Fələstinin İsmayıl qurbanı
Haniyə kim idi, bitməyən müharibədə onun rolu nə olmuşdu
01 Avqust 2024
İsmayıl Haniyə HƏMAS hərəkatının siyasi bürosuna rəhbərlik edirdi və Fələstin muxtariyyətinin Qəzzadakı hökumətinin baş naziri idi. O, son illər Qətərdə yaşayırdı və çoxdan Qəzza sektorunda olmurdu.
62 yaşlı İsmayıl Haniyə HƏMAS-ın Siyasi bürosuna 2017-ci ildən başçılıq edir və bu postda Xaled Maşalı əvəz edib, amma 2006-cı ildə, Qəzzadakı seçkilərdə HƏMAS-ın gözlənilməz qələbəsindən sonra Fələstin muxtariyyətinin baş naziri olanda məşhurlaşıb.
Haniyə 1962-ci ildə Qəzza şəhərindən qərbdə yerləşən qaçqın düşərgəsində anadan olub. Onun valideynləri Birinci ərəb-yəhudi savaşı zamanı (1947-1949-cu illər) indiki Aşkelon şəhərinin yaxınlığındakı evlərini tərk ediblər.
O, Qəzzanın İslam universitetində ərəb ədəbiyyatını öyrənib və burada islamçı hərəkata qoşulub.
Haniyə universiteti 1987-ci ildə bitirib, birinci intifadada iştirak edib və İsrail hakimiyyəti tərəfindən həbs olunub. Onu qısa müddətli həbs cəzasına məhkum ediblər.
1988-ci ildə, HƏMAS Qəzzada “əsas müqavimət hərəkatı” kimi aparıcı mövqe tutanda onu yenidən tutdular və 6 aylıq həbsə göndərdilər.
Növbəti ildə Haniyə yenə həbs edildi və bu dəfə üç il azadlıqdan məhrum olundu.
1992-ci ildə həbsdən buraxılandan sonra HƏMAS-ın 400-dən çox üzvü ilə birlikdə İsrail və Livan arasında neytral zona olan Mərc əz-Zühur düşərgəsinə deportasiya edilir və burada bir il keçirir.
Haniyə 1993-cü ilin dekabrında Qəzzaya qayıdır və İslam universitetinin dekanı təyin olunur.
1997-ci ildə HƏMAS-ın mənəvi lideri şeyx Əhməd Yasinin katibi və sağ əli olur ki, bu da onun mövqelərini xeyli gücləndirir.
İsrailin 2003-cü ilin sentyabrında Qəzzadakı yaşayış evinə aviazərbəsi zamanı Haniyə və Yasin yüngül yaralanırlar.
Yarım il sonra şeyx Əhməd Yasin səhər namazından sonra məsciddən çıxarkən İsrailin raket zərbəsi nəicəsində öldürüldü.
2006-cı ildə Fələstin muxtariyyətində seçkilər keçirilərkən Haniyə HƏMAS-ın seçki kampaniyasının rəhbəri oldu. Nəticələrə görə, hərəkatın namizədləri Fələstin parlamentində 132 yerdən 76-nı qazandılar.
Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas yeni hökumət qurmaq xahişi ilə HƏMAS-a müraciət etdi.
Keçmiş iqtidar olan FƏTH hərəkatı və digər fraksiyalarla bir həftə sürən danışıqlar uğursuz oldu və Haniyə əsasən öz komandasından və bir neçə texnokratdan ibarət hökumət formalaşdırdı.
2006-cı il fevralın 16-da HƏMAS Haniyəni Fələstin hökumətinin baş naziri təyin etdi və o, bir neçə gündən sonra vəzifəsini icra etməyə başladı.
Haniyə öz hökumətinin proqramını təqdim edərkən, HƏMAS-ın zorakılıqdan əl çəkməyəcəyi və İsraili tanımayacağı təqdirdə Fələstin muxtariyyətinə maliyyə dəstəyini kəsəcəkləri barədə ABŞ və AB-nin təhdidlərini yerinə yetirməməyə çağırdı.
O fələstinlilərin müstəqillik uğrunda mübarizəni davam etdirmək hüquqları olduğunu vurğuladı, amma eyni zamanda bildirdi ki, konfliktin həlli üzrə beynəlxalq vasitəçilərlə danışıqlar aparmaq niyyətindədir: “Hökumətimiz regionda ədalətli sülhə, işğalın bitməsinə və hüquqlarımızın bərpasına nail olmaq üçün səylərini əsirgəməyəcək”.
Haniyə hökuməti bir il sonra Fələstin milli administrasiyasının prezidenti Mahmud Abbas tərəfindən buraxıldı, amma HƏMAS bu qərarı qeyri-legitim elan etdi və kabinet Qəzza sektoru üzərində nəzarəti ələ keçirərək işini davam etdirdi (İordan çayının qərb sahilindəki ərazilər isə FƏTH-in nəzarətində qaldı - Press klub).
Sektorda hakimiyyət uğrunda qanlı mübarizə bir həftə sürdü və Abbasın rəhbərlik etdiyi FƏTH hərəkatı qəti şəkildə Qəzzadan çıxarıldı. Hərçənd, o vaxtdan Haniyə sülh bağlamaq üçün dəfələrlə FƏTH-ə müraciət edib.
Haniyə 2017-ci il mayın 6-da HƏMAS-ın Siyasi bürosunun başçısı seçildi. Bundan bir neçə gün əvvəl təşkilat öz xartiyasına düzəliş etdi.
Hərəkatın elan etdiyi sənəddə deyilirdi ki, HƏMAS 1967-ci ilin Altıgünlük müharibə nəticəsində müəyyənləşən sərhədlər çərçivəsində Fələstini tanıyır, onun əsas düşməni isə “sionist işğal layihəsi”dir.
Hərəkatın lideri kimi Haniyə 2022-ci ildə Rusiyaya səfər etdi, burada XİN başçısı Sergey Lavrovla görüşündə HƏMAS-ın “Rusiya xarici siyasətinin bir çox mövqelərini” bölüşdüyünü bildirdi.
O, həmçinin Dövlət Dumasının deputatları qarşısında çıxış etdi və hətta Kazana getdi, burada Tatarıstan rəhbəri Rüstəm Minnixanovla görüşdü.
Birləşmiş Ştatlar isə 2018-ci ildə Haniyəni terrorçu kimi tanıdılar və ona qarşı sanksiya tətbiq etdilər. Dövlət departamenti bildirdi ki, Haniyə “HƏMAS-ın hərbi qanadı ilə sıx əlaqələrə malikdir” və “silahlı mübarizəni dəstəkləyir, o cümlədən dinc əhaliyə qarşı”.
HƏMAS-ın ötən il oktyabrın 7-də İsrailə hücumundan dərhal sonra Haniyənin Dohadakı ofisində hərəkatın digər liderləri ilə videosu yayıldı. Həmin videoda o, HƏMAS-ın hərbi qanadı olan “İzəddin əl-Qəssam briqadaları”nın İsrail hərbi texnikası ələ keçirməsini göstərən ərəb televiziyasının reportajını izləyirdi. Bundan sonra Haniyə “bu zəfərə görə Allaha şükür” duası etdi.
Bu ilin may ayında yayılan xəbərlərdə Haniyənin Qətərin baş naziri və Misirin xarici işlər naziri ilə telefonla danışdığı, onların atəşkəs təklifi ilə razılaşdığı deyilirdi.
Yüksək mənsəbli Fələstin məmuru o zaman BBC-yə bildirmişdi ki, razılaşmanın şərtləri yerinə yetirilərsə, guya HƏMAS “düşmən fəaliyyətini həmişəlik” durdurmağa hazır olduğunu bildirib. Amma heç bir inkişaf baş vermədi və HƏMAS-ın İsrailə qarşı əməliyyatları davam etdi.
İsmayıl Haniyə kuzeni Amal Haniyə ilə qızın 16 yaşı olanda evlənib. Onların 13 uşağı - səkkiz oğlan, beş qız - vardı.
Bu ilin aprelində Haniyənin üç oğlu İsrailin aviazərbəsi nətcəsində Qəzzada həlak olub (həmin zərbə nəticəsində Haniyəni 3, ya 4 nəvəsinin də öldürüldüyü deyilir - Press klub). İsrail ordusu onların hamısının HƏMAS-ın hərbi qanadının üzvü olduqlarını bildirdi.
Xəbərlərə görə, Haniyənin daha bir oğlu fevralda, qardaşı və qardaşı oğlu oktyabrda, nəvəsi noyabrda öldürülüb.
HƏMAS lideri o zaman oğullarını və nəvələrini “şəhid” adlandırmşdı və qohumların ölümünün gedən atəşkəs danışıqlarında hərəkatın mövqeyini dəyişməyəcəyini bildirmişdi.
“Tələblərimiz aydın və konkretdir, biz heç bir güzəştə getməyəcəyik. Düşmən düşünürsə ki, danışıqlar vaxtı və biz cavab verməzdən öncə mənim oğullarıma hücum etməsi mövqeyimizin dəyişməsinə səbəb olacaq, yanılır”, - Haniyə “Al Jazeera” telekanalına demişdi.
Hazırladı: Yadigar Sadıqlı