Azərbaycanı dəhşətli quraqlıq gözləyir…
Problemin həll yolu varmı?
30 İyul 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") nümayəndəsi Murad Camalov mətbuata açıqlamasında bildirib ki, Azərbaycan 2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə qlobal miqyasda 18-ci yerdədir. “İqlim modellərinə əsasən, 2020-2040-cı illərdə temperaturun 0,5-2,5 dərəcə yüksələcəyi və yağıntıların 10-20 % azalacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.
Azərbaycanın artıq indinin özündə quraqlıqdan əziyyət çəkdiyini nəzərə alsaq, bu, çox ciddi siqnaldır. Belə çıxır ki, cəmi 15 il sonra bu risk dəfələrlə artacaq.
Bəs görəsən, bu quraqlığın qarşısını almaq olarmı? Problemi necə həll etmək olar? Ümumiyyətlə, Azərbaycan hansı səbəbdən bu risklə üz-üzədir və quraqlığa məruz qalsaq, bizi hansı fəlakətlər gözləyir?
Mövzu ilə bağlı Pressklub.az-a danışan ekoloq Rövşən Abbasov deyib ki, quraqlıq hadisələri iqlim dəyişmələri nəticəsində baş verir: “Biz quraqlıq deyəndə ilk növbədə meteoroloji quraqlığı nəzərdə tutmalıyıq. Meteoroloji quraqlıq bir əraziyə uzun müddət atmosfer yağıntılarının düşməməsidir. Belə hallar Azərbaycanın, demək olar, bütün bölgələrində, xüsusilə dağətəyi bölgələrdə, Abşeron, Qobustan kimi regionlarda daha çox təkrarlanır”.
Müsahibimiz deyib ki, uzunmüddətli quraqlıq torpağın qurumasına, bitki örtüyünün zəifləməsinə və otarılma nəticəsində tamamilə sıradan çıxmasına səbəb olur. Bu hadisə qlobal hadisə olduğu üçün onun qarşısının alınması çox çətindir. İqlim dəyişmələri ilə mübarizə qlobal miqyasda gedir: “Bütün ölkələr Paris razılaşmaları çərçivəsində atmosferə atılan istixana qazlarının miqdarının azaldılması üçün çox müxtəlif strategiyalar, planlar və proqramlar hazırlayırlar. Bu Azərbaycanda da hazırlanır. Bu, qlobal problem olduğuna görə, bizim əlimizdən çox şey gəlmir. Ona görə də, hansısa proqram hazırlayıb quraqlığın qarşısını almaq olmur. Bu qətiyyən mümkün deyil. Yalnız bütün ölkələr Paris razılaşmasının müddəalarına əməl etsələr, atmosferdə parnik qazlarının miqdarı tədricən azalar, iqlim dəyişmələrinin də qarşısı alınar”.
Ekspert hesab edir ki, yeganə çıxış yolumuz bizim bu şəraitə getdikcə daha çox adaptasiya olmağımızdır. Kənd təsərrüfatında da quraqlıq riskinə adaptasiya olunmaq üçün quraqlığa davamlı bitkilərin becərilməsi, müasir suvarma texnologiyalarından istifadə kimi yanaşmalar var.
Yeri gəlmişkən, "İqlim dəyişikliyinə kosmosdan baxış" tədbirində çıxış edən “Azərkosmos” İdarə Heyətinin sədri Saməddin Əsədov deyib ki, Azərbaycan ərazisinin 15 faizində quraqlıq riski var. Xüsusilə ölkə ərazisində Gəncə-Daşkəsən zonasının quraqlıq riski ilə üz-üzə qaldığı vurğulanıb. O, bildirib ki, son rəqəmlərə görə buradakı su hövzəsinin 40 faizi itirilib. “Son 100 ildə Azərbaycanda orta illik temperatur artıb. Peyk təsvirlərinin təhlilinə əsasən, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında son 7 ildə buzlaq sahələrində ortalama 18 faiz azalma müşahidə olunub. Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2 metr azalıb ki, bunun da 1,5 metri son beş ilə təsadüf edib. Ölkə üzrə quraqlıq səviyyəsinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, Azərbaycan ərazisinin 15 faizi çox yüksək quraqlıq riski altındadır. Ölkə ərazisində yanğınların kosmik monitorinq təhlilinə əsasən, ötən il ümumilikdə 10 563 hektar ərazinin yandığı müşahidə edilib. Həmçinin, atmosferin tərkibini dəyişdirən zərərli qazların dəyərləri də ilbəil artıb”, – deyə “Azərkosmos”un sədri əlavə edib.
Bütün bunlar onu göstərir ki, həqiqətən də Azərbaycan quraqlıq baxımından çox böyük risk altındadır. Quraqlıq isə həyatımızın tamamilə dəyişməsi deməkdir.
Ümid edək ki, bu fəlakət bizi haqlamadan ondan qurtula bilərik.
Günay Elşən