Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Yollarımızdakı “ölüm mənbəyi” - Adı var, özü yox
Yol nişanlanma xətləri niyə tez silinir? Problemi necə həll etməli?

Yol nişanları həm sürücülər, həm də piyadalar üçün xüsusi göstəricidir. Bu nişanlar nəyi etməli olduğumuzu, xüsusən də, nəyi etməməli olduğumuzu göstərərək, həyatımızı qoruyur. 

Bu mənada, asfalt üzərinə çəkilən yol nişanları xüsusi əhəmiyyət daşıyır. Sürücülər, yol kənarındakı nişanlardan çox, əsasən asfalt üzərindəki nişanlara diqqət yetirirlər. Piyadalar isə yollarda “zebra” dediyimiz zolaqlı piyada keçidlərinə fikir verirlər. 

Amma təəssüf ki, şəhərimizin müxtəlif küçə və prospektlərində yol nişanlanma xətləri silinib. Ən yaxşı halda isə çox cüzi iz görünür. Gündüz vaxtı heç olmasa güc-bəla ilə görmək olur. Gecələr isə nişanların heç bir əlamətini görmək olmur. Piyadalar yol keçərkən piyada keçidi axtarmaqdan təngə gəlir. Elə sürücülər də bu məsələdə xeyli çətinlik çəkirlər, hətta buna görə cərimələnirlər. Yəni, görünməyən nişanın cəzasını sürücü ödəyir. Ən pisi isə bu problemə görə yol nəqliyyat hadisələri qaçılmaz olur. 

Maraqlıdır, yol nişanlanma xətləri niyə tez silinir? Problemin yaranmasında boyaların keyfiyyətsizliyi, yoxsa digər amillər rol oynayır? 

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Pressklub.az-a açıqlamasında bildirib ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır. 

Müsahibimiz bildirib ki, nişanlanma xətlərinin yenilənməsi plan üzrə mərhələli qaydada həyata keçirilir. Hərəkət iştirakçıları ərazidə quraşdırılan yol nişanlarının tələblərinə mütləq qaydada riayət etməlidirlər.

Sürücülər görünməyən nişanlar, silinmiş xətlərə görə cərimələnirmi? Bu halda həmin sürücülər nə etməlidir? Azərbaycandakı yol nişanlama sistemi dünya təcrübəsindən nə dərəcədə fərqlənir? Nə vaxtsa dünya təcrübəsi tətbiq olunacaqmı? 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Pressklub.az-a açıqlamasında bildirib ki, yol nişanlarının tez sıradan çıxmasının səbəbi keyfiyyətsiz boyalardan istifadə olunmasıdır: “Bu məsələyə diqqətli yanaşmaq lazımdır. Bu boyaları ölkəyə kim gətirir? Niyə gətirir? Effekti yoxdursa niyə ondan mütəmadi istifadə olunur? Burada insan həyatından söhbət gedir. Hesab edirəm ki, bu məsələni həll etmək olar”.

Ekspert deyib ki, yol nişanları, nişanlanma ilə bağlı problemlərimiz çoxdur: “Xüsusən nişanlanma xətlərində dəhşətli qüsurlar var. Nişanlanma xətlərinin quraşdırılması heç də arzuolunan səviyyədə deyil. Bu isə çox təhlükəlidir. Bu halların qarşısı alınmalıdır. Bu problemlərə görə vətəndaşlara ciddi ziyan dəyir. Ən yaxşı halda qayda pozub, cəzalanırlar. Ən pis halda isə qəzaya düşürlər. Yol təsərrüfatında hər hansı bir qüsur varsa, nişanlanma xətləri silindiyinə görə sürücü cərimələnirsə, qəzaya düşürsə, təbii ki, onun məhkəməyə müraciət etmək hüququ yaranır. Həmçinin həmin yola nəzarət edən qurumu məhkəməyə verərək dəymiş zərəri tələb edə bilər”. 

Müsahibimizin sözlərinə görə, dünyada bu sahədə müasir texnologiyaların verdiyi yeniliklərdən, günəş enerjisindən istifadə olunur. Məsələn, 3D formatlı piyada keçidləri salınır. Eyni zamanda müxtəlif işıqqaytarıcı effektləri olan yol nişanları, nişanlanma effektləri, işarələr qurulur. Avtomobil yaxınlaşanda xətlər işıqlanır. Onlar sürücülər üçün tam komfort şərait yaratmağa çalışırlar: “Bizdə isə elə deyil. Sürücülərin işini çətinləşdirirlər. Hətta sanki bunu qəsdən edirlər. Şəxsən dəfələrlə yoxlamışam ki, bu gün vurulan boya maksimum 3 ay dözə bilir. 3 aydan sonra boyanın heç izi də qalmır”. 

“Son vaxtlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AYNA  ilə bu barədə müzakirələr apararkən məlumat verildi ki, artıq bu məsələ ilə bağlı xarici ölkələrin məhsulları ilə maraqlanırlar. Yeni yanaşmalar olacaq. Və ümid edirəm, bu problem tezliklə aradan qalxacaq. Bu hərəkətin təhlükəsizliyi üçün vacib bir elementdir və buna bu cür səthi yanaşmaq ən yumşaq formada desək, təhlükədir. Və bu təhlükə təəssüf ki, insanların ölümünə, xəsarət almasına, maddi və mənəvi zərərə uğramasına səbəb olur”, - ekspert bildirib.

Ekspert hesab edir ki, yol nişanları, nişanlama xətləri fəlsəfi yanaşmadır. Onların dili ağzı yoxdur, amma insanlara yol göstərir. Bu da qeyri-müəyyən vəziyyətdə olandan sonra əlbəttə, onun göstərdiyi yol görünməyəcək, uçuruma aparacaq: “Ona görə də nişanların aydın yol göstərməsi üçün keyfiyyətli məhsullarla işləmək lazımdır. Onların keyfiyyətinə ciddi nəzarət etmək lazımdır. Orada kimlərinsə maraqları varsa, bu o deməkdir ki, insanların sağlamlığı və təhlükəsizliyi ikinci plandadır. Birinci planda başqa məqsədlərdir”.

Əlbəttə, yol nişanlarının tez silinməsi, qısa ömürlü olması insanlara həm maddi, həm mənəvi, həm də sağlamlıq baxımından ciddi zərər vurur. Ancaq təəssüf ki, bu məsələlərdə müəyyən boşluqlar var. Həmin boşluqların doldurulması isə xeyli ləngiyir. Heç olmasa, boyanın keyfiyyəti bir yana, barı, boya çəkiləndən sonra nəzarət olunsa, vaxtlı-vaxtında yenilənsə, problem qismən də olsa həllini tapar. Amma əfsus, iş bitdikdən sonra onu nəzarətdə saxlamaq arxa planda qalır. Həmin yol nişanlanma xətlərinin isə sadəcə adı olur. 

Bu məsələ kifayət qədər ciddi və insan həyatı üçün önəmlidir. Ona görə də aidiyyəti qurumlar bu məsələyə diqqətli yanaşmalı, problemin həlli üçün lazımi addımları atmalıdır. 

Günay Elşən