Dəhşətli virus gəlir: qorunmağın yolları...
Rotavirusun əlamətləri nələrdir, necə müalicə olunur?
22 İyul 2024
Biri bitir, o biri başlayır. Elə bil bütün xəstəliklər sıraya düzülüb, yayılmaq üçün can atırlar. İndi də rotavirus infeksiyasının növbəsidir. Onun da ardınca “quş qripi” sırasının çatmasını gözləyir. Özündən qabaq xəbəri yayılıb, deyirlər, hətta COVİD-19-a rəqib olacaq. Amma hələlik rotavirusun növbəsidir.
Son günlər əhali arasında kəskin sürətlə yayılan rotavirusa daha çox uşaqlarda rast gəlinsə də, böyüklərdən də yan keçmir. Bəzi insanlar bu narahatlığı hiss edən kimi dərhal həkimə müraciət etsə də bəziləri, əksinə, öz-özünə “həkimlik” edir. Düzdür, insanın həkimi birinci özüdür. Amma belə məqamlarda sağlamlığı riskə atmadan həkimə müraciət etmək tövsiyə olunur. Əks halda, vəziyyət daha da pisləşə bilər.
Rotavirus nədir?
Rotavirus, bağırsaq infeksiyası və ishala səbəb olan çox yoluxucu bir virusdur. Əsasən, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, rotavirus, respirator sinisitial, rivovirus, reovirus və s. aiddir Dünyada rast gəlinən bu virus körpələrdə və uşaqlarda ishalın yaranmasının ilk səbəbidir. Rotavirus hər yerdə yayılır və 3-5 yaşa qədər demək olar ki, hər bir uşağa yoluxur. Bu, həmin yaş qrupuna aid artıq kəskin respirator virus (KRVİ) infeksiyalarına yoluxan uşaqların uşaq bağçalarına və digər ictimai toplaşma yerlərinə getməsi ilə əlaqədardır. Təkrar xəstələnmə halları uşaq orqanizminin mühafizə gücünün zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur. KRVİ kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir.
2003-cü ildə dünyada 5 yaşdan kiçik uşaqlarda 114 milyon rotavirus infeksiyası halı qeydə alınıb. Bu halların 24 milyonu ambulator müalicə olunarkən, 2,3 milyonu xəstəxanaya yerləşdirilib. Başqa bir araşdırmaya görə, rotavirus dünyada 5 yaşa qədər uşaqlarda hər il 214 mindən çox ölümə səbəb olur. Diareya ilə bağlı xəstəxanaya yerləşdirilən uşaqlar arasında rotavirus infeksiyasının yayılması bütün dünyada oxşar olsa da, rotavirus infeksiyası ilə ölümlə nəticələnən halların 90 faizindən çoxu aşağı gəlirli ölkələrdə baş verir.
Görək, rotavirusun əlamətləri nələrdir? Neçə gün çəkir? Necə yoluxur? Müalicəsi necə olur? Hansı insanlara yoluxma riski daha yüksəkdir? Bu xəstəlikdən necə qorunmaq lazımdır? Sağaldıqdan sonra hər hansı qalıcı problem buraxırmı?
Pressklub.az-ın suallarını cavablandıran pediatr-infeksionist Əsmər Hüseynova deyib ki, rotavirus uşaqlar arasında diareya törədən ən geniş yayılmış səbəbdir: “Bu virus mədə və bağırsaqda iltihab törədərək, diareya, qusma, temperaturun yüksəlməsi, bəzən qarında sancılı ağrı və bunların nəticəsi olaraq dehidratasiya (susuzlaşma) əlamətləri ilə müşayiət olunur. Bu əlamətlər virusa yoluxduqdan 2 gün sonra başlayır və 1 həftəyədək davam edə bilir. 6 aylığadək uşaqlar xüsusilə risk altındadır”.
Müsahibimiz deyib ki, xəstələr rotavirusa çirklənmiş su və çirkli əllərlə yoluxur. Virus su, qida, çirkli əşyalar, oyuncaqların üzərində 1 həftəyədək qala bilir.
İnfeksionist bildirib ki, xəstələrdə yuxululuq, davamlı qusma, qara rəngli və ya qanlı nəcis, 24 saatdan artıq davam edən yüksək hərarət kimi əlamətlər görünürsə, mütləq həkimə müraciət etməlidir.
Doktorun sözlərinə görə, xəstəliyin müalicəsində antibiotik qəbulu yolverilməzdir: “Özbaşına, dəqiq diaqnoz qoyulmadan qəbul olunan antibiotiklər vəziyyəti daha da ağırlaşdırır. Müalicədə əsas məqsəd itirilmiş maye və duzların bərpasıdır. Xəstəlikdən qorunmaq üçün gigiyena qaydalarına riayət etmək, əlləri tez- tez yumaq, meyvə və tərəvəzləri yaxşıca yuyub istifadə etmək lazımdır. Vaxtında müalicə edilərsə, sonra heç bir qalıcı problem olmur”.
Araşdırmalara görə, kəskin respirator virus infeksiyalarının yayılması daha çox yaz və payız aylarında müşahidə edilir. Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. Bu da o deməkdir ki, qarşıdan gələn payız fəslində də viruslara məruz qalma riskimiz var.
Günay Elşən