Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Tarixin qan çanağı: güllələnən şah, nəsli kəsilən xan, boğulub öldürülən baş nazir...
Sovetlər “əfqan bataqlığı”na necə düşdü?

45 il əvvəl, 1979-cu il dekabrın 27-də SSRİ-nin Əfqanıstana hərbi təcavüzü baş verdi. Sovet rəhbərliyi əməliyyatın bir neçə ay çəkəcəyini düşünürdü, amma əfqan müharibəsi 9 ildən çox çəkdi və onsuz da ciddi iqtisadi problemlər yaşayan SSRİ-nin süqutunun əsas səbəblərindən biri oldu. “Radio Svoboda”nın bu haqda məqaləsini təqdim edirik. 

Fəth edilməsi çətin ölkə 

Əfqanıstan işğalçıları çoxdan cəlb etsə də, əfqanlar məşəqqətli, amma müstəqil həyatlarına qəsd edənlərin öhdəsindən dəfələrlə gəliblər. XIX əsrdə britaniyalılar əfqan tayfaları ilə savaşırdılar, Kabilə qədər gəlirdilər, amma hər dəfə bu regionu qismən azad buraxıb, qayıtmalı olurdular. İkinci müharibənin nəticəsi o oldu ki, Əfqanıstan subsidiya müqabilində xarici siyasətdə Britaniyanın göstərişlərinə əməl etməyə razı oldu. London və Delhidə ehtiyat edirdilər ki, ölkənin ərazisindən Rusiya istifadə edə bilər. Amma Peterburqdakıların ağlı rus ekspansiyasını Kuşkada dayandırmağa çatdı.

Əfqanıstan Böyük Britaniya və onun nəzarətindəki Hindistanla üçüncü müharibəsini 1919-cu ildə yaşadı. Konfliktin səbəbi Əmənulla xanın hakimiyyətə gəlişi və tam müstəqilliyə can atması idi. Amma Londonun problemləri başından aşırdı, əfqanların hücumunu dəf edəndən, bir-iki dəfə Kabili bombalayandan sonra sülh bağladılar. Sülh müqaviləsinə əsasən britaniyalılar Kabil hökumətinə subsidiyaları və silah satışını dayandırdılar. Əvəzində Əmənulla xan müstəqil xarici siyasət yürütmək hüququ qazandı. 

Kabil 1919-cu ildə Moskva ilə diplomatik münasibətlər qurdu, 1921-ci ildə isə ilk sovet-əfqan müqaviləsi imzalandı. Daha 5 il sonra iki ölkə arasında Bitərəflik və qarşılıqlı hücum etməmək haqqında müqavilə bağlandı. Əmənulla xan ölkəni modernləşdirməyə başladı, konstitusiya qəbul olundu, torpağın sərbəst alqı-satqısına icazə verildi. Elita vergilərin artmasını bəyənmədi və çevriliş baş verdi. 1929-cu ilin mayında Qırmızı Ordunun köməyi ilə taxtını qaytarmağa çalışan şah uğursuz oldu, məğlubiyyətə uğrayıb Hindistana, oradan da İtaliyaya getdi. Xalq hərəkatının lideri Həbibullah Kalakani qısa müddət hakimiyyətə yiyələndi. Bu zaman keçmiş müdafiə naziri Məhəmməd Nadir Şərq vilayətindəki puştun tayfalarının başına keçdi. O, 1929-cu il oktyabrın 13-də Kabili tutdu və iki gün sonra Nadir şah adı ilə hökmdar elan edildi. 

1933-cü il noyabrın 8-də “Nicat” liseyində təntənəli mərasim zamanı Nadir şah 19 yaşlı lisey tələbəsi Əbdül Xaliq Xəzər tərəfindən güllələndi. Taxta Nadirin oğlu Məhəmməd Zahir şah çıxdı. 

O, 40 il hakimiyyətdə oldu və 93 il yaşadı ki, bu da Əfqanıstan kimi təhlükəsiz sayılmayan (o cümlədən, hökmdarlar üçün) ölkədə ciddi nailiyyət hesab oluna bilər. O, Əmənullanın və öz atasının modernləşdirmə kursunu davam etdirdi, hökumətə xarici müşavirlər dəvət etdi, universitet yaratdı. Qadınlar təhsil və səs hüququ qazandılar, ölkədə mətbuat və seçkili parlament yarandı, sənaye inkişaf etməyə başladı. 1964-cü il konstitusiyası formal baxımdan Əfqanıstanı parlamenti və onun qarşısında məsul hökuməti olan nümunəvi konstitusiyalı monarxiyaya çevirdi. 

1973-cü ildə şahın əmioğlusu və keçmiş baş nazir Məhəmməd Davud xan Zahir şahın İtaliyada olmasından yararlanaraq, dövlət çevrilişi etdi. Davud ölkəni respublika, özünü də prezident elan etdi. Bəzi özəl banklar milliləşdirildi, torpaq islahatı haqqında qanun qəbul edildi: torpaq mülkiyyəti suvarılan 20 hektar sahə ilə məhdudlaşdırılırdı, artığı isə kompensasiya ödənilmək şərti ilə alınır və satış şərtlərilə kəndlilərə verilirdi.

Davud birpartiyalı avtoritar rejim yaratdı və elə 1973-cü ildə iki dövlət çevrilişinin qarşısını aldı, 1974-cü ildə isə “İslam gəncliyi”ndən radikalların cəhdi uğursuz oldu. Hər sui-qəsdin ifşası edamlar və kütləvi həbslərlə müşayiət olunurdu. Artıq 1975-ci ildə mücahidlərin partizan dəstələri yarandı. Daha sonra teokratik dövlət qurmaq istəyən general Seyid Mir Əhməd Şahın qəsdinin üstü açıldı. Yenə həbslər və edamlar... SSRİ-nin həm Zakir şahın monarxiyası, həm Davudun respublikası ilə tamamilə dost münasibətləri vardı. 

Davud rejimi islamçı radikalların müqavimətini basdırdı. Amma 1978-ci il aprelin 27-də proqramına görə kommunistlərə yaxın Əfqanıstan Xalq Demokrat Partiyasından (ƏXDP) solçu radikallar tərəfindən devrildi. Aprelin 17-də öldürülən partiya üzvü Mir Əkbər Xeybərin dəfni rejim əleyhinə nümayişə çevrildi. Aprelin 26-da polis ƏXDP rəhbəri Nur Məhəmməd Tərakini və partiyanın bir neçə aparıcı üzvünü həbs etdi. Bu, ordudakı ƏXDP tərəfdarlarının hərəkətə keçməsi üçün siqnal oldu. Hərbi çevriliş nəticəsində Davud rejimi devrildi və həbsdəki liderlər azad edildilər. Əfqanıstan Demokratik Respublikası yaradıldı, aprelin 29-da yaradılan İnqilabi şura ali qanunverici orqan elan edildi. Təraki şuranın sədri və eyni zamanda baş nazir oldu. Çevriliş zamanı prezident sarayı uğrunda döyüşdə Davud özü və ailəsinin iyirmidən çox üzvü - beş övladı da daxil - öldürüldü. 

Əfqanıstan prezidentinin öldürülən qadınlarının və övladlarının müdhiş siyahısı göstərir ki, Aprel inqilabı deyilən hadisə sadəcə ölkədəki zorakılıq eskalasiyasında yeni mərhələ idi: dərhal müsəlman üsyançılarla vətəndaş müharibəsi və hakimiyyəti ələ keçirən ƏXDP-nin iki fraksiyası - “Xalq” və “Pərçəm” (“Bayraq”) arasında konflikt başladı. 

Yoldaşlar yekdil olmayanda 

İqtidara gələndən sonra ƏXDP liderlərinin ilk işi Sovet İttifaqından təhlükəsizlik üzrə mütəxəssislərin göndərilməsini xahiş etmək oldu. KQB-nin Əfqanıstanda nümayəndəliyi açıldı. “Pərçəm”in lideri Bəbrək Karməl artıq 1978-ci ilin yayında hakimiyyətdən  uzaqlaşdırıldı və Çexoslovakiyaya səfir göndərildi.

ƏXDP rəhbərləri iri və orta mülkiyyətçilərin torpaqlarının müsadirəsini və kasıb kəndlilərə verilməsini nəzərdə tutan aqrar islahata başladıqlarını elan etdilər. Din və əsrlərin ənənəsinə görə toxunulmaz sayılan torpaq mülkiyyətinə əl uzadılması kənddə vəziyyəti qeyri-sabitləşdirdi. Hətta mülkədarlara və banklara olan borcların ləğvi də kömək etmədi. Savadsızlıqla, xüsusən qadın savadsızlığı ilə məcburi mübarizə konfliktlər doğurdu. Hökumətin ekstremist üsullarla apardığı radikal dəyişikliklər buna hazır olmayan ənənəvi əfqan cəmiyyətinin müqavimətini doğurdu. Bu müqavimət əvvəlcə kortəbii xarakter daşıyırdı, 1978-ci ilin iyunundan etibarən isə Bədəxşan, Bamiyan, Künər, Nəngərhar və Pəktiya vilayətlərində rejimə qarşı silahlı mübarizəyə çevrildi. ƏXDP-yə loyal hərbçilər üsyanı aviasiya və artilleriyadan istifadə etməklə qəddarlıqla yatırdılar, dinc əhali zərər gördü. 1978-ci ildə 750 min əfqan Pakistana qaçdı. 

1978-ci ilin aprelindən 1979-cu ilin martına qədər Moskva ilə Kabil arasında ƏDR-ə iqtisadi yardım haqda 75 müqavilə imzalandı, SSRİ-dən Əfqanıstana 4 mindən çox müşavir gəldi. Hərbi texnika və ehtiyat hissələri güzəştli şərtlərlə verilirdi: dəyərinin 25 faizi müqabilində və kredit faizi illik 2% olmaqla 10 ilə ödənməklə. 

1979-cu il martın 18-də Siyasi büronun Əfqanıstan üzrə komissiyası yaradıldı. Komissiya Heratda üsyan başlaması səbəbindən sovet ordusunun hərbi yardım göstərməsi haqda Tərakinin SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginə müraciətini araşdırdı və bu planı məqsədəuyğun saymadı. XİN rəhbəri Andrey Qromıko sovet qoşunlarının göndərilməsinin əleyhinə çıxdı: “Beynəlxalq gərginliyin azaldılması yolunda son illər böyük çətinliklərlə etdiklərimiz, silahların ixtisarı və bütün başqa şeylər, hamısı hədər olacaq. Bütün qoşulmayan ölkələr əleyhimizə çıxacaqlar”. 

Təraki Kosıginlə söhbətində vəziyyətə tam hakim olmadığını nümayiş etdirdi, öz qüvvələrinin sayı və sonrakı fəaliyyət planı barədə suallara cavab verə bilmədi. Sovet hökumətinin başçısı bilavasitə hərbi yardımı rədd etdi: “Qoşunlarımızın Əfqanıstan ərazisinə girməsi beynəlxalq ictimaiyyəti dərhal qıcıqlandırar, kəskin mənfi, çoxplanlı nəticələrə səbəb olar. Bu, əslində, təkcə imperializmlə deyil, həm də öz xalqınla konflikt olacaq. Bizim ümumi düşmənlərimiz elə sovet qoşunlarının Əfqanıstan ərazisində peyda olmasını gözləyirlər. Bu, onlara bizə düşmən hərbi birləşmələri əfqan ərazisinə göndərməyə bəhanə verər. Biz qoşun göndərməyin bütün aspektlərini diqqətlə öyrəndik və qərara gəldik ki, bu addım ölkənizdəki vəziyyəti nəinki yaxşılaşdırmaz, hətta qəlizləşdirər. Ordumuzun təkcə xarici təcavüzkarlarla deyil, həm də sizin xalqın müəyyən hissəsi ilə vuruşacağını görməmək mümkün deyil. Xalq isə belə şeyləri bağışlamır”. Aleksey Kosıgin həmin məqamda olduqca sağlam düşünürdü. 

Siyasi büronun martın 19-dakı iclasında Leonid Brejnev komissiyanın tövsiyəsini bəyəndi: “Əfqan yoldaşlara izah etmək lazımdır ki, biz onlara zəruri olan hər şeylə yardım edərik... Bizim qoşunların Əfqanıstanda iştirakı isə təkcə bizə deyil, ilk növbədə onların özünə zərər verə bilər”. 

KQB sədri Yuri Andropov da baş katibin fikrinin farvaterində gedirdi: “Biz siyasi həll hazırlamalıyıq və nəzərə almalıyıq ki, bizə təcavüzkar yarlığı asa bilərlər, amma buna baxmayaraq, biz Əfqanıstanı heç vaxt itirə bilmərik”. 

Siyasi büro komissiyasının təklif etdiyi fəaliyyət planına əfqan ordusunun gücləndirilməsi, silah təchizatı, xüsusən kənd rayonlarına iqtisadi yardım göstərilməsi, ƏXDP iqtidarının siyasi bazasının genişləndirilməsi yönündə tədbirlər daxil idi. 

Martın 20-də Brejnev Tərakini qəbul etdi. Baş katib də yetərincə qəti dedi: “Qoşun göndərilməsi məsələsini hərtərəfli araşdırdıq, diqqətlə götür-qoy etdik və sizə açıq deyim: bunu etmək lazım deyil. Bu, yalnız bizim və sizin ümumi düşmənlərimizin xeyrinə olar”

İsveçrə tədqiqatçıları Pyer Allan və Diter Kley yazırlar: “Herat etirazlarından sonra, 1979-cu ilin aprelində Tərakinin vəziyyəti kritik oldu. Üsyançılar Pəktiya, Künər, Herat, Məzari-Şərif, Bədəxşan, Üruzgan, Təxar, Pərvan və Fərəh vilayətlərinə nəzarət edirdilər”.

Əfqan hökumətinin qoşun göndərmək barədə yeni xahişinə Siyasi büronun 24 may tarixli iclasında baxıldı və yenə rədd edildi. İclasın protokolunda yazılırdı: “Sovet hökuməti 1979-1981-ci illərdə Əfqanıstana təmənnasız olaraq 53 milyard rublluq xüsusi əmlak, o cümlədən 140 top və minaatan, 90 zirehli transportyor, 48 min ədəd atıcı silah, 1000-ə yaxın qumbaraatan, 680 aviabomba, eləcə də 50 min rubl dəyərində dərman və tibbi avadanlıq göndərməyi qərara alıb”. 

ABŞ yaranmış vəziyyətdə Pakistan vasitəsilə Əfqanıstan üsyançılarına hərbi yardım göstərməyi zəruri hesab etdi. Prezident Cimmi Karter sovetpərəst Kabil rejiminin əleyhdarlarına gizli yardım haqqında ilk direktivi 1979-cu il iyulun 3-də imzaladı. Onun milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski dedi ki, bu, sovet hərbi müdaxiləsinə səbəb olacaq.

Müdafiə Naziri Dmitri Ustunov və öz mövqeyini sərtləşdirən KQB sədri Yuri Andropov müdaxilə üçün qüvvələri tədricən səfərbər edirdilər və Əfqanıstandakı daxili müharibədə SSRİ-nin iştirakı lehinə arqumentlər toplayırdılar. Əsas tezis, görünür, Əfqanıstanın islamlaşması və bunun Orta Asiya sovet respublikalarında qeyri-sabitliyə səbəb olacağı təhlükəsi idi.

Sentyabrın 10-da tranzitlə Moskvada olan Tərakini Brejnev qəbul etdi: görünür, ölkədəki ikinci adam - Hafizullah Əminlə arasında cərəyan edən konfliktdə onu dəstəkləmək üçün. Sovet səfiri Puzanovun xahişi ilə 1979-cu il sentyabrın 14-də Təraki və Əmini barışdırmaq üçün görüş təşkil edildi. Bir versiyaya görə, Tərakinin iqamətgahının girişində mühafizəçilər Əminə atəş açdılar və o, möcüzə nəticəsində sağ qaldı Digər versiyaya görə, qəsd olmamışdı, baş verən Əmin tərəfdarlarının təxribatı idi. 

Əminə loyal Baş Qərargah rəisi Yaqubun qüvvələri Kabilin mühüm obyektlərini nəzarətə götürdülər. Təraki həbs edildi və ƏXDP MK plenumunun yekdil qərarına əsasən bütün vəzifələrindən götürüldü, oktyabrın 8-də isə Əminin əmri ilə yastıqla boğularaq, öldürüldü. İndi repressiyalar orduya, ƏXDP-nin əsas dayağına da toxundu. Bu isə hərbçilərin onsuz da aşağı olan döyüş ruhunu daha da sarsıtdı, kütləvi fərariliyə və qiyamlara səbəb oldu.  

(Davamı olacaq)

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.svoboda.org/a/provaljnaya-voyna-brezhneva-zachem-sssr-vvel-voyska-v-afganistan/33226542.html