“İntihar planı”: generalitet rəhbəri necə aldatdı? – II YAZI
Sovetlər “əfqan bataqlığı”na necə düşdü?
14 Dekabr 2024
45 il əvvəl, 1979-cu il dekabrın 27-də SSRİ-nin Əfqanıstana hərbi təcavüzü baş verdi. Sovet rəhbərliyi əməliyyatın bir neçə ay çəkəcəyini düşünürdü, amma əfqan müharibəsi 9 ildən çox çəkdi və onsuz da ciddi iqtisadi problemlər yaşayan SSRİ-nin süqutunun əsas səbəblərindən biri oldu. “Radio Svoboda”nın bu haqda məqaləsini təqdim edirik.
Əvvəli: Burada
Əmin niyə Kremlin xoşuna gəlmədi?
Tərakinin ölümünün mühüm nəticəsi o oldu ki, onunla lap yaxınlarda görüşən Leonid Brejnevin mövqeyi dəyişdi. Tərakini devirəndə Brejnev Əmini Əfqanıstanın yeni lideri olması münasibətilə təbrik etdi. Baş katib ondan şəxsən xahiş etdi ki, keçmiş rəhbəri repressiya etməsin, amma onu öldürdülər.
Aldanmasından qəzəblənən Brejnevin mövqeyinin sərtləşməsi müdaxiləyə apardı. Xarici işlər naziri Qromıko əvvəlcə müdaxiləyə qarşı idi, indi o da mövqeyini dəyişdi. Partiya ideoloqları, ilk növbədə, Mixail Suslov və Boris Ponomaryov, Əfqanıstana “ikinci Monqolustan” variantında baxırdılar: feodalizmdən sosializmə “tullana” bilən ölkə kimi. Bu, böyük səhv idi, amma onların gözündə Kabildəki “mütərəqqi rejim”ə hərbi yardım göstərilməsinə bəraət qazandırırdı. Sovet rəhbərliyi anlamırdı ki, onların etdikləri sayəsində İslam fundamentalizminin təsiri güclənir və Amerikanın dünyadakı mövqeyi möhkəmlənir, yəni baş verməsini istəmədikləri proseslər baş verir.
Brejnev Əminin ortadan qaldırılmasına razılıq verdi: KQB iddia edirdi ki, Əmin ABŞ ilə dil tapmağa çalışır və sələfi qədər sovetpərəst siyasət yürütmək niyyətində deyil. Bunun sübutu yox idi, amma şübhələr KQB tərəfindən açıq-aşkar şişirdilirdi. Andropov və Ustinov Brejnevə qorxunc feyk ötürürdülər: Əfqanıstanda orta radiuslu Amerika raketlərinin yerləşdirilməsi ehtimalı böyükdür, o zaman Qazaxıstan və Sibirdəki mühüm sovet obyektləri hədəf altında qalacaq.
Moskvada Əmini devirmək və yerinə SSRİ-yə daha loyal lider qoymaq qərara alındı.
Bunun üçün Bəbrək Karməlin namizədliyi gözdən keçirilirdi, onu KQB sədri Andropov dəstəkləyirdi. Karməl guya repressiyaların durdurulmasını və sabitliyi təmin etməli idi.
Əmini tələsik devirmək arzusu qəribə idi: o, zahirən Moskvaya kifayət qədər loyal idi, 1979-cu ilin sentyabrından dekabrına qədər yeddi dəfə sovet qoşunlarının göndərilməsi xahişi ilə müraciət etmişdi. ƏXDP düşmənlərinin qüvvəsi dekabrda təxminən 40 minə çatmışdı, 12 vilayətdə döyüşlər gedirdi, amma hələ ki, rejimin yıxılması təhlükəsi yox idi.
1979-cu il dekabrın əvvəllərində Baqrama Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı dəstəsi göndərildi. Əfqanıstanda xüsusi tapşırıqlar yerinə yetirmək üçün 1979-cu ilin yayında yaradılan dəstə Orta Asiya respublikalarından olan hərbi qulluqçulardan təşkil olunmuşdu. Dekabrın 8-də “kiçik Siyasi büro”nun iclası oldu. Leonid Brejnev, Mixail Suslov, Dmitri Ustinov, Yuri Andropov və Andrey Qromıko Əmini devirmək və “vəziyyəti sabitləşdirmək” üçün Əfqanıstana 75-80 min nəfərdən ibarət “kiçik kontingent” yeritməyi qərara aldılar.
Ustinovun şəxsi göstərişinə əsasən, dekabrın 10-da Türküstan və Orta Asiya hərbi dairələrinin hissələri hazırlıq vəziyyətinə gətirildilər. Nazir Əfqanıstanda fəaliyyət göstərmək üçün yeni ümumqoşun ordusunun yaradılmasını əmr etdi. Ehtiyatdan 50 min zabit, serjant və əsgər çağırıldı.
Siyasi Büronun dekabrın 12-də keçirilən iclasında qoşun yeridilməsi, demək olar, şifrələnmiş mətnlə qəbul edildi. “Y. V. Andropov, D. F. Ustinov, A. A. Qromıko yoldaşların səsləndirdiyi mülahizlərə və tədbirlər bəyənilsin. Onlara həmin tədbirlərin həyata keçirilməsi zamanı qeyri-prinsipial xarakterli korrektələr etmək icazəsi verilsin. MK-nın qərarını tələb edən məsələlər vaxtında Siyasi büroya təqdim olunsun. Bütün tədbirlərin həyata keçirilməsi Y. V. Andropova, D. F. Ustinova, A. A. Qromıkoya həvalə edilsin. Y. V. Andropov, D. F. Ustinov, A. A. Qromıko yoldaşlara nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinin gedişi barədə Siyasi büronu məlumatlandırmaq tapşırılsın”. Qərar Siyasi büronun yarımçıq heyəti ilə qəbul olundu, hərçənd, sonrakı tarixlə tərtib edilən qətnamənin altına, demək olar, bütün üzvlər imza atılar. Yalnız baş nazir Aleksey Kosıgin sənədi imzalamadı (ola bilər, xəstəliyinə görə).
Siyasi büronun 25 dekabr tarixli iclasının protokolu da xeyli əcaib təsir bağışlayır. Orada göstərilir ki, Sov.İKP MK-nın 12 dekabr 1979-cu il tarixli qətnaməsinin yerinə yetirilməsi haqda məsələ müzakirə olunub. Bununla əlaqədar protokolda deyilir: “Yol. Brejnev yoldaşlar tərəfindən yaxın günlər üçün nəzərdə tutulan fəaliyyət planını bəyənərək, bəzi təkliflərini səsləndirdi. Fəaliyyətlə bağlı hər addımı diqqətlə götür-qoy edərək məruzə edilən planın Siyasi büronun komissiyasına göndərilməsi məqsədəuyğun sayıldı”. Əfqanıstanda sovet əməliyyatının başlamasının məhz bu iclasda sanksiyalaşdırıldığını yalnız ehtimal etmək qalır.
Qərar qəbul olunana qədər bir sıra hərbçilər, Baş qərargah rəisi marşal Nikolay Oqarkov, generallar Sergey Axromeyev, Valentin Varennikov qoşun göndərilməsinin əleyhinə çıxırdılar. Oqarkov Siyasi büro üzvlərini inandırırdı ki, problemi qoşun yeritmədən həll etmək lazımdır, öz torpaqlarındakı yadellilərə qarşı heç vaxt dözümlü olmayan əfqanların ənənələrinə istinad edirdi, xəbərdarlıq edirdi ki, qarnizon kimi qalmaq və döyüşməyi Əfqanıstan ordusuna tapşırmaq alınmayacaq, sovet qoşunlarının hərbi əməliyyatlara cəlb olunacağı ehtimalı yüksəkdir. “Biz bütün islam Şərqini özümüzə qarşı qaldıracağıq və bütün dünyada siyasi cəhətdən məğlub olacağıq”, - marşal Oqarkov proqnoz verdi. Andropov onun sözünü qeyzlə kəsir: “Siz hərbi işlə məşğul olun. Siyasətlə isə biz, partiya, Leonid İliç məşğul olar” (başqa versiyaya görə, Oqarkovun sözünü Ustinov kəsib).
Müharibəni səngərdə deyil, qərargahlarda keçirən siyasətçilər yüksək səviyyəli hərbi ekspertlərin fikrini rədd etdilər, şərqşünasların xəbərdarlıqlarına da məhəl qoymadılar.
Beləliklə, sovet hökuməti sadəcə Kabildəki dost rejimə yardım üçün qoşun yeritməyi deyil, mövcud hakimiyyətin başçısını, İnqilab şurasının sədri Hafizullah Əmini hərbi yolla devirməyi və yeni iqtidar qurmağı düşünmüşdülər. Görünür, sovet ordusundan Əfqanıstanda istifadə etmək barədə Siyasi büronun qərarı məhz bu üzdən Konstitusiyaya rəğmən, heç bir legitim sənədlə - SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı və ya Nazirlər Sovetinin qərarı ilə qanuniləşmədi.
1979-cu il dekabrın 24-də keçirilən müşavirədə müdafiə naziri Dmitri Ustinov Əfqanıstana qoşun yeritmək qərarını ali generalitetə elan etdi və yürüdülən qüvvələrə “dost əfqan xalqına beynəlmiləl yardım göstərilməsi və həmsərhəd dövlətlər tərəfindən mümkün antiəfqan aksiyalarının qarşısını almaqdan ötrü əlverişli şəraitin yaradılması” yönündə vəzifələrini izah edən direktiv imzaladı. Əfqan ərazisinə qoşunların daxil edilməsi və yerləşdirilməsi üzrə konkret tapşırıqlar müəyyən edildi. Sovet əsgərlərinin hərbi əməliyyatlarda iştirakı nəzərdə tutulmurdu. Üsyançı partizan dəstələri ilə mübarizə barədə də heç nə deyilmirdi...
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı