Hindiquş fəlakəti: siyasi korafəhmlikdən qlobal faciəyə... – III YAZI
Sovetlər “əfqan bataqlığı”na necə düşdü?
15 Dekabr 2024
45 il əvvəl, 1979-cu il dekabrın 27-də SSRİ-nin Əfqanıstana hərbi təcavüzü baş verdi. Sovet rəhbərliyi əməliyyatın bir neçə ay çəkəcəyini düşünürdü, amma əfqan müharibəsi 9 ildən çox çəkdi və onsuz da ciddi iqtisadi problemlər yaşayan SSRİ-nin süqutunun əsas səbəblərindən biri oldu. “Radio Svoboda”nın bu haqda məqaləsini təqdim edirik.
Əvvəli: Burada
Məchulluğa addım
KQB tərəfindən Əminin zəhərlənməsi, zərurət yaranarsa, onun sarayını hücumla ələ keçirmək planı hazırlanmışdı. Birinci aksiya 1979-cu il dekabrın 13-ə təyin edilmişdi. Amma alınmadı - zəhər Əminə təsir göstərmədi, “Ərk” sarayına hücum əməliyyatı da ləğv olundu. Əfqanıstan liderini snayper pusqusu ilə öldürmək qeyri-real idi. Əmin Tacbəy sarayına köçdü. İqamətgahı ələ keçirməkdən ötrü yeni aksiyada “Zenit” və “Qrom” xüsusi qrupları, QRU-nun “müsəlman batalyonu” xüsusi dəstəsindən istifadə etmək planlaşdırılırdı. Sonuncunu dekabrın 17-də guya Əmin sarayının xarici mühafizəsi üçün Kabilə aparmışdılar.
1979-cu il dekabrın 25-də, günorta SSRİ dövlət sərhədini keçmək barədə göstəriş daxil oldu. Moskva vaxtı ilə saat 15:00-da Termiz şəhəri (Özbəkistan) ətrafından iki diviziyanın Kabil və Qunduza göndərilməsi başladı. Bir diviziya Kuşka rayonunda Herat, Şindand və Qəndahara gedirdi. 105-ci hərbi-desant diviziyasının hissələri Əfqanıstan paytaxtından 50 km şimalda yerləşən Baqram aerodromuna endilər. Əfqan hərbi birləşmələri neytrallaşdırıldı: texnikanın dəyişdirilməsi bəhanəsi ilə tanklar yararsız vəziyyətə gətirildi, rabitə xətləri bloklandı, əfqan ordusunun rəhbər heyəti isə bol yeyib-içməkli ziyafətə dəvət olundu. Ertəsi gün nəqliyyat təyyarələri 105-ci diviziyanın bütün heyətini gətirdi. 103-cü hərbi-desant diviziyasının hissələri dekabrın 27-də günorta Kabil hava limanını nəzarətə götürərək, əfqan aviasiyasını və HHM qüvvələrini neytrallaşdırdı.
Dekabrın 27-də nahar vaxtı bir daha Əmini zəhərləmək cəhdi edildi. Bu dəfə zəhər təsir göstərdi, amma çağırılan sovet həkimləri intensiv terapiya tətbiq edərək, İnqilab şurasının sədrini xilas etdilər (onların əməliyyatdan xəbərləri yox idi - Press klub). O zaman paylayıcı quyudakı kabelin partladılması ilə şəhərin telefon əlaqəsi kəsildi. KQB-nin “Zenit” və “Qrom” qrupları təxminən 19:30-da Tacbəy sarayına hücuma başladılar. Onlardan əlavə, əməliyyatda QRU-nun 154-cü kəşfiyyat dəstəsi və 345-ci paraşüt-desant alayının dörd taqımı iştirak edirdi. Sovet “yoldaşlar”ın hücumu əfqanlarda şok yaratdı. Pəncərələrə “Şilka” özüyeriyən zenit qurğusu və ZTR pulemyotları ilə atəş açılırdı. Binada döyüş təxminən 40 dəqiqə sürdü. Hafizullah Əmini iki oğlu ilə birlikdə öldürdülər. “Zenit”in komandiri Qriqori Boyarinov, dörd zabit həlak oldu, sovet həkimlərindən biri - Viktor Kuzneçenkov güllələndi. Saray ətrafında gedən döyüşlərdə 15 sovet əsgəri həlak oldu.
Tacbəy sarayına namərd hücumla eyni zamanda xüsusi təyinatlılar və desant qrupları əfqan ordusunun Baş qərargahını, rabitə qovşağını, XAD təhlükəsizlik xidmətinin və DİN binasını, radio və televiziyanı tutdular. Kabildə yerləşən əfqan hərbi hissələri mühasirəyə alındı. Əfqan ordusunun Baş qərargah rəisi Məhəmməd Yaqub öldürüldü. Əfqan hərbçilərinin itkilərini kimsə saymadı, amma 100-dən çox adamdan söhbət gedə bilər. Bir çoxu dağlara çəkilərək, müxalif qüvvələrə qoşuldular. Dekabrın 28-ə keçən gecə daha bir motoatıcı düviziya Kuşkadan Əfqanıstana daxil oldu.
Sovet hərbçiləri Əfqanıstanın yeni hakimini - Bəbrək Karməli Əfqanıstana gətirdilər. 20:45-də Kabil radiosu Karməlin Əfqanıstan xalqlarına müraciətinin lent yazısını səsləndirdi.
“Partiya və hökumətin tapşırığı” yerinə yetirildi. Qanlı xəyanət, sovetyönümlü hərbçilərin qətli sayəsində dövlət çevrilişi həyata keçirildi. Müdaxilədən sonra Əfqanıstanda baş verən hər şeyin məsuliyyəti, qələbəyə heç bir şansı olmadan yad, anlaşılmaz vətəndaş müharibəsinə cəlb olunan Sovet İttifaqının üzərinə düşdü.
1980-ci il yanvarın 14-də BMT Baş Assambleyası fövqəladə sessiyasında səs çoxluğu ilə (104 lehinə, 18 əleyhinə və 18 bitərəf) SSRİ-nin Əfqanıstandakı hərəkətini hərbi təcavüz kimi qiymətləndirdi. Altmışa qədər ölkə Moskvada keçirilən 1980-ci il XXII yay Olimpiya oyunlarında iştirakdan imtina etdi.
Sanksiyalar ağrılı idi. Sov.İKP MK-nin Baş katibinin keçmiş köməkçisi Anatoli Çernyayev yazır: “Karter bizi 17 milyon ton buğdadan məhrum etdi (Moskvada un və makaron dərhal yoxa çıxdı), istənilən ixracı qadağan etdi, bütün danışıqları və səfərləri qapatdı, Moskva Olimpiadasının ləğvini tələb etdi. Tetçer də eyni şey etdi. Banklar bizə kredit ayırmadılar. ABŞ, Avstraliya, Kanada, Portuqaliya özlərinin 200 millik zonalarında balıq ovunu qadağan etdilər. Qərbin, demək olar, bütün ölkələri (Fransa xaric) istənilən mübadilə və səfərlərin səviyyəsini və həcmini azaltdılar. Planlaşdırılan bədii sərgilər və qastrollar qadağan edildilər. Avstraliya öz limanlarını bizim Antarktida gəmilərimizə bağladı. İslamabadda keçirilən İslan konfransı bizi qınadı (yəni Suriya, Liviya, Əlcəzair və Əfqanıstan özü xaric bütün müsəlman ölkələri). Avropa parlamenti, sosial-demokrat partiyalar, həmkarlar ittifaqı mərkəzləri qınadı. Yeni Zelandiya səfirimizi geri göndərdi... Hamı bizə nifrət etdi: xaricdəki ən qatı düşmənlərimizdən ən xeyirxah dostlarımıza qədər. Gözlərimizin açılması çox tez baş verdi: bir-iki il ərzində hamı gözəl anladı ki, Əfqanıstan fəlakətli hoqqadır”.
Akademik Andrey Saxarov Əfqanıstana təcavüzə etiraz etdi. Alim və hüquq müdafiəçisi bu mənəvi rəşadətinə görə Qorki şəhərinə sürgün olundu, dövlət təltiflərindən məhrum edildi.
Leonid Brejnev Vaşinqtondakı səfir Anatoli Dobrınini 1980-ci ilin yanvarında qəbul edərkən sovet qoşunlarının tezliklə Əfqanıstandan çıxarılacağını güman etdiyini bildirdi. O, hesab edirdi ki, Əminin Karməllə dəyişdirilməsi vəziyyətin sabitləşməsinə səbəb olacaq. Sovet liderinin mövqeyi elə həmin ay “Pravda” qəzetində açıqlandı: “Sovet kontingenti qarşısında qoyulan yeganə tapşırıq - əfqanlara xarici təcavüzü dəf etməkdə yardım göstərməkdir. Əfqan rəhbərliyini belə yardım üçün müraciət etməyə sövq edən səbəblər ortadan qalxan kimi qoşunlar çıxarılacaq”. Amma Dmitri Ustinovun, Yuri Andropovun və Andrey Qromıkonun fikrincə, bunu etmək hələ tez idi. Siyasi büro “məhdud kontingent”in çıxarılması məsələsini daha gec, Karməl hakimiyyətinin möhkəmlənməsindən sonra müzakirə etməyi qərara aldı.
Sovet İttifaqının son savaşı
Amma sovetpərəst əfqan liderləri Karməlin, sonra da Nəcibullanın hakimiyyəti, əsasən şəhərləri və onların ətrafındakı zonaları nəzarətdə saxlayan sovet qoşunlarının kütləvi zor tətbiq etməsi sayəsində mövcud ola bilərdi. Baqram hərbi bazasında mühasirədəki qala həyatının reallıqları Mixail Paşkeviçin “Əfqanıstan: kombatın gözü ilə” kitabında yaxşı təsvir olunur. Hərbi əməliyyatların miqyasını 1980-ci ilin noyabr-dekabrında Əfqanıstanın mərkəzində keçirilən “Udar-1” əməliyyatı ilə təsəvvür etmək olar. Əməliyyatda 16 min sovet və əfqan hərbçisi, 600 tank və ZTR, 300-dən çox top və minaatan, 100-ə qədər təyyarə və helikopter iştirak edirdi. Sovet məlumatlarına görə, mücahidlər ölü olaraq 500-dən çox, əsir olaraq 736 nəfər itirdilər.
1982-ci may-iyununda 5-ci Pəncşir əməliyyatında ilk üç gün boyu helikopterlərdən 4 mindən çox döyüşçü desant edildi. Ümumən bu əməliyyatda 12 minə yaxın sovet əsgəri iştirak etdi.
1984-cü ildə “Zavesa” planı hazırlandı və həyata keçirilməyə başlandı. Mücahidlərə silah daşıyan karvan yollarını bağlamaq üçün 11 motoatıcı və 8 kəşfiyyat taborundan istifadə edildi, hər gün 30-40 pusqu qurulurdu. Hər xüsusi təyinatlı tabora 8 helikopter, istehkam taqımı, artilleriya təhkim olunmuşdu. Hərbi əməliyyatlar sahəsinin eni 100-300, uzunluğu 1000 kilometrə çatırdı. Amma silah təchizatının qarşısını tam almaq mümkün olmadı: karvanların yalnız 12-15 faizi ələ keçirdi. 1985 və 1986-cı illər əvvəlki mövqeləri qorumaq uğrunda ağır döyüşlərlə keçdi, sovet qoşunlarının itkiləri azalmırdı, düşmən təkcə helikopterləri deyil, MiQ-21 döyüş təyyarələrini və İl-76 yük təyyarələrini də vurmağı öyrənmişdi.
...Əfqanıstanın faktiki işğalına son qoyulması məsələsi ağır müharibədən, yüzminlərlə insanın ölümündən, sovet rəhbərliyinin dəyişməsindən və Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən sonra həll olundu. Qorbaçov 1986-cı ilin fevralında bildirdi ki, qoşunların mərhələli çıxarılması planının hazırlanmasına başlanılıb. Mayda Bəbrək Karməlin yerinə Məhəmməd Nəcibulla hakimiyyətə gətirildi.
Siyasi büronun 13 noyabr 1986-cı il tarixli iclasında Qorbaçov deyir: “Artıq 6 ildir ki, Əfqanıstanda döyüşürük. Əgər yanaşmanı dəyişməsək, daha 20-30 il döyüşəcəyik”. Müdafiə nazirinin müavini marşal Sergey Axromeyev vəziyyəti belə qiymətləndirirdi: “Bu ölkədə elə torpaq parçası yoxdur ki, sovet əsgərləri onu tutmasın. Bununla belə, ərazinin çox hissəsi üsyançıların əlindədir. Verilən elə bir hərbi tapşırıq yoxdur ki, yerinə yetirilməsin, amma ortada nəticə yoxdur. Çünki hərbi nəticələr siyasi nəticələrlə möhkəmləndirilmir. Mərkəzdə hakimiyyət var, əyalətdə yoxdur... Biz Kabilə və əyalət mərkəzlərinə nəzarət edirik, amma tutduğumuz torpaqlarda hakimiyyət qura bilmirik. Biz əfqan xalqı uğrunda mübarizəni uduzmuşuq. Xalqın az hissəsi hökuməti dəstəkləyir. Ordumuz beş il döyüşüb. O, indi də vəziyyəti mövcud səviyyədə saxlaya bilər, amma bu şərtlər altında müharibə uzun müddət davam edəcək”.
Yeni baş katib Əfqanıstandakı əməliyyatı bir, maksimum iki il ərzində yekunlaşdırmaq, ABŞ və Pakistanla danışıqlara başlamaq haqqında qətnamənin qəbulunu təklif etdi. Siyasi büronun yeni tərkibi Qorbaçovun təklifini bəyəndi. Yalnız Andrey Qromıko şübhəsini səsləndirdi: “Əfqanıstana kömək edərkən əsas müddəadan çıxış etməliyik, yəni heç bir halda Əfqanıstanı itirə bilmərik, artıq 60 ildir ki, onunla sülh və mehriban qonşuluq vəziyyətində yaşayırıq və əgər indi Əfqanıstanı itirsək, SSRİ-dən uzaqlaşacaq, bu da bizi siyasətimizə güclü zərbə olacaq”. Sovet diplomatiyasının veteranı qaçılmaz olanı qəbul etmək istəmirdi...
Sovet qoşunlarının Əfqanıstandan çıxarılması 1988-ci il mayın 15-də başladı. Proses SSRİ, ABŞ, Pakistan və ƏDR arasında Əfqanıstanda vəziyyətin tənzimlənməsinə dair 1988-ci il aprelin 14-də imzalanmış Cenevrə razılaşmasına uyğun gedirdi. Siyasi büronun dörd gün sonrakı iclasında diskussiya qalxdı: bütün qoşunlar çıxarılsın, ya da XİN rəhbəri Eduard Şevardnadzenin təklif etdiyi kimi, müəyyən hissəsi qalsın. Qorbaçov və əksəriyyət tam çıxarılmağa səs verdi. “10 il əvvəlki səhvi təkrar etmək lazım deyil. Bütün qoşunlar çıxmalıdır. [Əfqan hökuməti] 3-4 ay duruş gətirər, biz çıxarana qədər, sonra qoy özləri ayırd etsinlər”, - baş nazir Nikolay Rıjkov bildirdi. Belə də etdilər. Çıxış 1989-cu il fevralın 15-də başa çatdı. Həmin gün son sovet hərbçiləri - 40-cı ordunun komandanı general-leytenant Boris Qromov və sərhədçi mühafizə qrupları çıxdı.
SSRİ xalq deputatlarının II Qurultayında Əfqanıstana müdaxilə haqqında qərar səhv hesab edildi. Qurultayın qətnaməsində həmin qərarın konstitusiya normalarına zidd qəbul olunması, mənəvi və siyasi qınanmağa layiq olduğu göstərildi. Mixail Qorbaçov 20 il sonra yekun vurdu: “Ümumi səylərlə, o cümlədən, bütün tərəflərlə - ABŞ, İran, Pakistan və başqa ölkələrlə - apardığımız danışıqlar nəticəsində qoşunlarımızı mütəşəkkil şəkildə və minimum itkilərlə çıxara bildik. Bu kədərli fəslə nöqtə qoyduq. Qoşunlarımızın Əfqanıstanda mövcudluğunun bizə vurduğu maddi, mənəvi zərərdən, demək olar hamı, o cümlədən Siyasi büro üzvləri danışırdı. Hərbi rəhbərlik də, Baş Qərargah da qoşunlarımızın çıxarılması xəttini tam dəstəkləyirdi”. Son dəyərləndirmələrə görə, 15 min sovet hərbi qulluqçusu həlak olub, əfqan itkilərinin sayı isə 1 milyondan başlayır.
Brejnevin Əmindən intiqam alması faciəvi qlobal nəticələr doğuran aksiya oldu. Bu olmasaydı, yüzminlərlə adam sağ qalacaqdı. Kremlin Əfqanıstanı dünyanın terror mərkəzinə çevirən qərarı olmasaydı, kim bilir, “Əl-Qaidə” və “Taliban” ortaya çıxardımı?
Siyasi bürodakı “qırğı”ların ötürməsi ilə Leonid Brejnev Əfqan müharibəsinə girməsəydi, SSRİ-nin süqutu və parçalanması prosesi belə sürətlə cərəyan etməzdi, ordunun pozulması sovet sisteminin dəyişməzliyini qorumaqdan açıq-aşkar imtina etmək səviyyəsinə çatmazdı.
Az qala 10 il davam edən, sovet vətəndaşlarının əksəriyyəti üçün məqsədi qeyri-müəyyən olan və bəyənilməyən müharibə əhalinin böyük qruplarının onsuz da yüksək olan narazılığını daha da qızışdırdı. “Əfqan” olmasaydı, müharibədən keçən yüzminlərlə gənc insan nə yenidənqurma və yenidənqurmadan sonrakı siyasətdə, nə də zorakılıqla dolu erkən sovet və postsovet biznesində özlərini bu qədər açıq nümayiş etdirərdilər.
Hazırladı: Yadigar Sadıqlı