Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Dadı xoş, qoxusu gözəl, amma içindən nə çıxacağını bilmirik ...
Dönər satılan 310 müəssisədən 309-da nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə ölkə üzrə 310 müəssisədə monitorinq aparıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən mətbuata verilən məlumata görə, həmin müəssisələrdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyət qiymətləndirilərkən 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə bir sıra nöqsanlar aşkar edilib.

Monitorinq çərçivəsində 209 müəssisə üzrə 220 toyuq əti, 74 mal əti olmaqla, ümumilikdə 294 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. 64 dönər nümunəsində (47 toyuq əti və 17 mal əti) E.Coli bakteriyası, 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası və 1 mal ətindən dönər nümunəsində toyuq əti DNT-si aşkar edilib. 158 müəssisə üzrə 215 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.

Məlum məsələdir ki, dönər sağlam qidalar siyahısında deyil. O da faktdır ki, heç kim bu günə kimi “dönər faydalıdır” deməyib. Əksinə, həmişə dönərin faydasız, hətta ziyanlı qida olduğu vurğulanıb. Üstəlik, yararsız at, eşşək, ölmüş heyvan ətlərinin ən çox istifadə edildiyi yer də məhz ucuz, keyfiyyətsiz dönərxanalardır. Necə deyərlər, gecə qara, cücə qara...

Amma yoxlama aparılan 310 müəssisədən sadəcə birinin qənaətbəxş hesab edilməsi həddən artıq acınacaqlı mənzərədir. Bu o deməkdir ki, dönərxanaların 99.99 faizində ən azından anti-sanitariya vəziyyəti hökm sürür. Yəni, işdə, istirahətdə, ümumiyyətlə hər hansı bir yerdə acarkən çoxumuzun ilk olaraq üz tutduğu qida özümüzün də xəbərimiz olmadan bizi zəhərləyir. Elə bunun nəticəsidir ki, vaxtaşırı haradasa dönərdən kütləvi zəhərlənmə xəbərləri ilə üzləşirik. 

Və ən maraqlısı odur ki, bu dönərxanalar lisenziya, gigiyenik uyğunluq sertifikatı və s. alaraq fəaliyyətə başlayıblar. Görəsən, bu cür anti-sanitariya şəraitində fəaliyyət göstərən dönərxanalar lisenziyanı, sertifikatı necə alıblar və bu müddətdə necə fəaliyyət göstəriblər... 

Maraqlıdır, illərdir problemlərdən qurtula bilməyən, xəstəlik yuvasına çevrilmiş dönərxana faciəsini necə aradan qaldırmaq olar? Bu sahəni qaydaya salmağın yolları nədir? Həmçinin, istehlakçılar bu problemlə qarşılaşanda (zərər çəkəndə) nə etməlidir? 

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, dönərxanalar ölkəmizdə ciddi problemə çevrilib. Onun sözlərinə görə, 1 manat, 1 manat 50 qəpiyə olan dönərlər sözsüz ki, təhlükəlidir: “Mən AQTA-da İctimai Şuranın üzvü olarkən dəfələrlə rəhbərlik qarşısında məsələ qaldırdım ki, nümunəvi dönərxana yaradaq. Təbliğ edək ki, digərləri də ona oxşasın. Amma bu təklifim nəzərə alınmadı. Ona görə də vəziyyət getdikcə pisləşir”. 

Müsahibimiz bildirir ki, ölkədə istənilən ətin satışına heç bir məhdudiyyət yoxdur: “Sizin sayt vasitəsilə çağırıram ki, Nazirlər Kabineti qərar qəbul etsin, ənənəvi olmayan ətlərin satışı qadağan edilsin. Sadəcə olaraq qanun belədir ki, hansı əti satırsan sat, üstündə nə əti olduğu bildirilsin. Bazarın bu seqmentinin təmizlənməsində, at, eşşək ətinin, ölmüş heyvan ətlərinin satışını ifşa etməkdə qurum fəal işləməlidir. Cəmiyyət bu işləri dəstəkləyir. Təəssüf ki, onlar da susublar. Amma bilirik ki, bu ətlərdən bəzi dönərxanalarda istifadə edilir. Lakin dönərxanalarda elə kağızlar, elanlar asılır ki, guya hər şey öz qaydasındadır”. 

AİB sədrinin sözlərinə görə, zəhərlənmə səbəbləri təkcə ətlə bağlı olmur. Mayonezlər və digər inqrediyentlərlə də bağlı ola bilir: “Mayonezlərin saxlanma müddəti 5 saatdan artıq deyil. Dönər bu gündən sabaha qaldısa, o artıq çirklənmiş mal olur. Onu soyuducuda saxlasan da insanı zəhərləyə bilər. Dönərxanalarda AQTA ciddi iş aparmalıdır. Və vəziyyəti dəyişdirmək üçün işlər görməlidir”. 

Müsahibimiz təklif edir ki, istehlakçılar bu cür problemlərlə qarşılaşdıqda qaynar xətt vasitəsilə AQTA-ya məlumat versinlər, sağlamlıqlarına zərər dəyəndə isə AİB-ə yazılı ərizə ilə müraciət etsinlər. 

Görəsən, həmin dönərlər insanların sağlamlığına hansı zərərləri vurur? Hansı xəstəlikləri yaradır?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən həkim-terapevt Sübhan Hacıyev bildirib ki, istər mal əti, istərsə də toyuq əti düzgün emal olunmadıqda tərkibində olan bir çox infeksiyalar, xüsusilə də heyvandan insana keçə bilən infeksiyalar qalır. Bu problem bir çox hallarda mədə-bağırsaq traktının zədələnməsinə gətirib çıxarır: “Qastrit (mədənin selikli qişasının iltihabı, qıcıqlanması və ya aşınması - red.) duodenit ( Onikibarmaq bağırsağın iltihabı xəstəliyi – red.), ezofaqit (qida borusunun iltihabı – red.) kimi xəstəliklərin kəskinləşməsinə səbəb olur. Eyni zamanda orada həddən çox durmuş yağların olduğunu bilsək, xolesterin mübadiləsinin pozulduğunu görərik. Bu da ürək-damar xəstəliklərinə yol açır. Və damarların xolesterinlə tıxanması gələcəkdə miokardın infarktına və insulta gətirib çıxarır”. 

Doktor bildirib ki, dönərlər “fast food” siyahısında olsa da çox ağır həzm olunan qidadır. Çünki tərkibində ətdən savayı yağlar, turşular, tomat, ketçup, mayonez olur. Və ketçupla mayonez bir-biri ilə reaksiyaya girməyən kimyəvi maddələrdir. Onların da hər hansı bir çörəyə və ya lavaşa bükülüb yeyilməsi insan orqanizmində çox ciddi enerji tələb edir: “Lakin təəssüf ki, dönərxanaların əksəriyyəti bəsit sanitar-gigiyenik tələblərə uyğun gəlmir. İstifadə etdiyi ətlər çox ciddi bir şəkildə yoxlanılmır. Buna görə də onların istifadəsi sağlamlığa zərər vurur. Bu problemə xüsusilə toyuq dönərlərində rast gəlinir. Çünki bir çox xəstə quşların, heyvanların müəyyən antibiotiklərin, hormonal dərmanların istifadəsindən sonra kəsimləri baş verir. Və nəticədə o dərmanlar həmin ətlərin, dönərlərin tərkibində olduğu müddətdə çox da məhv olmur. Çünki dönər bişirildiyi zaman onun üst təbəqəsi qızarılır, amma həmin dərmanlar şirə şəklində üstünə axır. Nəticədə bu şirə həmin çörəyə və ya lavaşa batırılaraq təkrar insanlara yedirilir”. 

Doktor tövsiyə edib ki, bütün bunlara görə mənşəyi məlum olmayan yerlərdən, xüsusilə “fast food” qidalarından istifadə etməsinlər. Sanitar-gigiyenik qaydalara riayət olunmayan yerlərdə heç bir qidadan istifadə etməsinlər. Həmin qidaların qəbulundan sonra hər hansı bir narahatçılıqları aşkarlanarsa, mütləq həkimə müraciət etsinlər.

Günay Elşən