı qubernatoru Corc Patton Auşvist  haqqında sənədli filmin maaş verilən gün iş yerlərində nümayiş etdirilməsini əmr etdi. Əvvəlcə kinozal, sonra maaş kassası!

Şərqdə isə yəhudiləri uzaqlara aparmır, dərhal, hamının gözü qarşısında öldürür və qətllərdə iştirak etmək istəyənlərdən kütləvi şəkildə istifadə edirdilər.

Bütün Kiyev Babi Yarda nə baş verdiyini bilirdi. “İşin” əsas və ən çirkli hissəsini — insanları soyundurmaq, uşaqları valideynlərindən ayırmaq və onları dəyənəklərlə pulemyotların qarşısına qovmaq işini “heyətin” təxminən 70 faizini təşkil edən yerli kollaborasionistlər görürdülər.

Almanlar polislərin əhəmiyyətli bir hissəsini, ən azı 1941-ci ilin sentyabrında, Kiyevə Qalisiyadan gətirmişdilər. Lakin şəhərin bir çox yerli sakinləri də heç də ləyaqətli davranmırdılar.

Berlin bütün nəhəng Şərq cəbhəsinə ümumi sayı üç min nəfər olan dörd “Einsatzgruppe” göndərmişdi. Onların 600 nəfərini sürücülər, tərcüməçilər, rabitəçilər və digər texniki əməkdaşlar təşkil edirdi. Tarixçi Mark Solonin qeyd edir ki, SS-çilər bu qədər qüvvə ilə başqa ölkədə yəhudinin kim olduğunu müəyyənləşdirməyə, Reyxin mövcudluğu üçün nəzərdə tutduqları min il qədər vaxt sərf etməli olardılar.

Kiyev yəhudilərinin üçdə biri sentyabrın 29-da Babi Yara gəlmədi. Lakin iki həftədən də az müddətdə onların, demək olar ki, hamısı müəyyən edilərək öldürüldü.

Cəsədlər qalağının altından gecə çıxaraq partizanları tapa bilmiş 29 yaralının adı məlumdur. Şəhərdə işğaldan sağ çıxan yəhudilərin sayı dəqiq bilinmir, lakin mövcud məlumatlara görə, on nəfərdən çox olmayıb. Güllə ilə öldürülməmək şansı satqınlıqla təhvil verilməmək şansından daha çox idi. 

Xüsusi “şmaltsovnik” termininin meydana çıxması da təsadüfi deyildi. Bu söz tanıdıqları yəhudilərdən pul, əşya və zinət əşyalarını hədə-qorxu ilə alan, sonra onları son qəpiyinə qədər soyaraq polisə təhvil verən insanları ifadə edirdi. Sözlər dilə səbəbsiz daxil olmur. Deməli, bu hadisə kifayət qədər geniş yayılmışdı.

Mənəvi çürümə

Bir çox tarixçi davranışdakı bu fərqi sovet yəhudilərinin Oktyabr inqilabında və bolşevik hakimiyyətinin qurulmasında geniş iştirak etməsi ilə izah edir.

Babi Yarda öldürülənlər komissarlar, çekistlər və “kef-damaqda olan rəhbərlər” deyildilər. Lakin nasistlər kollektiv məsuliyyət prinsipindən tam istifadə etdilər. Qırmızı Ordunun geri çəkilən kolonlarının üzərinə təyyarələrdən səpdikləri vərəqələrdə ən geniş yayılmış şüar “Cuhud siyasi rəhbəri vur!” idi.

Belarus Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Panteleymon Ponomarenko müharibənin artıq dördüncü günü Stalinə məruzə edirdi ki, “onların bütün şifahi və yazılı təbliğatı yəhudilərə və kommunistlərə qarşı mübarizə bayrağı altında aparılır və bunlar sinonim kimi təqdim olunur”.

Bir sıra tədqiqatçılar, xüsusən Mark Solonin və Andrey Burovski isə başqa bir səbəbə də diqqət çəkirlər: faciədən əvvəlki 25 il ərzində sovet xalqının məruz qaldığı mənəvi çürüməyə.

Avropada Holokostu gizlətmək lazım gəlirdi, çünki sivil ölkələrin sakinlərində günahsız insanların məhv edilməsi yalnız dəhşət və ikrah doğura bilərdi. “Yəhudilər Məsihi çarmıxa çəkiblər” arqumenti XX əsrdə artıq işləmirdi. Bütöv bir xalqı irqi baxımdan natamam elan etmək isə hollandların və ya fransızların böyük əksəriyyətində yalnız narahatlıq yaradardı: bu gün yəhudilərlə belə davranırlar, bəs sabah kiminlə?

Sovet vətəndaşlarını məhkəməsiz və şəxsi təqsiri olmadan kütləvi qətllərə, absurd ittihamlarla və başqalarının günahlarına görə repressiyalara, donos yazmaq məcburiyyətinə və təqib olunanların müdafiəsinə qalxmağın ölümcül təhlükəli olduğuna alışdırmışdılar: “sən bu gün öl, mən sabah”.

Qırmızı terroru, qolçomaqsızlaşdırmanı və Qolodomoru görmüş insanlar üçün Babi Yarda baş verənlər qeyri-adi deyildi: dünən birilərini güllələyirdilər, bu gün başqalarını.

Dövlətin mövqeyi

Perestroykaya qədər SSRİ-də Holokost haqqında çox ehtiyatla danışırdılar və əsasən bunu xarici auditoriya üçün edirdilər. Bütün dünyada çoxdan tanınan bu termindən isə demək olar ki, istifadə olunmurdu. Güllələnərək kütləvi məzarlıqlarda basdırılan qurbanlardan danışarkən “bizim insanlar” kimi mücərrəd ifadələr işlədilirdi.

Kiyev azad edildikdən sonra dərc olunan, alman-faşist işğalçılarının törətdiyi cinayətlərin müəyyənləşdirilməsi və araşdırılması üzrə Fövqəladə Dövlət Komissiyasının (ÇQK) Babi Yar faciəsi ilə bağlı məlumatında Molotovun göstərişi ilə “yəhudilər” sözü “dinc sovet vətəndaşları” sözü ilə əvəz edilmişdi. 

40 il ərzində Minsk istisna olmaqla, heç bir sovet şəhərində soyqırım qurbanlarına xüsusi həsr olunmuş abidə yox idi. 1940-cı illərin sonunda ictimaiyyətin təşəbbüsü ilə Pskov vilayətinin Nevel şəhərində ucaldılmış abidədəki altıguşəli ulduzu isə çəkic və kəski ilə beşguşəli ulduza çevirmişdilər.

Ali Baş Komandanlıq Qərargahının 1941-ci il iyulun 2-də verilmiş “Əhalinin və maddi sərvətlərin təxliyəsinin qaydası haqqında” 45 saylı direktivi, digər məsələlərlə yanaşı, “xəstə atları yerindəcə məhv etmək” barədə göstərişin yer aldığı kifayət qədər müfəssəl sənəd idi. Lakin orada yəhudilərin və ya heç olmasa onların uşaqlarının ilk növbədə təxliyəsi barədə bircə kəlmə də yox idi.

Əlbəttə, 1941-ci ilin yayında milyonlarla insanı mütəşəkkil şəkildə şərqə köçürmək real deyildi. Lakin hakimiyyət heç olmasa “Kim bacarırsa, canını qurtarsın!” çağırışı da etmədi. Halbuki “yeni qayda” şəraitində bütün digər vətəndaşları ağır və sevincsiz həyat, yəhudiləri isə qaçılmaz və amansız ölüm gözləyirdi.

Molotov-Ribbentrop paktının imzalanmasından müharibənin başlanmasına qədər sovet mətbuatı Almaniya haqqında yalnız müsbət və ya neytral ruhda yazırdı. Ukrayna və Belarus yəhudilərinin Holokost barədə heç bir təsəvvürü yox idi və 1918-ci il nümunəsindəki “mədəni almanlar” haqqında təsəvvürlərlə yaşayırdılar.

Artıq adı çəkilən Panteleymon Ponomarenko yəhudiləri işğalçılara qarşı kifayət qədər fəal müqavimət göstərməməkdə ittiham edəcək qədər həyasız idi. Halbuki özü və ətrafındakılar almanların yaxınlaşmasından üç gün əvvəl mühafizəçilərin müşayiəti ilə avtomobillərdə Minskdən qaçmışdılar.

Son illərdə dərc edilmiş partizan hərəkatının Mərkəzi Qərargahının sənədləri arasında yəhudilərin xilas edilməsinə yönəlmiş bircə əmr belə aşkar edilməyib. Halbuki, məsələn, Polşa Krayova Ordusunda “Yəhudilərə yardım radası” adlı xüsusi şöbə fəaliyyət göstərirdi.

Babi Yarın üzərində abidələr var

1961-ci ildə Yevgeni Yevtuşenko sonralar 72 dilə tərcümə ediləcək “Babi Yar” poemasını yazdı. Poema “Babi Yarın üzərində abidə yoxdur” misrası ilə başlayır və bu sözlərlə bitirdi: “Mənim qanımda yəhudi qanı yoxdur. Amma mən köhnəlmiş kinimlə bütün antisemitlərə yəhudi kimi nifrət edirəm və buna görə də mən xalis rusam!”

Müəllif, sərt tənqidə məruz qaldı, o cümlədən 1963-cü il martın 8-də mədəniyyət xadimləri ilə qalmaqallı görüşdə Xruşşovun dilindən. “Literaturnaya qazeta”nın redaktoru Valeri Kosolapov isə “Babi Yar” dərc edildikdən qısa müddət sonra vəzifəsini itirdi.

İşğal olunmuş Kiyevdə uşaq vaxtı yaşamış yazıçı Anatoli Kuznetsov 1966-cı ildə “Babi Yar” adlı sənədli roman yaratdı. Romanın parçaları “Yunost” jurnalında dərc edildi. Kuznetsov mühacirət etdikdən sonra jurnalın nüsxələri kitabxanalardan yığışdırıldı. Roman tam şəkildə Rusiyada yalnız 1990-cı illərdə nəşr olundu.

Ukrayna SSR hakimiyyəti həlak olanların xatirəsinə abidə ucaldılması barədə qərarı hələ 1945-ci ilin martında qəbul etmişdi. Lakin abidə faciənin 35-ci ildönümündən bir qədər əvvəl, 1976-cı il iyulun 2-də açıldı. Monumentin üzərində belə yazılmışdı: “Babi Yarda alman faşistləri tərəfindən güllələnmiş sovet vətəndaşlarına və Sovet Ordusunun hərbi əsir əsgər və zabitlərinə”.

1991-ci il sentyabrın 29-da, kütləvi qətllərin başlanmasının 50-ci ildönümündə Babi Yar ətrafında bürüncdən menora formasında abidə ucaldıldı. 2009-cu il sentyabrın 29-da isə işğalçıların Babi Yara gəlmək barədə əmrini oxuyan oğlanın heykəli qoyuldu. Həmçinin həlak olmuş uşaqlara, futbolçulara, din xadimlərinə və ukraynalı millətçilərə həsr olunmuş ayrıca abidələr və xatirə nişanları ortaya çıxdı. 

2005-ci ildə Ukrayna hökuməti Babi Yarı tarix-mədəniyyət qoruğu elan etdi. Muzey binasının tikintisi isə başa çatdırılmayıb.

Kurenyovka fəlakəti

Mistik bir təsadüfə görə, faciədən düz 20 il sonra bu ölümcül məkan yenidən qan tələb etdi.

Müharibədən sonra Babi Yar nəzarətsiz qaldı və kortəbii zibilliyə çevrildi. Uşaqlar kəllə axtarmaq üçün torpağı eşələyir, böyüklər isə qızıl diş tacları axtarırdılar.

1951-ci ildə yarğanın qarşısı torpaq bəndlə kəsildi və yaxınlıqdakı kərpic zavodunun maye tullantıları ora axıdılmağa başlandı  1959-cu ildə şəhər hakimiyyəti Babi Yarı tamamilə doldurmaq və həlak olanların sümükləri üzərində attraksionları olan park salmaq qərarına gəldi.

1961-ci il martın 13-də, bazar ertəsi günü, səhər saat təxminən 8:30-da qarın sürətlə əriməsi nəticəsində bənd yarıldı. Eni 20, hündürlüyü isə 14 metr olan palçıq seli şəhərin Kurenyovka rayonuna doğru axdı.

Sonradan dərc edilmiş rəsmi hesabata görə, 145 nəfər həlak oldu. Kiyev tibb işçilərinin xatirələrinə istinad edən müasir tədqiqatçılar isə qurbanların sayının təxminən 1 500 nəfər olduğunu bildirirlər. 

Palçıq kütləsi 30 hektar ərazini basdı, 244 evi, stadionu və tramvay deposunu dağıtdı. 

Hakimiyyət fəlakət barədə məlumatı gizlətdi. Nekroloqu yalnız yerli “Veçerni Kiyev” qəzeti dərc etdi. Şəhərdə bir neçə gün ərzində şəhərlərarası və beynəlxalq telefon əlaqəsi kəsildi. 

Müəssisələrdə mülki matəm mərasimlərinin keçirilməsi qadağan edildi. Qurbanların çoxu Kiyevdə və şəhərdən kənarda müxtəlif qəbiristanlıqlarda, sənədlərində uydurma ölüm tarixləri və səbəbləri göstərilməklə dəfn edildi. Şahidlərin sözlərinə görə, meyitlərin bir hissəsi bərkiyərək donmuş palçıq kütləsinin altında qaldı.

“Aeroflot” təyyarələri marşrutlarını dəyişirdilər ki, sərnişinlər faciənin nəticələrini havadan görməsinlər.

Hadisənin araşdırılması və təqsirkarların məhkəməsi məxfi rejimdə aparıldı. Altı vəzifəli şəxs təhlükəsizlik qaydalarına əməl etmədiklərinə görə azadlıqdan məhrum edildi. Babi Yarın tikinti üçün istifadə olunmasının əsas təşəbbüskarı, şəhər icraiyyə komitəsinin sədri Aleksey Davıdov isə cəzalandırılmadı.

İnsanlar bir-birlərinə deyirdilər: “Babi Yar qisasını aldı!”

Hakimiyyət Babi Yarın bir hissəsini, nəhayət, doldurdu və ərazidən tikinti üçün istifadə etdi. Dəhşətli məkanın görkəmi ciddi şəkildə dəyişdi, həlak olanların qalıqları isə metrlərlə hündürlüyü olan torpaq qatının altında əbədi qaldı...

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada