Logo
news content
User
Kateqoriyalar

Araşdırma

“Məndən başqa hamı ölmüşdü...” – İNANILMAZ TARİXÇƏ
Ən ağır aviaqəzalardan sağ çıxan yeganə insanların hekayəti

Bu xəbər 2025-ci ilin yayında, Hindistanda “Boeing 787” təyyarəsi qəzaya uğrayanda bütün dünyaya yayıldı: göyərtədə olan 242 nəfərdən yalnız biri – 40 yaşlı Vişvaş Kumar Rameş sağ qaldı. O, sadəcə sağ qalmaqla kifayətlənmədi, qəza yerindən öz ayaqları ilə uzaqlaşdı. Nadir hadisədir, amma unikal deyil. Sərnişin aviasiyasında onlarla, hətta yüzlərlə insanın həlak olduğu qəzalarda yalnız bir nəfərin sağ qaldığı hadisələr dəfələrlə baş verib. Ən azı 50 belə hadisə məlumdur. Bu yazıda onların ən heyrətamizlərini xatırlayırıq.

Vesna Vuloviçin hekayəsi: 10 kilometr yüksəklikdən yıxıldı və sağ qaldı.

Reys: Kopenhagen – Zaqreb, 26.01.1972

Təyyarə: JAT aviaşirkətinə məxsus “McDonnell Douglas DC-9”

Həlak olanların sayı: 27

Qəzanın səbəbi: göyərtədə partlayış

Sağ qalan: Vesna Vuloviç (22 yaşlı stüardessa)

Harada idi: təyyarənin quyruq hissəsində

22 yaşlı stüardessa Vesna Vuloviç təsadüf nəticəsində həmin reysə düşdü. Əslində uçuşa onun adaşı göndəriləcəkdi, amma aviaşirkətdə adlar səhv salınmışdı. Yuqoslaviya Hava Yollarına məxsus DC-9 təyyarəsi 1972-ci il yanvarın 26-da Kopenhagendən Zaqrebə uçurdu. Hər şey plana uyğun gedirdi. Lakin Şərqi Almaniya ilə Çexoslovakiya sərhədi üzərində, 10 kilometr yüksəklikdə təyyarə qəflətən havada parçalandı. Ehtimal olunur ki, buna xorvat radikallarının yerləşdirdiyi bomba səbəb olmuşdu.

Göyərtədə olan 27 nəfərin hamısı həlak oldu, yalnız stüardessa sağ qaldı. O, quyruq hissəsində təhlükəsizlik kəmərini bağlamış vəziyyətdə oturmuşdu. Zərbə zamanı yemək arabası onun oturacağını gövdənin divarına sıxmış, içində olduğu füzelyaj hissəsi isə qarla örtülü yamaca iti bucaq altında düşmüşdü ki, bu da zərbəni müəyyən qədər yumşaltmışdı.

Gənc qadın oturacaqda sıxılmış vəziyyətdə, qan içində və huşsuz halda tapıldı. Həkimlər onda kəllə-beyin travması, çanaq, ayaq və onurğa sınıqları müəyyən etdilər. Buna baxmayaraq, o sağ qaldı və paraşütsüz ən böyük hündürlükdən yıxılaraq sağ qalan insan kimi Ginnesin Rekordlar Kitabına düşdü.

Larisa Savitskayanın hekayəsi: 5 200 metr yüksəklikdə iki təyyarənin toqquşmasından sağ çıxdı

Reys: Komsomolsk-na-Amure – Blaqoveşensk, 24.08.1981

Təyyarə: “Aeroflot” aviaşirkətinə məxsus An-24

Həlak olanların sayı: 37

Qəzanın səbəbi: başqa təyyarə ilə toqquşma

Sağ qalan: Larisa Savitskaya (20 yaşlı sərnişin)

Harada idi: təyyarənin quyruq hissəsində

20 yaşlı Larisa Savitskaya 1981-ci il avqustun 24-də bal ayından qayıdırdı. O, əri ilə birlikdə “Aeroflot”un Komsomolsk-na-Amure – Blaqoveşensk reysi ilə uçurdu. İllüminator kənarındakı oturacağında mürgüləmişdi. Onu qəfil baş verən güclü zərbə oyatdı. Təyyarə havadaca parçalanırdı. 

An-24 sərnişin təyyarəsi 5200 metr yüksəklikdə hərbi Tu-16 ilə toqquşmuşdu. Uçuşlar koordinasiya edilməmişdi – Zavitinsk aerodromu yaxınlığında heç kimin mülki təyyarənin həmin ərazidə olmasından xəbəri yox idi. Salonun temperaturu saniyələr içində mənfi 30 dərəcəyə düşdü. Larisanın əri dərhal həlak oldu. Onun özü isə keçidə atıldı, lakin yenidən oturacağına qayıda bildi və var gücü ilə ona sığındı. 

Qızın olduğu füzelyajın quyruq hissəsi daş kimi yerə çırpılmadı. O, buludların arasından süzülərək meşəyə endi. Buna baxmayaraq, eniş çox sərt oldu. Larisa huşunu itirdi və yalnız bir neçə saat sonra ayıldı. Onun onurğası və qolu sınmış, demək olar ki, bütün dişləri tökülmüşdü. Lakin o yaşayırdı.

Larisa iki gün meşədə tək qaldı. Demək olar ki, yeməyi yox idi. Su ehtiyatı yalnız yağış suyu idi. O, normal yeriyə bilmirdi. Üçüncü gün xilasedicilər onu tapdılar. Hər iki təyyarədə olan 38 nəfərdən yalnız o sağ qalmışdı.

Aleksandr Sizovun hekayəsi: “Lokomotiv”in qəzaya uğradığı təyyarədə yeganə sağ qalan 

Reys: Yaroslavl – Minsk, 07.09.2011

Təyyarə: “Yak Servis” aviaşirkətinə məxsus Yak-42

Həlak olanların sayı: 44

Qəzanın səbəbi: ekipajın səhv hərəkətləri

Sağ qalan: Aleksandr Sizov

Harada idi: təyyarənin quyruq hissəsində (son sırada)

2011-ci il sentyabrın 7-də göyərtəsində “Lokomotiv” xokkey komandasını daşıyan təyyarə havaya qalxarkən uçuş-eniş zolağından çıxdı, qanadı ilə radiomayaka toxundu və Tunoşonka çayına düşdü. Təyyarə alovlandı və sağ qalmaq üçün demək olar ki, heç bir şans yox idi. Komandanın bütün əsas heyəti, məşqçilər korpusu və ekipaj daxil olmaqla 44 nəfər həlak oldu.

Yalnız bir nəfər – bort mühəndisi Aleksandr Sizov sağ qaldı. O, salonun son sırasında oturmuşdu. Zərbə zamanı kənara atıldı, çoxsaylı xəsarətlər və yanıqlar aldı. Özünə gələndə artıq suyun içində idi.

Xilasedicilərin sözlərinə görə, o, vəziyyətinin nə qədər ağır olduğunu anlamadan başqa bir yaralını xilas etməyə çalışırdı. Əvvəlcə Sizovu təsadüfən qəza yerinə gəlmiş balıqçı hesab etdilər və onu oradan uzaqlaşdırmağa çalışdılar. O da bir qədər uzaqlaşdı. Sonra geri qayıdaraq dedi: “Mən o təyyarədənəm...” Bundan sonra xilasedicilər onu qollarından tutaraq katerə qaldırdılar.

Həkimlər Sizovda çoxsaylı sınıqlar, yanıqlar və kəllə travması aşkarladılar. O, bir neçə əməliyyat keçirdi.

Araşdırma nəticəsində məlum oldu ki, təyyarə sürət yığan zaman pilotlardan biri səhvən əyləcə basırmış. Nəticədə təyyarə havaya qalxmaq üçün lazım olan sürəti toplaya bilmədi və bu da faciəyə səbəb oldu.

Corc Lemsonun hekayəsi: alova bürünmüş təyyarədən oturacağı ilə birlikdə bayıra atıldı

Reys: Reno – Minneapolis, 21.01.1985

Təyyarə: “Galaxy Airlines” aviaşirkətinə məxsus “Lockheed L-188 Electra”

Həlak olanların sayı: 70

Qəzanın səbəbi: pilotaj zamanı buraxılmış səhv

Sağ qalan: Corc Lemson (17 yaş)

Harada idi: salonun ön hissəsində

“Galaxy Airlines” aviaşirkətinin 203 saylı reysi 1985-ci il yanvarın 21-nə keçən gecə Nevada ştatında qəzaya uğradı. Bu, çarter reysi idi. Göyərtədə Superbouldan evə qayıdan azarkeşlər vardı. Havaya qalxdıqdan təxminən bir dəqiqə sonra ikinci pilot güclü vibrasiya barədə məlumat verdi və təcili olaraq hava limanına qayıtmağa icazə istədi. Lakin təyyarə geri dönməyə macal tapmadı. O, uçuş-eniş zolağından bir neçə kilometr aralıya düşərək parçalandı və alovlandı.

Göyərtədə olan 71 nəfərdən yalnız 17 yaşlı Corc Lemson sağ qaldı. O, təyyarənin ön hissəsində arakəsmənin yanında atası ilə yanaşı oturmuşdu. Təyyarənin idarəetməni itirdiyi aydınlaşanda Corc cəld bədənini yığdı və dizlərini sinəsinə tərəf çəkdi. Bir an sonra təyyarə yerə çırpılıb məhz onların oturduğu hissədən bölündü. Zərbənin təsirindən Lemson təhlükəsizlik kəməri ilə bağlı olduğu oturacaqla birlikdə təyyarədən çölə atıldı. O, alovun içindən keçərək avtomobil yolunun üzərinə düşdü.

Yeniyetməni ilk görən həmin yolla gedən yanğınsöndürən oldu. O, oturacaqda təhlükəsizlik kəməri ilə bağlı vəziyyətdə olan gənci görərək dərhal ona kömək göstərməyə başladı. Sonradan məlum oldu ki, Corcun atası və daha bir sərnişin də ilk anda sağ qalmışdı, lakin onlar aldıqları ağır yanıq və xəsarətlərdən həyatlarını itirdilər. Corc isə səkkiz gün sonra xəstəxanadan evə buraxıldı.

Araşdırma göstərdi ki, hər şey mühərrikin pnevmatik işə salınma sisteminin lyukunun bağlanmamasından başlamışdı. Bu, yerüstü texniki xidmət əməkdaşlarının səhvi idi. Açıq qalan lyuk güclü vibrasiyaya səbəb olmuş, daha sonra isə qeyri-adi vəziyyətdə çaşqınlıq yaşayan pilotların bir sıra yanlış qərarları faciə ilə nəticələnmişdi.

Vasili Andriyenkonun hekayəsi: sınıqlar və donvurma ilə tayqada sağ qaldı

Reys: Moskva – Petropavlovsk-Kamçatski, 29.02.1968

Təyyarə: “Aeroflot” aviaşirkətinə məxsus İl-18

Həlak olanların sayı: 83

Qəzanın səbəbi: ehtimal ki, uçuş zamanı yanacaq sızması

Sağ qalan: Vasili Andriyenko (21 yaşlı sərnişin)

Harada idi: məlumat yoxdur

1968-ci il fevralın 29-da Moskva – Krasnoyarsk – Petropavlovsk-Kamçatski marşrutu ilə uçan İl-18 təyyarəsi Bratskdan 165 kilometr aralıda tayqaya düşdü. Göyərtədə 84 nəfər var idi. Onlardan yalnız biri – 21 yaşlı müddətli hərbi xidmət qulluqçusu Vasili Andriyenko sağ qaldı.

Orduda nümunəvi xidmətinə görə ona qısa məzuniyyət verilmişdi. Məzuniyyət başa çatdıqdan sonra xidmət yerinə qayıtmalı idi və buna görə həmin təyyarəyə minmişdi. İrkutsk vilayəti üzərində uçarkən İl-18 qəfil idarəetməni itirdi. Hər şey bir neçə saniyə ərzində baş verdi. Sərnişinlər tavana tərəf atıldı, salonda çaxnaşma yarandı. Bir anda Andriyenko huşunu itirdi.

O, yalnız yerdə, təyyarə qalıqları və cəsədlər arasında ayıldı. Yaxınlıqda sağ qalmış bir qız vardı, həmçinin hava limanında tanış olduğu dənizçi də tərpənirdi. Lakin hər ikisi qısa müddət sonra onun gözləri qarşısında dünyasını dəyişdi.

Andriyenko ayağa qalxa bilmirdi. Ayaqları, onurğası və qolu sınmış, beyin silkələnməsi almışdı. Sonradan buna güclü şaxta səbəbindən donvurma və ağciyər iltihabı da əlavə olundu. Donmamaq üçün siqaret və budaqlardan, əli çatan hər şeydən kiçik tonqal qaladı. Beləcə gecəni keçirə bildi. Ertəsi gün onu meşə təsərrüfatı işçiləri tapdılar.

Qəzanın ən ehtimal olunan səbəbi kimi uçuş zamanı baş vermiş yanacaq sızması göstərildi.

Culiana Köpkenin hekayəsi: təyyarədən yerə düşdü və 10 gün cəngəllikdə sağ qaldı

Reys: Lima – Pukalpa, 24.12.1971

Təyyarə: LANSA aviaşirkətinə məxsus “Lockheed L-188 Electra”

Həlak olanların sayı: 91

Qəzanın səbəbi: ildırım vurması

Sağ qalan: Culiana Köpke (17 yaşlı sərnişin)

Harada idi: təyyarənin quyruq hissəsində (axırıncıdan əvvəlki sıra)

1971-ci il dekabrın 24-də “Lockheed Electra” sərnişin təyyarəsi Limadan Pukalpaya uçurdu. Milad bayramı ərəfəsi idi. Göyərtədə 17 yaşlı Culiana Köpke və anası da daxil olmaqla 92 nəfər vardı. Yaxınlaşan güclü tufana baxmayaraq ekipaj marşrutu dəyişməməyi qərara aldı. Bu, ölümcül səhv oldu. Təyyarə tufan cəbhəsinə daxil olduqdan sonra qanadına ildırım dəydi, yanğın başladı və təyyarə təxminən 3 kilometr yüksəklikdə havada parçalanmağa başladı. Təhlükəsizlik kəmərini bağlamış Culiana oturacağı ilə birlikdə təyyarədən bayıra düşdü. Onun həyatını sıx tropik meşənin hündür ağacları və lianaları xilas etdi. Onlar enişi yavaşıtdı və zərbəni xeyli zəiflətdi.

Culiana təyyarə parçaları arasında ayılanda tək qaldığını gördü. O, körpücük sümüyünün sınığı, beyin silkələnməsi və çoxsaylı yaralar almışdı. Sonradan yaraları iltihablandı. Bir neçə gün qəza yerində qalıb kömək gözlədi. Lakin axtarış-xilasetmə əməliyyatı nəticə vermirdi. Təyyarənin qalıqları ağacların sıx çətirləri altında görünmürdü, yanğını isə yağış söndürmüşdü. Nəhayət, bioloq olan atasının məsləhətlərini xatırlayaraq çayın axarı boyunca getməyə qərar verdi. Bilirdi ki, çay onu insanlara çıxara bilər.

O, tapdığı bir ovuc konfetlə qidalanaraq cəngəllikdə irəlilədi. Yaralarından birində irinli abses əmələ gəlmiş, ora hətta sürfələr dolmuşdu. Ağrı və həşəratlar səbəbindən gecələr demək olar ki, yatmırdı. Onuncu gün bir qayıq və daxma tapdı. Orada benzin də vardı. Uşaqlıqda atasının etdiyi kimi, yarasını benzinlə təmizlədi. Ertəsi gün yerli sakinlər onu taparaq xəstəxanaya çatdırdılar.

Sonradan xilasedicilər müəyyən etdilər ki, təyyarə yerə düşərkən ümumilikdə 14 nəfər sağ qalıb. Lakin Culianadan başqa onların hamısı kömək çatana qədər aldıqları xəsarətlərdən vəfat etmişdilər.

Yusif Cillalinin hekayəsi: havaya qalxarkən təhlükəsizlik kəmərini bağlamadı və sağ qaldı

Reys: Tamanrasset – Əlcəzair, 06.03.2003

Təyyarə: “Air Algerie” aviaşirkətinə məxsus “Boeing 737-200”

Həlak olanların sayı: 102

Qəzanın səbəbi: mühərriklərdən birinin sıradan çıxması və ekipajın səhvi

Sağ qalan: Yusif Cillali (28 yaşlı sərnişin)

Harada idi: təyyarənin quyruq hissəsində (son sırada)

2003-cü il martın 6-da “Air Algerie” aviaşirkətinin reysinin qəzaya uğraması nəticəsində 102 nəfər həlak oldu. Yalnız bir nəfər sağ qaldı. Onun həyatını isə adi təhlükəsizlik qaydasını pozması xilas etdi.

Təyyarə Tamanrasset şəhərindən Əlcəzairə daxili reys yerinə yetirirdi. Lakin havaya qalxdıqdan dərhal sonra problemlər başladı. Güclü guppultu səsi eşidildi, mühərriklərdən biri sıradan çıxdı, pilot kabinəsində isə qarışıqlıq yarandı. Pilotlar hərəkətlərini koordinasiya edə bilmədilər. Təyyarə sürətini itirdi və yerə çırpıldı.

Zərbədən sonra təyyarə alovlandı. Yanacaq çənlərinin tam dolu olması səbəbindən sərnişinlərin xilas olmaq şansı demək olar ki, yox idi. Son sırada əyləşən 28 yaşlı hərbçi Yusif Cillali sonradan bildirdi ki, təhlükəsizlik kəmərini bağlamamışdı. Təyyarə yerə düşərkən o, salonun bayırına atıldı və bu da onun həyatını xilas etdi. Beləliklə, o, yanğının baş verdiyi ərazidən kənara düşmüşdü. Cillali ağır xəsarətlərlə və koma vəziyyətində tapıldı.

Bu hadisə inanılmaz səslənsə də, ondan ibrət götürmək olmaz. Əksər hallarda təhlükəsizlik kəməri insan həyatını xilas edir. Cillalinin başına gələn isə olduqca nadir istisnalardan biridir.

Bayya Bakarinin hekayəsi: təyyarə qəzasından sonra doqquz saat okeanda sağ qaldı

Reys: Səna – Moroni (Komor adaları), 30.06.2009

Təyyarə: “Yemenia” aviaşirkətinə məxsus “Airbus A310”

Həlak olanların sayı: 152

Qəzanın səbəbi: eniş zamanı pilotların məkan oriyentasiyasını itirməsi və yanlış hərəkətləri

Sağ qalan: Bayya Bakari (13 yaşlı sərnişin)

Harada idi: təyyarənin quyruq hissəsində

2009-cu il iyunun 30-na keçən gecə “Yemenia” aviaşirkətinə məxsus “Airbus A310” təyyarəsi Komor adalarına eniş edirdi. Yəmənin paytaxtı Sənadan uçan reysin göyərtəsində 153 nəfər vardı. Sahilə çatmağa cəmi bir neçə dəqiqə qalmış təyyarə Hind okeanına düşdü. Bütün sərnişinlərdən yalnız 13 yaşlı fransız qız Bayya Bakari sağ qaldı.

O, anası ilə birlikdə Komor adalarında yaşayan nənəsini ziyarət etməyə gedirdi. Qəza anında təyyarənin quyruq hissəsində, illüminator kənarında yatmışdı. Suya çırpılma o qədər güclü oldu ki, təyyarə parça-parça oldu. Qız huşunu itirdi və ayılanda artıq açıq okeanda, xilasedici jiletsiz, təyyarə qalıqları və kerosin ləkələri arasında idi. İlk anda elə bildi ki, sadəcə pəncərədən yıxılıb və hələ də anasının onu tapacağına ümid edirdi.

Bayya təxminən doqquz saat suyun üzərində qaldı. Nəhayət, yerli axtarış qrupunda iştirak edən bir balıqçı onu gördü. Qızın çanaq və körpücük sümükləri sınmış, bədənində yanıq və sıyrıqlar vardı. Buna baxmayaraq, o, huşunu itirməmiş, hətta həkimlərlə danışa bilmişdi.

Rəsmi araşdırma müəyyən etdi ki, qəza güclü yan küləyi şəraitində eniş edə bilməyən pilotların səhvləri nəticəsində baş verib. Xəbərdarlıq sistemi yerə təhlükəli şəkildə yaxınlaşma barədə bir neçə dəfə siqnal versə də, ekipaj buna reaksiya verməmişdi.

Sesiliya Siçanın hekayəsi: bütün ailəsinin həlak olduğu qəzadan tək sağ çıxdı

Reys: Detroyt – Finiks, 16.08.1987

Təyyarə: “Northwest Airlines” aviaşirkətinə məxsus “McDonnell Douglas MD-82”

Həlak olanların sayı: 154

Qəzanın səbəbi: havaya qalxarkən ekipajın səhvi

Sağ qalan: Sesiliya Siçan (4 yaşlı sərnişin)

Harada idi: məlumat yoxdur

1987-ci il avqustun 16-da McDonnell Douglas MD-82 təyyarəsi Detroytdan havaya qalxarkən qəzaya uğradı. Təyyarə lazımi hündürlüyü toplaya bilmədi, işıq dirəyinə toxundu, avtomobil yoluna düşərək yolötürücüyə çırpıldı. Göyərtədə olan 155 nəfərdən yalnız dörd yaşlı Sesiliya Siçan sağ qaldı. 

Qız valideynləri və kiçik qardaşı ilə birlikdə evə qayıdırdı. Təyyarənin yerə çırpılması o qədər dağıdıcı olmuşdu ki, xilasedicilər sağ adam tapacaqlarına ümid etmirdilər. Onlardan biri təsadüfən zəif uşaq səsi eşitdi və dağıntılar arasında Sesiliyanı gördü.

Uşağın bədənində yanıq xəsarətləri vardı, kəllə sümüyü, ayağı və körpücük sümükləri sınmışdı. Həkimlər ona bir neçə dəri köçürülməsi əməliyyatı etdilər və qız möcüzə nəticəsində sağaldı. Sonralar Sesiliya etiraf edib ki, qəzanın baş verdiyi anı xatırlamır və həmin reysdə sağ qalan yeganə insan olduğunu belə uzun müddət bilməyib.

Faciənin səbəbi pilotların səhvi idi. Onlar havaya qalxmazdan əvvəl qanad mexanikləşdirmə sistemini (qanad örtüklərini) lazımi vəziyyətə gətirməmişdilər. Bu barədə xəbərdarlıq etməli olan sistem isə elektrik enerjisindən məhrum idi. Bunun səbəbini isə müəyyən etmək mümkün olmadı.

Vişvaş Kumar Rameşin hekayəsi: göyərtədəki 242 nəfər arasında yeganə sağ qalan

Reys: Əhmədabad – London, 12.06.2025

Təyyarə: “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner”

Həlak olanların sayı: 241

Qəzanın səbəbi: hələ müəyyən edilməyib, araşdırma davam edir

Sağ qalan: Vişvaş Kumar Rameş (40 yaşlı sərnişin)

Harada idi: təyyarənin ön hissəsində

Bu aviaqəza göyərtədə yalnız bir nəfərin sağ qaldığı hadisələr arasında ən çox insanın həyatını itirdiyi qəza oldu. 2025-ci il iyunun 12-də göyərtəsində 229 sərnişin və 12 ekipaj üzvü olan “Boeing 787” Hindistanın Əhmədabad şəhərindəki hava limanından havaya qalxdı. Lakin cəmi 30 saniyə sonra təyyarə yerli tibb kollecinin yataqxanasının üzərinə düşdü. Göyərtədə olanlardan yalnız 40 yaşlı Vişvaş Kumar Rameş sağ qaldı. Üstəlik, o, qəza yerini öz ayaqları ilə tərk edə bildi. 

Arxa sıraların daha təhlükəsiz olması barədə geniş yayılmış fikrin əksinə olaraq, Vişvaşın xilas olmasına onun təyyarənin ön hissəsində – 11A nömrəli oturacaqda, fövqəladə çıxışın yanında əyləşməsi kömək etmişdi. Təyyarə yerə düşərkən onun ön hissəsi yuxarı qalxmış vəziyyətdə idi və əsas zərbə quyruq hissəsinə dəymişdi.

Zərbədən sonra özünə gələn Vişvaş təhlükəsizlik kəmərini açdı və füzelyajda yaranmış dəlikdən çıxaraq qalıqların altından xilas oldu. Aldığı xəsarətlər ağır deyildi və o, bir neçə gün sonra xəstəxanadan buraxıldı.

Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib və araşdırma davam edir. 2025-ci ilin iyulunda açıqlanan ilkin məlumata görə, havaya qalxdıqdan dərhal sonra naməlum səbəbdən yanacaq təchizatı açarları “söndürülüb” vəziyyətinə keçirilib. Bu, hər iki mühərrikin dayanmasına və dartı qüvvəsinin itirilməsinə səbəb olub. Sonradan açarlar yenidən RUN rejiminə qaytarılıb, mühərriklərdən biri işini bərpa etməyə başlasa da, artıq vaxt çatmayıb.

Bu insanların hamısı heç kimin sağ qala bilmədiyi şəraitdə həyatda qaldılar. Onlara milyonlarla insanın möcüzə adlandıracağı bir şans nəsib oldu. Ancaq bu möcüzənin arxasında uzun illər davam edən ağrı, günahkarlıq hissi və heç vaxt tam barışmaq mümkün olmayan itkilər dayanırdı. Onların bir çoxu ən yaxınlarını, sağlamlığını, rahat yuxusunu itirdi. Qəzadan sonra isə tamam başqa bir həyat başladı – kabuslarla, psixoloji sarsıntılarla və bəzən ən yaxınlarının belə anlaya bilmədiyi uzun sükutla.

Bu ağrı ilə yaşamağı öyrənənlərdən biri də 1985-ci ildə Renoda baş vermiş təyyarə qəzasının yeganə sağ qalanı Corc Lemson idi. O, 2014-cü ildə CNN-in sənədli filmində belə demişdi: “Mənə elə gəlirdi ki, sağ qalmağa layiq deyildim. Bilirəm, qəribə səslənir. Amma həqiqətən özümü belə hiss edirdim”. 

Corc sonradan etiraf edirdi ki, eyni taleyi yaşamış digər yeganə sağ qalanlarla – Bayya Bakari və Sesiliya Siçanla ünsiyyət qurmaq ona bu ağır psixoloji yükün öhdəsindən gəlməyə kömək edib.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada