Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Azərbaycanda 1500 kənd... boşalıb
Regionlara yatırılan 100 milyard batıb, bölgələr insansız qalıb...

Ötən ayın sonlarında elm və təhsil naziri Emin Əmrullayevin “ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbin 1500-də 100-dən az şagird təhsil alır” açıqlaması gündəm yaratdı. Deputat Ceyhun Məmmədov nazirin açıqlamasını “1500 məktəb bağlana bilər” şəklində şərh etməsi rezonans doğurdu və təhsil naziri yeni açıqlama ilə çıxış etməyə məcbur oldu.

Nazir bildirdi ki, şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda, bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur: məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır.

Nazirin sözlərinə görə, daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq. Yəni ölkədəki təhsil müəssisələrinin üçdə birində şagird azlığı Elm və Təhsil Nazirliyini xərclərini azaltmağa məcbur edir. Bu, necə olacaq, məktəb müəllimlərin aqibəti ilə bağlı hansı qərar qəbul ediləcək, hələlik məlum deyil.

Emin Əmrullayev 100-dən az şagirdi olan 1500 məktəbin yerləşdiyi coğrafi arealı təsvir etməsə də, onların kənd məktəbləri olması sirr deyil. Bu da problemin heç də birbaşa təhsil sistemi ilə birbaşa bağlı olmadığından xəbər verir. Problemin səbəbi Azərbaycanın regionlarındakı mövcud sosial-iqtisadi durumdan qaynaqlanan demoqrafiya problemidir. Vəziyyət o həddə ağırlaşıb ki, nazirlik tədbir görməyə məcbur olur.

Respublikanın inzibati bölgüsünə görə, Azərbaycanda 67 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 190 qəsəbə ərazi dairəsi, 40 sahə ərazi dairəsi, 1724 kənd ərazi dairəsi və 4244 kənd var. Nazir E.Əmrullayevin bəhs etdiyi şagird sayı 100-dən az olan 1500 məktəb rayonlarda, əsasən də ucqar kəndlərdə yerləşir. Hər kənddə 1 məktəbin olduğunu hesablasaq, bu sayda kəndlərdə əhali sayının az olduğunu təxmin etmək olar. 

Ötən iki onillikdə paytaxtda, Sumqayıtda və Gəncədə təhsilin əsas problemlərindəın biri şagird sıxlığı ilə bağlı olub. 1000-1200 şagird tutumlu orta məktəblərdə 2000-dən artıq şagird təhsil alır, sinfilərdə bəzən şagird sayı 40-45 nəfər çatır ki, bu da normal tədris standartlarının kobud şəkildə pozulmasına səbəb olur. Bu müddət ərzində məktəblərin imkanlarının genişləndirilməsi, yeni tədris korpuslarının tikilməsi, yeni məktəblərin inşası da problemi aradan qaldıra bilməyib.

Eyni hal uşaq bağçaları ilə bağlıdır, Bakıda yaşayan uşaqların üçdə birindən çoxu qeydiyyat və bağçalarda yer olmadığından bu müəssisələrə gedə bilmir. 

Beləliklə, mənzərə aydınlaşır: neft bumu illərində əhalinin paytaxta və iri şəhərlərə kütləvi köçü demoqrafik problemə səbəb olub, bu gün rəsmi səviyyədə etiraf olunur ki, respublika kənd məktəblərinin 1500-də şagird sayı 100-ə çatmır. Yəni əhali yoxdur... Onu da xatırladaq ki, kənd məktəblərinin əksəriyyətinin təmirsiz, təhsil üçün yararlı olmadığına dair çoxsaylı şikayətlər az qala hər gün sosial şəbəkələrdə və mediada dərc olunur. Nazirin son açıqlamasından məlum olur ki, qurumun dərdi bundan daha böyükdür, xərclər yerində qalsa da, dərs keçməyə şagird tapılmır...  

Əhalinin urbanizasiyası bir çox ölkələrin üzləşdiyi problemdir, bunun çoxsaylı səbəbləri var. Azərbaycanda da bu səbəblərin bir çoxu keçərlidir, amma başlıca amil regionların inkişafdan geri qalmasıdır. Bunu ölkənin iqtisadi göstəriciləri də təsdiq edir. Məsələn, gələn ilin 38.3 milyardlıq dövlət büdcəsində yerli gəlirlər heç 1 milyard manata çatmır, büdcə yenə Bakı və Abşeron iqtisadi rayonlarının hesabına formalaşacaq. 

Hökumət bildirir ki, ötən 20 ildə regionların sosial-iqtisadi inkişafına böyük diqqət ayrılıb, bir neçə dövlət proqramının icrasına 100 milyard manata yaxın vəsait xərclənib. Əsasən dövlət büdcəsi, xarici kreditlər hesabına bölgələrdə infrastruktur yenilənib, iş yerləri yaradılıb, aqrar sektor inkişaf etdirilib və s.

Mövcud vəziyyət bu proqramların elan olunmuş məqsədə çatmadığını göstərir. Əhalinin kəndləri tərk edərək şəhərlərə axışmasının başlıca səbəbi işsizlikdir. Kənd təsərrüfatı gəlirsiz sahəyə çevrilib, emal sənayesi yox dərəcəsindədir, ticarət isə ancaq bir qrup əhalinin dolanışığını təmin edir. 

Əslində elm və təhsil nazirinin qeyd olunan çıxışı hökumət üçün bir həyəcan siqnalı olmalıdır. Məktəblərin xərclərini optimallaşdırmaq yox, kəndləri tərk edib iri şəhərə üz tutan əhalini geri qaytarmaq lazımdır. Əlbəttə, daha 100 milyardlıq korrupsiya yeminə çevrilən, kağız üzərində olan proqramlara ehtiyac yoxdur. Azərbaycanın regionlarında həyat canlanmasa, ölkə tənəzzüldə olan neft-qaz sənayesinin üzərində qalmağa davam etsə, qarşıda bizi çox ciddi problemlər gözləyir.

Turqut