Ərşə qalxan cərimələr...
Günü-gündən artan “pullu tənbeh” nə dərəcədə ədalətlidir?
10 İyul 2024
Hər şeyin qiymətinin qalxdığı, böyük bahalaşma getdiyi göz önündədir. Problemlərin yükünü insanların simasında da görmək olur. Küçədə səmimi şəkildə, ürəkdən gülümsəyən adamların sayı durmadan azalır.
Belə bir situasiyada, qaydalar da sərtləşdirilir, hara baxsaq cərimə ilə rastlaşırıq. Az qala “düzgün nəfəs almadığımıza” görə də cərimə tətbiq edilir və məbləği də artırılır.
Milli Məclisin 21 iyunda keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklər təklif edilib:
- “Yol hərəkəti haqqında” qanunla müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə ediləcək. Şəxs nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
-Xidməti parklanma yerlərində avtomobil saxlayanlar üçün yeni cərimə tətbiq ediləcək. Xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə qırx manat məbləğində cərimə ediləcək.
-Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək. Xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək.
-Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək. Məcəlləyə əlavə edilən 327.1-2-ci maddəyə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə 100 manat məbləğində cərimə ediləcək.
-Azərbaycanda parklanma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir. Məcəlləyə təklif edilən yeni 346-1.6-cı maddəyə görə enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək. Eyni zamanda 346-1.7-ci yeni maddəyə görə, velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat, xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimə olacaq.
Bəs, iqtisadi vəziyyətin o qədər də ürəkaçan olmadığı, bahalaşmanın tüğyan etdiyi vəziyyətdə cərimələrin bu qədər artırılması nə dərəcədə ədalətlidir? Və bu cərimələr gözlənilən effekti verəcəkmi?
Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov deyib ki, cərimələrin tez-tez artırılması gözlənilən nəticəni vermir. Bu proses insanları qəzəbləndirir, psixoloji olaraq mənfi təsir göstərir. Və qayda pozuntuları öz yerində qalır. Nəinki Azərbaycan cəmiyyəti, bütün cəmiyyətlərdə şişirdilmiş cərimə tətbiqləri insanların aqressiyasına səbəb olur.
Müsahibimiz hesab edir ki, cərimələrin miqdarı onsuz da yetərli idi. Onları artırmağa ehtiyac yoxdur: “Yaxud bu prosesləri cərimə hesabına düzəltmək düzgün deyil. Çünki bizdə kifayət qədər yüksək cərimələr var. Spirtli içki qəbul edən və ya narkotik vasitənin təsiri ilə sükan arxasına əyləşənlərə tətbiq edilən cərimələrdən söhbət getmir. Bunlar təbii ki, vətəndaşın anlaması və çəkinməsi üçün yüksək olmalıdır. Amma gündəlik baş verən yüngül pozuntular üçün bu dərəcədə şişirdilmiş cərimə tətbiqləri doğru deyil. Bu zaman əhalinin ümumi istifadədə olan nəqliyyat vasitələrinin sayını nəzərə almaq lazımdır”.
Maraqlıdır, cərimələrin artırılması nə ilə bağlıdır? Və artım insanların gəlirlərinə adekvatdırmı?
Pressklub.az-ın suallarını cavablayan iqtisadçı Natiq Cəfərli deyib ki, cərimələrin həcmi adekvat deyil.
“Dünyada cərimələr minimum əməkhaqqı, təqaüd və orta aylıq əməkhaqqını nəzərə almaqla hesablanır. Bizdə isə belə deyil. Ayda 5 dəfə qayda pozuntusu edən şəxs bütün maaşını cəriməyə yatırmalı olur. Bu sadəcə dolayı yolla vergiləndirmə sistemidir. Əlavə vergi yaradılıb, insanların üzərinə yüklənir”.
Müsahibimiz deyib ki, dünyanın heç bir ölkəsində yalnız cərimələrlə qayda pozuntularının qarşısını almaq mümkün olmayıb: “Belə bir örnək yoxdur. Elə olsaydı, dünyada cinayət də, qanun pozuntuları da olmazdı. Azərbaycanda digər komponentləri unudub, təkcə cərimələrin artırılması yolu ilə insanların davranışlarını tərbiyə etməyə çalışmaq çox yanlış addımdır. Yol Hərəkəti qaydalarının, eləcə də digər İnzibati Xətalar Məcəlləsinə aid olan qaydaların pozuntuları hansı səbəblərdən yaranırsa, o səbəblər araşdırılmalıdır. Yoxsa, əksi mümkün deyil. Araşdırılıb, aradan qaldırılandan sonra cərimələrlə mübarizə aparmaq olar. Hökumət səbəblərlə yox nəticələrlə mübarizə aparmaq istəyir. Bu yanlışdır”.
Ekspertlərin sözlərindən məlum olur ki, cərimələrin sərtləşdirilməsi ədalətsiz və qeyri-adekvatdır. Deməli, insanların etirazı səbəbsiz deyil. Amma təəssüf ki, bu etirazları heç bir qurum nəzərə almır.
Bu məqamda məşhur atalar sözü yada düşür: “Toxun acdan xəbəri olmaz...”
Günay Elşən