Genofondumuz təhlükədə: gələcəyimizi necə məhv edirik
Azərbaycanda 6 aya 42039 abort qeydə alınıb; bu, hələ rəsmi rəqəmdir...
29 İyul 2024
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən mətbuata bildirilib ki, bu ilin ilk altı ayı ərzində icbari tibbi sığorta hesabına hamiləliyin pozulması (abort) ilə bağlı 42039 cərrahi xidmət göstərilib. Qeyd olunub ki, hamiləliyin süni pozulması (abort) ilə bağlı müayinə və müdaxilələr icbari tibbi sığorta təminatına daxildir. Xidmət hamilə qadınların sağlamlığının qorunmasını və zəruri hallarda lazım olan tibbi müdaxilələrin vaxtında həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.
Həmin müddətdə olan abortların 16936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.
Məlumat üçün bildirək ki, ginekoloji problemlər, dölün anomaliyaları, borudan kənar hamiləlik, hamiləlik zamanı ananın sağlamlığı üçün risklər kimi tibbi göstərişlərə əsaslanan hallarda hamiləliyin pozulması zəruri hesab edilir. Bu məqsədlə xüsusi medikamentoz vasitələrdən, kiçik cərrahi müdaxilə ilə həyata keçirilən vakuum aspirasiya və uşaqlıq boşluğunun cərrahi yolla təmizlənməsi olan küretaj üsullarından istifadə olunur. Müvafiq üsul, xəstənin vəziyyəti və hamiləliyin mərhələsinə uyğun olaraq ixtisaslaşmış həkim tərəfindən təyin edilir.
Hər halda, bu göstəricinin hamısı zəruri hallara görə baş verməyib. Əlbəttə, səbəblər müxtəlif ola bilər. Ancaq ümumi mənzərəyə baxanda görünən odur ki, Azərbaycanda kütləvi uşaq qətliamı baş qaldırıb. Bu statistik rəqəm sadəcə qeydiyyata alınan rəsmi rəqəmdir. Yəni, xəlvətdə nə qədər uşağın qətl edildiyindən bixəbərik. Azərbaycanda bu məsələlərin əksərən gizli şəkildə aparıldığını nəzərə alsaq, qeyri-rəsmi rəqəmin hansı ölçüdə olduğunu təxmin edə bilərik. Bu rəqəmlərin cəminin isə necə faciəli mənzərə yaratdığını insan düşünmək belə istəmir. Həmin mənzərəyə ad verməli olsaq, yəqin ki, məhv olan genofond və gender balansı adını verərik. Bugünkü statistik rəqəmlər sadəcə rəqəm deyil, gələcəyin genofondunu təməldən sarsıdan, əhalinin azalmasına birbaşa təsir edəcək acı reallıqdır.
Maraqlıdır, nəyə görə abortların sayı durmadan artır? İntensiv abortlar qadınların sağlamlığına hansı təhlükəni törədə bilər? Qeyri-rəsmi statistikaya görə abortların sayı nə qədər ola bilər? Ümumiyyətlə, kütləvi abortların qarşısını almaq üçün nə etməli?
Pressklub.az-ın suallarını cavablayan ginekoloq Təranə Həsənova deyib ki, qadınlar hamiləlikdən qoruyan vasitələrdən istifadə etmirlər deyə abortların sayı çoxalıb: “Bu rəqəm yalnız selektiv abortun nəticəsi deyil. Qadınlar uşağın cinsindən asılı olmayaraq çox sayda abort edirlər. Spiral, dərialtı implant, hamiləlikdən qoruyan həblər, prezervativ və s. kimi müxtəlif qorunma üsulları var. Pasiyentdən niyə bunlardan istifadə etmək yerinə abortu seçdiyini soruşanda isə cavabı o olur ki, bu üsullar onkoloji xəstəlik yarada bilər. Qısası, bu üsulların hamısının xərçəng xəstəliyinə səbəb olduğunu düşünürlər. Amma bilmirlər ki, intensiv abortların onkoloji riski daha çoxdur”.
Doktorun sözlərinə görə, abortun fəsadları müxtəlifdir. Həmin andaca, sonradan və ya illər sonra fəsadları üzə çıxa bilər. Ona görə də abort yerinə qorunma üsullarından istifadə edilməsi daha doğru olardı.
Müsahibimiz hesab edir ki, bu statistikanın azalması üçün qadınlar arasında maarifləndirici tədbirlər görülməlidir: “Bir vaxtlar dövlət belə tədbirlər keçirirdi. Amma görünür, bəs eləməyib. Ona görə də bu tədbirlər artırılmalı, ciddi nəzarət altında keçirilməlidir. Əks təqdirdə, bu rəqəm daha çox arta bilər”.
O ki qaldı qeyri-rəsmi statistikaya, həmsöhbətimiz dəqiq rəqəm söyləməkdən çəkinir: “Bunu heç birimiz bilə bilmərik. Amma onu deyim ki, böyük kütlə hamiləlikdən qorunma üsulu kimi aborta üstünlük verir deyə 2-3 aydan bir abort etdirən qadınlar var. Ümumi götürdükdə bu rəqəm rəsmi açıqlanan rəqəmdən 2-3 dəfə çox ola bilər”.
Günay Elşən