
Müharibəyə qarşı çıxan, rəhbərə məktub yazan, 12 yaşında ölən səfir qız – HƏYAT HEKAYƏTİ
Samanta Smit SSRİ-yə necə gəldi və nə ilə getdi?
07 İyun 2025
Samanta Smit Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Yuri Andropovla yazışması və o zaman ABŞ ilə soyuq müharibə vəziyyətində olan SSRİ-yə səfəri sayəsində dünya miqyasında tanındı. O, Krımda yerləşən “Artek” sovet düşərgəsində oldu və qeyri-rəsmi “xoşməramlı səfir” titulunu qazandı. Samanta sülhün gənc simvoluna çevrilmişdi: onun səfəri ilə silahlanma yarışının dayandırılacağına və iki superdövlət arasında münasibətlərin tədricən normallaşacağına həm SSRİ-də, həm də ABŞ-da ümid yaranmışdı.
Samanta hesab edirdi ki, onun missiyası – müxtəlif ölkələrdən olan uşaqlar arasında sülh və dostluq yaratmaqdır. Ona dünyanın hər yerindən, xüsusilə də Sovet İttifaqından məktəblilər məktub yazırdılar. Onun təyyarə qəzasında ölümü isə bu gün belə, həm keçmiş SSRİ-də, həm də ABŞ-da müxtəlif konspirasiya nəzəriyyələri doğurur.
Sizə Samantanın hekayəsini və onun “Artek” düşərgəsinə səfərini danışacağıq – bu səfəri dünyanın hər yerindən yüzlərlə jurnalist və milyonlarla insan izləyirdi.
Samanta Smit 1973-cü ildə ABŞ-ın Men ştatının Houlton şəhərində Artur və Ceyn Smit ailəsində anadan olub. Atası Men Ştat Universitetində ingilis dili və ədəbiyyatını tədris edirdi, anası isə sosial işçi idi.
Valideynləri xatırlayırlar ki, qızları adi bir amerikalı uşaq idi: məktəb softbol komandasında oynayır, heyvanları, otüstü hokkeyi və pianoda ifa etməyi sevirdi. Onu fərqləndirən yeganə cəhət siyasətə marağı idi: cəmi 5 yaşı olanda, Kanadaya səfər edən Böyük Britaniya kraliçası II Elizabetə ilk məktubunu yazmış və hətta ona cavab da almışdı.

1982-ci ilin noyabrında 10 yaşlı Samanta həmin dövrdə yenicə Sov.İKP MK-nın Baş katibi olan Yuri Andropova məktub yazdı. Məktub qısa və birbaşa idi:
“Hörmətli mister Andropov. Mənim adım Samanta Smitdir. 10 yaşındayam. Sizi yeni vəzifəniz münasibətilə təbrik edirəm. Mən çox narahatam ki, Rusiya ilə Amerika arasında nüvə müharibəsi başlaya bilər. Siz müharibəyə başlamağın lehinə səs verəcəksiniz, ya yox? Müharibənin əleyhinəsinizsə, lütfən, müharibənin qarşısını almaq üçün nə etməyi planlaşdırdığınızı deyin. Siz, əlbəttə, mənim sualıma cavab verməyə məcbur deyilsiniz, amma cavab almaq istərdim. Niyə bütün dünyanı, ya da ən azı, bizim ölkəmizi ələ keçirmək istəyirsiniz? Tanrı dünyanı yaradıb ki, biz birlikdə yaşayaq və ona qayğı göstərək, onu işğal edək deyə yox. Lütfən, gəlin onun istəyinə əməl edək ki, hər kəs xoşbəxt olsun”.

Məktub ABŞ və SSRİ arasında soyuq müharibənin qızğın dövründə və silahlanma yarışının yeni mərhələsində yazılmışdı. Samantanın valideynləri xatırlayırlar ki, 1982-ci ilin sonlarında “Time” jurnalı Andropovun portretini üz qabığında yerləşdirmiş və ona bir neçə məqalə həsr etmişdi. Samanta bu məqalələri anası ilə birlikdə oxuyub, soruşmuşdu: “Hamı Andropovdan bu qədər qorxursa, niyə ona məktub yazıb soruşmurlar ki, doğrudanmı müharibə başlatmaq istəyir?” Valideynləri isə cavab vermişdi: “Özün niyə yazmayasan ki?”

Samantanın məktubu münbit zəminə düşdü. Avropa və ABŞ-də nüvə silahlarına və silahlanma yarışına qarşı etirazlar güclənmişdi. Gərginliyi daha da artıran bir başqa amil də rejissor Nikolas Meyerin “Növbəti gün” adlı post-apokaliptik filmi olmuşdu – bu film nüvə müharibəsindən sonrakı dünyanı təsvir edirdi. Filmi 100 milyondan çox insan izləmişdi və bu, televiziya filmləri arasında rekord göstərici idi.
Həm ABŞ-də, həm də SSRİ-də aparılmış sorğular göstərirdi ki, insanlar doğrudan da narahatdırlar və ABŞ ilə SSRİ arasında başlaya biləcək nüvə müharibəsinin bəşəriyyəti məhv edə biləcəyindən qorxurlar.
Samanta məktubunu 1982-ci ilin noyabrında SSRİ-yə göndərdi. 1983-cü ilin aprelində isə onun məktubundan bir hissə “Pravda” qəzetində dərc olundu. Məqalədə digər amerikalıların da məktublarından parçalar yer almışdı – belə anlaşılırdı ki, onlar da silahlanmadan narahat idilər və bu barədə Andropova yazmışdılar.
Samanta sovet qəzetində məktubunun dərc olunduğunu öyrəndikdə, SSRİ-nin ABŞ-dəki səfirinə yenidən məktub yazdı və soruşdu: Andropov ona şəxsən cavab yazacaqmı? Bir neçə həftə sonra Samanta Andropovun imzası ilə şəxsi cavab aldı – məktub rus dilində yazılmışdı və tam ingilis tərcüməsi də əlavə olunmuşdu.

Andropov məktubda Samantanı “cəsur və səmimi bir qız” adlandırır və onu Mark Tvenin kitabındakı Tom Soyyerin dostu Bekki Tetçerə bənzədirdi: “Bəli, Samanta, biz SSRİ-də çalışırıq ki, ölkələrimiz arasında müharibə olmasın, ümumiyyətlə, Yer üzündə heç bir müharibə baş verməsin”.
Andropov məktubun yazılmasında iştirak etmişdimi – indiyəcən dəqiq bilinmir. Amma sovet lideri qızı SSRİ-yə dəvət edirdi: “Ən yaxşısı – yayda gəl. Ölkəmizi tanıyarsan, yaşıdlarınla görüşərsən, dəniz kənarında yerləşən “Artek”də olarsan. Və özün görərsən ki, SSRİ-də hamı xalqlar arasında sülh və dostluq istəyir”.
Samanta valideynləri ilə birlikdə 1983-cü ilin iyul ayında SSRİ-yə gəldi. Amerikalı qız əvvəlcə Krımda yerləşən “Artek” düşərgəsinə aparıldı. Orada Samanta ənənəvi karavay və təntənəli mərasimlə qarşılandı. Ailənin sözlərinə görə, qız orkestrin onun üçün çalmasından və tamaşaçıların adını səsləndirməsindən şoka düşmüşdü.
Valideynləri xatırlayırlar ki, qıza qalmaq üçün iki variant təklif etdilər: düşərgədə uşaqlarla birlikdə və ya valideynləri ilə mehmanxanada. O, tərəddüd etmədən ilk variantı seçdi, çünki həmyaşıdları ilə daha çox ünsiyyət qurmaq istəyirdi.

Samanta “Morskoy” düşərgəsində yaşayırdı, burada tez-tez xarici qonaqlar qəbul olunurdu və xaricdən çoxlu uşaqlar gəlirdi. Lakin düşərgənin əməkdaşı Olqa Saxatova xatırlayır ki, yenə də Samantanı qarşılamazdan əvvəl düşərgə əsaslı təmizlənmiş və qaydaya salınmışdı — önəmli qonaqda yaxşı təəssürat yaratmaq üçün.
Samanta “Morskoy” düşərgəsinin qaydalarına uyğun yaşayırdı: səhər gimnastika edirdi, forma geyinirdi. Səfər bitməyə yaxın formanı çox bəyəndiyini deyərək, xatirə kimi saxlamaq istədiyini bildirdi. Xahiş Saxatovanı əvvəlcə karıxdırdı: çünki düşərgədə bütün forma komplektləri qeydiyyatda idi və Samanta formanı götürsəydi, dəstə rəhbərləri onu maaşlarından ödəməli olacaqdılar. Amma yekunda düşərgə rəhbərliyi Samantaya bir dəst forma – ağ köynək, ətək, pilotka və qalstuk – götürməyə icazə verdi.
Samanta həmçinin yazırdı ki, “Artek”də ilk dəfə dənizdə çimib: baxmayaraq ki, Men ştatı okean sahilində yerləşir, o, indiyədək yalnız hovuzda üzmüşdü. Dəniz suyunun duzlu olması onun üçün kəşf olmuşdu.

“Artek” rəhbərliyi Samantaya yaşıdı olan Nataşa Kaşirinanı təhkim etmişdi: qız ingiliscə yaxşı danışırdı, çünki anası ingilis dili müəlliməsi idi. Nataşanın işi sadəcə amerikalı qıza uyğunlaşmağa kömək etmək idi, lakin qızlar tezliklə dostlaşdılar və Samanta evə qayıtdıqdan sonra da əlaqə saxladılar.
1990-cı illərdə Nataşa və Olqa Saxatova Samantanın faciəvi ölümündən sonra ilk dəfə ABŞ-yə səfər etdilər. Bir neçə il sonra isə Kaşirina gələcək həyat yoldaşı — amerikalı kişi ilə tanış oldu və onunla birlikdə Kaliforniyaya köçdü.
SSRİ hakimiyyəti Samantanın səfərindən təbliğat məqsədilə istifadə edirdi: onun “Artek”də olduğu bütün müddət ərzində barəsində sənədli film çəkilirdi. Kadrlarda Smit üzgüçülük yarışlarında iştirak edir, teatr tamaşasının repetisiyasını edir, xeyli zarafatlaşır, gülür və müharibə əleyhinə “Qoy həmişə günəş olsun” adlı mahnını ingilis dilində oxuyur.
Vidalaşarkən demişdi: “Mən başqa ölkədən olan dostlarım üçün darıxacağam. Biz gələcəkdə də dost olaraq qalacağıq. Qoy bizim ölkələrimiz də dost olsun. Bir gün bura qayıdacağıma ümid edirəm. Mən səni sevirəm, “Artek”.
“Artek”dən sonra Samanta Smitin ailəsi Leninqrada (indiki Sankt-Peterburq) səfər etdi. Orada ona blokada barədə çox şey danışdılar, Tatyana Saviçevanın gündəliyini oxumağı da tövsiyə etdilər. Samantanın sözlərinə görə, “Artek”də olduğu müddətdə o, düşərgədə ünsiyyətdə olduğu demək olar ki, hər kəsin İkinci dünya müharibəsində doğmalarını itirdiyini öyrənmişdi. Bu, onun üzərində dərin təəssürat buraxmışdı. Deyirdi ki, məhz bundan sonra belə bir nəticəyə gəlib: müharibə bəşəriyyəti məhv edə bilərsə, o zaman ən vacib şey – onun heç vaxt başlamamasına nail olmaqdır.
Leninqraddan qayıtdıqdan sonra Smit Moskvada Böyük Teatrda, sirkdə, oyuncaq muzeyində və sovet gimnastlarının məşq etdiyi Krılatskoyedəki Olimpiya mərkəzində oldu.
Andropov onunla şəxsən görüşmədi, bunu məşğulluğu ilə əsaslandırdı: bəzi məlumatlara görə, həmin dövrdə baş katib ağır xəstə idi. Lakin o, Samantaya öz vizit kartını və bir çox xatirə hədiyyələri, o cümlədən səfərinə həsr olunmuş iki fotoalbom göndərdi.

Samanta ABŞ-yə məşhur şəxs statusunda qayıtdı. Onu televiziya proqramlarına dəvət etməyə başladılar, o, Hollivud seriallarında – “Çarlz cavabdehdir” və “Laym küçəsi”ndə rol aldı, “Disney” kanalı ilə əməkdaşlıq etdi: Demokratlar partiyasının ABŞ prezidentliyinə namizədlərindən müsahibələr alırdı.
Samanta 1985-ci il avqustun 25-də təyyarə qəzasında həlak oldu. Həmin gün o, atası ilə birlikdə Böyük Britaniyada serial çəkilişlərindən qayıdırdı. Onları evə aparan yerli hava yollarına məxsus kiçik təyyarə çətin hava şəraitində uçurdu. İstıntaqın rəsmi versiyasına görə, pilot eniş zamanı kiçik hava limanının enmə zolağından yan keçmişdi. Təyyarədə altı sərnişin və iki pilot vardı, onlardan heç biri sağ qalmadı.
SSRİ-də Samantanın ölümü müxtəlif konspirasiya nəzəriyyələri doğurdu. Lakin ABŞ-nin Nəqliyyatda təhlükəsizlik üzrə milli şurasının apardığı istintaq göstərdi ki, faciə yalnız pilotun günahı ucbatından baş verib.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada